Tiziano Tərzaninin son dərsi
"Öldü, çünki
doğulmuşdu"
Həyat hərdən qəribəlikləri ilə
çıxır qarşımıza. Bizim təsadüf
sandıqlarımız, əslində, çox dəqiq
hesablanmış hadisələr olur. Məsələn, əgər
Tiziano Tərzaninin "Atlıqarıncada bir tur daha" kitabını
bir il əvvəl almış olmasam, bəlkə də həyatımda
baş verəcək qarışıq və mürəkkəb
hadisələri bu qədər səbrlə qarşılaya
bilməyəcəkdim...
Tiziano Tərzani italyan jurnalistdir. Kolumbiya
Universitetində jurnalistika təhsili aldıqdan sonra,
1971-2001-ci illərdə İtaliyanın məşhur "Der
Spiegel" jurnalının Asiya müxbiri işləyib.
Müxbir işlədiyi vaxtlarda Asiyanın
bütün bölgələrini gəzib. Yaşadıqları, gördükləri barədə
bir neçə kitab yazıb. Lakin onu məşhurlaşdıran
"Atlıqarıncada bir tur daha" kitabı olub. Kitab jurnalistin xərçəng olduğunu öyrəndikdən
sonrakı həyatından bəhs edir.
Belə ki, xəstəliyini öyrənəndən sonra
işindən istefa verən və səyahətə
çıxan Tiziano alternativ tibblə maraqlanmağa və
özünü bu yolla müalicə etməyə
çalışır. Nyu-Yorkda məşhur xəstəxanaların birində
kimyaterapiya müalicəsi alan jurnalist bir
müddətdən sonra ənənəvi müalicələrin
də sərhədləri olduğunu görür. Bundan sonra
illərdir ertələdiyi qərarını verərək, əvvəllər
sadəcə iş üçün, xəbər
üçün getdiyi yerlərə - Hindistan, Tayland, Honkonq,
Filippin və Himalaylara bu dəfə sadəcə həyatını
xilas etmək üçün səyahətə
çıxır. İnsanların bir-birinə
yadlaşdığı robotik dünyada özünə
başqa pəncərələrdən baxmağa cəhd edir.
Modern tibbin sadəcə fiziki müalicəyə
yönəlmiş üsullarından imtina edib, sağalmaq
üçün ruhi və mənəvi müalicənin də
əhəmiyyətini vurğulayır. Müəllif 700 səhifəlik kitabda
tez-tez Qərbin pəncərəsindən Şərqə,
Şərqin pəncərəsindən Qərbə baxaraq
özüylə üzləşir.
Qatıldığı çox sayda terapiyalar, reiki və
meditasiya dərsləri, yoqa seansları və reabilitasiya mərkəzlərində
qazandığı təcrübə və təəssüratlarını
oxucularla bölüşür. Lakin kitabdakı ən
əhəmiyyətli müalicə üsullarından biri də
müəllifin getdiyi yerlərdə, ünsiyyətdə
olduğu insanlardan topladığı hekayələrdir.
Hansı ki, onlar
insanın mənəvi cəhətdən
arınmasına, çətinlikləri, sınaqları daha
sakit və anlayışla qarşılamasına səbəb
olur. Tiziano sanki bu hekayələr vasitəsilə insanlara
sonuncu dərsini keçir, onlara həyatın hər
anından zövq almağı, yaşamaq sənətini
öyrətməyə çalışır:
"Elə yaşayırıq ki, sanki sadəcə bizim
dünyamız var və bu dünya bizə sonsuz xoşbəxtlik
bəxş edir. Elə bilirik ki, bu xoşbəxtliyə daha çox təhsil,
daha çox pul və daha çox işləməklə nail ola bilərik. Lakin
yanılırıq. Biz xəyallarımızın
qanadlarını belə budamışıq. Ürəyimizin səsini belə susdurmuşuq.
Və özümüzə yad olmuşuq. Artıq heç kimin ciddi cavabı yoxdur. Çünki suallar doğru deyil. Elm insanları klonlamağı bacarır, amma həyatın
mənasını dilə gətirməkdə acizdir. Tibb ölümü gecikdirə bilir, amma bizə
ölümdən sonra nə olacağını deyə bilmir.
Gözlərimizin görməsinə, zehnimizin
işləməsinə icazə verənin nə olduğunu
bilirikmi? İnsanlar hər şeyi bildiklərini
zənn edirlər, lakin bu belə deyil".
"Həyatda hər şeyi yaşamışam, bircə
ölüm qalıb. Növbə ondadır" deyən
jurnalist ölümə gedən yolda dinclik və təmkinlə
irəliləyir. Həyatının son
sınağına peşəkarlıqla yanaşır. Ölümlə üz-üzə gəlməyə
cəsarəti çatmayan insanları ürəkləndirir,
xəstəlikdən əziyyət çəkən insanlara təskinlik
verir. Həyat sahib olduğun və ola
bilmədiyin hər şeydən zövq almaq sənətidir.
"Atlıqarıncada bir tur daha" kitabı alternativ
tibb, türkəçarə yolları ilə maraqlanan və
"mən kiməm?" sualının cavabını
axtaranlar üçün əvəzsiz bələdçidir.
Əslində, hər kəs öz həyatının qəhrəmanıdır. Jozef Kempbelin
"Qəhrəmanın sonsuz səyahəti" kitabında
qeyd olunur ki, hər insan bir gün öz daxilinə səyahətə
çıxır. Və bu səyahət qərarı,
adətən böyük bir çətinlikdən sonra
alınır. Qəhrəman səfəri
zamanı çoxlu sınaqlardan, çətinliklərdən
keçərək divləri, əjdahaları öldürməyə
çalışır. Əslində isə həmin əjdaha
və divlər özümüzük: Bizi yaşamağa
qoymayan və yaxud səhv yönləndirən
ehtiraslarımız, "daha çoxunu, daha
yaxşısını" deyən eqomuz. Lakin
oxuduğumuz kitablar, həyatlarını örnək
aldığımız insanlar bizə göstərir ki, həyat
daimi mübarizə deyil. Hərdən -
yaralananda, yorulanda gücümüzü bərpa etmək
üçün bir mağaraya sığınıb nəfəsimizi
dərməliyik. Təəssüf ki,
çox insan məcbur qalmadıqca, ən böyük həqiqətimiz
olan ölümlə üz-üzə gəlmədikcə bu
barədə heç düşünmür də. Eynilə,
Tərzani kimi: "Həyatım boyu gərgin iş rejimindən
qaçmaq, uzun bir səyahətə çıxmaq istəyirdim,
lakin hər dəfə müxtəlif bəhanələrlə
bu arzumu təxirə salırdım. Unutmuşdum
ki, kainat bizə ürəkdən istədiyimiz hər şeyi
verir. Hansı yolla olur-olsun. Beləliklə, mən illərdir gerçəkləşdirmək
istədiyim arzuma xərçəng xəstəliyi sayəsində
nail oldum. Həyatım hər şeyin önünə
keçəndən sonra isə illərdir uzaqlaşa bilmədiyim
işim də, ayrıla bilmədiyim dostlarım da mənim
üçün adiləşdi... Görəsən,
neçə vaxtdır nəyi gözləyirmişəm?
Və anladım ki, nə qədər
gecikmişəm.
Lakin siz qaynar həyatınızdan uzaqlaşıb, hərdən
dərin bir nəfəs almaq, sadəcə təbiəti,
quşları seyr edərək dincəlmək, sonsuz təlaşlardan
qurtulmaq, özünüzü, ruhunuzu bəsləyən
arzuları tapmaq üçün gecikməyin. Səhər oyananda ürəyinizə,
mədənizə, ağ ciyərlərinizə,
qaraciyərinizə gülümsəyin. Unutmayın ki, onlara
çox şey borclusunuz...".
Kitabdan üç hekayə...
Bir
gün bir adam müdrik qocanın yanına
gedərək soruşur:
- Ustad,
azadlıq doğrudan da, varmı?
- Əlbəttə, sənin neçə ayağın
var?
- İki.
- Tək
ayağının üzərində dayana bilərsən?
- Əlbəttə!
- O zaman
hansı ayağının üzərində
dayanacağını seç.
Adam bir az düşünüb sağ
ayağının üzərində dayanacağına qərar
verir və sol ayağını qaldırır.
Müdrik
qoca deyir:
- İndi isə sağ ayağını da qaldır.
Adam təəccüblə
qocaya baxır:
- Axı
bu mümkün deyil.
Qoca cavab
verir:
- Bax,
azadlıq budur. Sadəcə ilk qərarı
verməkdə azadsan. Ondan sonrakı
bütün qərarlar birincidən asılıdır.
Ona görə də azad olmaq istəyirsənsə, hər
addımını yaxşı düşünməlisən...
***
Bir
qadın qucağında ölmüş uşağı ilə
keşişin yanına gəlir və ondan möcüzə
yaradaraq oğluna can verməyini istəyir. Keşiş
bunu bir şərtlə gerçəkləşdirə biləcəyini
söyləyir. Qadın ölümün ayaq
basmadığı bir ev tapmalı və
oradan bir ovuc düyü gətirməli idi. Qadın kəndbəkənd
hər yanı gəzdi, lakin elə ev
tapmadı ki, ölüm oradan keçməmiş olsun. Beləcə,
məyus halda keşişin yanına döndü və onun nə
demək istədiyini anladı...
***
Bir qayıqçı Brahmanı çaydan keçirir. Brahman qayıqçıdan
soruşur:
- Sən sanskrit dilini bilirsən?
Qayıqçı cavab verir ki, yox. Brahman deyir.
- Onda sən
həyatının dörddə birini itirmisən. Çünki sanskritcə bilmirsənsə,
vedaları, qədim mətnləri oxuya bilməyəcəksən.
Daha sonra yenə soruşur.
- Bəs
klassik ədəbiyyatı bilirsən?
Qayıqçı yenə yox cavabını verir. Bu dəfə
də Brahman özündən razılıq edir. - Deməli,
həyatının yarısını itirmisən.
Bu zaman
çayda burulğan olur və qayıq sallanmağa
başlayır. Qayıqçı Brahmandan soruşur:
- Bəs
sən üzməyi bilirsən?
Brahman cavab verir ki, yox. Qayıqçı deyir:
- Onda sən
bütün həyatını itirmisən.
***
Buddizmə
görə, insanı xəstə edən 3 əsas zəhər
var: arzulamaq, qəzəblənmək və cahil olmaq. Bütün xəstəliklər
bu 3 şeydən yaranır. Əgər onlardan xilas ola bilsək, o zaman ruhumuz, zehnimiz və bədənimiz
də sağlam olar. Bəs görəsən, onlardan necə
xilas ola bilərik?!
Məsələn, mən tez-tez xəyalımda bu planetdən
kənara çıxıram. Yavaş-yavaş
Günəş sisteminə, oradan Süd Yolu qalaktikasına,
oradan başqa sistemlərə, başqa qalaktikalara gedirəm.
Uzaqlaraaa. Uzaqlaraaa... Və oradan Yer kürəsini
axtarıb tapmağa çalışıram... O nəhəng
və heç cür bölüşülməyən kürəni.
Özümüzü yalnız hiss edəndə
qısılmağa bir küncü belə olmayan dairəni. Olduğum yerdən kiçik bir nöqtə kimi
görünür. İzləməyə
başlayıram... Orada - o balaca nöqtədə həyatım,
dostlarım, ailəm var. Uzaq qalaktikalardan cılız,
çox cılız görünən problemlərlə yorurlar özlərini. Həyatı yaşamaq varkən, oxuduqları,
öyrəndikləri, yaşadıqlarını heç
xatırlamadan incidirlər bir-birlərini. Bu
müəmmalı və sonu bəlli olmayan macəranın
dadını bölüşmək yerinə, bir-birləriylə
yarışmaqdan əl çəkmirlər. Sonra yavaş-yavaş yenidən dünyamıza
qayıdıram. Kitablarımı
bağlayıb bir kənara qoyuram. Ayağa
qalxıb özümə çay süzürəm. Və
onun dadını hiss edərək içirəm.
Sonra əllərimə
görə təşəkkür edirəm,
sonra səsimə
görə,
sonra
öyrəndiyim sözlərə görə,
sonra
ağladığım zamanlara görə,
sonra
aldığım yaralara görə,
sonra
ürəyimdə daim coşub çağlayan sonsuzluq
duyğusuna görə...
heç
bitməyən inam, heç vaxt mənə xəyanət etməyən
ruhuma görə...
sonra
qanadlarıma görəəə...
Sonra
Tanrıya baxıb gülümsəyir və deyirəm:
"Çox dadlı çaydır, bir fincan istəməzsən?".
Bunu
eşidən bütün insanların sualıma qəzəblənəcəyindən
əmin olduğum kimi əmin oluram: Tanrı bu istəyimə
gülümsəyir... Dostca gülümsəyir.
Yaxşısı budur, başqalarına qəzəblənmək
yerinə, ayağa qalxıb özünüzə bir fincan
çay süzün. Dadına baxın, əgər
yaxşıdırsa, qorxmadan bir fincan da Tanrıya təklif
edin. Və Tanrının dostca gülümsəməsini
hiss edin...
Anlayın
ki, o doğrudan da, bağışlayan və mərhəmətlidir...
Cahan SEYİDZADƏ
Ədəbiyyat qəzeti.- 2021.- 3 iyul.- S.13.