Nizami Gəncəvi
yaradıcılığında
multikulturalizm
Müxtəlif xalqların vahid cəmiyyətdə birgəyaşayışı
və həmrəyliyi kimi qəbul edilən multikulturalizm onun
geniş təbliği və təşviqi, mövcud cəmiyyəti
inkişaf və təkamülə aparan vasitə kimi dəyərləndirilməsi
sayəsində xüsusi önəm qazana, mədəniyyətlərarası
dialoqu şərtləndirərək siyasi-mənəvi zənginliyin
əsas göstəricisinə çevrilə bilmişdir.
Multikulturalizmin inkişafı, müəyyən cəmiyyətdə
dayanıqlığı, hər şeydən əvvəl,
multikultural şəraitin mövcudluğunu tələb edir. Qədim Qafqaz
da belə əlverişli məkanlardan biri olmuş, indi də
milli mənzərəsinin rəngarəngliyi ilə müasir
dünyanın çoxmillətli və çoxmədəniyyətli
bölgəsi olaraq tanınır. Multikultural
dəyərlərin tarixən Qafqazda geniş yayılması
müxtəlif xalqların həyatın fərqli sahələrində
əlaqələrindən irəli gəlmişdir. Təmaslı əlaqələr həyat tərzinin,
davranışın, adət-ənənələrin
transformasiyasına, bir-birinə keçməsinə səbəb
olmuşdur. Ayrı-ayrı xalqların həyat
tərzindəki rəngarənglik bütün dövrlərdə
hökmdarların, şairlərin, elm sahiblərinin diqqətini
cəlb etmişdir. Azərbaycan ədəbiyyatının
istər klassik, istərsə də müasir nümunələrində
multikulturalizm ideyaları qırmızı xətt kimi
keçir. Multikulturalizm ədəbiyyatımızın
bütün dövrlərə aid əsərlərində
ifadəsini, bədii təsvirini tapmışdır. Azərbaycanın dahi şairi, mütəfəkkiri
və filosofu Nizami Gəncəvinin
yaradıcılığında da multikulturalizm dəyərləri
böyük məhəbbət və rəğbətlə tərənnüm
edilmişdir. Böyük mütəfəkkirin
"Yeddi gözəl" poeması bu baxımdan xüsusi
önəm kəsb edən əsərlərdən biridir. Bəzən belə
hesab olunur ki, Nizami yaradıcılığında ədalətli
hökmdar axtarışı, ədalətli, adil padşah
obrazı yaratmaq ön planda olmuş, digər həyati məsələlər
bununla müqayisədə arxa mövqedə durmuşdur.
Lakin bu belə deyildir. Nizami
Gəncəvi qələmə aldığı bütün əsərlərində
insanı narahat edə biləcək bütün problemləri
dərindən işıqlandırmış, onlara
aydınlıq gətirməyə
çalışmış, bütövlükdə həqiqi
insan obrazını yaratmaq istəmişdir. Kimliyindən
asılı olmayaraq insan necə olmalı, həyatı boyu nəyə
can atmalıdır kimi bir məsələyə
aydınlıq gətirmək Nizaminin həmişə diqqət
mərkəzində olmuşdur. "Yeddi gözəl"
poeması ədalətli hökmdar surəti yaratmaq, şairin
ideal şah arzusunu ifadə etmək üçün
yaradılmış əsər deyil, insana yeni - İntibah
dövrünün münasibətini əks etdirən bir
poemadır. İnsan necədir və necə
olmalıdır fıkrini geniş planda əks etdirmək
Nizaminin daha çox bu əsərdə əsas poetik qayəsi
olmuşdur.
"Yeddi gözəl" poemasının diqqəti cəlb
edən cəhətlərindən biri onun insan obrazına
münasibəti multikultural dəyərlər prizmasından
açmaq imkanlarına söykənir. Tədqiqatçılar
bu məsələni qeyd edirlər. Akademik
İ.Həbibbəyli "Yeddi gözəl"
poemasının multikulturalizm məsələlərindən bəhs
edərkən göstərir ki, "əsərdə Çin
qızının, Slavyan gözəlinin, Rum
qızının, Hind, Xarəzm, Məğrib (Qərb)
gözəlinin dilindən deyilmiş hekayətlər də
ayrı-ayrı xalqların taleyinin ən maraqlı anları,
ibrətamiz hadisələri sanki Azərbaycan
nağıllarında olduğu kimi təqdim olunur. Nizami Gəncəvinin "Yeddi gözəl"
poeması multikultural dəyərlərin insanın və cəmiyyətin
mənəvi zənginliyindəki rolunu, yerini və əhəmiyyətini
parlaq şəkildə nümayiş etdirir. "Yeddi gözəl" - müxtəlif
xalqların mədəniyyətlərinə hörmət və
ehtiramın böyük poeziya çələngidir. Bu əsərdə milli mənsubiyyətindən və
dini inancından asılı olmayaraq, ümumiyyətlə
insana dərin ehtiram duyğuları ifadə olunmuşdur.
İnsanı hər şeydən uca tutmaq
ideyası Şərq intibah mədəniyyətinin ən
mühüm çağırışıdır".
"Multikulturalizm" termininin ilk dəfə
İsveçrədə ötən əsrin 50-ci illərinin
ikinci yarısında işlədilməsi qeyd olunur. Bu ölkədə
dörd dildən istifadə olunması və müxtəlif
dinlərin nümayəndələrinin birgəyaşayışı
əsas götürülmüşdü. 1971-ci
ildən Qərb ölkələrində termin fərqli şəkildə
izah olunmağa başlanmışdır. Onun
çoxmədəniyyətli ölkə anlamı
aktuallaşmışdır.
Anlayış və onu ifadə edən terminin müasir
dövrə aid edilməsi, terminin əsasında duran sözlərin
Avropa dillərinə aidliyi, anlayışın fərqli şəkillərdə
şərh edilməsi multikultural dəyərlərin Şərqdən
Qərbə doğru yayılmasını şübhə
altında qoya bilmir. Multikulturalizm ideyalarının ayrı-ayrı
xalqların, o cümlədən Azərbaycan xalqının ədəbiyyatında
hələ Nizami dövründə yer alması bu məsələyə
pozitiv münasibətdə də ölkəmizin tarixən öndə
getməsini təsdiq edir. Fikrimizcə, multikulturalizm fərqli,
dilləri, mədəniyyətləri, din və inancları özündə
birləşdirir. Bu birləşdirmə və
vəhdətdə vacib şərtlərdən biri fərqliliyə
tolerant yanaşmanın mövcudluğudur. Nizami Gəncəvinin əsərlərində
müxtəlif xalqlara münasibətdə ayırma, birinin digərindən
üstünlüyünü qabartma kimi fikirlər yoxdur.
Əksinə, müxtəlif mədəniyyətlərin
üstün cəhətlərini açmaq, onları yaymaq istəyi
tərənnüm olunur.
"Yeddi gözəl" poemasının "Yeddi
günbədin tikilməsi, Bəhramın yeddi iqlimin
qızını istəməsi" hissəsində
sarayın yeddi günbədli olmasının milli-mədəni
müxtəlifliklə bağlılığı bir də
qeyd olunmuşdur. Saray yeddi yurdu, yeddi diyarı və beləliklə
də yeddi fərqli mədəniyyəti təmsil edir.
Şair yazmışdır:
Usta hekayəti
düşdü yadına,
Təriflər
yazmışdıq əvvəldən ona,
Saray ki,
yurduydu o yeddi yarın,
Sanki Ərtəngiydi yeddi diyarın.
Şahın
ürəyinə saldı məhəbbət
Ustanın çəkdiyi o yeddi surət.
Qaynadı
yeddi yol, qəlbi duruldu,
Ta ki,
yeddi kimya özünün oldu.
Təbii ki, poemada sevgi və məhəbbət motivləri
də üstünlük təşkil edir. Bəhramın
yeddi gözəli bir saraya gətirməsini bilavasitə
multikulturalizm meyili kimi birbaşa izah etmək, əsaslandırmaq
çətindir. Lakin şahın yeddi
müxtəlif xalqı təmsil edən qızların saraya gətirilməsi
və onların şərəfinə yeddi günbədin də
fərqli rənglərlə, fərqli daşlarla bəzədilməsi
faktı milli-mədəni müxtəlifliyi nəzərə
çarpdırmaq, diqqət mərkəzinə çəkmək
məqsədi daşımışdır. Şah bu yeddi gözəllə ünsiyyəti
zamanı onların hekayələrini dinləyir, həyat və
dünya hadisələrinə, təbiətə müxtəlif
münasibətlər haqqında eşidir.
Bəhramın saraya gətirdiyi birinci gözəl Kəyan
nəslindəndir. O, qızı zorla saraya gətirməmişdir. Onun xaqanına elçi də göndərmişdir.
Min xəznə
yolladı o pərizada,
Tapdı gövhəritək gövhər dünyada.
Sonra da
xaqana elçi göndərdi,
Bir az qorxu gəldi, ümid də verdi.
Xaqandan
qız, xəznə və tac istədi,
Bir də yeddi illik xərac istədi.
Bəhramın sonuncu - yeddinci gözəli Slavyan
şahının qızı olmuşdur.
Slavyan
şahına yazdı kağızı,
İstədi ondan da o dilbər qızı.
Yeddi el
şahından bu qayda ilə
Bəhram sahib oldu yeddi gözələ.
Əsərin
adından və yeddi gözəlin yeddi iqlimdən gətirilməsi
bir daha təsdiq edir ki, Nizami oxucusunu fərqli ölkələrin
mədəniyyəti və həyatı, adət-ənənələri
ilə tanış etmək, onlara rəğbət
oyatmaq olmuşdur.
"Yeddi gözəl" poemasında müxtəlif
xalqların maddi-mədəniyyətindən, onların
özünəməxsus keyfiyyətlərindən də bəhs
olunur. Bu cəhət Nizaminin başqa əsərləri
üçün də xarakterikdir. Nizami Gəncəvi
hansı xalqa, hansı mədəniyyətə aid
olmasından asılı olmayaraq yaxşını
yaxşı kimi dəyərləndirir, ondan istifadə edilməsini
təbliğ və təşviq edir.
"Xətayi geyinib, xəta örtənsən" - Xətay
- Kitay, Çin. Çinin zərxara geyimləri ən
gözəl və qiymətli geyimlər
sayılmışdır. Şairin dilində
işlənən Xətayi-puş ifadəsi - "Çindən
gələn parçalardan tikilən qiymətli libaslar geyən"
mənasında işlənmişdir.
Tam əks-əyarlı
nəqdi Gəncədən
Rumi
ceşnisiylə parladınca mən...
Əks-əyarlı
- ən təmiz qızıldan duzəldilmiş, uzərində
məşhur və qüdrətli şahın əksi həkk
edilmiş pul deməkdir. "Rumi
çeşnisi" birləşməsi "Vizantiya
imperiyalı kimi yüksək əyarlı parlaq qızıl
pul" mənasında işlədilmişdir. Şair öz poemalarının əyarının
yüksəkliyini qeyd etmək məqsədilə "Rumi
çeşnisi" ilə müqayisə
aparmışdır. Burada ifadə olunan əsas fikir odur ki, Nizami Gəncədə
üç yüksək əyarlı qızıl
poemasını yazıb başa çatdırmış və
onları şaha ithaf etmişdir.
Qara səmur
ilə qaranlıq gecə
Burtas pərdəsini örtdü gizlicə.
Rusiya çöllərində yaşayan türk qəbilələrindən
biri Burtas olmuşdur. Bu qəbilə əsasən ovçuluq və
heyvandarlıqla məşğul olmuşdur. Nizaminin dövründə xəzi Azərbaycana
burtaslar və ruslar gətirirmişlər. Burtasların
yorğanları parlaq ağ dələ dərisindən
olmuşdur. Burada Nizami həmin dərilərin rəngini
gündüzün işığı ilə müqayisə
etmişdir.
Nizami Gəncəvi ensiklopedik biliyə malik şəxsiyyət
olmuşdur. Onun yaradıcılığında cəmiyyətdə
müxtəlif xalqların dinc yanaşı və birgə
yaşaması ideyaları ortaya atılmış,
ayrı-ayrı mədəniyyətlərin bir-birini inkar etməməsi,
əksinə, mədəniyyətlərin, eləcə də
dinlərin insanları yaxınlaşdırması ideyası
ortaya atılmışdır. Nizami əsərlərində
müxtəlif dinlər haqqında məlumat vermiş, bu dinlərin
insanları yaxşılığa, dinc yanaşı
yaşayışa, dostluğa, qarşılıqlı
yardıma çağırdığını qeyd
etmişdir. O, xalqlar arasında etibarlı,
dayanıqlı yaxşı münasibətlərin
formalaşmasının mümkünlüyünü, bir
ölkədə yaşayan ayrı-ayrı etnosların
bir-birinin mədəniyyətinə hörmət bəsləməsinin
vacibliyini, dinlərarası münasibətlərdə
tolerantlığı qəbul və təşviq etmişdir. Poemalarında müxtəlif dinlər haqqında
verilən məlumatlar da bu amala xidmət etmişdir.
Üsul,
firu ilə oldu aşina
Bəxtiyşu rəyinə, İyşu baxtına.
Poemadakı İyşu adı İsa peyğəmbəri
bildirir. İsanın taxtı günəş kimi
göyün dördüncu qatında yerləşmişdir.
Bəxtiyşu VIII əsrdə
yaşamış və Abbasilər xilafətinin saray həkimi
olmuşdur. Onun şöhrəti hər
yerə yayılmışdır.
Körpə Arslan dinin ehkamlarını, şəriətin
qanunlarını dəqiq yerinə yetirdiyi üçün
İsanın qayğısından məhrum deyil.
Zülmət,
nur pərdəsi altda heç zaman
Uzaq olmaz eşşək mehri-İsadan.
Zülmət gecə və işıqlı
gündüzün bir-birini əvəz etdiyi aləmdə
eşşəyin möhrəsi (belinin fəqərələri)
də İsanın mehrin və qayğısından kənarda
qalmır. Burada İsanın Beytül-Müqəddəsə
getdiyi eşşək nəzərdə tutulmuşdur.
Sarıydı
Musanın danası, əlbət,
Çox verdilər ona, odur ki, qiymət.
Musanın danası. "Tövrat"dakı
"Qızıl dana" nəzərdə tutulmuşdur.
Musa peyğəmbər xalqını - yəhudiləri
Firondan xilas edib Misirdən Fələstinə gətirib
çıxarmışdır. Onun ümmətinin bir
hissəsi tövhidi (monoteizmi, tək ilahiliyi) qəbul etməmiş,
qızıldan bir dana düzəldib ona
büt kimi sitayiş etmişdir. Musa ümmətinin
doğru yola, Allahın yoluna qayıtması üçün
bu bütü sındırıb məhv etmişdir.
Şəmmas
məbədindən çıxıb kənara,
Abbasilər
kimi geyinib qara...
Şəmmas "günəşə qulluq edən"
mənasını verir. Rəvayətə görə, bu şəxs
atəşgahı tikən atəşpərəst
olmuşdur. Şəmmas məbədi
"atəşgah", "atəşgədə" mənasındadır.
Atəşpərəstlər müqəddəs
odun alovlandığı bu cür məbədlərdə oda
sitayiş etmişlər.
Məhəmməd peyğəmbərin əmisinin
adı Abbas olmuşdur. Abbasilər xilafəti onun adı ilə
bağlıdır. Bu sülalənin
simvolu qara rəng olmuşdur. Abbasın
qara diyarı - qara günbəd (priyom kimi) poemada bu mənada
işlədilmişdir.
Çağdaş dünyamızda mədəniyyətlərarası
dialoqun əhəmiyyəti dönə-dönə qeyd olunsa
da, bu sahədə müxtəlif beynəlxalq toplantılar
keçirilsə də siyasi proseslər, dünya siyasətində
hegemonluq iddiaları daha da artır. Bir sıra ölkələrdə
islamofobiya günbəgün genişlənir, dövlət
siyasətinə çevrilməyə başlayır.
"İslamofobiya" "islam qorxusu" anlamını verir
və bir sıra ölkələrdə islam
qorxusu ciddi şəkildə təbliğ olunur, Peyğəmbərimizin,
dinimizin terror və düşmən obrazı yaradılır.
Bunun müqabilində xristian ölkələrinin
bir-birinə yardım və dəstəyi gücləndirilir.
Azərbaycan Prezidenti xarici telekanallara verdiyi müsahibələrində
dəfələrlə qeyd etmişdir ki, "erməni
terrorçular bizim bütün tarixi abidələrimizi, muzeylərimizi,
məscidlərimizi dağıtmışlar. Bu gün Ağdam məscidinin,
Şuşa məscidinin
dağıdılması erməni vəhşiliyinin
açıq-aydın sübutudur. Bu, təkcə
Azərbaycanın tarixi irsinə qarşı deyil, eyni zamanda
İslam dəyərlərinə, İslam tarixi irsinə
qarşı olan hücumdur".
Ermənistanın
Azərbaycan mədəniyyətinə və ümumilikdə islam dəyərlərinə vurduğu ziyan,
törətdiyi vəhşilik göz qarşısında
olduğu bir zamanda bir sıra ölkələr Azərbaycanın
əsrlərlə qoruduğu, mənfur
qonşularımızın erməniləşdirməyə cəhd
göstərdiyi alban məbədləri ilə bağlı
erməni və xristianpərəst mövqedən məsələlər
qaldırmağa cəhd göstərirlər. Bəşəriyyətə
böyük dahilər vermiş, multikultural və tolerant bir
ölkə olan Azərbaycanın haqq səsi yenə də yetərincə
eşidilmir. Azərbaycan Prezidenti cənab İlham
Əliyevin belə bir dövrdə 2021-ci ili
"Nizami Gəncəvi ili" elan etməsi ilə
bağlı imzaladığı Sərəncam böyük əhəmiyyət
daşıyır. Sərəncamda deyilir: "Nizami Gəncəvi
ömrü boyu dövrün mühüm mədəniyyət
mərkəzlərindən olan qədim Azərbaycan şəhəri
Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta
Şərq fəlsəfi-ictimai və bədii-estetik
düşüncə tarixini zənginləşdirən ecazkar
söz sənəti incilərini də məhz burada ərsəyə
gətirmişdir. Nizami Gəncəvinin geniş
şöhrət tapmış "Xəmsə"si dünya
poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda
davamçılarından ibarət böyük bir ədəbi
məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri
bəzəyən əsərləri Şərq miniatür sənətinin
inkişafına da təkan vermişdir. Nizami
dühası hər zaman dünya şərqşünaslığının
diqqət mərkəzində olmuşdur".
"Nizami ili" Azərbaycanda dahi mütəfəkkirin
yaradıcılığının müasir dünyanın
çeşidli problemləri müstəvisində dərindən
öyrənilməsi üçün yeni üfüqlər
açacaqdır. Hesab edirəm ki, Nizami
yaradıcılığında multikulturalizm, tolerantlıq, mədəniyyətlər
və dinlərarası dialoq məsələləri daha
geniş planda araşdırma və tədqiqat mövzusu
olacaqdır. Bu tədqiqatlar Azərbaycan mədəniyyətinin,
ədəbiyyatının, kulturoloji fikrin, Azərbaycan
humanizminin dərin və qədim köklərini açıb
göstərməkdə, tarixi faktları beynəlxalq səviyyədə
yaymaqda mühüm rol oynayacaqdır. Multikulturalizmin
Azərbaycan modelinin qədim tarixə malik olması
bütün dünyada öz təsdiqini tapmalıdır.
Multikulturalizm və mədəniyyətlərarası
dialoq problemi bu gün əsas problemlərdən biridir və
onun aktuallığının izahına böyük ehtiyac
duyulmur. Multikulturalizm uzun
tarixi yol keçmiş fenomenal hadisələrdən, mürəkkəb
elmi-fəlsəfi anlayışlardan biridir. Çağdaş dünyada multikulturalizmin əsas səbəbləri
qloballaşma və miqrasiya ilə bağlıdır. Multikulturalizm və "kosmopolitizm"
anlayışları arasında prinsipial fərq ondadır ki,
onlardan birincisi milli-mədəniyyətin özünəməxsusluğunu
qoruyub saxlamağı, digəri isə insanın mədəniyyət
seçimində müstəqilliyini, sərbəstliyini
müdafiə edir. Multikultural perspektivə
görə heç bir siyasi doktrina, eləcə də
ideologiya bütün həqiqəti ifadə edə bilməz.
Yaxşı cəmiyyət, insanların
qarşılıqlı anlaşma şəraitində
yaşayışı isə müxtəlif mədəniyyətlər
arasında dialoqu tələb edir.
Azərbaycanın multikulturalizm modeli də insanların dinc yanaşı yaşamasını, mədəniyyətə, adət-ənənələrə qarşılıqlı hörməti, dini və hər cür başqa tolerantlığı özündə birləşdirir. Azərbaycan multikulturalizminin tarixi qədimdir və bu tarix şifahi xalq ədəbiyyatı nümunələrimizdə, Nizami Gəncəvi kimi dünya şöhrətli mütəfəkkirlərimizin yaradıcılığında dərin izlərini qoymuşdur. Bizim işimiz həmin izləri, Azərbaycanda multikulturalizm ideyalarının qaynaqlarını açıb bütün dünyaya yaymaq olmalıdır.
Məsməxanım
QAZIYEVA
Ədəbiyyat qəzeti.- 2021.- 3 iyul.- S.24-25.