UÇURUM
Yeni romandan parça
Təbriz, XVI əsr
Karvan ağır-ağır şəhərə
yaxınlaşırdı. Dünəndən bəri
bu tərəflərdə görünməmiş istilər
düşmüş, şəhər qaynar qazana
dönmüşdü. Bir-iki gün əvvələ qədər
civiltilərindən qulaq tutulan quşlar birdən-birə
havanın sərt dəyişməsindən qanad salırdılar. Hərə özünü bir kölgəyə
vermişdi. Belə istilərdə
susatanların alveri yaxşı gedirdi. Çatana
su təklif edirdilər. Şəhər
qapısı ağzında uzun növbə
yaranmışdı. Kim şəhərə
girmək istəyirdisə torbaları, arabaları,
xurcunları hökmən yoxlanılırdı. Darvaza qorçiləri heç kimin xahişinə,
minnətinə fikir vermədən hər şeyə diqqətlə
baxır, sorğu-sual edir, əgər şübhələnirdilərsə
bir də yoxlayırdılar.
Arada
qorçilər əllərindəki nizələri
şübhələndikləri çuvallara, tuluğlara
batırır, içindəki ləvazimatların nə
olduqlarını bildikdən sonra
qışqırırdılar:
-
Keç içəri, sıxlıq yaratma. - Arada hədə-qorxu
da gəlirdilər. - Ləngimə, yoxsa geri qaytararam.
Şəhərə girmək istəyənlər tez-tələsik
əşyalarını yığışdırıb dua edə-edə
içəri daxil olurdular.
Şahın xüsusi mühafizəsi olan bu qorçilər
yalnız onun fərmanını icra edirdilər. Şahdan başqa heç kim onlara əmr verə bilməzdi. Əynindəki geyimlərdən bəlli olurdu ki, bu
gün növbədə hansı tayfadandır. Yalnız başlarındakı qırmızı rəngli
on iki sarıqlı çalmaları dəyişmirdi. Hər
adam bu mühafizəyə düşə
bilməzdi. Say-seçmə igidləri şah
şəxsən özü seçirdi. Qorçilərin
şaha sədaqətləri sonsuz olurdu. Onlara məhz
çalmalarına görə qızılbaşlar deyirdilər...
Karvan sahibi Varpet Heratdan gəlirdi. Tərini əlindəki qara
çitlə silə-silə öz-özünə deyinirdi:
- Bu zəhrimar
isti bizi lap əldən saldı. İsfahanda
heç dincələ bilmədik. Hamama
girib-çıxmağımız bir oldu. - Katalikosun
qarasınca deyindi. - Bu zalım oğlu da gündə bir
tapşırıq göndərir. Öz ticarətim
qalıb bir yanda, onun göstərişlərinə əməl
etməklə məşğulam. - Arxaya
çönüb İsfahanda karvana qoşulan qızlara
baxdı. Dəvə üstündə
oturanların üzləri açıq idi. Gözlərindən
od yağırdı. Arada ona
da göz-qaş eləmişdilər, ancaq indi belə işlər
heç yadına da düşmürdü. Həm də qızları saray divanbəyinə
çatdırmalı və katalikosun məktubunu ona verməliydi,
üstündə də qiymətli hədiyyələr.
Nökəri
atını çapıb ağasının atının bərabərliyinə
gəldi, tərini silib dilləndi:
- Ağa,
Təbrizə az qalıb. Bir az qorxuram.
Varpet
acıqlandı:
- Sənə
min dəfə demişəm, ikimiz olanda məni
"dayı" deyə çağır. "Ağa"
sözünü türklərin yanında de, qoy bilməsinlər
bacım oğlusan. Heç bilirsənmi, sənin
ananı o türk olan "eşşəyə" necə bəh-bəhlə
ərə vermişik. - Diqqətlə bacısı
oğluna baxdı. - Dediklərimizə əməl etsən, sənə
də bir türk qızı alarıq.
Bacıoğlunun
üzünün ifadəsi dəyişdi:
- Hə
dayı, düz deyirsən. Onsuz da anamın erməni
olduğunu heç kim bilmir.
2
Hər
yerdə özünü müsəlman qadını kimi
aparır, amma sənin adını eşidəndə az qalır özündən getsin. Hər dəfə
mənə deyir ki, dayının sözünə qulaq as.., -
sözünü bitirə bilmədi...
Qala divarlarına çatanda qorçinin səsini
eşidən kimi söhbəti kəsdilər. Qorçi
durmadan qışqırırdı.
- Dur! Atlardan, dəvələrdən, eşşəklərdən
düşün. Karvanbaşı
qorçibaşının yanına!. Şəhərə girmək üçün
torpaqbasdı haqqını hazırla.
Dəvələri "xıx" deyib yerə
otuzdurdular, yükləri düşürdülər. Karvanbaşı
özünü kölgəyə verən qorçibaşına
yaxınlaşdı. Onu çoxdan
tanıyırdı. Salam verdi:
- Hər
vaxtınız xeyir olsun, Natiq bəy! - Təəccüblə
salamına əlavə etdi: - Bu nə hay-küydür, bəy?
Heç Təbrizdə belə şey görməmişdim.
Nə olub?
Qorçibaşı
onun salamını aldı, amma sualına cavab vermədi, əvəzinə
özü soruşdu:
- Hardan gəlib,
hara gedirsiniz, yükləriniz nədir, kimindir?
Karvanbaşı
sualına cavab almadığı üçün tutuldu, amma
dərhal cavab verdi:
- Karvan mənimdir,
yüklər isə erməni taciri Varpetindir. Yüklərdə
nə var az-çox məlumatlıyam, ancaq tam dəqiqini o bilər.
Heratdan gəlirik, yolda İsfahanda dincimizi
aldıq.
Natiq bəy
gülümsündü, sonra soruşdu:
- Şah Təhmasibin fərmanı Herata, İsfahana gəlib
çatmayıb? - Əsgərinə göstəriş verdi:
- Erməni tacirini tez çağır bura.
Qorçi tələsik düşərgə salan
karvanın içinə girdi, bir azdan Varpeti qabağına
salıb gətirdi. Varpet onu görən kimi üzünün ifadəsi dəyişdi,
yaltaqcasına başını aşağı əydi, təzim
edərək dedi:
- Hörmətli
bəyə salam olsun. Biz
torpaqbasdımızı həmişə artıqlaması ilə
vermişik. Bilirsiniz ki, divanbəyinin bizim
haqqımızda xüsusi tapşırığı var, vergidən
də azadıq.
Qorçibaşı onun dediklərini bilsə də bir
söz demədi. Ayağa durub tökülmüş
yüklərə tərəf addımladı. Qorçilərdən dörd nəfər,
karvanbaşı və tacir Varpet də onun ardınca getdi.
O, yüklərin arasında gəzə-gəzə gəlib
iki erməni qızının yanında dayandı, onlara diqqətlə
baxıb, üzünü tacirə tərəf tutdu, baş
barmağını qadınlara tuşlayıb soruşdu:
- Bu
qızların üzləri niyə açıqdır? Məgər cəzalanmaqdan qorxmursan?
Tacir yenə
şirin dilini işə saldı:
- Ağa,
bizim dinimiz buna icazə verir. Həm də... -
bir qədər duruxub əlavə etdi, - bu cariyələr
xüsusi olaraq divanbəyi üçündür. Şəxsən katalikos özü bu cariyələri
divanbəyinə peşkəş göndərib.
Bəy
atmaca atdi:
- Məgər
katalikos İsfahanda oturur?
Varpetin
dili topuq vursa da güclə dilləndi:
- Yoox,
ancaq İsfahandakı erməni qızları çox gözəl
olur. Bu səbəbdən cariyələri
İsfahandan aldım. - Daha demədi ki, bunlar xüsusi
hazırlanmış qızlardır və heç də cariyə
deyillər. - Bir ətək pul verdim.
3
Qorçibaşı
divanbəyilə üz-üzə gəlməmək
üçün bir söz demədi, göstərişini də
verməyi unutmadı:
-
Qızlara çadra verin başlarını örtsünlər,
yoxsa təbrizlilər belə şeylərə yaxşı
baxmırlar. - Qara rəngli uzunboğaz çəkməsinin
böyründən qırmancını çıxardıb
sağ ayağına vuraraq şaqqıldatdı. Bu zaman Varpet bacıoğluna göz elədi ki, bəs
qızlara çadra ver. O da tələm-tələsik yüklərin
arasından bir cüt çadra götürüb qızlara tərəf
qaçdı. Bütün olanları
müşahidə edən Natiq bəy əsas məsələyə
keçdi.
- İndi de görüm, yüklərin nədən ibarətdir? Şah Təhmasibin
xüsusi fərmanı var. Bu fərmana görə, səltənətdə
şərab, tiryək, nəşə, bir sözlə,
bihuşdurucular qadağan olunub. Kim
padşahımızın əmrini pozarsa, ciddi cəzalanacaq, hətta
bu onun edamına qədər gedib çıxa bilər.
Tacirin canına titrətmə düşdü, bədənindən
soyuq tər axmağa başladı. Karvanbaşıya
baxdı, onun da vəziyyəti Varpetin vəziyyətindən
heç də yaxşı deyildi. O da cəzalana bilərdi.
Canını qurtarmaq üçün tez dilləndi:
- Bəy,
bayaq sizə dedim axı, doğrusunu tacir bilər, tam dəqiqliklə
məlumatım yoxdur. Qoy özü söyləsin.
- Bu sözləri deyəndən sonra dərindən nəfəs
aldı və nəzərlərini tacirdən çəkmədi.
Qorçibaşı
bir qədər əsəbləşdi:
- A kişi, nə ötür-ötür oyunu
oynayırsınız? Soruşdum ki,
yükün nədir. Tez dillən, yoxsa əmr
edərəm, sizi yaxşıca şallaqlayarlar.
Varpet əlindəki
qara dəsmalla boynunu, boğazını, üzünü
sildi, özündə təpər tapıb dilləndi:
- Nə
olacaq ki, ağa? Qumaş, sabun, küplərdə yağ, daha nə bilim, xırım-xırda
şeylər. Təbrizdə nəyə tələbat
varsa, onu da gətiririk.
Qorçibaşı divanbəyinin adını eşidəndə
əvvəl istəmişdi ki, karvanı şəhərə
buraxsın, çünki onun məkrlərindən sarayda
çox danışırdılar. Hamını bir-birinə
vurmağı, dalaşdırmağı, küsdürməyi
bacarırdı. Axırda da özü
hakim sifətində məsələləri yoluna qoyurdu, guya
o, yaxşıdır, ədalətlidir. Şahın
da yanında bu səbəbdən etimad qazanmışdı.
Düşünmüşdü ki,
ağrımayan başına niyə dəsmal bağlasın.
Bunlarla rəftarını onsuz da gedib ona
çatdıracaqlar. Bir halda ki, erməni
qızlarını aparıb divanbəyiyə təhvil verəcəklər,
o zaman bu yoxlamanın da nəticəsini ovcuna qoya bilərlər.
Bu isti də zəli kimi canımızdan
yapışıb, qılınc kimi başımızın
üstündə durub. Sonra baxdı ki,
bunlar özlərini şübhəli aparırlar.
Axtarışa qərar verdi. Fikirləşdi
ki, bir şey tapsam, divanbəyi yanımda gözükölgəli
qalacaq, yox, heç nə tapmasam, deyəcəm ki,
şahın əmridir ki, pozsam cəzalanaram, qorçilərə
qəti qərarını verdi:
-
Bütün yüklər diqqətlə, bir-bir
yoxlanılsın. Özü isə göz
altından karvanbaşıya və tacirə diqqətlə
baxır, hər hərəkətini izləyirdi. Karvanbaşı özünü sakit aparırdı,
görünür, çox şeydən xəbəri yox idi.
Tacir isə hiss edirdi ki, özünə yer tapa bilmir, gah
karvanbaşıya, gah da ona baxır, şübhələri
daha da artırırdı.
Qorçinin biri daha dörd nəfəri qaladan
çağırdı. Onlar gələnə qədər tacir Natiq bəyi ələ
almağa bir də cəhd etdi:
4
- Ağa,
bəlkə razılığa gələk, hə? Havanın
bu istisində biz yol gəlib yorulmuşuq, siz də...
Qorçibaşı onun sözünü kəsdi, həm
də "razılığa gələk" deyirsə, deməli,
torbada pişik vardı. Tam əmin olmaq üçün dilləndi:
-
Razılığa necə gələ bilərik, - səsini
yumşaltdı, - nə təklif edirsən, tacir ağa?
Varpet
işi düzüb qoşmaqda usta idi. Gözlərində
ümid işığı parıldamağa başladı,
canından titrəmə çəkildi. Şirin dilini
işə saldı:
- Ağa,
bax, bayaq gördüyün o cariyələrdən birini verirəm
sənə. Divanbəyinə deyərəm biri
düzəldi, ikincisini də gələn dəfə gətirərəm.
Natiq bəy başa düşdü ki, bu erməni taciri
onu yaxşıca tələyə salmaq istəyir.
Buraxacam, gedib divanbəyinə çatdıracaq ki, bəs
qorçibaşı cariyənin birini əlimdən aldı,
özü də ən gözəlini. Di gəl,
bunun vəbalını şahın qarşısında yu
görüm, neçə yuyursan.
Üzünə
ciddi görkəm verib dedi:
- Ay erməni,
bu boyda cariyəni çuvalda gizlətmək olar? Sən nə danışırsan? Yox, aşna,
keçəl suya getməz! Qonşuya ümid
olan şamsız qalar.
Sövdələşmə baş tutmurdu. Tacir türklərin zəif
yerinə keçdi:
- Bəlkə
qızılla razılığa gələk? -
Qurşağından bir kisə çıxardıb əlindən
bir qədər yuxarı atdı. Kisə
sehrbazın əli kimi qayıdıb öz ovcuna
düşdü. Fəxrlə dilləndi: - Hə, buna nə
deyirsən? Qorçilərin pul alması
heç günah deyil. Eşitmişəm
ki, şah həzrətləri bəzən aylarla
maaşlarınızı vermir. - Arxayın şəkildə
soruşdu. -Razılaşdıq? Sən bunu
götürürsən və Təbrizin qapılarından
bizi sərbəst içəri buraxırsan.
Qorçibaşı tam arxayın oldu ki, bu işdə
qaranlıq məsələ var. Bu erməni taciri ya onu
tuzağa salıb, sonra özünə işlətmək istəyir,
ya da şahın qadağa etdiyi şeylər var. Əminliklə
hər iki əlinin baş barmağını kəmərinə
keçirdi.
O biri barmaqları ilə kəmərini üstdən döyəcləyərək
soruşdu:
- Bilirsənmi,
mürsidi kamilimiz, şahımız sənin kimilər
haqqında nə söyləyib? - Tacir qeyri-ixtiyari olaraq
"yox" dedi. - Söyləyib ki, "Allahın
yandırdığı çırağı püfləyib
söndürmək istəsən saqqalın alışıb
yanar". - Səsini qaldırıb ötkəm səslə
qışqırdı. - İndi sən istəyirsən
ki, mən həm Tanrının, həm də şahın əleyhinə
gedim? Hər ikisinin də mənim
üçün yandırdığı
çırağı püfləyib söndürüm?
- Qorçilərə əmr verdi. -
Başlayın. Şahın əmrindən
çıxmaq Allahın əmrindən çıxmaq deməkdir.
Qorçilər dərhal yükləri ələk-vələk
etməyə başladılar.
Özünü
itirən Varpet göz-qaşla karvanbaşıya işarə
etdi ki, nəsə et. Yoxsa
batdım, əlli-ayaqlı gedəcəm. Karvanbaşı
çiyinlərini cəkdi, yəni "mən nə edə
bilərəm, özün gördün ki, zalım oğlunu
satın almaq mümkün olmadı". Erməni
tacirinə yalnız hadisələri izləmək
qalırdı. Amma o, işin belə getməsinə
biganə qala bilməzdi. Göz-qaşla,
him-cimlə bacısı oğlunu yanına
çağırdı. Bacıoğlu sakitcə,
heç kim hiss etmədən
dayısına tərəf addımladı.
Varpetin yanına çatanda sakitcə böyründə
dayandı.
Erməni taciri yavaş səslə dedi:
5
- Sən
sakitcə, nə qədər ki, bunların başları
axtarışa qarışıb, aradan çıx. Get
birbaşa divanbəyinin sarayına, olanları danış. De ki, əl mənim, ətək onun. Ölmüşəm yerdən qaldıranım
yoxdur.
Bacıoğlu başını sakitcə yellədi. Bir azdan əhali
arasında görünməz oldu.
Qorçilər isə əvvəlcə qumaş
topalarının içini diqqətlə yoxladılar, sonra
bir neçə sandığa əl gəzdirdilər. Hələ ki
bir şey tapılmamışdı. Qorçilərdən
biri dəvələrdən endirilmiş bir neçə iri
küpə yaxınlaşdıqda Varpet gözlərini ondan
ayırmadı. Qorçi ağzı kip
bağlanmış küpün lehimlərini qırdı,
qapağını qaldırıb yerə qoydu. Küpün içinə baxdıqda orada öz əksini
gördü, amma diksinmədi. Çeçələ
barmağını mayeyə batırıb ağzına
aparandan sonra qışqırdı:
-
Yağdı, bəy.
Qorçibaşı
eyni səslə qısqırdı:
-
Qarmağınla küpün dibini yoxla.
Özləri ilə həmişə belə işlər
üçün gəzdirdiyi uzun qarmağı küpün
içinə salmamışdan öncə çöldən
onun dərinliyini ölçüb işarəsini qoydu. Sonra
qarmağı küpün içərisinə saldı.
Qoyulan işarə ilə bu, düzgün gəlmirdi.
Qarmağı axtarışa buraxdı. Bu zaman qarmaq nəyəsə ilişdi. Qarmağı yuxarı qaldırdı. Bu kiçik bir küp idi.
Bu küp
yuxarı qalxdıqca yağ
damcıları sürətlə üstündən
süzülüb əsas yağ kütləsinə
qayıtmağa can atırdı. Yağ damcılarının
səsinə fikir vermədən qorçi
qışqırdı:
- Natiq bəy,
nəsə tapdım.
Qorçibaşı
küplərə tərəfə addımladı:
- Taciri və
karvanbaşını bura gətirin.
Qorçilərdən
biri dərhal adları çəkilən şəxslərin
başlarının üstünü aldı:
- Hə,
tərpənin...
Dünyadan əllərini üzən hər iki nəfər
ayaqlarını sürüyə-sürüyə bəyin
arxasınca getdi.
Natiq bəy qorçiyə yetişən kimi onun əlindən
nümayişkarcasına tutduğu kiçik küpü
aldı, bir qədər silkələdi. Küpü
çalxaladıqca içindən maye səsi gəlirdi.
Lehimləri qırıb qapağı
qaldırdı. Burnuna kəskin şərab
iyi dəyəndə başını geri çəkdi.
- Bu ki
şərabdır,
- dedi və qorçiyə əmr verdi, -
sındır bu küpü.
Əsgər
qılıncın bir zərbəsinə az
qala özü boyda olan küpü yarıya böldü.
Küpün içindəki qara yağ bir
andaca isti torpağın canına hopdu. Ortada isə
on ikiyə qədər kiçik küp qaldı. Hər şey göz qabağında idi.
Natiq bəy
əmr verdi:
- O biri
küpləri də qırın!
Qorçilərdən kimisi qılıncla, kimisi
döyüş baltası, kimisi də nizəsilə bir andaca
qalan küpləri qırdılar.
Maraqlı mənzərə yaranmışdı. Bütün
küplərin içindən birincidəki kimi kiçik
küplər çıxdı.
O
dönüb tacirə baxdı.
6
- Bəs
deyirdin şəhərə yağ gətirmisən?
Bu şərablar nə üçündür,
yaxud kimin üçündür?
Varpet ayaq üstə sanki ölmüşdü. Dili-ağzı
qurumuş, boğazı tutulmuşdu.
Onun
cavabını gözləmədən növbəti göstərişini
verdi.
-
Axtarmaqda davam edin. Əminəm ki, hələ başqa şeylər
də tapacağıq...
Bacıoğlu şəhərə daxil olan kimi
soraqla-soraqla divanbəyinin sarayını axtarıb tapdı. Böyük
bağın qapısında iki mühafizəçi
dayanmışdı. Onlara yaxınlaşıb baş əydi:
- Divanbəyinin
sarayı buradır?
Mühafizəçi
paltarının tozu tərinə qarışmış adama
yuxarıdan aşağı baxdı, ötkəm-ötkəm
dinləndi:
- Sən
kimsən? Çıx get burdan. Bircə bu qalmışdı
ki, divanbəyini miskin adam soruşsun. Get
bazara, ancaq əvvəlcə hamama gir, kirini, pasını
tök, yoxsa darğa da səni bazara buraxmaz.
Hər
iki mühafizəçi ucadan güldü, amma Karapet
özünü itirmədi, onların gülüşünə
əhəmiyyət vermədən dilləndi:
- Mən
heç kiməm, ancaq mənim ağam sənin ağanla
curdular, yəni dostdular. Ağamdan ağana
təcili xəbər gətirmişəm.
Mühafizəçi
yenə inanmadı, növbəti dəfə əli ilə
onun üst-başını göstərib dedi:
- Yəqin,
sənin ağan da tozun, kirin içində
itib batır. Hamama gedəndə ağanı da
aparmağı unutma. Ağanın adı nədir?
Hər ikisi yenə gülüşdü. Bu istehzadan
bacıoğlunun heç tükü də tərpənmədi.
-
Ağamın adı tacir Varpetdir, karvanımız Heratdan gəlib
şəhər qapısının ağzında dayanıb. Əgər belə zarafatlarla vaxtı öldürsəniz,
divanbəyi sizi cəzalandıra bilər. Tez
məni onun yanına aparın.
Mühafizəçilər özlərini
yığışdırdılar. Deyəsən, kirin-pasın
içində adam ciddi
danışırdı, zarafat etmirdi.
Bu zaman
darvaza açıldı, bığıburma
eşikağası zəhmlə soruşdu:
- Burada nə
olub, bu nə gülüşdür? - Bacıoğluya
baxdı. - Bu kimdir?
Mühafizəçilər mil durdular. Biri dərhal cavab verəndə
məsum olduğunu bildirmək üçün, hətta
boynunu da bir qədər yana əydi:
- Ağa,
- əlini Karapetə uzatdı, - tozun-pasın içində
itib batan bu səfil bayaqdan dirənib durub ki, divanbəyini
görmək istəyirəm, təcili xəbər var. Qovuruq
da getmir.
Əslində,
divanbəyi hava isti olduğundan bağçada ağacın
kölgəsində xalça üstə uzanıb darvaza
ağzında olan söhbəti eşidirmiş, Varpetin
adını eşidən kimi eşikağasına
tapşırıq verdi ki, get, onu tez
yanıma gətir.
Eşikağası
mühafizəçilərə tərs-tərs baxıb Karapetə
əmr verdi:
- Gəl
dalımca!
Mühafizəçilər heç nə başa
düşməsələr də bacıoğluna dərhal
yol verdilər.
Divanbəyi
sağ dirsəyini mütəkkəyə söykəmiş,
ayaqlarını irəli uzatmışdı.
Başının üstündə dayanan cavan zənci yelpək
çəkirdi:
7
Karapet xalçanın qırağına çatan kimi
üzü üstə yerə uzandı. Əmirin ayaq
tərəfindən sürünə-sürünə əbasının
ətəyini öpdü.
- Atam-anam
sənə qurban, Varpetin də ata-anası sənə qurban,
elə özümüz də sənə qurban, - dedi. Ətəyi dəfələrlə öpdü.
- Dayım dedi ki, əl məndən, ətək səndən,
ölmüşəm yerdən götürənim yoxdur. Tez özünü çatdır divanbəyinə, əhvalatı
ona danış.
Bacıoğlu bütün bunların hamısını
birnəfəsə deyib susdu, həm də "dur
ayağa" deyilməyənə qədər həmin vəziyyətdə
qaldı.
Əmir Varpetin adını darvaza ağzında olan
söhbət vaxtı eşitmişdi. Bu erməni taciri onun
bir çox qara işlərini görür, onun vasitəsilə
kimlərisə istəyəndə şərləyir, kimisini
özünə işlətmək üçün
rüşvət verdirirdi. Həm də xəbər
aparıb, xəbər gətirirdi.
Divanbəyi
əmr verdi:
- Qalx
ayağa, bayaqdan sızıldayırsan, az
qalır bütün nəslini mənə qurban edəsən.
De görüm nə olub, Varpetin başına
bir işmi gəlib?
Karapet
ağır-ağır ayağa qalxdı, başını
aşağı salıb əlini əlinin üstünə
qoydu və yazıq-yazıq dilləndi:
- Olub
ağa, ağamın başına iş gəlib.
Divanbəyi
yerindən bir qədər dikəldi, təəccüblə
soruşdu:
- Yəni
bu səltənətdə elə bir cəsarətli adam varmı mənim adamımın
başına iş gətirsin?
Bacıoğlu
yenə yazıq-yazıq dilləndi:
- Var
ağa, var.
Divanbəyi
bu dəfə ayağa durdu, gəlib Karapetin
qarşısında dayandı, qəzəblə sual verdi:
- Kim? Kim cəsarət edib?
- Şəhər darvazasının
qorçibaşısı Natiq bəy.
Divanbəyi qorçibaşının adını
eşidəndə üz-gözünü turşutdu. Ürəyində dedi:
"Bu tərs oğlu, tərs hər dəfə işimə
bir əngəl yaradır. Bunun bir çarəsini
qılmaq lazımdır, yoxsa özünü Təbrizin əsl
sahibi kimi aparır. Əsnafa, tüccara
göz verib, işıq vermir". - Neyləyib
qorçibaşı?
- Yasaq
olunan malları aşkarladı. Yəqin,
onları müsadirə edəcək, ağamı isə
barmaqlığa atacaq. - O, hər əlinin iki
barmağı ilə həbsxana pəncərəsinin şəklini
göstərdi:
Bu dəfə divanbəyidən qəribə, zəhmli səs
çıxdı.
- Necə?
Mənim sifarişimi müsadirə edən hələ
anasından doğulmayıb. - Yadına nəsə
düşdü. -Varpetə tapşırmışdım
İsfahandan keçəndə o iki erməni cariyəsini də
yanına alsın. Onları gətirdimi?
O, tez-tələsik
cavab verdi:
- Bəli
ağa, onlar da karvandadırlar. İstidən az
qalır ürəkləri partlasın, heç rəvadırmı
o cürə gözəlləri şəhər
qapısının yanında ləngidəsən? Özü də qorçibaşıya deyildi ki, bu
qızlar divanbəyinin hərəmxanası
üçündür.
8
Erməni gözəllərinin söhbətini eşidən
kimi əmirin sifətindən qəzəb yoxa
çıxdı, gözlərinə işıq gəldi. Sanki
qarşısında bacıoğlu deyil, erməni cariyələri
durmuşdu. Onun çoxdankı arzusu idi
ki, bir neçə erməni qızını özünə
arvad etsin, onların vasitəsilə ticarətini genişləndirsin,
başqa işlərində ona köməkçi olsunlar.
Daha ləngitmək olmazdı. Ən azı ortada onun adı olduğundan hörmətinə,
nüfuzuna, tutduğu mövqeyə xələl gələ
bilərdi. Həm də istəyirdi ki, tez
bir zamanda o gözəlləri görsün. Bunun üçün ürəyi atlanırdı.
Qızlar qoy fikirləşsinlər ki, əmir
özü onları qarşılamağa gəlib. Daha ləngimək olmaz. Eşikağasına
baxıb əmrini verdi:
-
Atları yəhərləyin, şəhər darvazasına
doğru gedirik...
...Qorçilər
yenidən axtarmağa başladılar. Bağlamalardan
birinin kəndirlərini kəsəndə ətrafa kəskin
iy yayıldı. Parçalara
bükülmüş əl boyda dördkünc sabuna oxşar
bir şeylərin qalağı göründü. Qorçi onlardan birini əlinə alıb ehmalca
bükülünü açdı. Kəskin
iydən başını geri çəkdi. Qəhvəyi-qara rəngli bükülü tiryək
idi. Qışqırdı:
- Bəy,
deyəsən, bu sabun əvəzinə tiryəkdir.
Qorçibaşı buna heç şübhə də
etmədi, çünki tiryəkin qoxusu onun da burnuna dəymişdi.
Erməni tacirinə bir söz deməmiş qala
qapısından səslər gəldiyini eşitdi. At
ayaqlarının səsləri getdikcə
yaxınlaşırdı. Öndə iki atlı
irəlilədikcə qışqırırdı:
- Yol
verin, divanbəyi gəlir, divanbəyi gəlir.
Atlılar qorçibaşıya yaxınlaşıb
dayandılar.
Varpetin ürəyi yerinə gəldi.
Başa düşdü ki, ölüm uçurumunun kəndarından
onu xilas edəcək adam gəldi. Divanbəyi
atdan düşmədən ona səsləndi:
-
Qorçibaşı, məgər şahımızın əmrini
bilmirsənmi? Tacirləri inçitmək olmaz.
Səltənətin rifahı onların bizə
çox və manesiz gəlməsində, ticarət etməsindədir.
Tacirlər şahımızın görən
gözü, eşidən qulağı, danışan dilidir.
Qorçibaşı divanbəyiyə baş əydi.
- Bilirəm,
hörmətli əmir! Kamili-mürşidimiz,
şahımız, qurban olduğum belə məsələlərdə
çox həssasdır. Təbəələrinə də
hər an diqqət edir, onların
qayğısına qalır, özü kimi islamın
bütün vacib şərtlərini hamıya tövsiyə
edir ki, əməl etsin...
Əmir başa düşdü ki, qorçibaşı
məsələni hara yönəldir. Odur ki, onun
sözünü kəsdi.
- Bilirəm,
bəy, bilirəm, ancaq sən də bil ki, səltənətimizin
idarə olunması üçün bu karvanda olanlar çox
vacibdirlər. Sən belə et, karvanı
burax şəhərə, qoy ticarətlərini etsinlər, mən
də qibleyi-aləmə sənin haqqında xoş sözlər
deyərəm, vəzifə yüksəlişində
yardım edərəm.
Hər şey su kimi aydın idi. Bu da erməni taciri
kimi onu ələ almaq istəyirdi. Bunlar
qorçiləri hələ də yaxşı tanımayıblar.
- Hörmətli
əmir, bilirsənmi karvandan nə tapılıb? - soruşdu...
Divanbəyi
bu dəfə də onun sözünü kəsdi:
- Hə,
bilirəm...
Qorçibaşı bu dəfə doğrudan təəccübləndi.
9
- Hardan
bilirsən?
Əmir
özünü itirmədi, dərhal cavab verdi:
- Varpet hələ
yolda olarkən yanıma çapar göndərmişdi,
sarayıma gələcəyi vaxtı söyləmişdi. Gecikdiyindən mən də narahat oldum. Fikirləşdim
ki, yəqin, qala qapısında başına iş gəlib. Ürəyimə gələn təsdiqini etdi.
Dedim çıxıb bir şəhəri gəzim, sizlərə
baş çəkim, şahımıza da hesabat edim ki, verdiyi
fərmanlar necə yerinə yetirilir.
Bax, burada əmir öz dilindən işə
düşdü. Natiq bəy "Şahımızın
verdiyi fərmanlar necə yerinə yetirilir" kəlməsini
göydə tutdu. Divanbəyini
başından etmək üçün ona bu lazım idi.
-
Qibleyi-aləmə çatdıra bilərsən ki, verdiyi fərmanlar
ləyaqətlə yerinə yetirilir. - Əlini
şərab küplərinə və tiryək tapılan yerə
uzatdı. - Bax, fərmanı belə yerinə yetiririk. Əhalinin əxlaqını pozan pis şeylərdən
şahımızdan xəbəri olduğu üçün,
biz də mürşidi-kamilimizin müridləyirik.
Divanbəyi bu dəfə onun sözünü kəsmədi. Cümləsini bitirən
kimi soruşdu:
- Deməli,
karvanı şəhərə buraxmaq fikrin yoxdur?
- Niyə
ki, hörmətli əmir! - O, dərhal cavab verdi.
- Karvanı və karvanbaşını şəhərə
buraxacam. Təhqiqatım göstərdi ki, bu
işdən karvanbaşının xəbəri yoxdur, amma
tapşıracam ki, gələn dəfə çox diqqətli
olsun, yoxsa cəzalana bilər. Tacir Varpet isə
qibleyi-aləmin əmrinə qədər həbsdə qalacaq,
şərab və tiryək müsadirə olunacaq. Hə, yeri gəlmişkən, Varpet sizin
üçün iki cariyə gətirib.
Divanbəyi hirsindən atının başını
döndərib gedəndə yanındakıların birinə
tapşırdı ki, cariyələri götürsün. - Yalnız bircə kəlmə
dedi:
-
Özünü uçuruma atdın...
Yunus Oğuzu
Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.4-5.