"Ədəbi "Kəpənək effekti"

 

Avanqard nəzəri gücün və mövqenin göstəricisi kimi  

 

Mətanət Vahid mədəniyyətlərin dialoqunun xüsusi forması sayılan intermediallıq movzusunun Azərbaycan ədəbiyyatında ilk araşdırıcılarındandır. Müstəqillik illərində klassik irsimizin, bu sırada Seyid Əzim Şirvani poetikasının yeni gözlə oxunmasında, incələnməsində müstəsna rolu olan ədəbiyyatşünaslardandır. Amma nə üçünsə ondan tənqidçi kimi bəhs etmək mənə daha rahatdır. Çünki ədəbi prosesdəki xidməti bu sahəyə ömür adamasının yaşı, sanbalı qədər çoxdur. Şərəfli sözün və sözün şərəfinin keşiyində dayananlardandır Mətanət Vahid.

2020-ci ilin axırlarında onundəbi "Kəpənək effekti" kitabı çap olundu. Az sonra pandemiya gərginlikləri, ardınca müharibə gözlənilməzlikləri hamımızı sanki sözdən, ədəbiyyatdan qopardı. Baxmayaraq ki, qələm daim əlimizdə idi, nədənsə elmi baxımdan konseptual kitablara köklənmək çətinlik yaradırdı. Bu yaxınlarda adı keçən kitabı bütünlükdə nəzərdən keçirdim. Əksəriyyətinin ilk oxucusu olmuşdum, bəziləri ilə "Ədəbiyyat qəzeti"nin səhifələrindən tanış idim, amma kitab kimi onlar daha bitkin və sistemli düzən yaradırdılar.

dəbi "Kəpənək effekti" Mətanət Vahidin estetik zövqünü, maraq dairəsini, bədii əsərlərə və ədəbi imzalara yanaşma, təhlil prinsiplərini dərk baxımından böyük imkanlar yaradır. Elmi səviyyə, ədəbi duyum, mütaliə genişliyi, ədəbi fakt və hadisələri qiymətləndirmək bacarığı, dəqiq meyarlar sistemi, fikri ifadə prinsipləri, zəruri kontekst genişliyi ilə kitab Mətanətin tənqidçi-esseist kimi ehtiva etdiyi avanqard nəzəri gücün, avanqard mövqenin göstəricisidir. ntermediallıq", "Poeziya ritual kimi", "Hekayənin indiki zamanı", "Yaxın və uzaq roman təcrübəsindən", "Yaradıcılıq laboratoriyası", "Ədəbiyyat tarixi: günün təcrübəsindən baxış", "Klassik analitika" adlı müxtəlif bölümlərdə qərarlaşan yazılar bütünlükdə müstəqillik dövrü ədəbiyyatının ümumiləşdirici sözünü, ədəbi gedişatının tam obrazını əyaniləşdirməklə bərabər hardasa, nə zamansa "Kəpənək effekti" - böyük dəyişiklik yaşadacaq əminliyi doğurur özündə. Axı bu yazıların ərsəyə gəlmə səbəbi də bir şeirin, yaxud bir kiçik hekayənin mütaliəsindən yaranan "Kəpənək effekti"dir.

Kitabda yer almış mətnlərdə dünya ədəbiyyatı ilə intensiv modernist müqayisələrin izlənildiyini görürük. Mətanət Vahid bu məqalələri son onillikdə hasilə gətirib. zm"lərlə bağlı meydanlarda diletant praktiki yanaşmaların olduğu bir zamanda Mətanətin hər cür hay-küydən uzaq şəkildə qələmə aldığı bu yazıları yeniliklərə verilən geniş elmi refleksiya kimi maraqlı və gərəkli idi. Çünki bu yazılar dünya ədəbiyyatında gedən yeni meyilləri meydana qoymaqla bərabər, bu yenilikləri əsərlərində ehtiva etmiş olan müəlliflərin potensialını da üzə çıxarırdı. İndi onların bir kitaba cəm olması problemə kompleks yanaşmağa imkan yaradır. "Kim daha çox"? "Ədəbi "Kəpənək effekti"nin doğurduğu əsas suallardan biri budur.

Mətanətin bu məqalələrində Avropa ədəbiyyatının nəzəri səviyyədə mənimsədilməsi missiyasının olduğu bariz görünür. Bizdə bu işi müxtəlif yollarla icra edənlər var. Tərcümə, şərh, müzakirə, diskurs, sitatlarla danışmaq cəhdlərindən tutmuş konseptual araşdırmalarını meydana qoyanlaradək. Mətanət Vahid bu bilikləri çağdaş ədəbiyyat nümunələrinin müqayisəli təhlili kontekstində həyata keçirir. Yəni Qərbi bizə meyar göstərməklə deyil, əsas odur biz bu modernləşmə proseslərinə nə səviyyədə inteqrasiya olunuruq, fikir yükümüz və düşüncə mədəniyyətimizlə dünya humanitar beyin arsenalının harasındayıq, ora nə qədər nüfuz edə bilirik.

Bu mənada, "bədii əsərdə incəsənətin müxtəlif sahələrinin ədəbi kodları ilə qarşılıqlı əlaqəyə əsaslanan mətndaxili əlaqələrin xüsusi tipi" olan intermediallıq mövzusunu geniş öyrənmək Mətanətə müxtəlif sənət növlərinin "dillərini" və onların görüşünü, kəsişən bucaqlarını anlamaq üçün maraqlıdır. Ədəbiyyatın musiqi, kino, rəssamlıq, memarlıq, heykəltəraşlıq, moda, iqtisadiyyat, reklam kimi yaradıcılıq sahələri ilə əlaqəsini meydana qoyan və ayrı-ayrı özünüifadə üsullarına malik bu müstəviləri yanaşı, bir məxrəcə gətirib yaradıcılıq prosesinin mahiyyətinə varmağı məqsədə çevirən bu məqalələrdə akademik-nəzəri ölçülərin, poetika və estetika məsələlərinin, struktur-linqvistik yanaşmanın, publisistik tonun gətirdiyi böyük estetik enerji sıxlığı duyulur.

Kitabda romanla bağlı ayrıca bir bölüm var. Bu bölümdə müstəqillik illərində yazılmış bir çox romanların elmi-nəzəri baxımdan şərhi yer alır. Orxan Fikrətoğlunun "Ölü mətn", Həmid Herisçinin "Solaxay", Qan Turalının "Fələk qırmancı", Kənan Hacının "Yaddaş kartı", Seymur Baycanın "Ana ürəyi", Aydın Talıbzadənin "Kəpənək modeli.102" və "Əbuhübb", Rasim Qaracanın "On bir gecə", Cəlil Cavanşirin "İtirilmiş əlyazma" və s. bu kimi müstəqillik epoxasının yükünü daşıyan əsərlər. Həm də o əsərlər ki, özündə postmodern epoxanın gətirdiyi ifadə yeniliklərini, forma mürəkkəbliklərini - şüur axını, fantasmaqoriyaya, retrospektiv sıçrayışlara aludəçilik kimi çağdaşlığın göstəricisi sayılan zəruri elementləri ehtiva edirlər. Mətanətin orijinal təhlil düşüncəsi, ümumiləşdirmə bacarığı, təsnifat məntiqi həm bu romanların fokuslandığı müstəviləri görməyə imkan verir, həm də onlardakı dünyanı qavrayış və dərketmə proseslərini yönəltmə və idarə etmə səviyyəni meydana qoyur. Yəni bu romanın, bu əsərin dünya ədəbiyyatında, eləcə də milli ədəbiyyatımızda yeri, rolu nə qədərdir? Bəlkə, buna görə kitabda müəllif sanki gizli bir bəhsləşmə - binar məkan yaradır. Dünya nəsrinin tanınmış imzalarının - Ratrik Züskind, Knut Hamsun, Orhan Pamuk, Somerset Moem, Dino Bussatinin məşhur əsərlərini düşünülmüş şəkildə tənqid süzgəcindən keçirir ki, ciddi ədəbiyyat necə olur, romançılıq təcrübələrinin mənimsənilməsi prosesi necə reallaşıb, bizdə bunun miqyas və səviyyələri necədir - bu məsələlərlə bağlı bilgilərə vaqif olaq.

Nəticədə, hər iki ədəbiyyata bələdliyi Mətanətə əsaslı göndərmələr etməyə şərait yaradır. Bəhs etdiyi əsər asanlıqla inteqrasiya prosesinə daxil olur, universal məzmunlu dəyərlərlə müqayisəyə çəkilir. Məsələn, Rasim Qaracanın romanındakı kodların etiologiyası oxucunu hansı istiqamətlərə, hansı müəlliflərin nəsrinə yönəltmiş olur? Bunu ilk abzasdan oxuyuruq: "Rasim Qaracanın "On bir gecə" kitabının ikinci adı - "Savaş günlərində eşq hekayələri - Qarabağ Dekameronu" bir yandan Q.Markesin "Vəba günlərində eşq" romanına allüziya yaratsa da, digər tərəfdən Covanni Bokkaçonun "Dekameron"unu yada salır".

Yaxud Seymur Baycanın xalq arasında geniş yayılmış "Ana ürəyi" segahına dekonstruksiya kimi qələmə alınmış "Ana ürəyi" romanı ilə bağlı yazılmış məqalədə müəllif əsərin digər mətnlərə göndərmələrini meydana qoyur: F.Dostoyevskinin "Bəyaz gecələr"i, "Netoçka Nezvanova", İvan Buninin "Mityanın məktubları" və başqa əsərlərdəki obrazların, situasiyaların, dialoq, ironiyaların oxşarlığını adı çəkilən əsərlərdən nümunələr verməklə təqdim edir. Xatırlayıram, 2013-cü ildə, Seymur Baycan hansısa ədəbi sayta verdiyi müsahibədə bu məqalədən - yəni Mətanət Vahidin dəqiq müqayisələrindən, əsərin konstruksiyasını aça bilmək məharətindən heyrətləndiyini dilə gətirmiş, bunu bizim ədəbi tənqidin gücü kimi dəyərləndirmişdir.

Modernizm və postmodernizm kimi iki təfəkkür hadisəsinin keçmişə baş vurma formaları retrospeksiyanı aktuallaşdırırsa, ədəbi-nəzəri kateqoriya kimi prinsipləri Mətanətə məlum olduğundan onu bədii təfəkkürün yeni tematikası kimi təqdim və təhlil etməyə nail olur. Yaxud etiologiyası sufizmə söykənən arxetipləri, təsəvvüf kosmoqoniyasının rəmzlərini ehtiva edən, sufizmin kodları üzərində qurulan romanları təhlil etmək Mətanət Vahid üçün ona görə çətinlik yaratmır ki, həmin arxetiplərin dünya bədii fikrində təzahür şəkillərinin müxtəlifliyi ilə əlaqə qura bilir və bu əlaqə mətni oxuma prosesində onu mətnlərarası münasibətlərin geniş məkanına daxil edir. Bu məkanda isə bircə qanun hakimdir: roman sehirli qapını açmağa, ordan içəri adlamağa lazım olan açarı tapa bilibmi? "Əbuhübb" (A.Talıbzadə) romanı ilə bağlı tənqidçinin qeydlərində oxuyuruq: "Mənə görə, yaxşı əsərin mütaliəsi ritualdır. Hər mətnin öz səsi (musiqisi) var (mətn ola bilməyən söz yığınları lal-kardır) və mütaliəyə başlayanda həmin səs (musiqi) mətnin diqtəsi ilə tapılır. "Əbuhübb" romanının annotasiyasını oxuyanda bir neçə ay öncə relaks üçün günlərlə dinlədiyim Om mantralarını xatırladım və romanı onların müşayiəti ilə oxumağa başladım. Əsərin ikinci oxunuşunu isə sufi zikrləri müşayiət edirdi: "Ya həyy, ya huu..." və deyim ki, mahiyyət etibarilə dəyişən bir şey yox idi - mətn öz səsini tapmışdı".

Digər bir nümunə. Kitabda Orxan Fikrətoğlunun "Ölü mətn" romanı ilə bağlı tənqidçinin adının belə artıq mahiyyətə giriş üçün impuls verdiyi "Dirilə bilməyən" mətn" məqaləsində oxuyuruq: "Kitabın annotasiyasında yazılır: "Roman post sufi janrına aid ilk romandır". Mətnin janrı romandırsa, post-sufi olması sadəcə onun üslubu, bədii təcəssüm üsulu hesab oluna bilər, onu "post sufi janr" adlandırmaq doğru deyil... Əgər müəllifin nəyi yazdığını deyil, necə yazdığını araşdırırıqsa, onda baxaq görək mətn annotasiyada əsk olunan mətləbləri doğrulda bilirmi: "Müəllifin bu romanda zamana və dünyaya təklif etdiyi xilas ideyası - Sufi sevgisidir" fikri mətnin özündə nə dərəcədə reallaşıb? Fikrimcə, "Ölü mətn"də oxucuya təqdim edilən bu "xilas ideyası" mətndə yetərincə əyaniləşmir. Ona görə biz bu haqda yalnız annotasiyada oxumalı oluruq".

Yazıçı Anar bu gün də aktuallığını qoruyub saxlayan "Nəsrin fəzası" məqaləsində şikayətlənirdi ki, onların hasilə gətirmiş olduğu "yeni nəsrə" müvafiq tənqidçi imzalar meydana çıxmadı. Əslində, indiki zaman kəsimindən baxanda müəyyən adlar sıralayıb bu fikrin yanlış olduğunu deyə bilərik. Bütün ideoloji basqılara, nəzarət mexanizminin işləkliyinə baxmayaraq, o dövrdəki nəsrin yeniliklərinə adekvat yetişən ədəbi tənqid fiqurları az olmadı. Bəs müstəqillik illərində yenilənən nəsr qanunlarına adekvat olan tənqidçi imzalar kimlərdir? Təbii ki, bu suala cavab olaraq, az da olsa, adlar sıralamaq olar və qeyd-şərtsiz Mətanət Vahid o sırada yer alanlardandır. Yenilikləri dəyərləndirə bilmək əzmi Mətanət Vahiddə ona görə baş tutur ki, klassik ədəbiyyatdan gəlir, bu ədəbiyyatın orqanikası və morfologiyasını təhlil edərək onu özü üçün ədəbi-mədəni istinadgaha çevirir. Kitabdakı mətnlərin ehtiva etmiş olduğu sistemliliyin kökü bu amilə bağlıdır. Məhz bu sistemlilik metodoloji prinsip kimi müxtəlif mətnləri, janr yeniliklərini bir düzənin halqası kimi oxumağa və görməyə imkan verir: Nağıl dekonsrtuksiyası, Seyid Əzim Şirvani, M.F.Axundzadə, Ə.Hüseynzadə, M.Hadi, Ə.Haqverdiyevin düşüncə kodlarını açan sənət görüşləri, yeni şeir və roman təzahürləri və başqa məsələlər İlk mətnin davamı kimi araşdırılır. Bəlkə, buna görə tədqiq edilən predmetlə bağlı vurğular dəqiq olur, əndazə aşılmır, ifrata varmalar, hissə qapılmalar nəzərə çarpmır.

"Ədəbi "Kəpənək effekti" kitabında diqqətimi çəkən daha bir cəhət oldu. Mətanət Vahid sözün zahiri tərəflərinin şərhinə meyillənmir, daha çox görünməyən, gizlin qalan qatların sehrinə yönəlməyə çalışır. Onun tədqiq predmetinə çevirdiyi romanların, şeirlərin özü belə çoxqatlı düşüncələrə yol açan mətnlərdir. Bu qatda artıq müəllif kifayət qədər sərbəst davrana bilir. Həyat barədə mülahizələri, yaşanılanın ona qazandırdığı nostalji təcrübələr, ömürlə bağlı düşüncələri mətnin gətirdiyi qənaətlərlə birləşib elə bir ədəbi-fəlsəfi məkan yaradırlar ki, bu məkanda, sadəcə, insan taleyinin obrazı əyaniləşir. Təhtəlşüurun qaranlıq küncünə sığışdırılan, daha çox poetik hekayətinə çevrilmiş bu yaddaş qəlpələri kitabın poeziya ilə bağlı bölümündə ön plana gətirilir.

R.Bart yazır ki, keçmiş qarşısında borc hissi ədəbiyyatı rituala çevirir. Mətanət də ədəbiyyata, xüsusən poeziyaya ritual kimi yanaşır ("Mənə görə, yaxşı əsərin mütaliəsi ritualdır" - M.V.). Onun bəhs etdiyi şeirlər zikr məqamının ifadəsidir. Daim metafizik qatla, mental məkanlarla, Tanrıyla ünsiyyət qurmaq aktı ilə bağlı təsəvvürlərin kodlaşdığı şeirləri oxucuya yaxınlaşdırmağı özünə borc bilir. Bəlkə buna görə introvert şairlər, sualları içinə yığılmış, dərdi içinə tökülmüş misralar onu daha çox özünə çəkir. Çünki Mətanət Vahidə görə, "poeziya (bütövlükdə sənət) qarşıya bəzən heç ağlagəlməyəcək suallar qoymaqla malik olduğumuz bilgilərin ötəsində bir aləmə nüfuz etməyimizi təmin edəcək gücdədir". Öz mistik enerjisi ilə oxucu düşüncəsinin sürreal axarı arasında assosiativ bağlantı yaradan şeirlər ona görə, özgə aləmlərə nüfuz etmənin estetik üsulu kimi maraqlı görünürlər.

Kitabda "Kamal Abdullanın "Labirint"i" məqaləsində yer almış belə bir fikir var: "Labirint" hekayəsində Ariadnanın sevgilisi Teseyi vəhşi Minotavrla döyüşə yola salarkən dönə-dönə xatırlatdığı sözlər ("Kələfin ucunu itirmə.") həm də müəllifin oxucuya verdiyi mesajdır: "kələfin ucunu itirmə ha, yoxsa bu hekayə-labirintin içində azıb-qalarsan, lap elə həyatının içində də".

Məsələ burasındadır ki, bu kələfin ucunu bərk saxlamaq məsələsi elə Mətanətin kitabındakı özünün yazılarına da aiddir. Təhqiq edilən predmet özünə aid olan bütün faktoloji materialları elə sistemli şəkildə çevrələyir ki, bütün diqqətini toplayıb nəyisə gözdən qaçırmamağa çalışmalısan. Qaçırdınsa, mətnlərin fəlsəfi-estetik enerjisinin gözə görünməyən yönlərinin bütün tərəflərini görüntüyə, təsvirə çevirməyə imkanın olmayacaq. Bu, düşüncəsi struktur baxımından o qədər də sadə olmayan Mətanət Vahidin yazı üslubundakı əsas keyfiyyətlərdən biridir.

İndi sözün şərəfini qorumaq, sözün dəyər vahidi olan tərəfində dayanmaq və bunu həyat tərzinə çevirərək yaşamaq çətinləşib. Mətanətin mətnləri bu mənada, özü ilə mücadilədən qalib çıxmış tənqidçinin qeydləridir. Bu fikri ədəbiyyatşünas alim Azər Turan gözəl qeyd edib: "Mətanət Vahid hüzur dolu qələmi ilə və öz universal, işıqlı zəkasına istinadən istər akademik üslubda, istər esse janrında hər nə yazıbsa, onları ədəbiyyatlaşdırıb yazıb. Çünki hər şeydən əvvəl, öz ömrünü ədəbiyyatın bir parçasına çevirməyi bacarıb...". Digər tərəfdən, Mətanətin hər yazısı fərdi yanaşmanın, individual təhlil manerasının nəticəsi olaraq hasilə gəlir. Yəni kimdən yazırsa, bu, yalnız həmin müəllifin yaradıcılıq özəlliklərinin şərhinə, açımına yönəlir. Bu mənada, Mətanətin məqalələrini, nəzəri-estetik yozumlarını nəinki digər tənqidçinin yazıları ilə səhv salmaq olmur, həmçinin öz yazılarının qəhrəmanlarının da yeri, məqamı fərdi statusu ilə seçilir. Bu ona görə baş tutur ki, Mətanət yazanda tələsməyi sevmir. Predmet seçdiyi əsəri təhlil etməzdən əvvəl oradakı yeni tendensiyaları araşdırır, dünya ədəbi fikri ilə müqayisələr etməyə çalışır, yaradıcılıq axtarışlarının daha dərin qatlarına nüfuz edir. Nəticədə, şərh edilən əsərin bədii məziyyətləri meydana qoyulmaqla yanaşı, bizim elmi-nəzəri düşüncə xəzinəmizə yeni ifadələr, təyinlər daxil olur. Eyni zamanda onun hər yazıda özünə varmaq, özünə çatmaq cəhdi də maraq doğurur və hər şeydən öncə, tənqidçinin özünün obrazını formalaşdırır.

"Ədəbi "Kəpənək effekti" ədəbiyyatşünaslığımızın uğuru qismində qərarlaşan kitablardan olmaqla bərabər, ədəbi tənqidimizin yoxluğu ilə bağlı hər söz düşəndə mühitdə cövlan edən neqativ fikirlərə cavabdır. Hərçənd bizim qədirbilməz ədəbi mühit üçün onsuz da ağla qaranın fərqi yoxdur, tənqidçinin əməyi bir göz qırpımında görməzdən gəlinə bilir, zamanında özü ilə bağlı hansısa təhlilə görə tənqidçiyə yağdırılan tərif də az sonra unudulur və söz ədəbi tənqiddən düşdümü - hər şey "yoxdur" nidasına tabe tutulur (Bu barədə Mətanətin özünün də aktual olan bir yazısı var). Belə olmasaydı, ədəbi tənqidə "qeyri-rentabelli" sahə kimi yanaşaraq yalnız sözün dəyərinə xidmət etmək naminə yazılan bu məqalələr çoxdan qürur qaynağına çevrilər, örnək mətnlər qismində qərarlaşardı. Amma düşünəndə ki, bütün dövrlərdə əsl ədəbiyyat adamlarının nəsibi elə bu olub - "vicdanına sığınıb yaşamaq"!, - zamana göz vurub keçmək istəyirsən və bu, nədənsə, ən gözəl təsəlliyə dönüşür. Bəlkə də təsəlli deyil, gerçəkliyə! Çünki inanırsan ki, tarixin o başından Zaman da sənə göz vurub lazım olan bütün daşları yerində oturdacaq! O zaman, yaşasın həqiqi sənət və ədəbiyyat!

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2021.- 3 iyul.-S.6-7.