Stiv Cobs, Yoqananda və İsa Muğanna...
Ömrümün böyük qismini İsa
Muğannanın qardaşı qızı kimi
düşünmüşəm, yəni atamdan daha çox
onunla rahat ünsiyyət saxlayıb, könül-ruh
dostluğu qurmuşam. Bu bağlılıq isə mənə
atamdan keçmişdi, çünki o, İsa əmini
böyük qardaş deyil, ata gözündə
görürdü. "Qapalı dünya"nın sirlərini aramızda açıq
danışıb, bəzən mənim fasiləsiz
soruşduğum cahilcə suallara Muğanna müdrikliyi və
səbri ilə cavabımı almışam. İsa
əminin təşəbbüsü və təkidi ilə rus
və ümumilikdə xarici ədəbiyyatın ən öndə
gələn nümunələrini oxuyub bir yerdə təhlil
etmişik. Təəssüf ki, çox
sonralar nə üçün əmimin məni klassik ədəbiyyata
yönləndirdiyini anlamağa başladım. Nəinki
avropalı yazıçılar, həm də Şərqin
sufiləri haqda da söhbət edir, onları mənə
tanıdırdı. "Bu gün
insanlığın arayışında olduğu sualların
cavabı əslində çoxdan tapılıb", - deyərdi
o. Hətta
yazılı şəkildə bunu əsərlərində
ifadə etdiyi halda yazdıqları çoxumuz tərəfindən
ya hərfi şəkildə və ya sadəcə xəstə
beynin təfəkkürü kimi qəbul olunub.
Zaman
keçdikcə şəxsi həyatımın
qayğıları ilə əmimdən də
uzaqlaşdım, ədəbiyyatdan da... Amma "Qapalı
dünya"nın sirlərini unuda bilməzdim.
Lev Tolstoy İsa əminin xüsusi münasibət
bəslədiyi klassiklərdən biri idi. Bir gün təsadüfən
Tolstoyun həyatını yenidən araşdırarkən,
Yelena Blavatskaya adına rast gəldim.
1909-cu ildə Tolstoyun: "Mən xristian olmaq istəmirəm,
necə ki, başqa dini ayrılıqların olmamasını
istədiyim kimi. Bizim hər birimiz öz
inancımızı istisna halına gətirmədən ortaq və
ümumi bir məfhumun varlığını qəbul etməliyik"
- deməsi məni yenidən Muğannaya qaytardı. Bu fikir XIX yüzilin Amerika və Avropada
tanınmış teoloqu Yelena Blavatskayanın "Həqiqət
bütün dinlərin üzərindədir" fikrini
tamamlayırdı. Tolstoyun Blavatskaya ilə
şəxsi əlaqəsi bilinməsə də, hər
ikisinin bir-birinin yaradıcılığından xəbərdar
olması dəqiqdir. Blavatskaya yeni
dünyamızın ezoterik ədəbiyyatının banilərindən
biri idi. O dövrdə Rerix ailəsini və
başqalarını da görürük. Blavatskayanın Tibetdə
və Himalay dağlarında buddist rahiblərinin bilgilərindən
yararlanaraq yazdığı kitablar dünyanı kökündən
sarsıdacaq böyük bir fəlakətin - almanların
nasist hərəkatının da başlanğıcına səbəb
olduğu iddia edilir. Blavatskaya alman kökənli
rusdur. Əslində, dünyada insan irqinin
başqa planetdən gəldiyini, öncə atlant irqi kimi
yaşayaraq, sonradan arilər (Muğanna "ƏrEy"
yazmışdır) olaraq davam etdiklərini iddia edirdi. Dünyanın qədim və əzəmətli, hələ
də tikintisi sirr kimi görünən böyük abidələrin
atlantlar tərəfindən inşa edildiyini yazırdı.
Blavatskayanın əsərləri ilk olaraq alman
və ingilis dillərində də nəşr olunurdu. Qorki İnstitutunun çalışqan tələbəsi
İsa Hüseynovun bunlardan bixəbər olması
qeyri-mümkün idi.
XX
yüzilin başlarında Yoqananda adlı bir yoqa ustası
Hindistandan Amerikaya ali həqiqətləri
çatdırmaq üçün yola düşdü,
çox keçmədən Avropada yüksək məqamların
belə onun önündə "baş əyməsinə"
nail oldu. Bu adam bir müddət bəlirli
çevrələrin tanıdığı şəxs olub.
O, dünyanın məşhur zənginlərindən hesab edilən
Stiv Cobsun vəsiyyəti üzərinə "Bir yoqun tərcümeyi-halı"
kitabının 2011-ci ildə hüzr mərasimində hər
kəsə paylanmasından sonra yenidən "dirildi". Yoqanandanın bu kitabı dünyanın bütün
ezoterik və mistik kitablarını kölgədə qoyacaq
şəkildə bu gün də yayılmaqdadır. O bu
kitabda insanın yaradılış sirlərindən bəhs
edərək həyatı boyu yaşadığı
bütün mistik təcrübələrini də qələmə
alıb. Əslində, Nəsiminin İnsan haqqında: "Məndə
sığar iki cahan, mən bu cahana sığmazam" beytinin
fəlsəfəsini bu kitabda hindli bir yoqun hər kəsə
aydın olacaq şəkildə izahına biganə
qalammadım. Axtarışlarımın nəticəsi olaraq,
İsa Muğannanın "İdeal" və ondan sonra gələn
kitablarında yazdığı SafAğ elminin əslində əmimin
"icad" etmədiyinin, bir təxəyyül deyil,
gerçək olduğu fikrinə gəlməyə
başlamışam. Yoqananda dünyaya peyğəmbərlərin,
daha doğrusu, islam dünyasının Xızır peyğəmbər
kimi bilinən, hind dünyasının isə Mahavatar Babaci
adlı avatarının "Kriya yoqa"sını
tanıtmaq üçün üzərinə bir missiya
almışdı və bu missiyanı uğurla başa vurdu.
Babacinin, hətta
İsa peyğəmbərin ustadı olduğuna
inanılır. Bu yoqanın məqsədi insanın sadəcə
bəşər övladı deyil, onu varlığıyla
birbaşa kosmik bağlantısı olan ali
bir güc olduğuna inandırmaq, təcrübə ilə
bunu yaşamasına yardım etməkdir. Yoqanandanın kitabda
təsvir etdiyi bir çox "mistik" hadisələri -
telepatik söhbət və ünsiyyətləri,
dünyasını dəyişmiş insanların real gözə
görünməsi, bir insanın fiziki bədən kimi eyni
anda bir neçə yerdə olma mümkünlüyünü
və bu kimi fərziyyələrini
eynilə İsa əminin öz dilindən eşidib əsərlərində
də oxumuşdum. Daha doğrusu, insan öz
içinə qayıtsa, əslinə qayıtsa
İşığını görər, sözün
gerçək mənasında varlığının
işıqdan ibarət olduğunun fərqinə varar.
İnsan İsa Muğannanın yazdığı kimi
OdƏr - Həqiqət İşığıdır. Həqiqət
- Haqq olan Allahdır - ƏlAğ. Bəs niyə sözlər
İsa Muğannaya ancaq onun eşidə biləcəyi şəkildə
və kəlmələr söz kimi deyil, tək-tək səslər
şəklində çatdırılırdı? Və ya Muğanna belə ifadə edirdi? İndi bütün dünyada məşhur olan
sanskritcə mantraların da bütöv bir kəlmə
halında deyil, qırıq-qırıq səslərdən
ibarət dua olduğu bəllidir. Bir
çox yoqa təliminin içərisində sanskritcə
mantralardan istifadə olunur. "Om, aum, hum,
phat" və sairə kimi səslərin birləşməsindən
əmələ gələn bu mantralar müəyyən
vibrasiyalar-titrəşimlər yaradaraq insan beyninə və ya
birbaşa neyronlara təsir edəcək gücə malikdir.
Səs həm də vibrasiya, titrəşimdir.
Çoxumuzun xəbəri olmasa da,
Muğannanın bu bilgilərdən də bixəbər
olması mənim üçün real deyil. Əsərlərinin təsirli və anlaşılan
olması üçün Muğannanın bu yöntəmdən
istifadə etdiyini irəli sürə bilərəm.
İsa
Muğannanın: "Mən peyğəmbər deyil -
BağÜnEvƏrəm", - deyə etirafını bilmədən
onu həqiqi mənada bir "din, təriqət peyğəmbəri"
kimi qələmə verib tanıtmaq istəyənlərə
üzümü tutub bir daha müraciət edirəm ki, təvazökarlığı
və körpə təmizliyi ilə nura
bürünmüş bu gözəl şəxsiyyət:
"Mən Bağ(Boq) səsinin
İşıq eviyəm" deyə hayqırırdı hər
zaman. OdƏrəm - Həqiqət -Haqq
İşığı, aşiqiyəm demək istəyirdi. Nəinki Məhəmməd peyğəmbəri, hətta
bütün peyğəmbərləri SafAğ alimləri -
Haqqın səsini, işığını insanlara
çatdıran müqəddəslər kimi tanıdırdı.
Hər kəsə türk-tərik (tərk
etmiş) deməsinin səbəbi,
İşığından-Ağından uzaq
düşmüş, halbuki hər kəsin əslində
işıqlı varlıqlar olduğunun, amma bunun fərqinə
varmayanlar-"tərk etmişlər" mənasında nəzərdə
tuturdu. İsa əmi o SafAğ
İşığı özündə görmüşdü
və hər kəsi öz İşığını
tapmağa dəvət edirdi, həm məcazi, həm də
gerçək mənada.
Niyə ulu öndər Heydər Əliyev İsa əmiyə
ömrünün sonuna qədər diqqət göstərdi? İsa əmi layiq idi əlbəttə
ki! İsa Muğannanın Azərbaycan xalqına iki yüz
illik rus işğalından sonra onun itirdiyi kimliyini və mənliyini
qaytarmaq üçün: "Sən OdƏrsən, sənin
SafAğ elmin var, sən Allahın işığısan, sən
ƏrEysən" dediyini, zənnimcə, hamıdan çox
Heydər Əliyev eşidirdi və ona görə də dəstəklədiyindən
şübhə etmirəm. Xəlil Rza
Ulutürk də açıq-aşkar bu fikri dəstəkləyirdi.
Bir dəfə bu ideyanı almanlar öz milləti
üçün dilə gətirdi və bu gün bəhrəsini
görürlər. Millətin özünə
güvənməsi böyük qüvvədir.
Kvant fizikasının gəldiyi nəticə budur ki, hər
şey enerji və titrəşimdən ibarətdir. Beynin daha gözəl
fəaliyyəti üçün həkim və
psixoloqların görüşü də məlumdur. Belə ki, səhər günəşin ilk
işıqları ilə oyanıb açıq havaya
çıxmaq həm ruhi, həm də fiziki
sağlamlığın təməlidir. Elektrikli
dünya bizi təbiətdən elə ayırdı ki, hətta
özümüzdən belə uzaqlaşmağa
başlayırıq. Muğanna gəncliyindən bu yana gecə saat 2 və ya 3 radələrində
oyanaraq səhərin tam açılma zamanına qədər
yazı yazıb oxuyardı. Muğannanın ayıq
qaldığı zaman isə onun kainatın titrəşimlərinə
həssaslığını artırmış, məşğul
olduğu iş də əslində, müasir dildə
meditasiyaya, ibadətə yaxın bir məşğuliyyət
olduğu üçün bizim bilmədiyimiz,
tanımadığımız, itələdiyimiz
"dünya"larla birbaşa bağ qurmasına səbəb
ola bilərdi. Çünki o saatlarda oyanmaq epifiz bezinin də
fərqli fəaliyyətinə, yəni el arasında
"üçüncü gözün"
açılması prosesinə gətirib çıxartma
ehtimalı var. Bütün dinlərdə və inanclarda
axşam saatlarında yatıb gecənin səhərə
yaxın dönüşüm vaxtında oyanaraq yerinə
yetirilən ibadətlərin daha təsirli olduğu deyilir.
Muğannanın işi də elə ibadətə yaxın bir
iş idi. Oxuyurdu, düşünürdü,
yazırdı və əsərləri ilə xidmət edirdi.
Yeri gəlmişkən, bu yaxınlarda
Vaşinqtonda Pentaqonun Uçan Naməlum Obyektlərin də xəyal
ürünü deyil, gerçəklik olduğu haqda mediyaya məlumatları
sızdı. Bu da belə!..
Həqiqəti dərk etmək üçünsə hər
halda bir ömür yetməz. Mən isə hələ
də tərk etdiyim İşığımı axtarıram.
Uzun illər
öncə yaxınlarımı mənim gec ailə
qurmağım narahat edəndə, İsa əmi üzümə
baxıb demişdi: "Bunun qisməti qara qıvrım
saçlı, ala gözlü oğlandır. Amma uzaqdadır,
gec gələcək!". ...Rəhmətlik
Firuzə xala da: "Ay İsə, Omar yazıq deyilmi,
ağzını xeyirliyə aç", - deyə etiraz etsə
də İsa əmi deyən oldu. Atam görmədi,
amma İsa əmi bu oğlanı gördü və
tanıdı. Həmin oğlan - Orxan Aras
atam Ömər Hüseynovun xatirəsinə ithaf məqsədilə
İsa Muğannanın "Türfə" kitabını
almanca tərcümə etdirib nəşrinə səbəbkar
oldu.
Ruhlar
şad, qalan canlar sağ olsun!
Afaq MUĞANNA
Ədəbiyyat qəzeti.- 2021.- 3 iyul.- S.21.