ÖLÜNÜN QEYDLƏRİ

 

"Vəziyyət ruscadır"

 

Atam "Usta və Marqarita"dan yazmağa icazə vermir. Ötən il birtəhər qılığına girib yeni layihəmdə kömək etməsi üçün razı salmışdım. Çölə çıxma qadağası, karantin rejimi, təzə virus və qatı açılmamış ştamların, Hiçkokun belə ürəyini üzə biləcək mutasiyaların ab-havasında kitab oxumaqdan və sənət haqqında düşünməkdən savayı, xilas yolu görmürəm. Ona görə atamla bəyəndiyimiz əsərləri müzakirə etmək və bəlkə sonucda nə isə yazmaq niyyətimiz vardı. Böyüyün təklifi ilə Bulqakovdan başladıq və elə bu qarmaqarışıq zamanda atam təzə problem də tapdı; "Usta və Marqarita"dan yazmaq və ümumiyyətlə, bu əsərə aid hər hansı iş görmək bədbəxtlik gətirirmiş. Uzun bir siyahı da varmış, hansısa şəkildə romanla bağlı olan adamların başına pis hadisələr gəlib zaman-zaman...

Ona görə atam bu əsərə əl qoymağı qəti qadağan elədi. Qanım qaraldı, ovqatım da pozuldu, istədim bir üsyan qaldırım. Axı yaradıcı adamın azadlığına toxunmaq olmaz, mən nədən istəsəm, yazmalıyam. Ailəmizdən ibarət (əlbəttə, atam xaric!) kiçik bir dəstə düzəldib otağının qabağında plakatlarla piket keçirmək və tələblərimizi irəli sürmək də planlayırdım. Əvvəlcədən maraqlı şüarlar da hazırlamışdım: "qələm buxov tanımaz", "inanclar sənətin düşmənidi", "ustalar və marqaritalar kölgədə qalmamalıdı", "Tükəzbanları neylərdin, İlahi", "Get ay batandan sonra gəl..." oy, deyəsən, hissə qapılıram axı. Amma məsələ burasındadır ki, atamın səmimi qəlbdən narahatlığı da əsassız deyil. Kimin bu əsərdən hansı ziyanlar çəkdiyini araşdırmamışam... Onu dəqiq bilirəm ki, Mixail Bulqakov özü yazdıqlarına görə çox sınaqlardan keçməli olub. Əlbəttə, Osip Mandelştam kimi repressiyaya uğramayıb və ölümündən sonra bəraət almayıb. Lakin o, ömrü boyu hansısa şübhələrin əsas obyekti olub... Onu tez-tez təftiş ediblər, çək-çevirə salıblar, sorğu-suala tutublar, adı qara siyahılara düşüb, pyesləri qadağan, əlyazmaları müsadirə olunub. 1925-ci ildən sonra bircə dənə də olsun irihəcmli əsəri işıq üzü görməyib. Sağlığında heç bir pyesi çap olunmayıb, təxminən 1960-cı ilə qədər o, faktiki yox kimi idi mühitdə. Amerikalı araşdırmaçı "Ədəbi dullar" kitabının müəllifi Karl Proffer yazır ki, o zamanlar bu cür adı qara siyahıda olan sənətkarlarla bağlı hər hansı araşdırma aparmaq, arxivlərə baş vurmaq, materiallar əldə etmək mümkünsüz imiş. Ona görə dünyasını dəyişmiş bu cür yazıçı-şairlərin xanımları ən yaxşı (bəlkə yeganə!) məxəz, ən gözəl arxivarius sayılırmış. Yəqin, elə Bulqakov özü də irsini xanımı Yelena Sergeyevnaya (üçüncü ailəsi və ilham pərisinə) tapşıranda ölümündən sonra baş verəcəkləri təxmin edirmiş. Sonralar Yelena Sergeyevna yazıçının ömrünün son günlərində, xəstəliyinin kəskinləşdiyi bir vaxtda əlyazmalarına görə, onların gələcək taleyindən ötrü necə nigaran olduğunu yazırdı. Artıq nitq qabiliyyətini itirmiş yazıçı əl işarəsi ilə, gözlərinin ifadəsiylə nə isə çatdırmağa çalışırmış xanımına... Yelena isə onu yaxşı tanıdığı üçün mövzunu yayındırırmış: Nə istəyirsən?! Limonlu su?! Şirin çay?! Mixail Afanasyeviç son gücünü toplayıb zorla ikicə kəlmə deyir: "Bəlkə anladılar?!". Yelena Bulqakova yazır ki, bu ifadədən sonra yazıçının çap olunmayan əsərləri ilə necə davranacağını dəqiq başa düşüb. Və məhz bu qadının sayəsində "Usta və Marqarita" ilə yanaşı, digər romanları da işıq üzü görüb.

Nə isə, piket baş tutmadı... Anam - "qonşular nə deyər, ayıbdı" kimi tərbiyəvi söhbətlərlə yola gətirdi məni. Görünür, yaradıcı adamın hay-küyü, üsyanı elə qonşuların eşitdiyi yerəcəndi. Özümü sındırmadım, axı yazıçının ağrısını, düşüncələrini duymaq üçün ən məşhur əsərini təhlil etmək mütləq deyil... Və mənə görə Bulqakov yaradıcılığında orijinal, problemli məqamları, mövcud mühiti ən təsirli ifadə edən əsərlərindən biri "Teatral roman"dır. Başına gələnləri, dramaturq kimi yaşadıqlarını, yaradıcı mühitin hər üzünü son dərəcə gülməli intonasiyada qələmə alan müəllif əslində dövrün portretini yaradıb. Amma gülə-gülə...

Yazıçı bu əsəri 1936-cı ildə yazmağa başlayıb. Hərçənd, hələ 29-cu ildən Yelena Bulqakovaya ünvanladığı "Gizlin dosta" adlı epistolyar roman yazmışdı və elə həmin əsərində də dramaturq kimi başına gələnləri gen-bol danışmışdı. 1930-cu ildə isə həmin cızmaqaralarının əsasında "Teatr" adlı əsərini yazıb, amma çox keçməyib ki, onu da yandırıb. 6 il sonra isə onun dramaturq kimi sıxışdırılması məsələsi yenidən aktuallaşanda, MXAT-la birdəfəlik üzülüşəndə bu mövzuya qayıdır və "Teatral roman"ını qələmə alır. Yelena Sergeyevnanın gündəliklərində romanın adı "Ölünün qeydləri" kimi yazılıb. Bu adla müəllif sənət aləmində "ölmüş" adamın müşahidələrinə diqqət çəkir. Lakin 1965-ci ildə "Novıy mir"də işıq üzü görəndə konyunktura "Teatral roman" adına üstünlük verir... Əsəri oxuduqca, onun araya-ərsəyə gəlmə tarixçəsinin qəlizliyi təəccübləndirir adamı. Axı burda qorxulu nə var ki, müəllif uzun müddət tərəddüd edib yazmaqda, bitirə bilməyib və belə çətinliklə çapa gedib roman?!

Məsələ burasındadır ki, əsərdə gülünc vəziyyətlərə salınan qəhrəmanların demək olar, hamısı real mühitdən götürülmüş obrazlardı. Sovet ədəbiyyatşünaslığı bütün prototipləri aşkara çıxarıb. Vikipediyalarda, əsərlə bağlı araşdırmalarda uzun siyahılar var... Stanislavski, Nemiroviç Dançenko, Aleksey Tolstoydan tutmuş, teatr və ədəbiyyat mühitinin az qala hər bir üzvünə eyham vuran məqamlar, hadisələr əks olunub burada. Və situasiyalar əsasən yumorla təqdim olunduğu üçün bu adamlar da gülüş obyektidirlər...   

Təsadüfi deyil ki, Soljenitsın "Mənim Bulqakovum" məqaləsində bu əsərin həm gülməli, həm də bioqrafik olduğunu xüsusi qeyd edir: "İstisna etmirəm ki, yazı manerasında o, mübariz inqilabaqədərki yumoristlərdən bəhrələnib. Çox vaxt - gülməli, təbəssüm yaradan məqamlar uzun müddət bizi tərk etmir. Hərəsinin çəkisi bir azacıqdır, amma birlikdə fasiləsiz enerji yaradırlar. Ən böyük uğur odur ki, qəhrəman yumoristik şəkildə kiçildilib. Görünür, bütün yazıçı mühiti elə buna layiqdir. İzmail Bondarevski (A.N.Tolstoy) çox gözəldi, Paris haqqında tüpürə-tüpürə danışdıqları, Baklajanovun qapısında yaşadıqları ilə gülməlidir. Müstəqil teatra qarşı qalereyaya uğunub getməmək mümkün deyil. Nemiroviç də əladı... Mxat metodunu ələ salması, Stanislavski məşqlərinin yəqin, bir az şişirdilmiş dolanması gülməlidi, həm də inandırıcı. Ümumiyyətlə, Bulqakovun real həyatını bildikdən sonra bu əsərdə avtobioqrafik məqamların nə qədər çox olduğunu görürsən, amma bunlar hamısı ustalıqla yazılıb, şən formada təqdim edilib".

Amma bütün bu şənliyin, gülməli ab-havanın içərisində təsirli olan, daha doğrusu, üsyankar ovqat yaradan əsərin qəhrəmanı yazıçı-dramaturq Maksudovun durumudur. Bu yazıq yazıçının "Qara qar" adlı romanı ilə birgə çəkmədiyi zülüm, yaşamadığı problem qalmır. Romanı nəşriyyatlardan geri qaytarılır, çapa verildikdən sonra jurnalın nüsxələri məhv edilir, sonra əsər əsasında pyes sifarişi alsa da, yenə ideyasının reallaşması əngəllənir. Maksudov obrazı ilə özünə və yaşadıqlarına ironiya edən Bulqakov bir neçə detalla mühitin yaradıcı adamı necə aşağıda tutmasını, onun hüquqlarının sıfıra endirilməsini göstərir. Misal üçün, Maksudov Müstəqil teatrda pyesinə quruluş verilməsi ilə bağlı müqavilə bağlayanda bütün şərtlər "müəllifin ixtiyarı yoxdur" ifadəsi ilə bitir. Həmçinin ara-sıra "müəllif borcludur" kimi hökmlər də razılaşmanın əsasını təşkil edir. Elə bu şərti ifadələr yazıçı "hüquq"larını dəqiq göstərir.

"Teatral roman"ın mənə görə ən üstün cəhəti müəllifin özünə ironiyasıdır. Maksudovun Esxil, Sofokl, Şiller, Lope de Veqa, Ostrovski kimi müəlliflərin adları ilə yanaşı özünü görməsi və "Qara qar" əsərinin afişasından sevinməsi bu mənada çox xarakterikdir. Nə yazıq ki, bədbəxt Maksudov məşqlərə gündə bir kostyum, köynək geyinib gəlsə də, özünü İvan Vasilyeviçə (Stanislavski) bəyəndirə bilmir. Çünki özü də mətni bir kənara qoyub aktyorlara etüd göstərən, onlara immitasiyalar öyrədən rejissora nifrət edir. Axı hansısa olmayan pulqabıdan xəyali pulları götürüb saymağın "Qara qar"a nə dəxli var?!

Bulqakov "Teatral roman"ı ləzzətlə və əzabsız yazdığını deyirmiş. Elə eyni qaydada, eyni ovqatda oxunur əsər və sənətin yazılmamış qanunları haqqında düşündürür. Bütün zülmlərə və məhrumiyyətlərə baxmayaraq Bulqakov rus nəsrinin klassiki kimi tanındı, sevildi, az qala dünyanın bütün əsas dillərinə çevrildi. Amma elə əsərində məşq prosesini, estetikasını lağa qoyduğu Stanislavski də yeni bir məktəbin əsasını qoydu. Müasirləri deyirdilər ki, Bulqakovun bu əsəri sənətə dəli sevgisinin təzahürüdür. Yəni artıq 30-cu illərdən sonra sənətin siyasətin təsiri altına düşdüyün, rejimə xidmət etdiyini anladığı üçün  qələm alıb. Hətta əsəri gerçək sənət üçün, teatr üçün elegiya kimi qiymətləndirənlər də vardı. Zaman isə başqa nəticələri qabartdı... Göstərdi ki, sənət təkcə gündəmi əks etdirmir, həm də öz taleyini yaşayır və bu talenin hara aparıb çıxaracağını təxmin eləmək çətindi. Artıq dediyim kimi, zamanında gülməli karikatura təsiri bağışlayan məşqlər bir məktəbə çevrilə bilər, yaxud da böyük, tarixi iş kimi qələmə verilənlər beş addım sonra heç olar. Bütün zamanlarda aktuallığını itirməyən yeganə obyekt isə insandı. XX əsr iki dünya müharibəsindən sonra sənəti insana bir az daha yaxın getməyə, onun dərinliklərinə enməyə, indiyəcən danışılmayan, ya da üstüörtülü deyilən hisslərindən söz açmağa vadar edirdi. Axı insan təkcə zamanın tərkibi deyil. Həm də qorxulu, gizlin, hətta dəhşətli duyğuların toplusudu. Nabokov istər mühazirələrində, istərsə də bədii əsərlərində bunu önə çəkməyə, anlatmağa çalışırdı. Misal üçün elə Tolstoydan ən çox dəyərləndirdiyi əsərin "İvan İliçin ölümü" olması bu yanaşmasının təzahürüdür... Dünyanı bircə adamın düşüncəsi, hissləri, qorxuları, sapıntıları ilə öyrənmək daha maraqlı imiş... Sözü uzadıram ki, gələn yazıda "Lolita"dan danışacağımı dərhal açmayım. Əsas odu, atam bilməsin; kefimi pozacaq mövzular, qanımı qaraldacaq işlərdən uzaq durmağım lazımdı. Doğrusu, Bulqakovun taleyi və "Teatral roman"ın ətrafında düşünəndə bir həqiqəti də anlamaq olur. Yaradıcılıq heç zaman rahat ola bilməz... Hətta şöhrət, maddiyyat və nüfuz da bu narahatlıqları ört-basdır etmək gücündə deyil. Necə ki, Nabokov... Yaxşı, bura qədər bəsdi, gələn dəfə atamdan gizlin bir faktı da deyəcəm!

 

PƏRVİN

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.6.