Naməlum Napoleon muzeyi  

 

Haçansa yolunuz Puassi küçəsindən düşsə, 14 nömrəli evin qabağında dayanın orda yerləşən balaca Napoleon muzeyini ziyarət etməyə çalışın.

Müharibədən qabaq bu muzeyin "Muzey xəbərləri" adlı mətbu orqanı vardı.

Bilmirəm, haçansa Fransada, ümumiyyətlə dünyada "Muzey xəbərləri"ndən daha əyləncəli qəzet olub, ya yox. O, ayda iki dəfə, ayın 1-i 15-i çapdan çıxırdı. Redaksiya ünvanı: Puassi küçəsi, ev 14. İllik abunə haqqı: 3 frank. Bənövşəyi rəngli hərflərlə hektoqrafda çap olunmuş üç sütunluq iki səhifə. Bu birvərəqlik qəzeti eyni ünvanda muzeyi təşkil etmiş on yaşlı uşaq reklam məqsədilə çap edirdi.

Bu Napoleon muzeyindən çox az adamın xəbəri var. Muzeydə həmin uşaq tərəfindən toplanmış maraqlı dəyərli eksponatlar nümayiş etdirilir. Uşağın həvəsindən vəcdə gələn kitab satıcıları, antikvarlar, kolleksionerlər ona təzə eksponatlar hədiyyə edib muzeyin fondunu genişləndirir. Eşitdiyimə görə, qəzetin xeyli abunəçisi vardı o, mütəmadi çap olunurdu. Bir nüsxəsi on santimə satılırdı.

Bu qeyri-adi qəzetin bir nömrəsi hazırda məndədir. Baş məqalə olaraq Q.Dükudrenin "Napoleonun həyatı" əsərindən bir yarım sütunluq parça verilib. Onun dalınca vacib xəbərləri çatdıran "Muzey" rubrikası var.

"Muzey yenə qapılarını ziyarətçilərin üzünə açıb. O, tanınmayacaq qədər dəyişib. Orda xeyli dəyişiklik baş verib. Aralarında müsyö Tyebo ilə müsyö Matteyinin hədiyyələrinin olduğu xeyli hədiyyəylə zənginləşib".

Alfons Dodenin hekayəsinin davamı "Muzey xəbərləri"nə ədəbi ab-hava qatır. Qalan yerlər isə əyləncəyə ayrılıb. Bu da bir neçə tapmaca:

 

Maliyyəçilər hansı kafeyə gedir?

Sıravi adamlar hansı kafeyə gedir?

Saatsazlar hansı kafeyə gedir?

Kim çaydan keçəndə islanmır?

Dördkünc piroqun neçə tərəfi var?

 

Bu da bir epiqram:

 

Müsyö Vine varlıdır, imkanlıdır,

Amma yoxdur rahatlığı, rifahı.

Onda olan imkan məndə olsaydı,

Mən ondan daha yaxşı yaşayardım.

 

Məncə, bu epiqramı on yaşlı uşaq özü yazmayıb. Amma hər qədər olmasa da, o, "Muzey xəbərləri"nə azad şən hava qatıb. Axırıncı sütun "Keçən sayımızda gedən sualların cavabı" verilib, dalınca da "Rebusun cavabı": "Özünə kömək edənə Tanrı da kömək edər". Bu rebusa cəmisi üç nəfər düz cavab vermişdi: Müsyö Qrün, Anri Gerar Matteyi.

Bu elandan sonra, ən aşağıda isə yazılmışdı: "Çap vaxtı baş vermiş  xoşagəlməz hadisə ucbatından hazırkı nömrə iki həftə gecikməylə çap olunub. Buna görə oxucularımızdan üzr istəyirik".

Bu özünəməxsus qəzetdə buraxılışa məsulun soyadı, qəzetin hansı tipoqrafiyada çap olunduğu qeyd olunmamışdı, bu da qəzetin naşiri baş redaktorunun yaşından irəli gəlirdi, heyif ki, bu çatışmazlıqlara görə illər keçdikcə qəzet onun özünün , bizim yadımızdan çıxacaq.

Mən qəzet buraxmaq oyunu oynayan başqa uşaqlar da tanıyırdım. Amma bu qəzetlər həmişə əl yazısıyla yazılıb kollecdə əldən-ələ ötürülən bir nüsxəlik qəzetlər olurdu. Onlardan biri, müxtəlif rəngli - qara, bənövşəyi, göy, yaşıl, sarı, qırmızı mürəkkəblərlə yazılmış qəzet çox yaxşı yadımdadır. Qəzetin hər həftə buraxılacağı qeyd olunmuşdu, ödəniş yerinə isə müxtəlif şirniyyatlar qəbul olunurdu, amma qəzetin ikinci nömrəsi heç vaxt çıxmadı.

Hazırda gənc xanım olan bir qız on yaşı olanda yeddi yaşlı bir oğlanla birləşib qəzet buraxmaq qərarına gəlmişdi. Abunəçilərdən yığdığı otuz frankın beş frankını oğlana vermişdi, qalanına isə şokolad almışdı. Ümidlərinin tez vaxtda yerinə yetməsi onu tamamilə təmin etmiş ondakı yaradıcılıq eşqini söndürmüşdü; həmişə belə olur, vaxtından əvvəl gələn uğur şairin , rəssamın da - ümumiyyətlə hamının çökməyinə səbəb olur.

 

Giyom APOLLİNER

 

Tərcümə: Həmid Piriyev

 

Ədəbiyyat qəzeti.- 2021.- 3 iyul.- S.12.