Bir məhəllənin
insanları
Yaşasaydı, Tofiq Qəhrəmanovun
bu il
75 yaşı tamam olardı. Əfsus ki, istedadlı
yazıçının ömrü
54 yaşında qırıldı.
Tənqidçi, alim Tehran Əlişanoğlu
"Azərbaycan. Yeni
nəsr" kitabına
belə bir epiqraf qoyub:
"Ədəbiyyat təsəvvürlərimin
təşəkkülündə əsaslı rol oynamış 60-cı illər
nasirlərinə, məxsusən
Anara və bir də bu
ünvanı, bu yolu mənə tanıtmış ilk müəllimim
Tofiq Qəhrəmanova
ithaf edirəm".
Bu günlərdə "Ədəbiyyat qəzeti"ndə
dərc edilmiş və T.Qəhrəmanovun yubileyinə həsr olunmuş yazısında
Tehran mərhum Tofiqin ona oxumağı məsləhət gördüyü
çağdaş şairlərimizin
və nasirlərimizin
adlarını da çəkir.
Yeri gəlmişkən
onu da deyim
ki, Tofiq bir neçə hekayəsini Tehran Əlişanoğluna
ithaf edib.
Tofiq Qəhrəmanovu
mən də yaxşı tanıyırdım,
hekayələrini oxumuşdum,
xoş münasibətlərimiz
vardı. Arxivimdə onun mənə
yazdığı səmimi
məktubları durur.
Tehran Əlişanoğlu mənə Tofiqin çap olunmamış hekayələrindən və
povestindən ibarət
bir qovluğu gətirdi, ön söz yazmağımı
təklif etdi. - Ön
söz də yazaram, bu kiçik
kitabını çap
da edərik - dedim.
Budur, Tofiq Qəhrəmanovun "Aydın
oxunan möhür"
hekayələr, povest"
əlyazması qarşımdadır. Diqqətlə oxuyuram, qeydlər edirəm. Tofiqin təsvir etdiyi
hadisələrin zamanı
və məkanı haqqında, canlandırdığı
personajlar barədə
düşünürəm.
Tofiqin təsvir
etdiyi böyük hərflə zaman müstəqilliyimizin ilk illəri,
ictimai, iqtisadi, siyasi həyatımızın
çətin dövrüdür. O vaxt Azərbaycan üç çətin problemlə üzləşmişdi. Faktiki olaraq
böyük imperiyanın
əyaləti olmaq statusuyla vidalaşıb, müstəqilliyini elan etmişdi. Totalitar rejimdən demokratlaşma
dövrünə, çoxpartiyalılıq,
senzurasızlıq, söz
azadlığı mərhələsinə
qədəm qoymuşdu.
Planlı təsərrüfatdan bazar iqtisadiyyatına, daha açıq desək, yalançı
"sosializmdən" doğruçu
kapitalist sisteminə keçməkdəydi. Bütün Sovet
respublikalarının keçdiyi
bu yolu Azərbaycan
həm də Ermənistanla Qarabağ müharibəsi şəraitində
gedirdi. Mənim sözüm deyil,
kimsə çox dəqiq deyib ki, sovet təbliğatı
bizə sosializm haqqında nə deyirdisə hamısı yalan çıxdı, amma kapitalizm haqqında nə yazmışdısa doğru
imiş. 90-cı illərdə
"vəhşi kapitalizmin"
bütün eybəcərliklərinin
şahidi olduq - cəmiyyətin sərt qütbləşməsi, bir
tərəfdən, Allah bilir
hansı yollarla hədsiz maliyyə imkanlarına malik olan oliqarxlar, biznesmenlər, varlılar...
O biri tərəfdən,
bir qarın yeməyə möhtac qalmış kasıblar, biçarələr, bu dövrü əlahiddə
əzabla yaşayan ziyalılar - orta və ali
məktəb müəllimləri,
həkimlər, alimlər
- sıravi insanlar. Tofiq Qəhrəmanov personajlarını
məhz bu zaman kəsiyində təsvir edir.
Tofiqin nəsrində
böyük hərflə
məkan isə Bakının hündür
bir yeridir. Bura dilimizdə
Yuxarı Dağlıq
küçəsi, rus
dilində Verxni Naqornı adlanır.
Bura Azəri türkcəsində
Dağlı məhləsi
də deyirlər.
Buranı indiyəcən həm
rus, həm Azərbaycan dilində bir küçənin adıyla - Sovetski kimi tanıyırlar.
İndi bu böyük sahənin demək olar ki, bütün
nimdaş, köhnə,
bir, ya iki
mərtəbəli evləri
sökülüb, yerində
park salınıb. Son zamanlaracan uçuq bir divarın üstündə kimsə
əllə böyük
hərflərlə "Əlvida,
Sovestki" sözlərini
yazmışdı.
Tofiqin qəhrəmanları
məhz bu Zaman kəsiyində -
90-cı illərdə, bu
Məkanda yaşayır,
əzab-əziyyət çəkir,
sevir, dalaşır, barışırlar. Müəllif hekayələrinin demək
olar ki, hamısını məhz
bu məhəllənin
sakinlərinə həsr
edir və ithafını xüsusi vurğulayır:
Bütün ömrü boyu Bakının Yuxarı Dağlıq küçəsinin
darısqal mənzillərində
yaşayan, yavan çörəyə möhtaclıq
şəraitində də
vicdanını ləkələməkdən
qoruya bilən qeyrətli-cəfakeş ziyalılarımıza.
Digər hekayələrə də
bu sayaq ithaflar qoyulub. İthafında:
"Güzəranının ən çətin məqamlarında belə insan ləyaqətindən
özgə arxa-dayaq tapmayan yurddaşlarımıza"
sözləri verilmiş
hekayədə də,
başqa yazılarda da ehtiyacın, maddi çarəsizliyin ən müxtəlif bəlirləri qələmə
alınır. Balalarını
ac qoymamaqçün özləri
yalnız soğançayla
qurdlarını öldürən
valideynlər, ehtiyacın
hətta intim ər-arvad münasibətlərinə
təsiri, binəva qocalar, kasıblıqdan qovrulan qadınlar, çarəsiz kişilər,
uşaqlıqları əllərindən
alınmış çocuqlar
- Tofiq Qəhrəmanovun
personajları bütün
bu əlacsızlıqlarla
üzləşsələr də ləqayətlərini
itirməmiş insanlardır.
Uzun, keşməkeşli bir ömür yaşamış
veteran yeni - praqmatik nəslin nümayəndəsi
olan oğlunun belə tövsiyəsini eyninə almır, şərəfinə xilaf
olan güzəştə
getmir.
Amma şərəflərini,
ləyaqətlərini, namuslarını
ən dözülməz
şəraitdə belə
qoruyanlara qarşı
yumurtadan yun qırxan möhtəkirlər,
rüşvətxorlar, harama
satılmışlar durur. Kiçik
bir pul mükafatını
almış adamın
- bütün bu məbləği - qəpiyinəcən
- müxtəlif mövqeli
- kiçikdən böyüyəcən
- umanlara paylamalı olan gəncin sərgüzəştləriylə tanış olarkən bilmirsən güləsən, ya halına acıyasan... Təəssüf ki, bütün
bunlar həqiqətdir,
doğrudur. Tofiq də
bu dözülməz Doğrunu, bu acı Həqiqəti həssas və ağrıyan bir ürəklə qələmə
alır.
Kitaba daxil olan "Simfonik muğam" povesti tamamilə başqa səpkidədir. Sırf realist üslubda yazılmış
hekayələrdən fərqli
olaraq povest lirik-psixoloji ahəngə köklənib. Həm musiqiyə,
həm insan münasibətlərinə, sevgi
motivlərinə həsr
olunmuş povestdə dəqiq yazıçı
müşahibələri çoxdur.
Amma elə bil əsər
tamamlanmamış, sona
yetməmişdir. Bilmirəm, müəllifin
bu povesti bitirməyə ömrü
çatmayıb, ya əsər elə belə də düşünülmüşdür - yəni təsvir edilmiş kolliziyadan qəhrəmanların necə,
nə şəkildə
çıxacaqları oxucunun
ixtiyarına buraxılır.
Əgər belədirsə bu
da, şübhəsiz,
maraqlı ədəbi
priyomdur.
Tofiq Qəhrəmanovun, son dərəcə
təvazökar, son dərəcə
iddiasız, amma çox istedadlı yazıçımızın ömrünün
belə qısa olmasına təəssüflənsəm
də, düşünürəm
ki, bu ömür
müddətində belə
oxuculara dəyərli
nəsr örnəkləri
bəxş edə bilib.
Yazıçılıq peşəsinin ən əsas məqsədi elə budur da!
ANAR
Ədəbiyyat qəzeti.- 2021.-
10 iyul.- S.2.