Oblomova bənzəməmək
cəhdi
“Onun romanı” rubrikası
"Ədəbiyyat qəzeti"ndə
yeni və çox maraqlı bir layihəyə start veririk. Layihədə tanınmış qələm
adamları ilə yerli və xarici yazıçıların ən
məşhur romanları ətrafında söhbət edəcəyik. İlk həmsöhbətimiz
tanınmış şair və yazıçı Aqşin
Yeniseydir. Onunla Rusiyanın məşhur
yazıçılarından olan İvan Qonçarovun
günümüzdə də öz aktuallığını
qoruyub saxlayan "Oblomov" romanını incələdik.
- Rus ədəbiyyatı
böyük yazıçılar yetişdirib. O
yazıçıların hər biri yazdıqları əsərlərlə
Rusiyadakı mühiti bütün
çılpaqlığı ilə göstərə bilib. İvan Qonçarovun "Oblomov"u isə
insanı özü ilə üzləşməyə vadar edən
ən mükəmməl əsərlərdəndir.
İstərdim oxuculara bir az əsərin
ana fikri haqqında qısa məlumat verək.
- Oblomov
bir çağın çöküşünü müjdələyən
"Dəccal"dır. Feodalizm Rusiyada Oblomovla
başa çatırdı. Oblomov Rusiyada "can"ı, yəni nökəri olan son dərəbəyidir.
Bu suala geniş cavab vermək üçün
Avropanın və Rusiyanın XIX əsrdəki şəklinə
baxmaq lazımdır. XIX əsri "Tarix əsri"
adlandırırlar. Siyasi, sosial
ideologiyaların önə çıxdığı bu əsr
Avropada tarixi şüurun inkişafı ilə yanaşı,
fəlsəfənin, sənətin tarixlə birlikdə
öyrənilməsi və qiymətləndirməsi əsridir.
XIX əsr Avropanın xristianlıqdan tamamilə
uzaqlaşdığı, Rusiyanın isə
xristianlığı yeni-yeni dərk etməyə
başladığı, rus qəlbinin xristianlığı kəşf
etdiyi əsrdir.
Dostoyevski öz romanlarında İsanın rus insanın
vücudunda təcəllasından
basıb-bağladığı bir əsrdə Nitsşe
"Antixrist" yazırdı, Marks dini kütləvi xəstəlik
adlandırıb başlanğıcın və sonun fövqəltəbii
deyil, iqtisadi gücün əlində olduğunu söyləyərək
modern çağın təməllərini bərkidirdi. Tolstoy
"Sergi ata" əsərində dini burjua əxlaqının
öz nəfsini balta ilə qorxudacaq dərəcədə comərd
olduğunu uyduranda, Flober çürük burjua əxlaqının
kürkünə madam Bovari adlı birə
salmışdı. XIX əsrdə almanlar idealizmi,
fransızlar sosializmi, ingilislər iqtisadi-sosial darvinizmi tarixi,
elmi bilgilərlə əsaslandıranda Rusiyada qabaqcıl
fikirlər Tolstoyun inhisarında olan ilahi ədalətin
varlığı, Dostoyevskinin göylərə
qaldırdığı günah hissindən nə yolla
olur-olsun, arınma düşüncəsi idi.
- Belə çıxır ki,
Qonçarov bu romanla, əslində, rus xalqının
başının altındakı "yastığı"
çəkdi.
- Avropada
insan haqları, söz və fikir azadlığı,
seçki hüququ kimi modern dəyərlər müzakirə
olunanda Rusiyada mədəni mühit rus ədəbiyyatında
səsini başına atmış günah və mərhəmət
kimi qədim yəhudilik duyğularının
ruslaşdırılması ilə məşğul idi. Veber xeyirxahlığı ilahi sevgi ilə deyil,
kapitalizmin inkişafı ilə əsaslandıranda, yaxud
Spenser təbiətdə olduğu kimi cəmiyyətdə də
azad rəqabət hissinin mədəni güc qaynağı
olduğunu elmi, fəlsəfi əsərlərində izah edəndə
rus ədəbiyyatı yoxsulluğu, yetimliyi insana bəxş
olunan ilahi sadəlik kimi tərənnüm edirdi. Rus ruhuna görə, ilahi gözəllik sadəlik
idi, sadəlik isə yoxsulluq. Nəticədə
rus insanı, məsələn, ingilisdən fərqli olaraq,
toxun aristokratik instinktləri ilə deyil, acın intiqam hissi ilə
tərbiyə olundu. Bəli, Qonçarov
Oblomovun timsalında tarixin isti yatağında mürgüləyən,
gələcəyə xəyalın gözü ilə baxan
Rusiyanı təsvir etmişdi. O
Rusiyanı ki, İsa sevgisi onu cadugər Rasputinə
tapınmağa vadar etmişdi. Oblomov bu
fatalizmin övladı idi.
- Romanın nəşr olunduğu
andan etibarən bütün Rusiyada inanılmaz bir rəğbət
qazanmasının, qısa zamanda ədəbi hadisəyə
çevirilməsinin əsl səbəbi nə idi?
- Cəmi
25 il yaşayan rus tənqidçi
Dobrolyubovun Oblomov haqqında dediyi məşhur bir söz var:
"Bu kitabda vacib olan Oblomov deyil, oblomovluqdur". Qonçarov özü otuz ilə yaxın məmur
işləmişdi. Çar
Rusiyasının haradan çürüdüyünü
bilirdi. Bürokratiyanın insanların əlini-qolunu
bağladığını, onların nəinki yaratmaq, hətta
yaşamaq həvəsini öldürdüyünü və
bunun acı nəticələrinin olacağını
görürdü. Oblomov da bürokratik
burunlamalardan qaçıb gizlənmişdi. Hətta öz nökərinin belə onu narahat etməsini
istəmirdi. Qərbdə sənaye
inqilabının baş verdiyi, yeni istehsal münasibətlərinin
yarandığı, kapitalist demokratiyasının nəzəri
əsaslarının hazırlandığı bir dövrdə
Rusiya özünün nəhəng məmur ordusu ilə
feodalizmin keşiyini çəkirdi. Eynən
bürokratların orta təbəqəyə çevrildiyi
İspaniyada olduğu kimi. İspaniyanın
"Qızıl çağı"ndan yüz il sonra, Madriddəki Venesiya səfiri
yazırdı: "Əli başına çatan hər kəs
dövlətin cibindən yeyir. Məmur vəzifələrinin
sayı-hesabı yoxdur. Təkcə,
dövlət büdcəsində 40 mindən çox məmur
çalışır; bu məmurların əksəriyyəti
onlara verilən əməkhaqqının iki qatını
çırpışdırırlar. Maliyyə
hesabatları qarmaqarışıq, hətta zərərli bir
şəkildə qeyri-müəyyəndir; onların işindən
hər hansı bir sistem və ya nəticə əldə etmək
mümkün deyil. Eyni vaxtda vergi yığan
24 min, inkvizisiya xidmətinə məsul 20 min məmur var".
Səfirin bu sözlərini olduğu kimi
Qonçarovun Rusiyasına da şamil etmək olardı. Gertsen öz memuarında alman səyyahı və
alimi Humboltun avam rus məmurlarını necə ələ
saldığını çox aydın bir dillə təsvir
edib. İntellektual potensiala, işlək mədəniyyətə
sərmayə qoyulmadıqca əlavə inzibati resurslara həmişə
və hər yerdə tələbat artır. Cəmiyyətin mədəni səviyyəsindəki
yüksəliş isə bürokratik canfəşanlığa
və qanunlara tələbatı azaldır. Hətta bir çox hallarda bürokratlar onlara olan tələbat
sıfırlanmasın deyə, öz ölkələrində
mədəniyyətin, təhsilin inkişafına əngəllər
yaradırlar. Cəmiyyət
bütünlüklə bürokratların əlinə
keçdikdə isə təşəbbüskarlıq ruhunu
oblomovluq ölüvaylığı əvəzləyir.
Qonçarovun obrazı, əslində, çar
Rusiyasını bürümüş milli "metal
yorğunluğunu" ifşa edirdi.
- Oblomov Şərq insanı ilə
Qərb insanını qarşılaşdıraraq Şərqin
miskin insanının ruh halınımı anlatmağa
çalışırdı?
-
Avropanın sənayeləşdiyi bir dövrdə orta təbəqəsi
büdcədən qidalan məmurlardan ibarət olan Rusiya bu
yorğunluq sayəsində İspaniya kimi feodalizmdə
ilişib qalmışdı və yerindən qalxmağa heyi, həvəsi
yox idi. Oblomov bu yorğunluğun simvolu idi.
Nəticəsi isə bu oldu ki, "Oblomov" romanının
nəşrindən qırx altı il sonra
bapbalaca Yaponiya 1905-ci ildə Rus-Yapon müharibəsində
yerindən qalxmağa heyi olmayan, cadugər Rasputinin idarə
etdiyi nəhəng Rusiyanı darmadağın etdi. Arxasınca da Birinci Dünya müharibəsindəki
biabırçı məğlubiyyət gəldi.
- Oblomovun tənbəlliyi tənbəllikdən
çox nihilizm ola bilərmi? Çünki XIX əsrdə Rusiyada gənclər
arasında nihilizm axını da xeyli məşhur idi.
- Nihilizm
bütün ideyaların, dəyərlərin inkar
olunmasıdır, mənəvi, ideoloji bir boşluğa
tapınmaqdır. Oblomovun isə ideyaları, dəyərləri,
hətta gələcək üçün planları var. O, hər
gün yataqda uzanıb görməli olduğu işləri
düşünür. Hər dəfə
nökəri Zaxarın üstünə bağırır ki,
görüləsi çox işim var, boş-boş
danışıb zəhləmi tökmə. Oblomov, sadəcə, yataqdan qalxarsa yuxularını,
yuxudakı xoşbəxtliyini itirəcəyindən qorxur.
Yuxu, xəyal xoşbəxtliyi onu daim
yorğan-döşəyə çağırır və
Oblomovun iradəsi bu xoşbəxtlik
çağırışının qarşısında
acizdır.
- Bu gün ətrafımızda
Oblomov kimi miskinlikdən imtina etməyən insanlar çoxdur.
Hətta zaman-zaman biz özümüz də
Oblomova çevrilirik. Həyatını qaydasına
salmaq üçün planlar quran, amma o planları heç bir
şəkildə həyata keçirməyə tələsməyən.
İşsizlikdən gileylənib, amma iş
axtarmayan, tapsa belə bir bəhanə ilə o işdən
ayrılan.
- Eynilə
dediyiniz kimi, Müsəlman Şərqində, o cümlədən
ölkəmiz Azərbaycanda bu cür insanlar çoxdur. Xoşbəxtliyi xəyal etmək və quru xəyaldan
həzz almaq. Dilimizdəki "xəyalplov"
sözü də boşuna yaranmayıb. Dini
inancımız da daha çox bu xəyali xoşbəxtliyin
üzərində qurulub. Xristianlığın
uğuru onda oldu ki, əvvəl lüterianizm, arxasınca
kalvinizm hərəkatı xristianları bu "xəyalplovluqdan"
uzaqlaşdırdı. Bizim Cəlil Məmmədquluzadənin,
demək olar ki, aşağı-yuxarı bütün
obrazları milli oblomovlardır. Cibindən
qumbara əvəzinə araq şüşəsi
çıxaran Kefli İsgəndərlə Qonçarovun
Oblomovu arasında belə oxşarlıq tapmaq olar. Heç cür öz ideyalarını,
düşüncələrini reallaşdıra bilməyən
İsgəndər nicatı içkidə, sərxoşluqda
tapır. Yuxu Oblomov üçün nədirsə,
sərxoşluq da Kefli İsgəndər üçün
odur. Bu qəhrəmanların heç biri nihilist deyil,
onların öz aləmlərində uğrunda mübarizə
apardıqları ideyaları, dəyərləri var. Nihilist
Kamyunun "Yad"ındakı Mersodur, nə bilim, Bekketin
"Qodonun intizarı"ndakı Estraqondu və b. Oblomov
nihilist deyil, amma yüz faiz fatalistdir. Bizim Kefli
İsgəndər isə pessimistdir.
- Əsərlə
bağlı çox maraqlı bir nüans da var. Rusiyada ən
çox oxunmuş, gündəlik həyatda haqqında
danışılmasına və başa düşülməsinə
baxmayaraq Avropada əsəri ən ziyalı oxucular belə
başa düşməmişdi. Bunun
səbəbi nə idi?
-
Yuxarıda dediyim kimi, lüterianizm, kalvinizm kimi
düzlüyü, zəhmətkeşliyi tərənnüm edən,
tənbəlliyi, sərxoş olmağı, meşşan həyatı
lənətləyən böyük dini-ideoloji inqilabların
baş verdiyi bir qitədə, əlbəttə, Oblomovu anlamaq
mümkün deyildi. Milan Kundera deyir ki, Qərb
romanlarının qəhrəmanları əsərə aksiya
ilə daxil olurlar. Öz ideyalarını
reallaşdırmaq üçün yola çıxırlar.
Rus romanına, məsələn, "Cinayət və Cəza"ya,
yaxud "Master və Marqarita"ya da Qərbdən
ötürülən bu ənənə Don Kixotdan gəlir,
Don Kixota isə xaç yürüşlərinə yollanan
"məbəd cəngavərləri"ndən. Daha sonralar bu macərapərəst cəngavərləri
Avropanın dəniz quldurları əvəz etdilər. Tərəkəmələrdə qoyun oğrusu
qoçaq sayıldığı kimi, Orta əsr
Avropasında, xüsusilə İngiltərədə dəniz
quldurluğu igidlik hesab olunurdu. İngilislərin
koroğluları dəniz ticarətini soyurdu. XIX əsrdə
Qərbin heç harasında Oblomova oxşar bir tip yox idi.
Oblomovun kim olduğunu başa düşmək
üçün üzü Şərqə, ta Hindistana,
işləməyi günah hesab edən meyityeyən aqhori təriqətinə
qədər səyahət etmək lazımdır.
- Oblomov Şərqdə
anlaşıldığı üçün o daha çox
şərqlidir?
- Belə
deyək, Oblomov, əslində, gündəlik həyatın
nirvanasında yaşayan bir şərqlidir. İndira
Qandi də hindlilərin "oblomovluğunu" belə əsaslandırırdı
ki, hindlilər üçün zaman əbədiyyəti ifadə
edir. Ona görə də bizim Erkin Qədirli
kimi hindlilərin də heç vaxt tələsən yeri
olmur. Hindli üçün vaxt həmişə
var. Vaxtilə ingilis orientalistlər hindlilərin bu mücərrəd
zaman anlayışını bütün Şərq
düşüncəsinin təməli hesab edirdilər. Oblomovun da zaman, vaxt problemi yox idi. Prustun sözləri ilə desək, "zamanı
yaxalamaq"la tarixin özünü ələ
keçirmiş XIX əsr avropalısı üçün
anlaşılmaz bir şeydi bu. Yeri gəlmişkən, Prust
özü də Oblomov kimi həyat sürüb.
- Maraqlıdır, Oblomov, əslində,
çox ağıllı bir obrazdır. Tənbəl
olmaqdan xoşu gəlmir. Amma
yatdığı yerdən də tərpənmir. Əsərin heç bir yerində Oblomov tənbəlliyi
ilə öyünmür. Bu baxımdan
oxucuda zaman-zaman çaşqınlıq yaranır. Onun romanda yaşadıqları əslində nə
idi?
- Oblomov
özü bu suala romanda cavab verir. Özünə
verdiyi "mən niyə beləyəm" sualına,
"bu, sadəcə, mənim taleyimdir" cavabını
verir. Və bu yanaşması ilə də
Şərqə aid olduğunu təsdiqləyir. Oblomov tarixdən qaçıb gizlənib, o, tarixdə
iştirak etməkdən qorxur, daha doğrusu, buna həvəsi
yoxdur. Qısamüddətli məmurluq həyatı
və bapbalaca tarixi əhəmiyyəti olan bir məktubu Həştərxana
göndərmək əvəzinə, Arxangelskə göndərməklə
böyük bir bürokratik travma alır. İş
yerinə xəstəlik kağızı, arxasınca da istefa ərizəsi
göndərir. O düşünür ki, tarix
insanların həyatını yeyir. Məmur olarkən tez-tez
özünə bu sualı verir: "Bəs mən nə vaxt
yaşayacağam?". Məmur
tarix üçün, xalq üçün
yaşamalıdır. Düzdür, bizim məmurların
çoxu iş başında oblomovluq edir, yəni kabinetdə
tarix və xalq üçün deyil, özləri
üçün yaşayır. Ancaq Oblomov səmimi
idi, ərizəsini yazıb tarix və xalq üçün
deyil, özü üçün yaşamağı
seçmişdi və bunun adını tale qoymuşdu.
- Oblomov və ən yaxın dostu
Ştolts. Əsərdə Ştolts valideyn
rolunu üstələnərkən. Oblomov
həmişə uşaq qalır. Oblomovun
Oblomov olmasının təməlində həyatının
hansı dönəmindəki xətalar rol oynayır?
- Ştolts Oblomovun tam tərsi olan bir almandır. Yuxudan, xəyalpərəstlikdən
zəhləsi gedir, bütün günü səyahətlərdədir.
Qonçarovun Ştolts-Oblomov
qarşılaşdırması, məncə, XIX əsr
Avropa-Rusiya qarşılaşdırmasdır. Ştolts Rusiyanı yuxudan oyadacaq, xəyalların əlindən
alacaq modern Avropa mədəniyyətini təmsil edir. Bu qarşılaşdırma həm də feodalizmlə
kapitalizmin üz-üzə gətirilməsidir. Ştolts Oblomovu eşqin gücü ilə, yəni
ruhunu cavanlaşdıraraq hərəkətə gətirmək
istəyir, Olqa adlı bir qızı onun həyatına soxur,
amma evlilik məsələsi Oblomovu yenidən yatağa, yuxuya,
xəyala qaytarır. Feodalizmin qoca ruhu
kapitalizmin onun həyatına gətirdiyi gənclikdən,
yenilikdən qorxur, imtina edir. Oblomov, eyni zamanda Rusiya kimi ənənəçi
ölkələrdə fərdin ola biləcəyi
yeganə mümkün haldır. Oblomov bilir ki,
yorğanın altından çıxan kimi Rusiya onu udacaq.
O, Olqa ilə evlənməyi də Rusiyanın tələsi
kimi görür. Oblomov bu halı ilə bir az
da Kafkanın yataqda böcəyə çevrilən Qreqor
Zamzasını xatırladır. Oblomovluq həm
də kollektiv ruhlu Rusiyada fərdin faciəsidir. Xətalara gəlincə, Oblomovu keçmiş
üçün böyüdüblər, o, gələcəyi
görmür, anlamır. Oblomov
"saqqallı uşaqdır".
- Oblomovu günahlandıra bilərikmi?
- Oblomovu
Rusiyanın ümumi siması kimi görən Lenin deyirdi ki:
"Rusiya üç inqilab etdi, amma yenə də Oblomovlar yox
olmadılar, çünki Oblomovlar yalnız feodallar, kəndlilər
və ziyalılar arasında deyil, həm də fəhlələr,
kommunistlər arasında da var. İclaslarda, komissiyalarda necə
işlədiyimizə baxsanız, keçmiş Oblomovu
aramızda görəcəksiniz. Onu adam
etmək üçün çimizdirmək,
altını-üstünü təmizləmək, silkələmək,
döymək lazım gələcək". Bu
sözlərlə, elə bil, Lenin özünün qurduğu
sovet imperiyasının da axırını görürdü.
Bəlkə, imperiyanın sükanını da
özündən sonra bir rusa deyil, bir gürcüyə
ötürməsinin səbəbi də rus oblomovluğu idi.
Lenindən sonrakı rus-sovet imperiyasının
aqibətini isə qalın-qalın kitablardan daha çox, bir
lətifə daha yaxşı ifadə edir. Kamil Vəli Nərimanoğlunun sovet ədəbiyyatı
haqqında yazdığı bir yazısında oxumuşdum
bunu. Demək, kommunizmin qatarı
işıqlı gələcəyinə doğru irəliləyir.
Qatarı Lenin sürür. Parovozun
yanacağı bitir. Qatardakılar Lenindən
soruşurlar: "Yoldaş Lenin, nə edək? Lenin: "Necə
yəni nə edək?! "Davay"
meşəyə, odun dalınca, əvvəl yanacaq, sonra
kommunizm!". İnsanlar
meşələri doğrayıb gətirirlər. Yanacaq təmin olunur. Qatar yola düşür.
Bir az getdikdən sonra yenə yanacaq bitir. Qatarı bu dəfə Stalin sürür.
Qatardakılar: "İosif Vissarionoviç, nə edək?". Stalin: "Bu qədər adamı
kommunizmin işıqlı gələcəyinə
aparmağın nə mənası var? Adamların
yarısını qırın, boş vaqonların
taxtasını yandıraq və yolumuza davam edək".
Elə də edirlər.
Qatardakıların yarısını güllələyirlər
və qatar yoluna davam edir. Yanacaq
tapmaq növbəsi Xruşşova çatır.
"Nikita Sergeyeviç, nə edək?".
Xruşşov: "Onsuz da biz kommunizmdən geri dönməyəcəyik,
keçdiyimiz yolların ağaç şpallarını
sökün yandıra-yandıra kommunizmə irəliləyək".
Brejnev yanacaq məsələsini belə həll edir: "Pərdələri
çəkib vaqonları yırğalayaq. Qoy elə
bilsinlər ki, qatar inamla kommunizmə irəliləyir".
Nəhayət, xalq eyni sualı Qorbaçova verir: "Mixail
Sergeyeviç, nə edək!".
Qorbaçov: "Yoldaşlar, yanacaq çoxdan bitib və
çoxdandır ki, biz yerimizdə sayırıq. Qapıları, pəncərələri
açın, dağılışaq". Ruslar ta
Böyük Pyotrun vaxtından üzü bəri öz
içlərindəki Oblomovu
qamçılaya-qamçılaya meşə xalqı olmaqdan
uzaqlaşmağa can atıblar. Bu lətifə
onu göstərir ki, oblomovluq təkcə İlya
İliçin deyil, bütün Rusiyanın taleyidir, o həm
də iqlimin, bataqlığın övladıdır. Taleyə görə kimsəni günahlandırmaq
olmaz. Oblomova bənzəməmək olar.
Söhbətləşdi: Günel
Musa
Ədəbiyyat qəzeti.- 2021.- 3
iyul.- S.8-9.