“Atam bizə “Arşın mal alan”ı
nağıl kimi danışardı”
Türkiyənin tanınmış
şairəsi Yeşim Ağaoğlunun "Ədəbiyyat qəzeti"nə
müsahibəsi
- Yeşim xanım, kökləri
Qarabağa bağlı bir insan olduğunuz üçün
söhbətimizə Azərbaycanın 44 günlük Vətən
savaşı və qazandığı tarixi qələbədən
körpü salmaq istəyirəm.
- Azərbaycanda
müharibə başlayanda İstanbuldan kənarda idim. Amma yenə də bacardığım qədər xəbərdar
olmağa, baş verənləri yaxından izləməyə
çalışırdım. İstər
media vasitəsilə, istərsə də Bakıdakı
dostlarımdan orda baş verən hadisələri
detallarına qədər bilməyə
çalışırdım.
- Ədəbiyyat hər
zaman barış tərəfdarıdır. Müharibə sizin üçün nədir və ədəbiyyata
nələr qatar?
- Əlbəttə, əvvəla insan, sonra da ədəbiyyat
və sənətlə məşğul olan bir insan olaraq
sülh tərəfdarıyam. Müharibələrdə
bir tərəf qalib gəlsə belə, hər iki tərəfin
əslində itirdiyini düşünürəm. Müharibə zamanı insanlar övladlarını
itirərkən, qazananlar ancaq silah satanlar olur. Amma bütün bunlarla yanaşı, bir də realist
tərəfim var və şərtlər əgər
müharibə deyirsə, bundan da qaçmaq olmaz.
- Azərbaycanın və Türkiyənin
əhəmiyyətli ictimai xadimi, maarifçi Əhməd bəy
Ağaoğlu nəslindənsiniz. Ailənizdə sizə Azərbaycan,
Qarabağ sevgisi necə aşılanırdı?
- Bəli,
ailəmin əsli Qarabağın əsrarəngiz şəhəri
Şuşa şəhərindəndir. Əhməd bəy Ağaoğlu mənim babamın əmisi
oğludu. Əmilərim və atam
Bakıda dünyaya gəlib. Atamın ailəsilə
aramda, həm fiziki, həm də könül bağı olaraq
çox güclü bir bağ var. Uşaqlığım demək
olar ki, o ailənin yanında keçib. Atamın
anası uşaqlığımdan bəri çox sevdiyim,
aşırı bağlılıq hiss etdiyim bir insan idi.
İnanın, nənəm dünyasını dəyişən
günə qədər demək olar ki, hər gün bizə
ancaq Şuşa, Qarabağ, Bakı və
orda qalan ailəmizdən bəhs edirdi. Biz hər
nə qədər İstanbulda dünyaya gəlmiş olsaq da,
istər mədəniyyət, istərsə də mətbəx,
musiqi baxımından Azərbaycan kültürü ilə
böyüdük. Hətta uşaq
vaxtı dinlədiyim nağıllar belə
"Cırtdanın macəraları" olub. Atam bizə
"Arşın mal alan"nı
nağıl kimi danışırdı. Azərbaycan
mətbəxini çox sevirəm. Ən
sevdiyim yeməklər dovğa və bozbaşdı.
- İnsan yaşa dolduqca
könül bağı olan nəsnələri daha çox
sahiblənir. Artıq Şuşa
işğaldan azad olunub. Bu bağlar sizi nə
zamansa baba yurdunuz Şuşaya köçüb orda
yaşamağa sürükləyə bilərmi?
- Mən
xatirələrə, keçmişə və ailə
bağlarına olduqca sadiq bir insanam. Bu səbəblə
inanın, şərtlər əl verərsə, Şuşaya
köçüb həyatımın qalan hissəsini o şəhərdə
davam etdirməyi çox istəyərəm.
- Söhbətimizə şeirlə,
ədəbiyyatla davam edək. Bildiyimiz bir şey var ki,
şeir durduğu yerdə yazılmır. Kəlmələrlə
tanışlığınız necə baş verdi?
- Mən
hələ yazıb-oxuya bilmədiyim vaxtlarda, təxminən 5
yaşlarımda şeir söyləməyə
başlamışam. O vaxt ailədə böyüklərim
söylədiklərimi bəzən qeyd edərdilər. Yəni mən şeiri deyil, şeir məni
tapdı, seçdi deyə bilərəm.
- Mənə elə gəlir ki,
poeziya digər janrlardan fərqli olaraq dünyanı öz
dilinə çevirmə təşəbbüsüdür. Şeirin dünyadakı və insan həyatındakı
yeri haqqında siz nə düşünürsünüz?
-
Günümüzdə şeir kitabları artıq oxunmur,
sanki poeziyaya maraq azalmış kimi görünsə də, mən
əslində, bunun belə olmadığını, əksinə,
insanların hər zaman olduğundan daha çox şeir
söyləyərək, yazaraq və paylaşaraq özlərini
ifadə etməyə çalışdıqlarını
düşünürəm. Çünki
şeir arxaik bir sənət növü deyil. əksinə, son dərəcədə
çağdaş bir yaradıcılıq nümunəsidir.
- Burda sizinlə həmfikirəm. Amma belə bir məsələ də var. Şeir
yazan çoxdu. Dövrümüzdə şeirləri ilə
hisslərimizin tərcümanı olmağı bacaran,
qalıcı şairlər yetişirmi?
- Məncə,
hər dövr öz şairlərini yetişdirir. Qalıcı olan, zamanın irəlisində,
bütün zamanları içində hiss edə bilən,
insanlarla bağ qura bilən şeirlərdir. Bilirsiniz,
şeir bir az da hiss, düşüncə,
metafizika, elm və kültürdür.
- Azərbaycanda yeni nəsil şairlərdən
kimləri oxuyur, izləyirsiniz?
- Azərbaycanda
tanıdığım, sevdiyim şair dostlarım var.
Onların şeirlərini oxumuşam. Amma nə
yalan deyim, təəssüf ki, onların bütün
yaradıcılığını izlədiyimi deyə bilmərəm.
- Siz həm də fotoqraflıqla məşğul
olursunuz. Foto ilə şeir arasında necə
bir əlaqə var?
- Bəli,
təkcə şeir yazmıram. Sənətlə,
xüsusilə də fotoqraflıq, video və instalyasiya ilə
məşğulam. Belə deyək,
şeiri, yazını sənətin ana mərkəzinə
qoyan işlər istehsal edib sərgiləyirəm. Mənə görə bütün sənətlərin
bir-birilə yaxınlığı var. Sənətə
heç zaman bütöv bir şəkildə
baxmamışam. Şeir (burda bir az
lütfkarlıq edəcəyəm) digər sənətlərin
bir az daha üstündə, içindədir.
- İncəsənətin
bir çox sahəsində işlər görmək sizi əslində
şeirə daha da yaxınlaşdırır. Düz anladım sizi?
- Yox, tam
olaraq elə deyil. Mən bütün incəsənət
sahələrini bir şəkildə, yəni bütöv
görürəm. Nəticədə, istər
şeir, istərsə də hər hansı bir sənət
növü ilə məşğul olan bir insanın bir dərdi,
bir sözü var və bunu paylaşmaq üçün bir
dil, metod seçir. Bu mənim üçün bəzən
şeir, bəzən fotoqraflıq, bəzən də bir heykəl
ola bilir. Məsələn,
bir çox işlərimdə fərqli sənət növlərini
vahid bir əsərdə birləşdirə bilirəm. Bundan, yəni disiplinlərarası
çalışmaqdan daha çox məmnun oluram və bunu əhəmiyyətli
hesab edirəm.
- Çətinlik
yaşadığınız zamanlar da olmamış deyil, hər
halda. Çünki hər nə qədər hamısı sənət
olsa da, nəticədə, hərəsinin fərqli ərsəyə
gəlmə metodu var.
- Çətinliklər
də işin bir parçasıdır. Ancaq mən
görüşdürmə, birləşdirmə və
başqa şeyləri sənətimin ən əhəmiyyətli
xətti hesab etdiyim üçün bu öz-özünə ərsəyə
gəlir.
- Bu yaxınlarda bir söz oxudum və
məni çox təsirləndirdi: "İnsan yazarkən
öyrənməyib, öyrətmək üçün
yazırsa bu o adamın özünə də, oxucuya da çətindir".
Sizin yazma təcrübənizdə öyrənmə və kəşf
etmə nə dərəcədə var?
- Mən
nə öyrənmək, nə də öyrətmək
üçün yazmıram. Əsl məqsədim
paylaşmaqdır. Mənim kimi olan, eyni həssaslığı
daşıyan insanlarla paylaşmaq. Yoxsa hər
kəslə paylaşmalıyam deyə də bir dərdim
yoxdur.
- Divan ədəbiyyatından
üzü bəri hardasa, bütün dövrlərdə
türk toplumunda və ədəbi mühitində qadın
şairlərə reaksiyalar amansız olub. Bu
yüzillikdə o yanaşmaları aşa bilibmi türk
toplumu. Bu çağda qadın şairlər
hansı çətinliklərlə
qarşı-qarşıyadı?
-
Qadının toplumdakı yeri və mövqeyi nədirsə,
şeir yazan qadınların da toplumdakı yeri əslində
eynidir. Şeir yazan kişilər şair
qadınları şeirlərinin mövzusu kimi deyil. Özləri ilə bərabər görməlidir.
Eyni şey qadınlara da aiddir. Onlar da özlərini o şəkildə görməli
və göstərməlidir.
- Şübhəsiz ki,
bütün ayrı-seçkilik yanaşmalarına
qarşı durmaq lazımdır. Amma qadınların başqa sahələrdə
olduğu kimi, ədəbi mühitdə də açıq və
ya gizli şəkildə qarşısının kəsildiyi
tarixi faktdır. Bütün bu maneələrə rəğmən
qadın şairlərin bu gün həm keyfiyyət, həm də
kəmiyyət baxımından uzun bir yol keçdiyini deyə
bilərikmi?
- Keyfiyyətdən
söhbət gedirsə, bəli. Amma layiq olduqları
yerdədirlərmi? Bundan çox da əmin
deyiləm.
- Yeşim xanım, türk
xanımı olduğumuz üçün istəyirəm bir az da ev xanımlığınızdan
danışaq. Yaradıcı qadın olmağın ev xanımlığına qatdığı
bir dəyər varmı?
- Vallah,
bunu əvvəllər heç düşünməmişdim.
Məni bir az təəccübləndirdiniz
yaxşı mənada (gülür). Görəsən, bu sual kişi şairə, sənətçiyə
verilirmi? Evini çox sevən bir insanam. Evim mənim qalam, məbədimdir deyə bilərəm.
Amma dörd divar və otaqlardan ibarət olan bir
evdən bəhs etmirəm. İstər
uşaqlığımdan bəri məni mən edən hər
şey, istərsə də bir şair, sənətçi
olaraq məni mən edən şeyləri evimdə görmək
mənə inanılmaz rahatlıq verir. Evim
mənə görə həyatımın nəhəng
instalasiyasıdır.
- Qadınların ən çox vaxt
keçirdiyi yer mətbəx olur adətən. Məsələn,
mən bu saat sizinlə mətbəxdən
danışıram. Evinizin sizə şeir
yazdırdığı xüsususi bir köşəsi
varmı?
- Mətbəxdə
heç şeir yazmadım. Çox vaxt divanda
yazıram şeirlərimi.
- Deyəsən, mətbəxlə
aranız yaxşı deyil.
- Yemək
yeməyi və özüm üçün nələrsə
hazırlamağı sevirəm. Amma qələbəliklər
üçün yox. Hər şeyi
bişirə bilmirəm, amma bişirdiyim hər şeyi ləzzətli
edə bilirəm. Hətta bir yemək necə dadsız,
pis ola bilir onu heç cür başa
düşə bilmirəm (gülür). Klassik
təbirlə desək, hər şeyə olduğu kimi, yeməyə
də ruh qatmaq lazımdır. Yağı, duzu, şəkəri
isə az qatmalı.
- Kökləri Qarabağa,
Şuşaya bağlı insanların gözəl səsi
olur. Sizinlə danışarkən
öz-özümə düşünürəm, Yeşim
xanımın belə bir istedadı varmı görəsən?
-
Mahnı oxumağı sevirəm. Amma
hamının içində yox. Təbiətən
çox utancaq bir insanam. Amma bu xüsusiyyətimi
çox adam bilmir. Çox
yaxın dostlarımın yanında mahnı oxuyuram. 70-80-ci illərin türk pop musiqisinə
düşkünəm və o tərzi çox yaxşı
bilirəm. Fransız şansonları, bu
işdən çox yaxşı anlayan peşəkar
musiqiçilər caz ifa edə biləcək bir səsim
olduğunu deyiblər mənə.
- Şeirləriniz heç
musiqi ilə görüşüb?
- Bir
neçə dəfə gənc musiqiçilər məndən
izn istədilər şeirlərimə mahnı bəstələmək
üçün. "Mütləq əvvəlcə
mən dinləmək istəyirəm" dediyim zaman
"qaçdılar".
- Şeirlərinizi hansı
təzdə musiqidə görürsünüz. Bax bu mənim şeirimin tərzidir
dediyiniz bir tərz varmı?
- Pop, rok ola bilər.
- Azərbaycan müğənnilərindən
kimləri dinləyirsiniz?
- Azərbaycan
musiqisini çox sevirəm. Məncə,
dünya miqyaslı musiqdir Azərbaycan musiqisi. Lirik musiqilər möhtəşəmdir. Zeynəb Xanlarova və Brilliant Dadaşovanı dinləməyi
çox sevirəm.
- Və sonda özünüzü
bütünlüklə ifadə etdiyiniz bir şeiriniz desəm,
hansı şeiriniz olar?
-
Çox köhnə bir şeirim var. "Yalnızlar
şehrinde randevu".
Henüz
yerimi bulamadım ben
iğreti
oturuyorum
batıyor çivileri, kıymıkları sokakların
Şehir
üstüme geliyor
minareler
göğü deliyor
bulutlar
boynumda halka
yağmurları cimri sen gitdiyinden beri
insanları kalbi dışarıda
elleriyle
sunuyorlar yüreklerini
iyi
insanlar, doğru insanlar, güzel insanlar
dillerini
sokuyorlar beynime kaygan
gördüğüm kanları yalnızca
bu
şehir, bu hava, bu insanlar
ve sen
yoksun
yerimi
bulamadım ben
bekle sen
olduğun yerde
basıb
basıb minarelere
kalpleri
atarak sokaklara
kanları içerek geleğim
yanlışlar şehrine, doğru bir saatte.
Söhbətləşdi: Günel
MUSA
Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.3.