Naxçıvanda Yazıçılar Birliyinin yaranması və

inkişafı məsələləri "Şərq qapısı" qəzeti səhifələrində

 

Əvvəli ötən sayımızda

 

Həmin hadisədən sonra ədəbi gəncliyin fəaliyyəti özünü daha qabarıq göstərməyə başlayır. Məmmədəli Tarverdiyev, Müzəffər Nəsirli, Q.Mustafayev, Nemət Nəim, Qurban Qurbanov, Məmməd Raqib, Baqi Hüseynov, Əli Zəbun, Əbdül Kazım, Əsgər Kəngərli, Bayram Mərdanlı kimi gənclər ədəbi gəncliyin bayraqdarları, onu gələcək inkişafa aparan yolun yolçuları olurlar.

1928-29-cu illər Azərbaycanda mədəni inqilab dövrü idi. Azərbaycan partiya və komsomol təşkilatlarının savadsızlıq, çadra əleyhinə apardıqları mübarizədə Naxçıvan ədəbi gəncliyi fəal iştirak edirdi. Təhsil və inkişafla bağlı çağırışlar sırasında milli-mənəvi dəyərlərin unudulması və tamamilə xalqın yaddaşından silinməsi də xüsusi yer tuturdu. Lakin bütün mənfi cəhətləri ilə kommunizmin savadsızlıq əleyhinə mədəni tərəqqi çağırışları öz müsbət nəticələrini verməkdə idi. Həmin illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komitəsinin katibi vəzifəsində işləyən Qurbanəli Mustafayev Naxçıvandakı ədəbi gəncliyə rəhbərlik etməklə bərabər, özü də maraqlı hekayələr yazır, "Gənc işçi" qəzetində çap etdirirdi. Onun "Qız qaçırma" və "Yuxulu gecələr" adlı hekayələri diqqətəlayiq idi. Cəsarətlə demək olar ki, Yaquboğlu imzası ilə çap olunan bu hekayələrdə qız qaçırma, qan davası, tayfabazlıq kimi milli adət-ənənələrimizə zidd cəhətlər tənqid atəşinə tutulurdu.

O dövrdə Naxçıvan şəhər komsomol klubu ədəbi yaradıcılıq mərkəzinə çevrilmişdir. Ora bir çox istedadlı yazıçı və şairlər toplaşmışdılar. Lakin onların yaradıcılığında qüsurlu cəhətlər çox idi. Naxçıvanlı yazarlar Qurbanəli Mustafayevin  Azərbaycan LKGİ Mərkəzi Komitəsinə katib seçilməsindən sonra ədəbi gəncliyin düzgün istiqamətdə olmadığını öz xatirələrində dəfələrlə qeyd etmişdilər.

1921-1931-ci illərdə gənc qələm sahiblərindən Məmmədəli Tarverdiyev, Əbil Yusifov, Baqi Hüseynov, Əkbər Dadaşlı, Əli Zəbun və başqaları mətbuatda daha çox şeir və hekayələrlə çıxış edirdilərsə, Məmməd Cəfər dövri mətbuatda Azərbaycan və rus klassikləri haqqında ilk məqalələrini, Məmmədhüseyn Təhmasib isə milli folklor nümunələrini toplayır, ilk tədqiqatlarını dərc etdirirdilər. Bu dövrdə gənc tədqiqatçı Əziz Şərif də maraqlı yazıları ilə diqqəti cəlb edirdi.

Naxçıvanda kəskin sinfi mübarizənin getdiyi bir vaxtda cəmiyyət həyatında fəal görünmək istəyən gənc şairlərin bir qismi demək olar ki, öz əsərlərində yalnız, "belə tələb edirlər", - deyə yazmaqla həmin əsərlərin müasirliyinə, aktuallığına, bədiiliyinə lazımınca diqqət yetirmirdilər.

Bu səbəbdən 1931-ci ildə Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin katibi Mehdi Hüseyn Naxçıvana gələrək Partiya Maarif Evində (indiki uşaq kitabxanasının binası) Naxçıvanda yaşayan yazıçıların iclasını keçirir...

Mehdi Hüseynin Naxçıvana gəlməsi ilə əlaqədar olaraq "Şərq qapısı" qəzetində "Ədəbi gəncliyin sağlam yaradıcılığı uğrunda" adlı redaksiya məqaləsi çap edilir. Həmin məqalədə yerli təşkilatların gənclərin yaradıcılığına istiqamət verməməsi, gənclərin öz əsərləri üzərində lazımınca işləməməsi, müasir proletar ədəbiyyatının tələblərindən geri qaldığı vurğulanır.

Mehdi Hüseynin iştirakı ilə keçirilən yığıncaqdan sonra Vilayət Partiya Təşkilatı ilə birlikdə lazımi tədbirlər planı hazırlanır və "Şərq qapısı" qəzetində müntəzəm olaraq ədəbiyyat səhifələri verilməyə başlanır.

Lakin inkaredilməz həqiqətdir ki, elə həmin illərdə Naxçıvanda gənclərin ədəbi yaradıcılığının inkişafı hələ çox zəif idi, çünki az-çox istedadlı gənclər Bakıya təhsil almağa getmişdilər. Proletar Yazıçılar Cəmiyyəti sıralarında birləşən gənclərin bir çoxu yaradıcılıq cəbhəsindən uzaq başqa sahələrdə işləyənlər idilər.

1931-ci ildə ölkədə ədəbiyyatın daha da inkişaf etdirilməsi haqqında Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin ədəbiyyat haqqında yeni qərarı elan olunur. Proletar Yazıçılar Cəmiyyəti ləğv edilərək Sovet Yazıçılar İttifaqının təşkili qərara alınır. Elə bu zaman Bakıdan qayıtmış Əyyub Abbasov yaradıcı gəncləri öz ətrafına toplayır.

1931-ci ildə Əyyub Abbasovun "Şərq qapısı" mətbəəsində Məmmədəli Tarverdiyevin redaktorluğu, Lətif Hüseynzadənin giriş sözü ilə "Mübarizə" adlı ilk şeirlər kitabı nəşr edilir. Şairin bu kitaba toplanmış şeirlərində zəhmətkeşlərin əmək qəhrəmanlığı, elliklə kollektivləşmə uğrunda gedən mübarizə öz əksini tapır. Kitabda toplanan şeirlər bədii cəhətdən zəif olsa da şairin mövzu dairəsinin genişləndiyini göstərirdi.

Əyyub Abbasov sonralar qələmə aldığı "Zəngəzur" romanı və vətəndaş müharibəsinə həsr olunmuş mənzum "Dar ağacı" poemasında öz üzərində işləyərək yaxşı bir əsər ortaya qoymuşdur. "Mübarizə" kitabında Əyyub Abbasovun "Naxçıvan" şeiri bədii yaradıcılıq baxımından xüsusi əhəmiyyətə malikdir:  Bundan başqa, həmin ildə "Şərq qapısı" qəzetində Əyyub Abbasovun silsilə şeirləri dərc olunmaqda idi.

1932-34-cü illərdə Naxçıvanda ədəbi gəncliyin sayı xeyli artsa da, onların yaradıcılığı sənətkarlıq cəhətdən təkmil deyildi. Proletar Yazıçılar Cəmiyyəti ləğv edilmiş, lakin hələ Naxçıvanda Sovet Yazıçılar İttifaqının vilayət şöbəsi yaradılmamışdı. Bu vəziyyət uzun müddət davam etmədi. 1933-cü ildə Mirzə İbrahimov Naxçıvan MTS siyasi şöbəsinin orqanı olan "Surət", Əli Vəliyev Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin orqanı olan "Şərq qapısı" qəzetinə redaktor vəzifəsinə işləməyə gəldilər.

Süleyman Rüstəm və Azərbaycan ədəbiyyatının digər simaları Əli Vəliyev və Mirzə İbrahimovun regiona göstərdiyi diqqət və maraq Naxçıvan ədəbi mühitində bir canlanma yaratmış, yaradıcı insanları ədəbiyyatımıza yeni-yeni töhfələr verməyə sövq etmişdi.

Əli Vəliyev 1934-1935-ci illərdə "Şərq qapısı" qəzetinin redaktoru işləyərkən yerli ədiblərin yazılarına geniş yer verir, özü də məqalə, oçerk və hekayələri ilə qəzet səhifələrində tez-tez çıxış edirdi. Onun "Budağın xatirələri" sənədli romanının "Araz sahilində" bölməsi Naxçıvanda işlədiyi illəri əks etdirir. 1934-cü ildə Naxçıvan Vilayət Partiya Komitəsi Azərbaycan Yazıçılarının I qurultayı ərəfəsində Naxçıvandakı gənc yazıçıların konfransını keçirmək və Naxçıvan Yazıçılar İttifaqını yenidən təşkil etmək haqqında qərar qəbul edir. Buna səbəb ÜİK (b) P MK-nın "Ədəbiyyat və incəsənət təşkilatlarının yenidən qurulması haqqında" 1932-ci il 23 aprel tarixli qərarı olur. Vilayət Partiya Komitəsinin 8 maddədən ibarət bu qərarında - ədəbiyyat təşkilatlarına yeni heyətin seçilməsi, təşkilatın maddi bazasının möhkəmləndirilməsi, hər 10 gündən bir "Şərq qapısı" qəzetində yazıçılar üçün ədəbiyyat səhifəsinin ayrılması, yaxın bir zamanda Naxçıvanda pedaqoji-ədəbi məcmuə nəşr olunması və aprel ayında yazıçıların konfransının keçirilməsi göstərilirdi. Qərarın son maddəsində əyalət konfransını keçirmək və yeni heyət seçilməsi üçün Əli Vəliyev və Mirzə İbrahimovdan ibarət partiya komissiyasının yaradılması da qeyd olunurdu.

Mirzə İbrahimov öz məsul vəzifəsini yerinə yetirməklə yanaşı, qısa müddətdə Naxçıvanda yaradıcı gəncliyin inkişafına böyük təsiri ilə seçilmiş, əhalini təkcə Azərbaycan ədəbiyyatının görkəmli simaları ilə deyil, eyni zamanda dünya və rus klassiklərinin ədəbi fəaliyyəti ilə də tanış etmişdi...

1932-ci ildən bütün respublikalarda Mərkəzi Komitənin qərarına əsasən proletar yazıçılar cəmiyyəti ləğv edilmiş, Sovet Yazıçılar İttifaqının yerli şöbələri yaranmışdır. Lakin Naxçıvanda hələ təşkilat yaradılmamışdır. 1934-cü il aprelin 23-24-də Naxçıvan Maarif Evində Naxçıvan İctimai Şura Cümhuriyyəti şura yazıçılarının iki günlük birinci tarixi konfransı keçirilir. Həmin konfransda Mirzə İbrahimovun "Yazıçılar qurultayına hazırlıq", Əli Vəliyevin "Sosialist kəndi və onun ədəbiyyatda bədii şəkildə ifadəsi" haqqında məruzələri dinlənilir...

"Partiyamızın tarixi qərarından sonra Naxçıvanda Sovet Yazıçılar İttifaqı yenidən təşkil olundu. İttifaqın heyətinə aşağıdakı üzvlər seçildi:

1. Mirzə İbrahimov - sədr

2. Əbdül Kazım - katib

3. Qurban Qurbanov - üzv

4. Əli Vəliyev - üzv

5. Baqi Hüseynov - üzv

6. Qurban Həsənov - üzv

7. Lətif Hüseynzadə - namizəd

8. Rza Şərifzadə - namizəd".

"Şərq qapısı" qəzetində dərc olunmuş "Ədəbiyyat" xronikasında oxuyuruq: "Naxçıvan Sovet Yazıçılarının iclası oldu, yazıçılar qurultayına hazırlıq haqqında Mirzə İbrahimov yoldaş məruzədə bulundu...". 

Həmin iclasda, eyni zamanda Mirzə İbrahimov, Əli Vəliyev və Baqi Hüseynov Naxçıvandan Azərbaycan Yazıçılarının I qurultayına nümayəndə seçilmişlər.

Naxçıvan Şura Yazıçılar İttifaqı heyəti Ordubad şəhərində öz şöbəsini təşkil etmişdir. Şöbəyə heyət üzvü Baqi rəhbərlik edir.

"Şərq qapısı" qəzetinin 8 may tarixli ikinci və üçüncü səhifələri də Azərbaycan yazıçılarının I qurultayına həsr olunmuşdur. Səhifə başlığında təqdim olunmuş şüarda deyilir: "Təmiz, büllurlaşmış, mütərəqqi dil ilə bədii əsərləri ifadə edən yazıçı dəyərli məhsul uğrunda mübarizə aparan ən yaxşı yazıçı hesab olunur". Səhifədə qocaman şair Şeyx Məhəmməd Rasizadənin "Firdovsi" poemasından bir parça, Lətif Hüseynzadənin "Günlər", "Canilərə ölüm" adlı hekayələri, Ənvər Əylislinin "Komsomol Qulam" poemasından, Qurban Qurbanovun Naxçıvanda Sovet hakimiyyətinin qələbəsinə həsr edilmiş "Qurtuluş" pyesindən bir səhnə çap olunmuşdur.

1933-35-ci illərdə Naxçıvanda gəncliyin inkişaf etməsində Əli Vəliyev və Mirzə İbrahimovun xidmətləri danılmazdır. Demək olar ki, onların köməyi, faydalı məsləhətləri sayəsində Naxçıvanda böyük bir ədəbi məktəb formalaşmış, özünəməxsus inkişaf yoluna qədəm qoymuşdur.

Bakıda nəşr edilən "Ədəbiyyat qəzeti"ndə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin fəaliyyəti haqqında aşağıdakı sətirləri oxuyuruq: "Naxçıvanda 27 nəfər gənc yazıçı və 16 nəfər aşıq vardır ki, bunlarla heç bir yaradıcılıq işi aparılmır. Bu vaxta kimi bir dəfə də olsun müzakirə və disput keçirilməmişdir. Yaradıcılıq işi tamamilə unudulmuşdur. Gənclərin yazdıqları roman, şeir, hekayə və oçerklərə göstəriş verən yoxdur. Naxçıvan yazıçılarından Qurban Qurbanov "Ayrım", Hüseyn Baqi "Xəndan", Qasım Tağıyev "Kolxoz həyatı", Məmməd İsmayılov "Bizim gənclər", Hüseyn Hüseynov "Yüksəliş" adlı əsərlər yazmışlar, lakin bunların əsərləri heç bir yerdə müzakirə olunmamışdır".

Naxçıvanda yaşayan yaradıcı gənclik haqqındakı belə bir siqnaldan sonra Azərbaycan Yazıçılar İttifaqı Naxçıvandakı ədəbi gəncliklə yenidən məşğul olmağa başlayır. Buna görə də "Ədəbiyyat qəzeti"ndə "Yeni yazanların yaradıcılığı uğrunda" redaksiya məqaləsi çap edilir. Bu məqalədə ədəbi gəncliyə yaradıcılıq köməyinin zəruriliyindən, gənclərlə aparılan işin yarıtmaz olduğundan bəhs olunur.

Həmin tənqidi məqalədən sonra 1940-cı ildə Azərbaycan Yazıçılar İttifaqı tərəfindən Bakı şəhərində gənc yazıçıların respublika kurs konfransı çağırılır. Həmin konfransda Naxçıvandan Ənvər Əylisli, Yaqub Məmmədov, Abbasqulu Quliyev, Hüseyn Əzim, Miryəhya Seyidov, Təvəkkül Zeynalov kimi yaradıcı gənclər də iştirak edirlər.

"Şərq qapısı" qəzetində şeirlərini ilkin olaraq dərc etdirən gənc qələm sahiblərindən biri də dahi ədib Hüseyn Cavidin qardaşı Şeyx Məhəmməd Rəsizadə idi. O, 1906-cı ildə Naxçıvanda "Üsuli-cədid" (xeyriyyə) məktəbini bitirmiş və orada müəllimlik etmişdi. O, həm də istedadlı və ümidverici şair kimi tanınmışdı. Lakin Naxçıvanda sovet hakimiyyəti qurulmasından sonra Şeyx Məhəmməd Rəsizadənin qələmə aldığı şeirlər totalitar rejimi qane etmədiyindən birmənalı qəbul edilmirdi.

Şeyx Məhəmməd Rəsizadə qardaşı Hüseyn Cavid həbs ediləndən sonra göz altına alınmış, məqalə və şeirlərinin qəzet və jurnal səhifələrində verilməsinə qadağa qoyulmuş, təzyiq və təqiblərə dözməyərək 1939-cu ildə vəfat etmişdir. Əvəz Sadıq da Şeyx Məhəmməd Rəsizadə kimi müəllimlik edər, "Şərq qapısı"na şeirlər yazardı. 1926-1927-ci illərdə o, ilk şeirlərini dərc etdirdiyi "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində çalışır, qəzet səhifələrində ədəbi qüvvələrə geniş yer verirdi. 1927-ci ildə Əvəz Sadıq "İnqilab və mədəniyyət" jurnalına məsul katib təyin edilmiş, həmin vaxtdan etibarən fəaliyyətini Bakıda davam etdirmişdir. Əvəz Sadıq həmişə fəal yaradıcılıqla məşğul olmuşdur.

Ordubadlı Əbdül Kazım Naxçıvan ədəbi mühitinin geniş yaradıcılığa və dünyagörüşə malik şairlərindən biri kimi yaddaşlarda qalmışdır.

XX əsrin 30-cu illərinin sonunda Əbülfəz Abbasquliyev, Adil Babayev, İslam Səfərli, Hüseyn Razi, Həsən Elsevər, Kazım Ziya, Hüseyn İbrahimov və digər yazarlar ilk qələm təcrübələri ilə ədəbi aləmə qədəm qoymuş və Naxçıvanda ədəbi mühitin daha da canlanması və formalaşmasına böyük təsiri ilə seçilmişlər. Göründüyü kimi, Naxçıvanda mətbuatın yaranmasından ötən iyirmi il ədəbi mühitdə inkişafa səbəb olmuş, mətbuatda isə yeni imzaların, təşəbbüslərin, novator fikirlərin yaranması ilə nəticələnmişdir.

 

Surə SEYİD

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.29.