Səməd Vurğunun naməlum
"Axşam söhbəti"
Görkəmli Xalq şairi Səməd Vurğunun 1928-ci
ildə Gəncə şəhərində çıxan
jurnallardan birində nəşr olunmuş, lakin indiyədək
kitablarına daxil edilməmiş, ərəb qiyafəli
(qrafikalı - A.R.) "Axşam söhbəti" adlı,
çağdaş oxucular üçün naməlum əsərindən
söz açmağa, mövzu və zaman baxımından fərqli
məqamlara münasibət bildirməyə şübhəsiz
ki, ehtiyac duyulmaqdadır.
Məlumdur ki, böyük sənətkar 1927-1929-cu illərdə
(bu tarix şairin "Tərcümeyi-hal"ı ilə
müqayisədə "Biblioqrafiya"sında fərqlidir -
A.R.) Gəncə şəhərində
yaşamış və burada qaynar ədəbi həyatda
coşqun yaradıcılıq fəaliyyəti ilə
yanaşı, "Gəncə Türk Şura Firqə məktəbinin
lisan və ədəbiyyat müəllimi" (S.Vəkilov) vəzifəsində
çalışmışdır. Milli
şairimizin bu illərdə "Səməd Vəkil",
"Dəli şair" və s. imzaları ilə qələmə
aldığı, yaradıcılığının ilk mərhələsinə
aid olan şeir nümunələri özünün poetikliyi,
təbiiliyi, səmimiliyi ilə diqqət çəkir və
şairin Gəncə dövrü poeziyası
adlandırılmağa layiq hesab edilə bilər.
Səməd
Vurğunun 2005-ci ildə Respublika Prezidentinin Sərəncamı
ilə "Şərq-Qərb" nəşriyyatının
çap etdiyi beşcildlik "Seçilmiş əsərləri"nin I cildində (eləcə də əvvəlki
və sonrakı nəşrlərdə) yer almayan və
şairin 110 illiyi münasibətilə nəşr edilən
"Səməd Vurğun. Biblioqrafiya"sında (Bakı,
2016, 584 səh.) qeyd olunmayan "Axşam söhbəti"
adlı şeiri ilk dəfə "Qızıl Gəncə"
jurnalının 1928-ci il may-iyun tarixli, birləşmiş
3-4-cü sayında dərc edilmişdir.
Məmməd
Kazım Ələkbərlinin məsul redaktorluğu, Fərrux
Həsənlinin katibliyi ilə "Qızıl Gəncə"nin ilk sayı 1928-ci ilin mart ayında nəşr
olunmuşdur. Jurnal Gəncə Qəza Maarif şöbəsi,
Maarif Xadimləri İttifaqı tərəfindən
Qızıl Qələm Ədəbiyyat cəmiyyətinin
iştirakı ilə ayda bir dəfə dərc edilən elmi,
ədəbi, ictimai, pedaqoji yönümlü mətbuat
orqanı idi. Dərginin redaksiya heyətinə (heyəti-təhririyyə
- A.R.) dövrün tanınmış ziyalıları, qələm
əhli Məhəmməd Cuvarlı, Şeyx Seyidov, Müsəllim
Əliyev, Mənaf Quliyev və Məcid Məmmədov daxil
idi. "Qızıl Gəncə"də "Ümumi və
ictimai qism", "Lisan və ədəbiyyat",
"İncə sənətlər", "Tərbiyə və
tədris", "Tənqid və biblioqrafiya"
rublikaları ilə yanaşı, "Bədii ədəbiyyat"
bölməsinə də geniş yer ayrılırdı.
Jurnalda ədib və şairlərdən Mir Cəlal, Həmid
Araslı, Cəfər Xəndan, Əhməd Cəmilzadə,
Mirzə Əli Qarabaği, Fərrux Həsənli, Bəhram Məhəmmədzadə
(Tiflis), Möhsün Poladlı, C.Cavad (Cahanbaxış Cavadzadə
- A.R.), Nadir Qasımlı, H."Məlul" Məmmədzadə
(Hüseyn Məmmədzadə - A.R.), M.Şövqi və b. ilə
bərabər Səməd Vurğun da fəal iştirak edir,
şeirləri çap olunurdu.
Şairin
"Qızıl Gəncə" jurnalının aprel (2-ci)
sayının 8-ci səhifəsində "Səməd
Vurğun" imzası ilə "Bayramqabağı" mənzuməsi
"Dəli şairdən bir parça" qeydi ilə
çap olunmuş və ədibin sağlığında ilk
dəfə Ələkbər Ziyatayın redaktorluğu ilə
1954-cü ildə nəşr olunan üçcildlik
"Seçilmiş əsərləri"nin birinci cildində
verilmiş və böyük sənətkarın son yetmiş
ilə yaxın bir dövr ərzində çıxan
çoxcildliklərinə daxil edilmişdir. Şeir
ərəb qrafikasından transfoneliterasiya edilən zaman
aşağıdakı yanlışlığa yol verilmiş
və ayrı-ayrı nəşrlərdə təəssüf
ki, təkrarlanmışdır. "Bayramqabağı"
şeirinin üçüncü bəndinin ikinci misrasında
"bəzən" sözü "bəza" şəklində
yazılmışdır. Həmin bəndin
üçüncü misrasında isə "fəqət"
sözü yanlış olaraq bütün nəşrlərdə
"vəqta" kimi verilmişdir. Şeirin
sonuncu bəndinin birinci misrasında isə "Oxuyun, öyrənin..."
əvəzinə "Oxuyum, öyrənin..."
versiyasında çaplanmışdır.
Səməd
Vurğunun "Qızıl Gəncə" jurnalının
1928-ci il 2-ci sayında basılan
"Bayramqabağı" şeiri 1954-cü ildən sonra
cilddən-cildə daxil edilsə də, həmin dərginin
növbəti 3-4-cü birləşmiş nömrəsinin
20-21-ci səhifəsində yer alan "Axşam söhbəti"
adlı mənzuməsi təəssüf ki, oxucu
marağından iraqda, tədqiqatçı diqqətindən
qıraqda qalmışdır... Romantik
duyğularla süslənmiş şeir mövzu etibarilə
üç hissədə biçimlənir və "Dəli
şairdən" qeydi ilə təqdim edilir.
Bir
axşamdı... günəş qumral tellərini
yığaraq,
Yüz qoyurdu Araratın görünməyən
dalına.
Dəstə-dəstə
köçərilər yuvasından çıxaraq
Yığılmışdı
"Naltökən"in dörd qanadlı yalına.
Qadın,
erkək, ixtiyar,
gənc
daha bilməm hər nə var,
Qərib bir axşama qarşı vermişdilər
baş-başa.
Bu
aralıq salam verən gəzici bir ixtiyar:
"Qoyun
bən danışım" - dedi,
"Siz də
qılın tamaşa".
Gənc
şair bu iki bəndlik nəzm parçası ilə ötən
illərin xatirələrinə rəvac verir, xəyallarımızı
dünənə, keçmişə qanadlandırır,
xalqımız üçün xarakterik olan Tərəkəmə
həyat tərzinin, məişətinin, yaşamının
canlı, unudulmaz bədii lövhəsini yaratmağa
çalışır, əfsanəvi "Naltökən"
dağlarının "dörd qanadlı yalına" diqqət
çəkməyi, əlçatmaz-ünyetməz
ucalıqlarını elat camaatı üçün həyati
əhəmiyyət kəsb etməsini, istirahət məkanına,
ünsiyyət guşəsinə çevrilməsini
vurğulamışdır. Səməd Vurğunun "Ellər
gözəli" (1927) şeirində də "Naltökən"
adına rast gəlirik: "Naltökən dağları(n)
yel kimi keçər, Hər zümrüd yamacdan bir
çiçək seçər..." Dağın
gözəlliyi, laləzarlığı, əzəməti ilə
yanaşı, adında sərtliyi, keçilməzliyi, əzab-əziyyəti
ehtiva edən məna çaları yuvalanmışdır.
Naltökən dağlarına xalq arasında
Mixtökən də deyilir. Kəlbəcər
rayonunun ərazisində yerləşən Mıxtökən
silsiləsinin ən yüksək zirvəsi 3600 m.-dən
hündürdür. Araba yolunun mövcud
olmadığı, atların mıxını, nalını
tökdüyü ən sərt qayalıqlardan,
çınqıllı keçidlərdən, vadilərdən,
sıldırımlı dağ cığırlarından,
keçərək yaşıl yaylaqların - "Naltökən"in
dörd qanadlı yalına"
sığındığı tərəkəmə
camaatına baş çəkməyə gələn "gəzici
bir ixtiyar"ın, Baba Dərvişin gəlişi və
söz söyləməsi üçün izn istəməsi
buradakı "Qadın, erkək, ixtiyar, gənc"
insanları sevindirir, coşdurur. Hamı bir səslə deyir:
"Buyur, buyur, Baba Dərviş!
Bu nə sözdür,
çox gözəl,
Biz əhli-ruh insanları çox aradıq əlbəəl".
"Əhli-ruh"
insanlardan olan gəzici ixtiyarın, Baba Dərvişin
"Axşam söhbəti" şairin qeyd etdiyi kimi
"aşiqlərə məxsus bir ahəng ilə"
üç bənddən ibarət "Hanı" rədifli
qoşma üzərində gəzişmələrdən ibarətdir:
Dəgmə!
Dəgmə bana, darıxdım yenə,
Qoy
çıxım dağlara deyim: - Yar hanı?!
Fələk
möhür basdı düşman deyənə,
Bəs mənim verdigim yadigar hanı?!
Deyin
ayrılıqdan qaldım avarə,
Göz
yaşım əks edər bu qəlbi-zarə,
Deyin
gülünc oldum hər bəxtiyarə,
Bəndə qeyrət hanı, namus, ar hanı?!
Günlər
keçirmişəm ölümdən yaman,
Ağladım,
ən şirin güldügüm zaman,
Bən
öldüm bu dərdlə ay dad, ay aman!
Dünyada etiqad, etibar hanı?!
Qoşma
"əhli-ruh", "gəzici ixtiyar"
adlandırılan Baba Dərvişin dili ilə təqdim edilir
və onun ötən günlərinin sıxıntılı,
küskün əhval-ruhiyyəsinin, sarsıntılı,
streslərə məruz qalmış daxili aləminin təcəssümü,
ümidləri daşa çırpılmış iç
dünyasının sızıltılı naləsidir. Lirik qəhrəman
dünyanın düçar olduğu mənəvi böhrana,
insanlar arasında qəhətə çəkilmiş
"etiqad, etibar" qıtlığına darılır... Ruhən gənc olan, qəlbində sevgi hekayətləri
daşıyan, onları həmcöhbətləri, dərddaşları
ilə bölüşən Dərviş "Günlər
keçirmişəm ölümdən yaman" - deyir və
bu ölümdən yaman günlərin davamlı zərbələrindən
cismən qocalır, vaxtından əvvəl "baba",
"ixtiyar" titullarını qazanır.
Səməd Vurğun "Axşam söhbəti"ndə
"Dəli şair"i obraz biçimində təqdim edir. Dəli şair Baba Dərvişlə
müqayisədə fərqli düşüncə tərzinə
malik, reallıqları açıq gözlə müşahidə
etməyi bacaran, lakin siyasi gedişatın pafoslu
şüarlarından tam xilas ola bilməyən
"komsomol fəalı"nı xatırladır.
"Dəli
şair" bu heykəli seyrə dalıb qəmlər yedi;
Sonra yuca
bir avazla, ixtiyara böylə dedi:
"Sən ey Şərq elinin doğduğu məyus!
Anladım nə imiş ağladığın şey.
Biz
yuvatdıq səni, biz əlbət, əfsus!
Səndə nə günah var? Fəqət dinlə ey!
Bir dinlə
görürəm, pək bəlalısın,
Toxunmaq
istəməm qəlbinə, heyhat!
Bugünkü
dünyadan çox aralısın,
Heyvanlara məxsus bu tərzi-həyat.
Düşün
ki, boş şeydir, insaf, mərhəmət,
Mübariz bir beyin bunları neylər?!
Hissin əsarəti,
sevda, məhəbbət,
İşsizlik bəlası... bu kibi şeylər.
Haydı,
get ağlını topla başına,
Həyata yeni bir şüurla atıl.
Sarıl
bir can kibi sinifdaşına,
Nə
aldat, nə aldan, nə sat, nə satıl.
Dövrün,
zamanın etiketləri, meyarları baxımından
"Axşam söhbəti" əsərindəki Baba Dərviş
obrazı Səməd Vurğunun "Andım" (1928)
şeirinə qədərki durumu, Dəli şair isə onun
"Andım"dan sonrakı əhval-ruhiyyəsinin,
düşüncəsinin yığcam bir dönəmini,
kiçik bir modelini əks etdirir. Baba Dərvişin və Dəli
şairin bir-birindən fərqli, ziddiyyətli
baxışları əslində bir sənətkarın
zaman-zaman daxilində, iç aləmində baş verən kəskin
fəlsəfi çarpışmanın, metamorfozun, təbəddülatın
təzahürüdür. Tara, saza, aşığa, milli dəyərlərə,
ədəbi abidələrə şiddət göstərildiyi,
sərt tənqid edildiyi bir zamanda şairin məzmununda mənfi
çalar daşıyan "gəzəyən", "gəzərgi"
sözləri əvəzinə Dərvişi "gəzici"
adlandırması müəllifin obraza obyektiv münasibətini
sərgiləyir.
Baba Dərvişin sözündə, vurğusunda nakam sevginin, həsrətin, intizarın qüssəli yanğısı, ağrısı, göynərtisi yaşayır. "Günlər keçirmişəm ölümdən yaman" - deyən Dərviş dünyanın etiqadına və etibarına inamını, ümidlərini itirib, pessimistik sıxıntının məngənəsində çırpınır. Dəli şair üçün Dərvişin düşüncələri dünəndir, keçmişdir... bu günün sorunları müstəvisində "Bugünkü dünyadan çox aralı"dır... Dəli şairin baxışlarında özünə əminlik, qürrələnmək hissi, inqilabi pafos güclüdür. Bəzən reallıqdan uzaq dəyərləndirmələrə cəhd edir, təşəbbüs göstərir. İxtiyar gəzicini Şərq elinin doğduğu, yaratdığı məyusluq kabusu, bəlalara düçar olmuş, "heyvanlara məxsus" həyat tərzi yaşayan bir dərviş timsalında görür. Köçərilərin adlandırdığı "ruh adamı"na "öyüd-nəsihət" verməkdən belə çəkinmir: "Düşün ki, boş şeydir, insaf, mərhəmət, Mübariz bir beyin bunları neylər?!".
Təəssüf ki, "mübariz bir beyin" ötən əsrin 20-30-cu illər ədəbi-ictimai düşüncəsinə hakim kəsilən mənfur bolşevik ideologiyasının əsarəti altında inləyir, zorakılığın, qəddarlığın, repressiyanın hüdudsuz müdaxilələrindən təsirlənərək insafı, mərhəməti, məhəbbəti "boş şey" adlandırmaq məcburiyyətində qalır. Dəli şairin fikrincə, vaizlik edib vəz oxumaqdan, dərvişlik etməkdən uzaqlaşmağın xilas yolu sinifdaşına sarılmaq, "həyata yeni bir şüurla atıl"maqdır.
Dəli şairin Dərvişi və bu zümrənin o dövr üçün geniş yayılmış nümayəndələrini həyatda "yeni bir şüur"a çağırışı "sosializm" şüarına çağırışdan daha dərin məzmuna və mahiyyətə malikdir. Şeirin sonunda "Nə aldat, nə aldan, nə sat, nə satıl!" - müdrik deyimi müqəddəs mənəvi dəyərlərin təkamülünə, milli şüurun oyanışına, haqqa tapınmağa, dürüst olmağa çağırışdır.
Ümidvarıq ki, qüdrətli Xalq şairimiz Səməd Vurğunun 1928-ci ildə "Qızıl Gəncə" jurnalında çaplanmış və kitablarına daxil edilməmiş, naməlum "Axşam söhbəti" şeiri ədibin yeni nəşr ediləcək əsərləri sırasında layiqli yerini tapacaq, qədirşünas poeziyasevərlər üçün dəyərli bir töhfə sevinci yaşadacaqdır.
20.06.2021
Asif
RÜSTƏMLİ
Ədəbiyyat qəzeti.- 2021.- 3
iyul.- S.10.