TƏKƏM RİYAKARLIQ DƏNİZİNDƏ MƏN...

 

"Vəziyyət ruscadır"  

 

Bir neçə il öncə Rusiyanın Mədəniyyət kanalı Vasili Qrossmanın evindən, iş otağından müsadirə edilmiş əlyazmaların ailəsinə qaytarılması məsələsini qaldırmışdı. Dostlarında qorunub saxlanmış nüsxələrin çapa verilməsi və əsərin həm Rusiyada, həm də dünyadakı uğuru ədalətin bərpası üçün vacibdi. Lakin məhz həbsə atılmış qovluqların azadlığa qovuşması bəlkə daha mühümdü bu tarixçədə... Sənədli filmdə yazıçının qızının saralmış kağızlara toxunub kövrək səslə "heyif atam bu günü görmədi" deməsi xeyli təsirlidi. Mixail Bulqakovun qəhrəmanı Voland da "əlyazmalar yanmır" ifadəsi ilə dövrün bu acımasızlığından təsəlli reseptini verir. Bu qəbildən çox söz demək olar; bəli, sənət ölmür, gerçək ədəbiyyat zamanın ən qalın maneələrini bulaq suyu kimi yarıb keçir, əbədiyyət sözə qənim kəsilmişlərə yox, söz yaradanlara məxsusdu. Axşamacan belə danışmaq, min bir nümunə gətirmək olar, dinləyicini ağlatmaq üçün pafosun altını artırıb adamın cızdağını da çıxardarsan... Elin gözü tərəzidi, ya da tarix ən ədalətli hakimdi - deyib lap belə koloritli də görünərsən. Bunları başa düşdüm ey, intəhası ömürləri çürümüş, iztirab içində ölümü gözləyən, özü, sözü, ailəsi dəhşətlər yaşayan, xəstəliyin, aclığın, qorxunun əlində aciz qalan insanlar necə olsun?! Axı Qrossmanın övladı haqlıdı, tarixin tənzimlədiklərini görmür bu adamlar, çox vaxt görmür... Və söhbət araşdırdığım dövrdən gedirsə, rahat həyatı seçənlər daha çox idi. Necə ki, vətəndən uzaqda mənəvi boşluq və maddi sıxıntılar içində yaşayan Buninə yazıçı dostu Teffi demişdi: Sən başqa yol seçib daha gözəl yaşaya bilərdin. Yəni ölkədə qalmaq və rejimin yağ-bal içində üzdürdüyü sosialist yazıçılarından biri olmaq ən asanı imiş. Amma kimin üçün?! Məgər istedadlı və düşünən adamdan ötrü susmaq sadə məsələdi və "az ağır" əzabdı?! Bu mənada dərinə  gedəndə Qorki Qrossmandan daha şanslı deyil... Yaxud maddi cəhətdən sıxıntılar içində yaşayan Buninlə zəngin Soljenitsının əzabları oxşardı: Vətənsizlik! Deməli, "öz vətənində özün olaraq yaşamaq" (sitat Anardandı...) az qala mümkünsüzdü, hər halda insanları daraq dişi kimi eyniləşdirən Sovetlər ölkəsində. Sən ümumi zəncirin halqasısansa, hamı deyəni deyirsənsə (mövzu məlum), buyur keç yuxarı başa. Bir az başqa olmaq, seçilmək istəyirsənsə, ümumi qazanda qaynamaq istəmirsənsə, qisas çox ağır gələ bilər...

Ümumiyyətlə, XX əsr faciəvi hadisələri ilə bir çoxları üçün ağır sınaq məqamı oldu. Vəziyyətin bütün dəhşətini görən, lakin heç nəyi dəyişə bilməyən ziyalılardan ötrü xüsusilə çətin idi. Rusiyada vətəndaş qarşıdurmaları, inqilab, üstəlik, dünya müharibəsi, İttifaqın qurulması, bunlar hamısı dövrün ən adi insanının da taleyindən keçirdi... Yaradıcılığa gələndən hökumətin rəğbətini, xalqın sevgisini görən Boris Pasternak daha çox şeirləri ilə ucalmışdı. Amma elə bu şeirləri də nəzərdən keçirəndə dəhşətli bir narahatlıq, təzad, nigaranlıq duyulur. Həm də həqiqəti söyləmək ehtiyacı, doğru olanı müdafiə etmək arzusu sənətkarı tərk etmirdi. Şair Osip Mandelştamın rəhbəri təhqir edən şeirindən sonra gecə vaxtı Stalinin Boris Pasternaka zəngi haqqında və onların arasındakı dialoq barəsində əfsanənin min bir versiyası var... Pasternak dostunun poeziyası haqqında yüksək sözlər desəydi, xilas edə bilərdi bəlkə onu. Amma deməyib və sürgünə göndərilən Mandelştam dəhşətli günlər yaşayıb. Bəzi rus tənqidçiləri "Doktor Jivaqo" romanını müəllifin komplekslərdən, əzablardan qurtulma aksiyası kimi də yozurlar. Amma "...Jivaqo"nun yazılması ilə daxili iztirablardan azad olan Boris Leonidoviç mühitin cəhənnəminə düşdü...

Bu əsər insanın dövrlə münasibətini göstərən ən parlaq nümunələrdən biri idi. 1955-ci ildə yazılıb, 1958-ci ildə Nobel mükafatına layiq görülüb, lakin Rusiyada 33 il sonra yalnız 1988-ci ildə çap olunmuşdu. Hakimiyyətin sərt reaksiyasına səbəb nə imiş görən? Əslində, zahirən əsərin süjeti XX əsrin əvvəlləri üçün olduqca ənənəvidi: söhbət inqilab dövrünün insanının taleyindən gedir. Romanda baş verən hadisələr qəhrəmanın içindən, baxışında keçirilərək göstərilir... Qəhrəman isə gənc həkim Yuri Jivaqodur. Və rejimin qaydalarına görə, əgər mövzu inqilabdırsa, çağdaş zamandırsa, Sovet İttifaqı tərənnüm olunmalıdır, müasir insan xoşbəxt göstərilməlidir, əks halda özündən küs...

Pasternaka görə isə insanın taleyi yaşadığı dövrdən birbaşa asılı olmamalıdı.  Onun qəhrəmanı şəraitə uyğunlaşmır, lakin onunla mübarizə də aparmır... Yəni şərt istənilən durumda, hər bir vəziyyətdə insan olaraq qalmaqdı. Müəllifin Jivaqo üçün məhz bu sənəti seçməsi təsadüfi deyil... O həkimdi, amma müalicə etmir, daha çox diaqnoz qoyur. Proqnoz verməyi, dəqiq diaqnoz qoymağı əla bacarır, lakin düzəltməyə və ya yaxşılaşdırmağa, yaxud işlərin təbii gedişatına müdaxilə etməyə çalışmır. Eyni zamanda, Jivaqonun özünəməxsus fatalistliyi onun mənəvi cəhətdən azadlığına mane olmur. Hələ üstəgəl, şairlik istedadı, yazdığı gözəl şeirlər romanın dadını-duzunu artırır. Doğrudur, romanın bədii dəyəri bu günə kimi dartışılan, polemikalara səbəb olan məqamdı. Elə öz dövründə də müəllifin şair kimi istedadını təsdiq edib prozada zəif olmasını deyənlər vardı. Anna Axmatova - şeir və peyzaj gözəldi, qalan şeylər maraqsızdı - deyirdi. Başqaları - kaş ki, qəhrəman Yuri daha çox şeir yazaydı - deyə nəsrin qüsurlu olmasına eyham vururdular. Heminquey, Nabokov kimi sənətkarlar da Pasternakın proza yaza bilmədiyini qeyd edirdilər. Müasir tənqid əsəri realist roman kimi təhlil etməyi yalnış sayır, ümumiyyətlə "Doktor Jivaqo" ənənəvi rus romanının sonu sayılır. Misal üçün qəhrəmanların hamısının eyni intonasiya və leksikonda danışması, yaxud süjetin qəribə keçidləri, nağılvariliyi rus romanı üçün xarakterik deyil... Lakin bütün bu təzadlı fikirlərə baxmayaraq müəllif özü yeni əsərinə arxalanırdı:

"Məni həyatda peşman etməyən yeganə səbəb romandı. Mən düşündüyümü yazmışam. İndi də həmin fikirlərimdə qalıram. Sizi əmin edirəm ki, əgər zəif yazılmış olsaydı, gizlədərdim onu. Amma o, arzuladığımdan da güclü çıxdı...".

Elə bu arxayınlıqla əsəri dərgilərə təqdim edən Boris Leonidoviç birdən-birə tənqid atəşinə tutulur. Təbii, əsərin bədii keyfiyyəti heç kəsi narahat etmirdi, düşündürmürdü, problem başqa idi, Sovet hökumətinə və cəmiyyətinə qarşı "həqarət" bağışlanılmazdı... Yazıçı əsərinin Rusiyada çapının mümkünsüzlüyünü yaxşı başa düşür, ona görə də əsəri İtaliyada balaca bir nəşriyyat açmış kommunist Filterenelliyə təqdim edir... "Sizi öz edamıma dəvət edirəm" - sözləri ilə... Əsərin çapından sonra Sovet İttifaqında aləm bir-birinə dəyir. Hələ üstəgəl, Nobel komitəsi ədəbiyyat üzrə mükafatı Boris Pasternaka verəndə... nələrin baş verdiyini anlamaq üçün kifayət qədər yazılı mənbələr və sənədli kadrlar var...

Yazıçılar İttifaqı yığıncaq çağırıb yazıçının "əməlinin" və oxumadıqları əsərinin müzakirəsini təşkil edir. O zamanlar "Pasternakın əsərini oxumamışam, amma bilirəm ki, pisdir..." kimi bəyanatlar dəbə düşübmüş. Maraqlıdı, görən oxumadan danışmağın əsası o zamandan qoyulub ya bütün dövrlərdə bu ənənə yenidən başladılıb. Hər halda çağdaş zamanda da bu qədim yanaşma aktualdı da... Nə isə, Boris Pasternak bilirdi ki, işi qəlizdi, o müzakirələrə düşənlərin aqibəti yaxşı olmur. Axı özü də bir vaxt, 1936-cı ildə Şostakoviçin "Mtsensk əyalətinin Ledi Maqbeti" (Leskovun romanı əsasında) əsəri haqda "Musiqi əvəzinə sumbur" məqaləsinin müzakirələrində, daha dəqiq desək, qarabasma kampaniyasında bəstəkarı müdafiə etmişdi. O zamanlar Mayakovskinin ölümündən sonra ən dəbdə olan və hökumətin sevimlisi sayılan şair idi Boris Leonidoviç... Amma elə o vaxt da hamı kimi danışmamağını ona bağışlaya bilməzdilər. İndi tribuna həvəskarlarından ötrü fürsət idi, ürəklərini boşaldacaq, ən ağlagəlməz ittihamları sapa düzəcəkdilər. Ona görə yazıçı işini ehtiyatlı tutmaq, qənim kəsilənləri yumşaltmaq üçün məktub ünvanlamışdı İttifaqa:

"Mən Nobel mükafatını biabırçılıq hesab etmirəm. Pulları da Sülh fonduna köçürə bilərəm. Mən sizdə günah görmürəm. Vəziyyət sizi mənimlə sərt davranmağa vadar edə bilər. Tələsməyin xahiş edirəm. Bu sizə xoşbəxtlik və şöhrət gətirən deyil".

Çifayda... "Doktor Jivaqo" müəllifini donuzla, heyvanatla, yer üzünün ən murdar varlıqları ilə müqayisə edib onu bütün digərlərindən daha eybəcər saydıqlarını deyən yığıncaq iştirakçıları yekdilliklə səs verib yazıçını İttifaq üzvlüyündən çıxardırlar. Bu hələ ən böyük dəhşət deyildi... Şairin ölkədən qovulması mələsələsi gündəmdə idi. Boris Leonidoviç hökumət elçilərinin məsləhəti ilə mükafatdan imtina edir. Amma bu da təhlükəni sovuşdurmur... Vətənsizlik ölümdü... Ona görə Xruşşova məktub yazır:

"Taleyimi vətəndən ayrı və onun xaricində düşünə bilmirəm. Səhvlərim və yanlışlarım olsa belə, özümü Qərbdə adımın ətrafında qurulan belə bir siyasi kampaniyanın mərkəzində görəcəyimi ağlıma gətirməzdim. Bunu dərk edərək Nobel mükafatından könüllü imtina etməyim barədə İsveç Akademiyasına məlumat verdim.

Vətəni tərk etmək mənim üçün ölümə bərabərdir və buna görə də mənə qarşı bu həddən artıq sərt tədbir görməməyinizi xahiş edirəm.

Bütün dürüstlüklə, Sovet ədəbiyyatı üçün bir şey etdim və indi faydalı ola  bilərəm".

Məktubdan sonra Boris Pasternaka toxunmurlar, ömrünün sonuna kimi Peredelkinodakı evində yaşayır... Amma məgər bu, yaşamaq idimi?! "Hamlet" şeiri şairin ovqatının, taleyinin tam ifadəsidir, məncə...

 

Uğultu kəsildi.

Səhnəyə çıxdım

Yapışıb qapının çərçivəsindən.

Eşitmək istərəm aqibətimi

Kiminsə uzaqdan gələn səsindən.

Min durbin gözüylə zillənib mənə

Gecənin zülməti, zil qaranlığı.

Əgər iqtidarın varsa, İlahi,

Məndən uzaq eylə bu yamanlığı.

Sənin tərs niyyətin xoşuma gəlir,

Rolu da oynardım böyük həvəslə.

Lakin indi başqa tamaşa gedir.

Məni əvəz eylə bir ayrı kəslə.

Yaxşı düşünüblər amma oyunu,

Təkəm riyakarlıq dənizində mən.

Labüddür yolun da qaçılmaz sonu,

Ömür çöl deyil ki, keçib gedəsən.

 

(Tərcümə: Anar)

 

"Jivaqo" - qədim slavyan dilində, kilsə termini ilə - "jivoy" - diri demək imiş... Pasternak öz qəhrəmanının və romanının vasitəsilə insanı yer üzünün ən diri, ən ali varlığı kimi göstərməyə çalışırdı. Bəlkə əsərin ilkin adını "Ölüm olmayacaq" kimi qeyd etməsi təsadüfi deyildi... Ölüm?! Bura qədər bəsdi, qalanı gələn dəfə...

 

PƏRVİN

 

Ədəbiyyat qəzeti.- 2021.- 3 iyul.- S.11.