Persi Şelli BİŞİ

(4 avqust 1992 - 8 iyul 1822)

 

İngilis romantizminin ən görkəmli nümayəndəsi Persi Şelli Bişi klassiklər sırasında hüzn, kədər, hüsran motivləri ilə xatırlanan şairlərdəndir. Həyatla 30 yaşın astanasında vidalaşan qəmli həssas şair özündən sonra zəngin irs qoyub getmişdir.

 

Payız

(Ağı)

 

Qürub edir isti günəş, dəli külək nalə çəkir,

Qurumuş budaqlar köks ötürür, solğun çiçəklərsə can üstədir.

Bir il

Dünyada yatağa düşüb, ölüm döşəyində çırpınan zaman,

Xəzan yarpaqları kəfəni olur.

Yığılın, siz Aylar, yığılın gəlin

Noyabr başda dur, düz Maya qədər.

Matəm libasina bürünün yenə.

Qoşulun siz gedən qəm karvanına

Cəsədi buz kimi olan bu ilin,

Qəbrinə boylanan qəmli kölgətək, onun məzarıyla vidalaşın siz!

 

Buz kimi yağışlar sel kimi tökür, soxulcan torpaqda qıvrılıb qalır,

Çaylar məcrasından köpürüb-daşır, ildırım göylərdə tufan qoparıb

Ölən bu il üçün ağı söyləyir.

Qaranquş yuvasını çoxdan tərk edib, kərtənkələ səssiz yoxa çəkilib

Torpağın altında öz oyuğuna.

Yığılın, siz Aylar, yığılın gəlin,

, qara, boz rəngə bürünün gəlin!

Mələklər oxusun matəm şərqisin -

Qoşulun siz gedən qəm karvanına

Cəsədi buz kimi olan bu ilin,

Göz yaşı üstünə göz yaşı tökün, göyərsin qəbiri ölən bu ilin!

 

Ozimandias

 

(Qədim yunanlar Misir hökmdarı II Ramzesi bu cür adlandırırdılar)

 

Qədim ölkədən gələn bir səyyahı gördüm mən,

O dedi - "Uzaqlarda, dayanıbdır gövdəsiz, iki nəhəng daş sütun

Səhranın ortasında... Onların yanında, sonsuz qumsalda

Narazı baxışlarla paramparça bir sima, qərq olmuşdur qumlara,

Əsəbindən büzüşmüş dodaqlarla o yenə, can atır hökm etməyə,

Bu əsəri yaradan dahi heykəltəraşın ehtirası oxunur

Məhv olmuş bu aləmdə, yeganə xilas olan heykəlin simasında,

Can vermiş bu heykələ ürəyindən su içən o sehrli əllərlə;

Bu sözlər vaqe olur qədim bir daş lövhədə:

"Adım Ozimandiasdır. Mən Hökmdarlar Hökmdarıyam;

Bir bax Qüdrətimə, Əzəmətimə, bir bu məyusluq hekayətinə!

Yalnız dağıntıdı göz işlədikcə. Dörd yanı məhv olmuş, hətta yox olmuş

Sonu görünməyən, ucsuz-bucaqsız, nəhəng bir Xaraba burda ucalmış

Yalnız, bu tənha səhra saysız qum zərrəciyi uzanır sonsuzluğa".

 

Tərcümə edən: Mərcan SOFİYEVA

 

Ədəbiyyat qəzeti.- 2021.- 3 iyul.- S.7