Naxçıvanda Yazıçılar Birliyinin yaranması və inkişafı

məsələləri "Şərq qapısı" qəzeti səhifələrində

 

...Sən Naxçıvanın dildə gəzən şöhrəti oldun,

Qeyrətli qələm ordusunun sərvəti oldun.

Nurlu mayak oldun uca Şərqin qapısında!

Bir məşələ döndün qoca Şərqin qapısında!

Süleyman Rüstəm

 

 1921-ci ildən Naxçıvanda nəşrə başlayan "Şərq qapısı" qəzeti regionda mətbuatın əsasını qoymaqla yanaşı, eyni zamanda Naxçıvanda ədəbi mühitin inkişafına səbəb oldu, qələm sahiblərinin öz yaradıcılıqlarını qəzet vasitəsilə daha geniş kütlələrə çatdırmasına şərait yaratdı.

Zaman keçdikcə qəzet səhifələrində hələ püxtələşməmiş, yonulmamış mətbu sözlər öz cilasını tapdı və mətbuata olan həvəs peşəkarlıqla əvəzlənməyə başlandı. Mətbuatın formalaşması mərhələsi isə birbaşa ədəbi mühitə bağlı proses idi. Əbəs yerə deyil ki, 1920-30-cu illər Naxçıvan mətbuatının ağırlığı elə ədəbi qüvvəllərin üzərinə düşürdü. Mətbuatı inkişaf etdirmək üçünsə əvvəlcə ədəbi qüvvələri səfərbər etmək, onları cəmiyyət halında birləşdirmək və onları təkmilləşdirmək tələb olunurdu.

Sovet hakimiyyətinin ilk illərində bu sahədə yaranan problemlər öz həllini birinci onillikdə tapa bildi. Bakıda yaradılmış "Qızıl qələm" Ədəbiyyat Cəmiyyətinin səsinə 1925-26-cı illərdə Naxçıvanda ədəbi müzakirə və ədəbi gecələrdə təmsil olunan gənclik ilkin səs verdi. PK(b)P MK-nın "Bədii ədəbiyyat sahəsində partiyanın siyasəti haqqında" 18 iyul 1925-ci il tarixli qətnaməsi Naxçıvanda ədəbiyyat və incəsənət işinin təşkilində müstəsna əhəmiyyət kəsb etmiş, vilayət qəzetində ardıcıl olaraqdəbiyyat səhifəsi", "Gənclik səhifəsi" başlıqlı xüsusi səhifələr verilməyə başladı.

1926-cı ildə Naxçıvan Xalq Maarif Komissarlığı yanında "Qızıl qələm" Ədəbiyyat Birliyi fəaliyyətə başladı. Əvəz Sadıq, Abbas Gülməmmədov və Əyyub Abbasovun təşəbbüsu ilə Naxçıvan komsomol klubu yanında "Gənc qələmlər" ədəbiyyat dərnəyi təşkil olundu və tezliklə bu dərnəyin ətrafına onlarca gənc toplaşdı.

Professor Yavuz Axundludəbi mühit və sənətkar" kitabında yazır: "1925-26-cı illərdə Əvəz Sadıq, Abbas Gülməmmədov, Əyyub Abbasov və Məşdi Babayevin təşəbbüsü ilə "Gənc qələmlər" adlı ədəbiyyat dərnəyi yaradıldı. Naxçıvanda ədəbi gəncliyin inkişafında bu dərnəklə yanaşı, "Şərq qapısı" qəzetinin də rolu var idi. Bu illərdə qəzetdə ayda iki dəfə gənc qələm sahiblərinin şeirləri çap olunurdu. Gənclərdən Lətif Hüseynzadə, Məmməd Əkbər, Seyid Səbri, Nemət Hüseynov, Əli Zəbun, Məmmədəli Tarverdiyev, Əkbər Abbasov, Məmmədhüseyn Təhmasib və başqaları mətbuatda tez-tez çıxış edirlər".

İstər "Qızıl qələm", istərsə də "Gənc qələmlər"in fəaliyyətini qənaətbəxş saymayan bolşevik mühiti qələm sahiblərindən sosializm ideologiyasının təbliğinə yönələn ədəbi nümunələr tələb edirdi. Həmin dövrdə qəzəl və rübailər yazan, xalq arasında daha çox mərsiyə şairi kimi tanınan Molla Mahmud Çakər kimi şairlər isə kommunist ideologiyasına qulluq etmədikləri üçün "intim-bədbin şeirləri ilə ədəbi gəncliyə zərərli fikirlərini təlqin edən", "yeni ideyaları qavraya bilməyən" damğaları ilə ədəbi mühitdən uzaqlaşdırılırdı.

1927-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul işçisi Ağahüseyn Rəsulov Naxçıvana gələrək burada yaşayan ziyalılar, şair və yazıçıların iclasını keçirir, Mərkəzi Komitənin ədəbiyyat sahəsində siyasətinin tarixi əhəmiyyəti haqqında məlumat verir. Bu səfərə baxmayaraq həmin il Naxçıvanda rəsmi surətdə Proletar Yazıçılar Cəmiyyəti təşkil olunmur. Yalnız bir ildən sonra Naxçıvan Partiya Təşkilatının təşəbbüsü ilə "Qızıl qələmlər" Ədəbi Birliyi yaradılır. "Şərq qapısı" qəzetinin redaktoru Abbas Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Xalq Maarif Komissarı V.Həsənzadə, Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin sədri M.Babayev, gənclərdən Əyyub Abbasov, Müzəffər Nəsirli, Əsgər Kəngərli, Nemət Hüseynov, Səkinə Rzalıdan ibarət rəyasət heyəti yaradılır. Ədəbi Birliyin rəhbəri isə Əyyub Abbasov seçilir.

Həmin dövrdə Naxçıvanda yeni ədəbiyyat uğrunda gedən mübarizədə "Qızıl qələmlər" Ədəbi Birliyi fəal mərkəzə çevrilir. Birliyin təşəbbüsu ilə Naxçıvan şəhər komsomol klubunda tez-tez ədəbi gecələr və mühazirələr təşkil olunurdu.

Tarix elmləri namizədi Əli Əliyev həmin dövrü xatırlayaraq belə yazırdı: "Bu zaman komsomol klubu Naxçıvanda yazıçılar evinə çevrilmişdi. "Qızıl qələmlər" birliyinin fəaliyyəti getdikcə genişlənərək gənc nəsli özünə cəlb edirdi".

1927-28-ci illərdə Naxçıvan ədəbi mühitində bir canlanma hiss olunur, gənclər daha geniş yaradıcılıq yoluna qədəm qoyurdular. Həmin ildən başlayaraq "Şərq qapısı" qəzetində müntəzəm olaraqdəbiyyat səhifəsi" təqdim olunur, gənclər yeni şeir və hekayələrini burada çap etdirirdilər. Gənc ədəbi qüvvələr yalnız şeir yazmaqla kifayətlənmir, eyni zamanda dram əsərlərinə də üstünlük verirdilər. 1927-ci ildə Əyyub Abbasov, Əsgər Kəngərli, Qurban Qurbanovun yazdıqları dram əsərləri Naxçıvan şəhərindəki Karl Libknext adına komsomol klubunda tamaşaya qoyulur və hər üç əsər tamaşaçılar tərəfindən maraqla qarşılanır.

Yaradıcılıq yolunu "Qızıl qələmlər" Ədəbi Birliyinin təşkilatçılarından biri kimi davam etdirən dövrün gənc ədəbi simalarından biri Müzəffər Nəsirli birliyin fəaliyyətinə dair xatirələrindən birində belə yazır: "Bir hadisə heç yadımdan çıxmır. 1927-ci ilin qış fəslində komsomol klubunda ədəbi gecə keçirirdik. Əyyub Abbasov gecəni aparırdı, həmin gecəyə şəhərin çoxlu ədəbiyyat həvəskarı toplaşmışdı. Gecədə Əsgər Kəngərli, Məmmədəli İstedadlı (Tarverdiyev), Əli Zəbun, Nuru Axundov, Müzəffər Nəsirli yeni şeirlərlə çıxış etdi. İclasda iştirak edən qocaman şair Mahmud Çakər də şeir oxumaq üçün söz aldı, bir saqinamə oxudu. Üstündən bir müddət keçmişdi... "Molla Nəsrəddin" jurnalının növbəti nömrəsində birinci səhifədə "Naxçıvan Proletar Yazıçılar Cəmiyyəti" sərlövhəli yazı və karikatura verilmişdi. Şəkildə Naxçıvanda təşkil olunmuş ədəbi gecə təsvir edilmişdi. Ortada bir qoca şair, əlində bəyaz belə bir şeir oxuyurdu:

 

Saqi, baqi doldur piyaləni hey,

Nuş edim mən onu neydir-ney!

 

Görüldüyü üzrə, Cəlil Məmmədquluzadə öz əqidə rəqibi Molla Mahmud Çakəri yenidən satira atəşinə tutub, onu həyatdan yazmağa dəvət etdiyi kimi, bilavasitə özü tərəfindən yazılmış bu məqalədə Naxçıvanda yaradıcılığa başlayan gəncləri köhnəlik təsirindən qurtarmaq istəməsi bizi ruhlandırdı, odur ki, gənclərimiz nikbin şeir və hekayələr yazmağa başladılar. Artıq Ə.Abbasov, Ə.Kəngərli, Əli Zəbun və mənim şeirlərim "Komsomol", "Dan ulduzu", "Qızıl şəfəq" məcmuələrində, "Gənc işçi", "Yeni yol", "Kommunist", "Kəndli" qəzetlərində çap olunmağa başladı, bu da Naxçıvanda ədəbi həyatın inkişafına geniş yol açdı, gənclərin ədəbi yaradıcılığa həvəsi gündən-günə artdı".

1928-ci ildə Naxçıvan ədəbi mühiti və mətbuatında yaranan dönüş Azərbaycan Proletar Yazıçılar İttifaqının diqqətindən yayınmır və elə həmin il cəmiyyətin katibi Süleyman Rüstəm Naxçıvana gələrək buradakı yaradıcı gənclərin fəaliyyəti ilə maraqlanır. Süleyman Rüstəmin Naxçıvana gəlişi və "Qızıl qələmlər" İttifaqının Naxçıvan şöbəsini təşkil etməsilə Naxçıvandakı ədəbi qüvvələr öz fəaliyyətlərini genişləndirir. Şöbə ətrafına bir çox qələm sahibləri toplaşır: "Bu il Azərbaycan "Qızıl qələmlər" İttifaqının təşəbbüsü ilə Naxçıvanda olan "Qızıl qələmlər" yenidən təşkilat altına alınmağa başlayır. Naxçıvan cəmiyyətinin şöbəsini düzəltmək üçün Azərbaycan "Qızıl qələmlər" İttifaqının proletar şairi və cəmiyyətin məsul katibi, yoldaş Süleyman Rüstəmzadəni göndərmişdir: "Biz artıq Yazıçılar İttifaqını qurmalı və yeni cəmiyyətin rəhbərliyi altında çalışmalıyıq.

"Şərq qapısı" qəzetinin həmin sayında ədəbi gənclik nümayəndələri ilə keçirilən toplantı haqqında verilən xəbərdə Süleyman Rüstəmin müasir ədəbiyyat qarşısında duran vəzifələrdən bəhs etdiyi və yaradıcı gənclik içərisində öz qələmi ilə seçilən Müzəffər Nəsirlinin Naxçıvan Proletar Yazıçılar Cəmiyyətinə katib seçilməsi bildirilir.

Müzəffər Nəsirli həmin görüş haqqında öz xatirələrində yazır: "Poeziya gecəsində şair Süleyman Rüstəm "Əzmimiz", "Livadiyada" adlı şeirlərini oxudu. Naxçıvanın istedadlı gənc şairləri də öz yeni şeirləri ilə çıxış etdilər. Bundan sonra bizim Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti ilə ədəbi əlaqəmiz daha da yaxşılaşdı. Süleyman Rüstəmdən sonra gənclərimizə yaradıcılıq istiqaməti vermək üçün o zaman cəmiyyətdə katib işləyən Əjdər Süleymanov, rus yazıçısı Mixail Yurin tez-tez Naxçıvana gəlir, bizim yaradıcılıq müvəffəqiyyətlərimizlə maraqlanırdılar".

Süleyman Rüstəm Naxçıvandakı ədəbi həyatla şəxsən müntəzəm olaraq maraqlanır, mütəmadi əlaqə saxlayırdı. Müzəffər Nəsirlinin şəxsi arxivində qorunan, 25 may 1929-cu ildə Süleyman Rüstəmin Naxçıvan Proletar Yazıçılar Cəmiyyətinə ünvanlanmış məktubunda deyilir: "Əziz qardaşım Müzəffər! Yazdığın məktubu və ədəbiyyat səhifələrini aldım. Sizin bu təşəbbüsünüz təqdirəlayiqdir. Sənin göndərdiyin şeirləri bu günlərdə "Gənc işçi" və ya "Komsomol" məcmuəsində çap edəcəyik. Sonra biz "Oktyabr alovları" boyda bir kitabça nəşr edirik, bu kitabçanı qəza yazıçılarının əsərlərinə həsr edəcəyik. İndi sən bir iş et, üzvlərinizin çap olunmamış əsərlərini (hekayə və şeir) bir yerə toplayıb bizə göndər. Tez göndərməyə çalış ki, yaxşı əsərlər toplansın. Sizin ədəbi səhifəniz haqqında bir məqalə yazıram.

Naxçıvanda nə var, nə yox, bu yaxınlarda oraya bir adam göndərəcəyik, ondan istifadə edərsiniz. Bir də, üzvlərinizin siyahısını tutub tezliklə cəmiyyətə göndər, onların komsomol olub olmadığını da qeyd edərsiniz. Hər ədəbiyyat sevəni üzv deyə yazmayınız. Bizdə bu saat təmizlik gedir, yazıçı olmayanları, fəxri üzv olanları atırıq.

Baqi hörmətlə, yoldaşlara salam.

Süleyman Rüstəm".

Süleyman Rüstəmin bu məktubundan sonra Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin katibi Əjdər Süleymanov Naxçıvana gəlir, gənc yazıçı və şairlərin yığıncağını keçirir, ədəbi məsləhətlər verir.

 

Davamı gələn sayımızda

 

Surə SEYİD

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Ədəbiyyat qəzeti.- 2021.- 3 iyul.- S.14.