Türk ədəbiyyatının iki
böyük fikir zəlzələsi
- Tevfik Fikrət və
Mehmet Akif
"Din və
ona söykənən bir əxlaq şüurundan məhrum olan
ədəbiyyat böyük ola bilməz...".
Tomas Eliotun bu fikri Tevfik Fikrətlə Mehmet Akif
arasında baş verən ədəbi, əxlaqi, ideoloji və
estetik çatışmaya aydınlıq gətirə bilirmi?
Tevfik Fikrətin
"Tarixi-Qədim"i din və ona söykənən bir əxlaq
şüuruna bağlı deyil. Nəinki
bağlı deyil, hətta bu şüura arxa çevirib.
"Tarixi-Qədim" Türkiyə tarixində
teolojidən və metafizik düşüncədən imtina edən,
modern Türkiyəni ümmət mədəniyyətindən
qurtaran (Ziya Gökalp) ilk ədəbiyyat nümunəsidir.
Din və ona söykənən əxlaq şüuruna qiyam
qaldıran "Tarixi-Qədim"in böyük ədəbiyyat
olmadığını kimsə iddia edə bilməz. Çünki o, Türk poeziyasında bəlli və
əski paradiqmaları yenisi ilə əvəz edən, bəlkə
modern dalğanı hərəkətə gətirən ilk
şeirdir. Mehmet Akifin isə bütün
yaradıcılığı başdan-başa din və ona
söykənən bir əxlaq şüuruna, metafizik
düşüncəyə bağlıdır. Mehmet Akif də Tevfik Fikrət qədər
böyükdür. Türk şeirinin bu
iki nəhəngi - biri dinsiz, digəri dindar nəhəngi təkcə
Türkiyənin deyil, bizim də fikir həyatımızda hər
zaman var oldular. Azərbaycanda onların
ikisi də sevildi. Azərbaycan otuz il əvvəl
milli mücadilə dalğasına Tevfik Fikrətin "Millət
Şərqisi" ilə girdisə, otuz il sonra Qarabağ
savaşından Mehmet Akifin "İstiqlal Marşı" ilə
çıxdı.
"Tevfik
Fikrət çox oxuyan bir insan deyildi, həyat və kitablar
arasında metodlu və disiplinli bir kültürlə bəslənən
bir fikir adamı və ya qaranlıqlara işıq salmaya
çalışan bir filosof mövqeyində bulunmurdu... Fikrətin şeirlərindəki fikri cəbhə
üzərində bir dartışma bihudədir" - deyən
Nihat Sami Banarlının bu mülahizələrinə haqq
qazandırmaq mümkün deyil. Fikrət ən
azı yaşadığı çağın Avropa fəlsəfəsini,
Bodlerin timsalında dekadentizm, simvolizm cərəyanlarını
bilirdi. Və heç şübhəsiz ki, Oqüst
Kontun pozitivist fəlsəfəsinə aşinaydı, həm
Nitsşenin fəlsəfəsindən, həm Kontun pozitivizmindən,
həm də dediyim kimi, Bodlerin poetik sistemindən xəbərdardı.
"Rübabi-şikəstə"nin idealı Halukun nəsli,
"Səfahət"in idealı isə Asimin nəslidir. XX yüzilin əvvəllərində
türk ədəbiyyatında fikir zəlzələsi də
bu iki nəslin arasında baş verib. Fikrət 1905-ci ildə
qərbləşmə təmayülünü, hətta az qala, ateizmi
çağırışdıran "Tarixi-qədim"i,
Akif isə ona cavab olaraq 1912-ci ildə islam birliyini təlqin edən
"Süleymaniyyə kürsüsündə" əsərini
qələmə aldılar. Məsələyə
Əbdürrəşid İbrahim faktoru da qarışınca
İstanbulda pozitivizmlə islam
üz-üzə gəldi.
Amma bu şeirlər həm də bir tale məsələsi
oldu. Yazmaq istədiyim
də elə budur...
"Tarixi-Qədim"ə
cavab verən Mehmet Akifin "Şimdi Allahı söyər,
bol para ver, Protestantlara zangoçluq edər" deyə sanki bəddua
etdiyi Fikrət özü protestantlara zangoçluq etməsə
də (kilsədə zəng çalmasa da), 1909-cu ildə təhsil
almaq üçün Şotlandiyaya gedən yeganə oğlu
Haluk sonralar xristianlığı qəbul etdi, bir daha
Türkiyəyə qayıtmamaq şərtilə Amerikaya
köçdü, atası ilə bütün
bağlarını qırdı, evləndi, iki övladı
oldu, amma övladlarına türk dilini öyrətmədi... və
Floridada protestant Presbiteryan kilsəsində keşişlik
etdi...
Fikrət
isə Türkiyənin gələcəyini "Halukun
amentüsü"ndə - inancında görürdü:
Bir
qüdrəti-külliyyə var ülvi və münəzzeh
Qüdsi və müəlla, ona vicdanla inandım.
Torpaq vətənim,
nevi-bəşər millətim... İnsan
İnsan olur ancaq buna izanla inandım.
Şeytan
da bizik, cin də, nə şeytan, nə mələk var;
Dünya dönəcək cənnətə insanla,
inandım.
Fitrətdə
təkamül əzəlidir; bu kəmalə
Tövrat ilə, İncil ilə, Quranla inandım.
Əbnayi-bəşər
bir-birinin qardaşı... Xülya!
Olsun, mən o xülyaya da min canla inandım.
İnsan əti
yenməz bu təsəlliyə içimdən
bir an
üçün əcdadımı nisyanla - inandım.
Qan
şiddəti, şiddət qanı bəslər; bu müadat
Qan atəşidir, sönməyəcək qanla,
inandım.
Əqlin,
o böyük sahirin icazı önündə
Batil geçəcək yerlərə hüsranla,
inandım.
Zülmət
sönəcək, parlayacaq hakkı-dirahşan
Birdən-birə bir tabişi-bürkanla, inandım.
Qollar və
boyunlar çözülüb bağlanacaq həp
Yumruqlar o zinciri-hürusanla, inandım.
Bir
gün yapacaq fən şu siyah toprağı altın,
Hər şey olacaq qüdrəti-irfanla... inandım.
Tevfik Fikrətin türk gəncliyində görmək
istədiyi inanc şəkli bu idi. Haluk isə getdi və
qayıtmadı...
Lakin tale
hələ sərt üzünü göstərməyib, Fikrət
üç ildir ki, təhsil almaq üçün Avropaya yola
saldığı oğlunun sabahını bilmir... İstanbulda isə Mehmet Akif onun "Tarixi-Qədim"inə
cavab olaraq "Süleymaniyyə kürsüsündə" əsərini
yazır.
Əslində, bu fikri mücadilə iki nəfərin
deyil, iki düşüncənin, islamçılarla qərbçilərin
qarşılaşması və toqquşmasıdır.
Həm də
gənc idilər... Türk dünyasını 100 il gərginlikdə saxlayan məfkurə
mübarizələrinə başlayanda otuz
yaşlarındaydılar... Tevfik Fikrət lap az
yaşadı, 47 yaşında dünyasını dəyişdi...
Hələ ona qədər neçə il
Aşiyanda əfsanəsi bu günə qədər
danışılan inziva həyatı...
...Fikrət
öz növbəsində Akifin təhdidlərini cavabsız
buraxmadı. 1914-cü ildə "Tarixi qədimə
zeyl"i yazdı. O bunu zangoç
adlandırdığı kimi, bu da onu Molla Sırat
adlandırdı. Və bununla da türk düşüncə
tarixində ilk dəfə yer yerindən oynadı, baş verən
fikir zəlzələsinin təkanları yüz ildən sonra
da özünü hiss etdirməkdə, fikir həyatımızı
bu və ya digər şəkildə ilgiləndirməkdə
davam edir...
Amma Tevfik Fikrət 1905-ci ilə qədər, yəni
"Tarixi-Qədim"i yazana qədər "Quran"
sevdalısıydı. Onun "Tevhid"i indiyə qədər
türkcə yazılmış duaların ən gözəlidir.
Peyğəmbər bayrağını vəsf
edən "Sancağa qarşı", yaxud "Sabah əzanı"
şeirləri Türkiyədə bu mövzuda
yaradılmış bəlkə də ilk modern ədəbiyyat
hadisələridir.
Sonra nə baş verdisə, Fikrət "Tarixi-Qədim"də
Allaha üsyan qaldırdı. Amma həm də
yaxşı ki, "Tarixi-Qədimə zeyl"də işin əslini
yazdı. Və pozitivizm türk
poeziyasına, məncə, daha çox da bu şeirlə daxil
oldu.
"Tarixi-Qədim"dəki Allahı inkar məqamını
bir tərəfə qoyaq, bu şeirdə Fikrətin irəli
sürdüyü poetik-fəlsəfi sistem sona qədər
Hüseyn Cavidin ruhunu tərk etmədi. Cavidin
"Yaşamaq istəsən çalış, çabala, / Rədd
olub gurla, bərq olub parla! / Yoqsa fəryadü nalə
zaiddir, / Bir həqiqət bu: "əzməyən əzilir!"
misraları bilavasitə, Tevfik Fikrətin "Tarixi-Qədim"inə
istinad edir: "Bir həqiqət: Həqiqəti-zəncir; /
Bir bəlağət: Bəlağəti-şəmşir... /
Ən cəli hikmət: Əzməyən əzilir!". Yaxud yenə Fikrətin Tarixi-Qədimə
üsyanı Hüseyn Cavidin "Hərb ilahı
qarşısında" şeirində Hərb İlahına ünvanlanır:
"Endir, ey məhşəri-cidal endir / Pərdələr, səhnei-fəcaatinə!
Sönsün artıq bu daimi fitnə... /
Yetişir çizdiyin hüdudi-siyah" (T.Fikrət). "Artıq bitir şu səhnəyi, ey müftəris
dəha! / Endir şu qanlı pərdəyi, ey rəhnümayi-şər!
/ Endir də bir qədər nəfəs
alsın bəni-bəşər" (H.Cavid). Yaxud
Tarixi-Qədimin - İskelet obrazının yeni biçiminə
"Peyğəmbər" dramında təsadüf edilir:
"Çeynəyən haqlı, çeynənən məğyub!"
(Fikrət) - "Məhv edən haqlı, məhv
olan haqsız" (Cavid). Yaxud Cavidin "Qüruba
qarşı" şeirindəki: "Gönüllər qan,
çiçəklər qan, bütün çöllər,
çəmənlər qan, / Dənizlər qan, bulutlar qan,
hava qan, iştə hər yer qan..." misraları birbaşa
"Tarixi-Qədim"lə assosiasiya edir: "Din şəhid
istər, asuman qurban, / Hər zaman hər tərəfdə
qan, qan, qan!".
Qəribədir,
Mehmet Akif İstanbul Universitetində Cavidə dərs deyən
müəllimlərindən biri olsa da, Cavid şair olaraq ilk dəfə
İstanbulda Mehmet Akifin "Sirati-müstəqim" dərgisində
çap olunsa da, yaradıcılığı barədə
ilk yazılı reaksiyanı elə həmin "Sirati-müstəqim"də
görsə də, (Mehmet Akif Cavidin "Son baharda"
şeirini "nəşideyi giryan" adlandırmış və
dərginin 1909-cu il 38-ci sayında dörd misralıq şeirlə
onu təqdir etmişdi) Cavid hər şeyə rəğmən,
əvvəldən sona qədər Tevfik Fikrətin cazibəsində
qaldı. Bunu Fuad Köprülü də qeyd edirdi... Cavidin digər müəllimi Rza Tevfik isə
İstanbulda "Tarixi-Qədim"in, əslində, Fikrətin
açıq müdafiəsinə qalxmış yeganə
mütəfəkkir idi. Yeri gəlmişkən, Fuad
Köprülü 1918-ci ildə, yəni Fikrətin vəfatından
üç il sonra, yəqin ki, bu böyük şairlə
bağlı yaranmış ictimai susqunluğu ortadan
qaldırmaq üçün və dindar kəsimin Tevfik Fikrətə
haqsız hücumlarına cavab olaraq "Tevfik Fikrət və
əxlaqı" adlı qiymətli bir monoqrafiya yazdı və
o yazıda "Tarixi-Qədim"i bəsit əsər
adlandırsa da Fikrəti "gəncliyin ruhunda qüdsiyyət
duyğuları oyandırmağa, onları məfkurəçi
yapmağa çalışan bir əxlaq mürşidi"
olaraq dəyərləndirdi.
...Yenə
də Mehmet Akif - Tevfik Fikrət qarşılaşmasına
qayıdıram. Fikrət "Bilirəm mən
də sənin bildiyini", - deyə Akifə səslənirdi.
Həm də deyirdi ki, "Anladım,
çünki həqiqət başqa / Başqa yoldan
varılırmış haqqa".
Möminəm:
Varlığa imanım var;
Hər qanad bir mələk eylər iqrar.
Ənbiyadan
yaşarım müstəğni;
Bir
hörümçək götürər haqqa məni...
...Dini-haqq,
məncə, bu gün dini-həyat:
Sən nə dersən buna hey Molla Sırat?
Bu həyat dini Oqüst Kontun təklif etdiyi həmin
pozitivist fəlsəfəydi.
Məhəmməd Hadinin təbirincə, "bakirə əşar
doğan şeir Məsihi" Tevfik Fikrət metafizikadan və
ümumiyyətlə, təcrübəyə söykənməyən
bütün düşüncələrdən imtina edib
özü həyat dini adlı yeni bir din təklif edən
Oqüst Kontun təsiri altındadır. Türk poeziyasının
modernləşməsində də bu fəlsəfənin
önəmli yeri oldu...
Amma maraqlıdır ki, XX yüzilin başlarında
Türkiyəni bütövlükdə qapsamış bu ədəbi
ideologiyalar nəsilləri parçalaya bilmədi. Asimin nəsli
Çanaqqala zəfərinə imza atdı. Atatürk isə həm Asimin nəslinin yanında
Çanaqqaladadır, həm də Halukun ideal nəslini təmsil
edir.
Asimin nəslini vəsf edən Akifin ruhi yapısı, mənsub
olduğu məfkurə yönü nə özünə qədərki,
nə də özündən sonrakı türk
aydınlarının, şairlərinin heç birində
olmamış, görünməmiş və təkrarlanmamışdı. Amma Fikrətdən də
neçə il öncə Şinasinin yazdığı
"Millətim nevi-bəşər, Vətənim ruyi-zəmin"
və sonra Tevfik Fikrətin yenidən
aktuallaşdırdığı "Torpaq vətənim,
nevi-bəşər millətim insan" misralarının
qaynağına - alman filosofu Fixtenin fikirlərinə milli
acıdan yanaşan Ziya Gökalp
"Türkçülüyün əsasları"nda bəlli
düşüncəni kosmopolit adlandırır və onun
türkçülük zehniyyəti ilə
uzlaşmadığını və heç zaman da
uzlaşmayacağını qeyd edirdi. Çünki
nevi-bəşərin, yəni bəşər
növünün ictimai məzmunu yoxdur, "ictimai fərdlər
demək olan insanlar, millətlər halında yaşarlar,
Türkçülük millət əsasını qəbul
etməyən heç bir sistemlə uzlaşmayacağından
kosmopolitləri içinə almaz". "Türkləşmək,
İslamlaşmaq, Müasirləşmək" əsərində
məsələyə yenidən və bu dəfə bir qədər
fərqli şəkildə toxunan Gökalp, Fixteni
xatırladır: "Prusyanın Napolyon ordusu tərəfindən
rəzil edildiyi böyük fəlakət anında
fışqıran "germanlıq" məfkurəsi səbəbiylə
bu etiqadından vaz keçmişdir. Çünki
o zamana qədər millətim nevi-bəşərdir, vətənim
ruyi-zəmin' deyən filosof Fixte, o anda iliklərinə qədər
german olduğunu hiss ve elan etmişdir".
Ziya
Gökalpın bu fikirlərinə qədər, Fikrət
artıq milli mücadilənin proqram səciyyəli ilk bədii
mətnini - "Millət Şərqisi"ni
yazmışdı. "Millət Şərqisi"nin müəllifi kosmopolit ola bilməzdi.
Türkiyənin
fikri gəlişməsində İsmayıl bəy
Qaspıralının, Yusif Akçuranın, Əli bəy
Hüseynzadənin, Ziya Gökalpın əsaslı
rollarını qeyd etməyə ehtiyac var. Məhz onlar din və
milliyyət duyğusunu ayrılmağa qoymadılar, müsəlman
kimliyinin alt yapısında milliyyət şüurunu yerləşdirə
bildilər və təbii ki, bunun da ən böyük və
tarixi qarantı Atatürk oldu. "Tevfik Fikrətin
"Tarixi-Qədim"i dünyada yapılması gərəkən
bütün inqilabların qaynağıdır" deyən
Atatürk həm də Mehmet Akifə "İstiqlal
marşı"nı yazdırdı. Dindən azad, laik, dünyəvi Türkiyədə
Quranın məalını hazırlamağı,
çevirisini gerçəkləşdirməyi də Mehmet
Akifdən başqasına etibar etmədi.
İstiqlal dövrü Türkiyəsinin mənəvi
yapısını da daha çox Tevfik Fikrətin və Mehmet
Akifin şeirləri yaratdı. Akifin "İstiqlal
marşı"na gedən yol Fikrətin "Millət Şərqisi"ndən
başlayırdı.
Akif dini
yönləri türklüyünə, türklüyü
islamlığına boy verməyən, çox vaxt əsasən
islam tərəfi ağır gələn,
ən həssas məqamlarda isə türklüyü
düşüncələrinin dominantına çevrilən
Quran şairidir. İslamçı şairdir, amma həm də
necə islamçı şairdir ki, Çanaqqala şəhidini:
"Bu daşındır, deyərək Kəbəni diksəm
başına... Yenə bir şey yapa bildim deyəməm
hatırana", - deyə vəsf edə bilmişdir?
İslam şairləri arasında bu cəsarəti bir də
böyük islam mütəfəkkiri,
Pakistan şairi İqbal etmişdi. Qurtuluş savaşı
dönəmində İstanbulu Kəbə ilə, Mustafa
Kamalı Məhəmməd Mustafa ilə qiyaslandıran Məhəmməd
İqbal: "İstanbul torpağı, ümmətin mehdisinin
şan-ü şövkətinin parlaq timsalı, / Kəbə
torpağı kimi bu torpaq da tərtəmizdir..." - deyirdi. "Türk fidanı Qərb
ildırımının onu davamlı rahatsız etməsinə
rəğmən kök saldı və meyvə verdi;
Peyğəmbər Məhəmməd Mustafa, münafıq
düşməni Əbuləhəbin təhqirlərinə
müqavimət göstərməklə necə kamala
çatmışdısa, türklərin Mustafası (yəni
Mustafa Kamal) da bu Frənglərlə çarpışma nəticəsində
kamala çatdı". Ümmət şairi Məhəmməd
İqbal Qurtuluş savaşı illərində Pakistan
xalqını türklərin yardımına səsləyir,
türkləri vəsf edən şeirlər yazırdı.
"Süleymaniyyə kürsüsündə"
Əbdürrəşid İbrahim Yaponiyadan Hindistana, indiki
anlamda isə Pakistana səyahət etmişdi. Və poemada vəsf olunan hind müsəlmanlarının
- pakistanlıların dilindən anlatdıqları elə əslində
Məhəmməd İqbalın o illərdə
yazdıqlarından başqa bir şey deyildi.
"Süleymaniyyə
kürsüsündə" pakistanlılar Əbdürrəşdə
xitabən: "Hindin İslamını pək Türkə
qiyas etməyiniz. / Onların ruhi-şəhamətlə
coşan qanları var... / Onu bir kərrə eşitsək... Bu səadət yetişir" - deyirdilər.
Bunu isə
türk milləti barədə Pakistanda Məhəmməd
İqbal "Mustafa Kamal Paşaya səsləniş"
şeirində yazıb: "Bir millət var biz onun
varlığıyla ulaşdıq / İlahi qanunların gizli
gerçəklərinə / Bir baxışda yön verdi bizlərə,
dağları aşdıq / Dünya günəşi olduq bir
qığılcım yerinə!".
Akifdə türklük ruhu fərqli və yeni hadisəydi. Doğrudur,
"Süleymaniyyə kürsüsündə" Akif
qövmiyyət duyğusuna qarşıdır, "Aynı
milliyyətin altında tutan İslamı, / Təməlindən
yıxacaq zəlzələ qövmiyyətdir" - deyir. Amma
on il sonra, İstiqlal Savaşı
sırasında millətinə "Qəhrəman irqim!" -
deyə səslənməsi milli məsələdə
Mehmet Akifin "İslamda qövmiyyət məsələsi
yoxdur", - deyən Əhməd Naim Babanzadə ilə eyni
sırada durmadığını təsdiqlədi. "Qəhrəman irqim!" xitabını Akifdən
başqa heç bir şair, hətta ən qatı
türkçü Nihal Atsız belə işlətməmişdir.
Atsız "Mən irqimin şərəf daşan əfsanəsindəyəm"
desə də, millətinə "Qəhrəman irqim" deyə
bir səslənişi yoxdur... Bu mənada ümmət
şairi Ərsoy millətin çıxarları tələb
edəndə nəinki qəhrəman irqini vəsf edir, hətta
milli qəhrəmanını, Çanaqqala şəhidlərini
öyərək "Bədrin arslanları ancaq bu qədər
şanlı idi" deyə türk ünsürünü
islam ideallarının fövqündə dəyərləndirməyi
bacarırdı. Çanaqqala savaşını
Bədr savaşı ilə, Çanaqqalada döyüşən
türk əsgərini Bədrin arslanları ilə, yəni
Hz. Həmzə, Hz. Əli ilə qiyaslandıracaq qədər
türk ruhu ilə aşıb-daşırdı. Ancaq yenə də sonda "Ey şəhid oğlu
şəhid, istəmə məndən məqbər, Sana
ağuşunu açmış duruyor Peyğəmbər",
deyərək türk millətinin ən böyük ümmət
şairi olduğunu, ümmət şairi olaraq
qaldığını isbatlayırdı. Mehmet
Akif imanı yaradıcılığında və şəxsiyyətində
birləşdirib poeziyada ümmət məfkurəsini
yaratdı. Amma heç bir ümmət şairi bunu deməyə
özündə təpər tapmazdı ki: "Çatma
qurban olayım, çöhrəni, ey nazlı hilal! / Qəhrəman
irqimə bir gül... Nə bu şiddət, bu cəlal?
/ Sana olmaz tökülən qanlarımız
sonra halal, / Haqqıdır, haqqa tapan millətimin istiqlal".
Hilal islamın rəmzidir. Akif deyir ki, ey
hilal, qəhrəman irqimin üzünə gül, yoxsa
tökülən qanlarımız sənə halal olmaz...
Zamanında
Akifi ittiham edən islamçılar "Bir hilal uğruna, ya
Rəbb, nə günəşlər batıyor?" dediyinə
görə, (yaxud da əksinə, "sanki: "Hilal
uğuruna ya Rəbb nə günəşlər
batıyor" deyərkən, keşkə batmayaydı, demək
istəyibmiş" (Samiha Ayverdi) İslam şairini yersizcə
qınayıblar. Amma qınasalar da, fikri poetik ruhi əlbisəyə
bürüyüb düşüncələrini olduğu kimi
ifadə edə bilmək, Akifin şair səciyyəsi bu
qınaqların fövqündədir...
Türk
imanının bundan daha parlaq və ekspressiv çağı
türk ədəbiyyat tarixinin başqa heç bir
dövründə olmamış, görünməmişdir...
Hələ üstəlik, Akif səngərdəki əsgəri
və milləti "əhli-səlibin həyasız
üzünə tüpürmək" üçün
kükrədir və qurtuluş savaşına
uğurlayırdı... "Tüpürün,
milləti alçaqca vuran zərbələrə, /
Tüpürün onlara alqış dağıdan qəhbələrə".
Kosmopolitizm zamanı deyildi. Bütün bəşəriyyəti
bir-birinin qardaşı, bütün Yer kürəsini hər
kəsin ümumi vətəni olaraq görmək Akifin
yaradılışına, xarakterinə uyğun olmayıb və
ona görə də Cemal Kuntaya demişdi: "Sən də
bu yalana inanıyormusun? Bir avropalının nevi-bəşərinə,
ruyi-zəmininə türklər və müsəlmanlar
daxildir sanırsan?.. Birinci Dünya
müharibəsi illərində biz üç nəfər
Berlinə getdiyimiz zaman Alman hökuməti bizə nə dedi
bilirmisən? Türklərlə ittifaq etdik deyə
Reyxstaqda katolik məbuslar bağırırlar, müsəlmanlar
və türklər kimi vəhşilərlə mədəni
alman milləti nasıl birləşir? - deyirlər.
Məqalələr yazın da türklərin və
müsəlmanların da insan olduqlarını bu adamlara isbat
edəlim".
Bu sətirləri
yazdıqca, düşünürəm ki, İkinci Qarabağ
savaşında, Pakistan və Türkiyə amili də daxil
olmaqla, əslində, Mehmet Akifin "Süleymaniyyə
kürsüsündə" təlim etdiyi fəlsəfə
daha yaxından iştirak etdi.
Akif eyni bir sövq-təbii ilə həm islama, həm də
türklüyə bağlı bir fikir adamıydı. Nurəddin Topçu
yazır: "O zamana qədər milliyyətçi deyilincə
dinə qarşı və ya ona yad olan bir insan, dinçi və
müsəlman deyilincə də milliyyətçiliyi
tanımayan insan əqlə gəlirdi. Milliyyətçi
irqçi, dinçi isə xurafatçı və vətənsiz
varlıq idi. Ruhlarımızı... bu səfsətədən
qurtaran Mehmet Akifdir. Türkün müsəlmanlıqdan,
milliyyətçiliymizin islamdan ayrılmayacağını
bizə öyrədən o oldu".
Mehmet Akifin şeiri yalnız sırf ilhamın törətdiyi
ədəbi hadisə deyil, həm də dövrünə
görə əvəzolunmaz məfkurəvi, milli və hərbi
zamanın təkanı ilə hasilə gəlmiş tarixi
hadisədir. Tevfik Fikrət üçün isə önəmli
olan şeirin estetikasıdır. Əbdülhak
Hamidə görə "Tevfik Fikrət bir şeir rəssamıdır".
Hətta bəlkə türk poeziyasının ən möhtəşəm
və möhtəşəm olduğu qədər də, Yahya
Kamalın təbiriycə, "Vicdan və ruh ələmlərinin
ən zəhərlisi" olan "Sis" şeirinin də
üstün və bənzərsiz bir rəsm, lövhə,
peyzaj səciyyəsi vardır və bunu yalnız dahi şair
yarada bilərdi.
Akif şəhidlər barədə yazdığı
kimi, Fikrət də şəhidlər barədə yazıb. "Şəhidlikdə"
şeirini nəzərdə tuturam. Eynən Cənab
Şəhabəddinin "Qar nəğmələri"ndə
olduğu kimi, burda da "psixoloji intiba imajların içində
gizlidir..." (M.Kaplan) Fikrətin həmin şeirində son
yağmurun cəvahir danələri tökülür, günəş
ağ, mavi, bənövşəyi kölgələr
içində gözəl bir qadın vüqarı ilə
qürub edir. Üfüqdə parçalanan buludlardan yerə
bir saflıq səpilir... Hüzur və uyqu: gəlib getmənin
əzəli ehtiyacıdır. Dikili daşın
həzin üzündə "HÜV-ƏL BAQİ"
yazılıb. (Ölümsüz olan
yalnız Allahdır). Bu daş faniliyin
simvoludur. Bu sərvilər ürkək və
çəkingən bir təbəssümlə keçib gedənlərin
ibrətli xatirələrini oxuyur. Bu sadə məzarlıq
beş əsrin aşiyanıdır. Tevfik Fikrət bu aşiyanda ürpərti və
qorxunun bitkinliyi içində bu kölgələrdən imdad
istəyir. Babaların qafiləsini gözünün
önündən keçirir... Ətraf uyuyur
kimidir, sahildən iki-üç işıltı əks edir.
Günəş batacağı yerdə gah parlayıb, gah
sönərək səmada gülüşlər,
çiçəklənişlər göstərir...
Sükut içində qalan kainata enən bir titrək azan sədası,
ilahi saflığıyla insanı bayıldır...
Qaranlıqlar ağır-ağır ağacların
üstünü örtür, buludlarıyla səma indi, sanki
bir ölüm pərdəsidir... Bu vahiməli pərdə
ərzə enərkən, uzaqdakı Ay ağacların
üstündən şəhidliyin gecə lövhəsinə
göz vurur. Bir az öncə
şairin xəyalına vəhşət verən bu
qaranlıqlar, bu tablonun aydınlığıyla qeyb oldu. Və Ay buludların altından hər
çıxışında dalğaların üstünə
bir nur qəsidəsi yazdı.
Avropa, xüsusən fransız simvolizmi, hətta dekadans
Türk şeirinə Tevfik Fikrətlə və "Sərvəti-fünun"la
daxil olur.
Yanında həm də "Düşüb üstündə
ağlamaq dilərəm, / Söylə, ey Tanrı, dizlərin
nerədə?", - deyə mlli poeziya ilə modern
düşüncənin arasındakı metafizik harmoniyanı
pozmadan Tanrıyla məhrəm bir üslubda danışan Cənab
Şəhabəddin vardır...
Fikrətin Tanrı düşüncəsi də, poetik
sistemi də yuxarıda dediyim kimi, Bodleranədir. Fikrətin
1899-cu ildə yazdığı "Gayyayi-vücud"
şeiri türk poeziyasına xatırlatdığım
"Şəhidlikdə" şeirindən də qabaq
dekadans qürubunu və modernizm estetikasının dərin
cizgilərini gətirmişdi. Vücud quyusu, daha
doğrusu, cəhənnəm quyusu anlamına gələn
"Gayyayi-vücud"un təsvir etdiyi cəhənnəm
həyatın özüdür. "Gayyayi
vücud"dakı həyat Bodlerin "Leş" şeirindəki
qadınla eynidir. Həşəratlarla, mikroblarla,
ilanlara, böcəklərlə qaynaşan cəhənnəm
quyusunu Fikrət həm də güzgüyə, aynaya bənzədib:
"titrədir qəlbi, fəqət, qurtulamaz gözləriniz...
nəzər etməkdən o mirati-səmaluda yenə" (qəlbinizi
titrədər, fəqət gözləriniz o ağulu suya, zəhərli
aynaya baxmaqdan qurtula bilməz)".
***
Yazının əvvəlində qeyd etdim ki, Azərbaycanda
onların ikisi də sevildi. Azərbaycan otuz il
əvvəl milli mücadilə dalğasına Tevfik Fikrətin
"Millət Şərqisi" ilə girdisə, otuz il sonra
Qarabağ savaşından Mehmet Akifin "İstiqlal
Marşı" ilə çıxdı.
Və təkcə burda deyil, Təbrizdə də var
oldular, sevildilər. "Türkiyəyə xəyali səfər"
şeirində Şəhriyar da onları ayırmadı:
Gəlmişəm
nazlı hilal ölkəsinə,
Fikrətin incə xəyal ölkəsinə.
Akifin
marşı yaşardıb gözümü
Baxıram Yahya Kamal ölkəsinə.
Tevfik Fikrət Azərbaycanda 1906-cı ildən etibarən
tanınmağa başlayıb. Haqqında
yazılmış ilk elmi mülahizənin müəllifi
Əli bəy Hüseynzadədir. "Qırmızı
qaranlıqlar içində yaşıl işıqlar" məqaləsində
yazırdı ki, "Füyuzat"ın ikinci nömrəsində
Tevfik Fikrət bəyin nəsr dilinə uyğunlaşdırılmış
yeni şeirlərini oxuyub qeyri-adi ifadə tərzinə, qəribə
üslubuna təəccüb edərsiniz. Ehtimal
heç bəyənməmək istərsiniz. O zaman sizə
bildirərlər ki, "Rübabi-şikəstə"dən
alınmış olan bu şeirlər dekadent üsulunda
şeirlərdən olub Tevfik Fikrət bəy də osmanlı dekadentlərinin
başçılarındandır... Osmanlı
dekadentizmə nəzminin ən mahir şairi
"Rübabi-şikəstə"yi yazan Tevfik Fikrət bəydir".
Əli bəy Hüseynzadə Mehmet Akifin də
yaradıcılığından yan keçməyib. 1928-ci ildə
hazırladığı "Ensiklopedik Tibb lüğəti"ndə,
daha doğrusu, lüğət üçün
yazdığı "Alam" sözünün izahında
belə bir şərh var: "Ələmlər,
ağrılar, acılar (bax: Ələm). Alami-asabiyə
- sinir ağrıları (fr.douleurs nevral-gigues). Alam və
ektar: Dərdlər və qayğılar (fr. douleurs et chagrins). Alami-həyat: (fr. souffrances de la vie)
və Alam-ı həyatın iki qat bükdüyü ecsat
(Mehmet Akif)".
...Mehmet
Akif "İstiqlal Marşı"nı külliyyatına -
"Safahat"a daxil etməyib, "İstiqlal
Marşı" mənim deyil, türk millətinindir", -
deyə onu millətə ərməğan edib. Hələ
üstəlik, "İstiqlal Marşı"
üçün verilən mükafatı da
Sarıqışla qospitalındakı yaralı qazilərə
ərməğan edib. Qışda əyninin yeganə
paltosunu soyuqdan üşüyən dilənçiyə,
qonorarını yaralı əsgərlərin müalicəsinə
ianə edən Mehmet Akif özü ehtiyac və borc içərisində
çırpınıb...
Və
taleyə bax ki, "İstiqlal Marşı"nda
"Dalğalan sən də şafaklar kibi ey nazlı
hilal" deyə, türk bayrağını
qutsallaşdıran Mehmet Akifin cənazəsinin üstünə
örtmək üçün bayraq tapılmayıb...
Tevfik Fikrətin isə islam dinini inkar etməsi səbəbilə cənazə namazının qılınmasında tərəddüd edilir. Eynən Abdulla Cevdətin dəfnindəki kimi... Baxmayaraq ki, o da Cevdət kimi, "dindar bir dinsiz və ya dinsiz bir dindar" idi.
30 iyun 2021
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2021.- 3
iyul.- S.2-3.