"Naməlum" niyə ki? Məlum "Axşam söhbəti"

 

Asif  Rüstəmlinin "Ədəbiyyat qəzeti"nin keçən sayında (3 iyul 2021) dərc edilmiş "Səməd Vurğunun naməlum "Axşam söhbəti" məqaləsi diqqətimi çəkdi, təbii ki, oxudum... və münasibət bildirmək qərarına gəldim. Niyəsini açıqlayım:

1. Az qala "gözümüzün önündə yazıb-yaratmış" milli poeziyamızın simvolu S.Vurğunun bioqrafiyası və yaradıcılığı ilə bağlı səriştəsizlik və məsuliyyətsizlik üzündən xeyli təhrif və xətalara yol verilmişdir ki (bəzi şeirləri bir neçə dəfə "üzə çıxarılmış", bir sıra əsərlərinin əsas mətni düzgün müəyyənləşdirilməmiş, yazılma tarixi səhv göstərilmiş, poema və dramlarından parçalar müstəqil şeirlər kimi dərc olunmuş, hətta başqa şairlərin belə şeirləri S.Vurğunun adına çıxılmışdır və s.), onların bir çoxunun aradan qaldırılması indiyə qədər də mümkün olmamışdır. Əksinə, həmin təhrif və xətaların bəziləri tərtibçi diqqətsizliyi üzündən S.Vurğunun kitablarına keçmiş (başqalarının şeirlərinin şairin kitablarına daxil edilməsi kimi), bir qismi isə şairin yaradıcılığı ilə bağlı aparılan monoqrafik araşdırmalara da ayaq açmışdır.

Məqsədim adıçəkilən məqalədə yol verilən yanlışlıqların geniş yayılmadan qarşısının alınmasına yardımçı olmaqdır;

2. Məqalə müəllifi gerçək sandığı bəzi yanlış mülahizələrinin "təsdiqi" üçün tərtibçisinin adını çəkmədən şairin "Əsərləri"nin 5 cildliyinə istinad edir. Adı hallanan 5 cildliyin tərtibçisi mən, redaktoru isə rəhmətlik Aybəniz Vurğunqızı olmuşdur. Müəllif  bu istinadı ilə, əslində məlum, onun mülahizəsinə görə isə "naməlum" "Axşam söhbəti" şeirini bu nəşrə daxil etmədiyimə görə, örtülü də olsa, məni qınaq obyektinə çevirmək istəmişdir. Məqalədə ünvanıma yenə də örtülü deyilmiş başqa iradlar da var ki, bunlar da məni maraqlı bir tərəf kimi haqqında söhbət gedən yazıya münasibət bildirmək məcburiyyətində qoydu...

Haqqında danışdığımız məqalə S.Vurğun yaradıcılığının, əsasən, Gəncə dövrü,  daha dəqiq desək, gənc şairin adıçəkilən şəhərdə müəllimlik etdiyi vaxt yazdığı "Axşam söhbəti" və "Bayram qabağı" şeirləri haqqındadır. Müəllif birinci şeiri "naməlum şeir" kimi oxuculara təqdim etmiş, ikinci şeirin isə nəşr tarixi barədə məlumat vermiş və transfonoliterasya zamanı yol verilən "yanlışlıqlar"dan danışmışdır.

Əvvəlcə A.Rüstəmlinin oxuculara "naməlum şeir" kimi  təqdim etdiyi "Axşam söhbəti" haqqında: müəllif  məqaləsində bu şeirin naməlum olduğunu bir neçə dəfə vurğulamış, "naməlumluğ"u, hətta məqaləsinin başlığına da çıxarmışdır. A.Rüstəmli yazısına belə başlayır: "Görkəmli Xalq şairi Səməd Vurğunun 1928-ci ildə Gəncə şəhərində çıxan jurnallardan birində nəşr olunmuş, lakin indiyədək kitablarına daxil edilməmiş, ərəb qiyafəli (qrafikalı - A.R.) "Axşam söhbəti" adlı, çağdaş oxucular üçün naməlum əsərindən söz açmağa, mövzu və zaman baxımından fərqli məqamlara münasibət bildirməyə şübhəsiz ki, ehtiyac duyulmaqdadır".

Məqalə bu cümlə ilə bitir: "Ümidvarıq ki, qüdrətli Xalq şairimiz Səməd Vurğunun 1928-ci ildə "Qızıl Gəncə" jurnalında  çaplanmış və kitablarına daxil edilməmiş, naməlum "Axşam söhbəti" şeiri ədibin yeni nəşr ediləcək əsərləri sırasında layiqli yerini tapacaq, qədirşünas poeziyasevərlər üçün dəyərli bir töhfə sevinci yaşadacaqdır" (şübhəsiz, müəllifin çağırışı, istəyi, necə deyərlər, əsridir, amma)...

Şeirin S.Vurğunun kitablarına daxil edilmədiyini əminliklə söyləyən müəllif  dediklərinə əsərin "tədqiqatçı diqqətindən qıraqda qaldığını" da əlavə edir və bundan təəssüf hissi də keçirir. A.Rüstəmli daha sonra xatırlatdığı mənbədən şeiri hissə-hissə təqdim edir. (Şeir ümumilikdə 40 misradır).

Mətləbi uzatmayıb, elə buradaca qeyd edək ki, A.Rüstəmli yanılır, çünki onun S.Vurğunun kitablarına düşmədiyini bir neçə dəfə vurğuladığı, onu "naməlum şeir" kimi də oxuculara təqdim etdiyi "Axşam söhbəti" şeiri "naməlum" deyil, məlumdur - şairin "Çiçək" kitabında çap edilmiş (bax: S.Vurğun. "Çiçək" (İlk şeirlər). Uşaqgəncnəşr, B., 1957, s.88-90 (tərtibçi və ön sözün müəllifi: O.Sarıvəlli), üstəlik, tədqiqatçıların diqqətini də kifayət qədər cəlb etmişdir. Bu səbəbdən də A.Rüstəmlinin təəssüflənməsinə zərrə qədər ehtiyac da yoxdur. (Təəssüf doğuran məlum şeiri "naməlum" kimi oxucuya təqdim etməkdir).

"Dəli şair"dən" qeydi ilə nəşr edilən şeir kitabda da 40 misradan ibarətdir, yəni ilk çapında olduğu qədər. O.Sarıvəlli əsəri kitaba daxil edərkən avtoqrafı - müəllif yazısını əsas götürmüş, əlavə olaraq mətndəki bir neçə sözü işlək qarşılıqları ilə əvəzləmişdir.

A.Rüstəmlinin "naməlum şeir" kimi oxuculara təqdim etməsindən düz 56 il əvvəl əsərin tarixçəsi (eləcə də "Çiçək" kitabında nəşri) ilə bağlı vurğunşünaslara yaxşı məlum olan mənbələrdən birində məlumat da verilmişdir: "Axşam söhbəti". İlk dəfə 1928-ci ildə "Qızıl Gəncə" jurnalının 3-4-cü nömrəsində "Səməd Vəkil" imzası ilə çap olunmuşdur. Parçanın əvvəlində "Dəli şair"dən" qeydi vardır. Həmin parça ikinci dəfə "Çiçək" kitabında (s.88-90) çap olunmuşdur. Lakin "Çiçək" kitabının tərtibatçısı həmin parçanı "Dəli şair" seriyasından olan "Dağlarda" şeiri ilə bir yerdə, həm də sərlövhənin ilk çapında olduğu kimi deyil, "Bir axşam" şəklində vermişdir. Çünki müəllifin əlyazmasında sərlövhə əvəzinə mötərizəyə alınmış "Bir axşam" qeydi vardır" (Səməd Vurğun (1906-1956), Biblioqrafiya, EA-nın nəşriyyatı, B., 1965, s.72; tərtib edən: N.Axundov).

Bir neçə cümləsini təqdim etdiyimiz Biblioqrafiyanın iki səhifəsində (s.71-72) S.Vurğunun "Dəli şair" poemasının tarixçəsi - onun yazılma tarixi, yeri, tərkib hissələri, eləcə də çap mənbələri haqqında kifayət qədər məlumat verilmişdir. Burada "Dəli şair" poemasının tərkib hissəsi olan "Axşam üstü" şeirinin də, yuxarıda gördüyümüz kimi, yazılma tarixi və çap mənbələri, eləcə də "Çiçək" kitabındakı nəşri haqqında ətraflı məlumat yer almışdır.

Məqalə müəllifinin adıçəkilən biblioqrafiyadan - vurğunşünaslığın əlifbasından və "Çiçək" kitabından xəbərsiz olduğu şübhəsizdir. Niyə bu faktı əminliklə deyirik? Çünki A.Rüstəmli haqqında danışdığımız məqaləsində "Axşam söhbəti" şeirinin adının 2016-cı ildə çapdan çıxmış Səməd Vurğun biblioqrafiyasında "qeyd olunmadığını" diqqətə çatdırır. Həmin şeirin adı, xatırlanan Biblioqrafiyada, şairin şeirləri sırasında, doğrudan da, qeyd olunmayıb. Lakin bu ad Biblioqrafiyanın başqa bir bölməsində - şairin kitablarının adları və tərkibindəkilər sadalanan bölmədə (s.68-də) verilib. Yəni Biblioqrafiyanın göstərilən səhifəsində şeirin, tərtibçisi mən olduğum 5 cildliyin I cildində yer aldığı qeyd olunub. A.Rüstəmlinin məqaləsində 1965-ci ildə çapdan çıxmış S.Vurğun Biblioqrafiyası və "Çiçək" kitabının adını ümumiyyətlə çəkməməsi isə onun bu nəşrlərdən xəbərsiz olduğuna şübhə yeri qoymur. Halbuki, biblioqrafiyaları və kitabları yazıçıların ömürlüyünün tarixçəsi, mötəbər qaynaqların yer aldığı, araşdırmalara istiqamət verən, belə demək mümkünsə, "yol işarələri"dir. Bu kitablar S.Vurğun haqqında yazan, şairin naməlum şeirini vurğunsevərlərə təqdim etmək və üstəlik, əsər haqqında "mövzu və zaman baxımından fərqli məqamlara münasibət bildirmək" iddiasında olan A.Rüstəmlinin də gözünün qabağında və əlinin altında olmalı idi axı. Normal düşüncə diktə edir ki, əgər A.Rüstəmli bu qeydlərlə, eləcə də şairin "Çiçək" kitabı ilə tanış olsaydı, yəqin ki, adıçəkilən şeiri "naməlum" adı ilə oxuculara təqdim etməzdi...

İndi də məqalədə barəsində danışılan "Bayram qabağı" şeiri haqqında. Müəllif yazır: "Şairin (S.Vurğunun - A.S.) "Qızıl Gəncə" jurnalının aprel (2-ci) sayının 8-ci səhifəsində "Səməd Vurğun" imzası ilə "Bayram qabağı" mənzuməsi "Dəli şairdən bir parça" qeydi ilə çap olunmuş və ədibin sağlığında ilk dəfə Ələkbər Ziyatayın redaktorluğu ilə 1954-cü ildə nəşr olunan üçcildlik "Seçilmiş əsərləri"nin birinci cildində verilmiş və böyük sənətkarın son yetmiş ilə yaxın bir dövr ərzində çıxan çoxcildliklərinə daxil edilmişdir".

Adıçəkilən şeir göstərilən mənbədə çap edilməyib. Qənaətimizi təsdiq üçün A.Rüstəmlinin "istinad" etdiyi 3 cildliyin şeirlərin toplandığı I cildi ilə bağlı qısaca da olsa, statistik məlumat vermək məcburiyyətindəyik: 3 cildliyin 308 səhifədən ibarət I cildinə (cild əlimin altındadır) şairin şeirləri altı başlıq altında qruplaşdırılaraq daxil edilmişdir: "Mənim andım" başlığı altında 11, "Sözün şöhrəti" başlığı altında 39, "Vətən uğrunda" başlığı altında 28, "Avropa xatirələri" başlığı altında 16, "Satirik şeirlər" başlığı altında 7, "Qoşmalar" başlığı altında 8 şeir verilmişdir. Cildə cəmi 109 şeir salınmışdır (cildə - şeirlərin sırasına yanlış olaraq "Acı xatirələr" poeması da daxil edilib). Doğrudur, burada (s.141-142) şairin "Bayram qabağı" adlı bir şeiri var, lakin o, 28 dekabr 1937-ci ildə qələmə alınmış və "Oktyabrın XX ildönümünə" həsr edilmiş "Bayram qabağı" şeiridir, A.Rüstəmlinin haqqında danışdığı "Bayram qabağı" şeiri yox.

Şeir 3 cildliyə, eləcə də S.Vurğunun sağlığında çıxan kitabların heç birinə salınmayıb və salına da bilməzdi. Səbəbinə bir qədər sonra aydınlıq gətirəcəyik, ona qədər bir məqamı xatırladım: sağlığında çap olunan kitablarının tərtibçiləri olsa da, nəşrə hazırlıq prosesində şair və yazıçıların, yəni müəlliflərin özləri yaxından iştirak edirlər. (Bu, bir adətdir və indi də davam edir). Təbii ki, S.Vurğun da əsərlərin 3 cildliyə seçilib yerləşdirilməsində yaxından iştirak etmişdir. Adıçəkilən şeirin 3 cildlikdə olmaması, şeirin həmin mənbədə nəşr edildiyini iddia edən A.Rüstəmlinin ya həmin kitabı yerli-dibli görmədiyi, ya da ona diqqətlə baxmadığı, daha dəqiq desək, kitabın özünə - içinə yox, "üzü"nə - mündəricatına  atüstü nəzər yetirdiyi ehtimalını yaradır. Ola bilsin ki, məqalə müəllifi cildin mündəricatına baxmış, orada "Bayram qabağı" adını görmüş və onun, haqqında söhbət gedən şeir olduğunu güman etmişdir. Bunun üçüncü bir adı yoxdur. Əslində isə elm üçün maraqlı olan səbəb yox, nəticədir - məlum şeirin "naməlum" kimi yanlış təqdimi.

Burada maraqlı bir məqama da toxunmaq istəyirik. Deyək ki, adıçəkilən şeir A.Rüstəmlinin iddia etdiyi kimi, şairin 1954-cü ildə çap edilən kitabına salınıb. Amma bu halda bəzi suallar yaranır: nəyə görə S.Vurğun 1928-ci ildə qələmə aldığı və həmin il də mətbuatda çap etdirdiyi "Bayram qabağı" şeirini 1954-cü ilə qədər çıxan kitablarının (12 şeir kitabı - "Şairin andı"ndan (1930) tutmuş, "Dünyanın xəritəsi"nə qədər (1951) heç birinə daxil etməyib və birdən-birə 1954-cü ildə - 26 il sonra nəşr olunan kitabına salıb? Yaxud nəyə görə S.Vurğun 1928-ci ildə mətbuatda çap etdirdiyi və A.Rüstəmlinin "Naməlum şeir" kimi oxuculara təqdim etdiyi "Axşam söhbəti", eləcə də "Dəli şair" poemasının tərkib hissələri olan digər şeirlərin heç birini kitablarına daxil etməyib? Və yaxud da ki, nəyə görə S.Vurğun "Dəli şair" poemasına daxil olan on şeirdən yalnız birini - "Bayram qabağı" kitabına (A.Rüstəmlinin iddiasına görə, 3 cildliyin I cildinə) salıb, eyni poemanın tərkib hissələri olan qalan şeirləri yox? Əgər bu məqamlar A.Rüstəmlinin diqqətini çəksəydi, araşdırmalarını tamam başqa istiqamətdə aparar, özünü, yumşaq desək, namünasib vəziyyətə salmazdı.

A.Rüstəmli davam edir: "Şeir ("Bayram qabağı" - A.Salmansoy) ərəb qrafikasından transfoneliterasiya edilən zaman aşağıdakı yanlışlığa yol verilmiş və ayrı-ayrı nəşrlərdə (hansı nəşrlərdə? - A.Salmansoy) təəssüf ki, təkrarlanmışdır. "Bayram qabağı" şeirinin üçüncü bəndinin ikinci misrasında "bəzən" sözü "bəza" şəklində yazılmışdır. Həmin bəndin üçüncü misrasında isə "fəqət" sözü yanlış olaraq bütün nəşrlərdə "vəqta" kimi verilmişdir. Şeirin sonuncu bəndinin birinci misrasında isə "Oxuyun, öyrənin..." əvəzinə "Oxuyum, öyrənin..." versiyasında çaplanmışdır".

S.Vurğunun "son yetmiş ilə yaxın bir dövr ərzindəki çoxcildlikləri" 6 (1960 - şeirlərin toplandığı cildlərin nəşr tarixini göstərirəm), 7 (1985) və 5 (2005) cildliklərdir. Şeir nə 6, nə də 7 cildliyə daxil edilib. "Bayram qabağı" şeirini ilk dəfə S.Vurğunun kitablarından 5 cildliyə (I c., s.56),  sonra isə şairin şeirlərinin toplandığı Seçilmiş əsərlərinə (hər iki nəşrin tərtibçisi özüməm) biz daxil etmiş (B., Şərq-Qərb, 2016, s.54), ikinci kitabın "Biblioqrafik məlumat və şərhlər" bölməsində (5 cildlik kütləvi nəşr olduğuna görə şərhsiz nəşr edilib) isə şeirin tarixçəsi haqqında məlumat da vermişik: "Şeir 1928-ci ildə Gəncədə yazılmışdır. Sərlövhədən sonra "Mayıs üçün", sonda "Dəli şair"dən bir parça" qeydləri var. İlk dəfə "Qızıl Gəncə" jurnalının 1928-ci il tarixli 2-ci sayında (s.8) "Səməd Vurğun" imzası ilə dərc edilib" (s.331).

Bizim təqdim etdiyimiz mənbələrdə, şeirin 3-cü bəndinin 2-ci misrasında "bəza", 3-cü misrasında isə "Vəqta" sözləri, doğrudan da işlənib. Biz bu sözləri mətndə olduğu kimi oxumuş və o cür də təqdim etmişik. Bununla yanaşı, "bəza" sözünün üzərində işarə qoyub, səhifənin ətəyində onun "bəzən" mənasında işləndiyini də qeyd etmişik (s.56). Qəribədir, A.Rüstəmli yazdığımız qeydi həm təkrarlayır ("bəza" sözünün "bəzən" mənasını verdiyini ilk dəfə o bildirirmiş kimi), həm də onu özümüzə irad kimi "təqdim edir".

"Vəqta" sözü isə "o vaxt, o zaman" mənasında işlənmişdir, A.Rüstəmlinin təqdim etdiyi kimi, "fəqət" yox (ərəb mənşəli "vəqta" sözünə o dövrün ədəbiyyatında az təsadüf edilmir). Müəllif, məqaləsində "çoxcildliklər"də "oxuyun" sözünün də "oxuyum" kimi getdiyini bildirir, amma onun bu sözü hansı nəşrdən götürdüyü bizə məlum deyil. Bizim mənbələrdə söz elə "Oxuyun" kimi getmişdir...

"Axşam üstü" şeirinin 5 cildliyə daxil edilməməsinin səbəbi haqqında: öncə onu qeyd edim ki, biz həm 5 cildliyə, həm də  "Seçilmiş əsərlər"ə (2016) S.Vurğunun "Dəli şair" poemasının tərkib hissəsi olan "Həyata doğru" və "Kapital" şeirlərini də daxil etmişik (müvafiq olaraq s.57, 78 və s.55, 70). A.Rüstəmli naməlum hesab etdiyi "Axşam üstü" şeirinin "yer almadığına", guya mətndə yanlışlığa yol verildiyinə görə 5 cildliyin adını hallandırır, məlum şeiri "naməlum" adı ilə oxuculara təqdim edir, "Bayram qabağı", eləcə də adlarını yuxarıda çəkdiyim "Həyata doğru" və "Kapital"  şeirlərinin (başqa şeirləri hələ demirəm) şairin kitablarından ilk dəfə bu nəşrə daxil edilməsi barədə bircə kəlmə də danışmır - niyə? Yəqin ki, həmin şeirlərin də "Dəli şair" poemasının tərkib hissələri olduğunun fərqinə varmayıb (varsaydı, o şeirlərə də "münasibət" bildirərdi)...

İkincisi, ünvanından asılı olaraq nəşrlər, müxtəlif növlərə ayrılır: sənədli, tənqidi (elmi), kütləvi. Şairin bütün qələmə aldıqlarını (tam, natamam) əhatə etmək tənqidi (elmi) nəşrin ən yüksək pilləsi olan akademik nəşrin vəzifələrinə daxildir. 5 cildlik isə kütləvi nəşrdir. Buraya şairin yaradıcılığından seçmələr daxil edildiyindən nəşr Seçilmiş əsərlər də adlanır, yəni şairin külliyyatından seçilən əsərlər. Əsərlərin seçilib cildlərə yerləşdirilməsi isə tərtibçinin səlahiyyətinə daxildir. Bu nəşrə əvvəlki nəşrlərdə olmayan bir çox şeirləri daxil etməklə yanaşı, müxtəlif səbəblərdən bəzilərini də salmamışıq və təkcə bədii əsərlərini yox, bəzi çıxışlarını, tənqidi məqalələrini və s. də. Əlavə edim ki, S.Vurğunun hələ də işıq üzü görməyən, əlyazması halında qalan az da olsa şeirləri var. "Dəli şair" poemasının çap olunmayan parçaları da o qəbildəndir. Biz bu haqda  hələ 1990-cı ildə müdafiə etdiyimiz "Səməd Vurğunun şeirlərinin tekstoloji tədqiqi" adlı dissertasiyamızda kifayət qədər danışmışıq...     

İndi də S.Vurğunun "Axşam söhbəti" şeirini, eləcə də "Dəli şair" poemasının tərkib hissəsi olan digər şeirləri kitablarına salmasının mümkünsüzlüyü və əsərin yarımçıq qalma səbəbi barədə.

S.Vurğun "Dəli şair"dən dörd parçanı mətbuatda çap etdirmişdir. Lakin qardaşına Gəncədən 1928-ci ilin 20 fevralında göndərdiyi məktubda (S.Vurğun, Əsərləri 6 cilddə, VI c., "Elm" nəşriyyatı, B., 1972, s. 419) şairin "Qızıl Gəncə" jurnalında "Dəli şair"dən "Xəyal" adlı parçanı da çap etdirmək arzusu yer alıb. Lakin bu parça da adıçəkilən jurnalda və ümumiyyətlə şairin sağlığında işıq üzü görməyib. (Burada başqa bir məqam da diqqət çəkir: S.Vurğun qardaşına həmin məktubunda yaxınlarda "Qızıl Gəncə" jurnalının nəşrə başlayacağını, "birinci nömrəyə verdiyi "Əfsanə şairinə" adlı parçanın hüsn-rəğbətlə qarşılandığını və orada aktiv olaraq çalışacağını" da bildirir. Lakin hansı səbəbdənsə, "Qızıl Gəncə"nin ilk sayında S.Vurğunun şeiri dərc edilməyib. Bu sayda C.Xəndanın, H.Fərruxun, H.Araslının və b. şeirləri çap olunmuşdur).

Gənc Səmədin "Dəli şair"ə müraciətinin səbəbi, az qala, sözün həqiqi mənasında dəliliyi ilə izah edilsə də, bunların arxasında dövrə, quruluşa qarşı daxili bir etiraz da dayanırdı. Səmədi "dəli Səməd"ə - "dəli şair"ə çevirən səbəb həm də dövrün, zamanın özünün dəli bir lərzə ilə çalxanması, sosial-siyasi gərginlik, "hürriyyət-azadlıq" pərdəsi altında tökülən qanlar, "kapital dünyası"nın yenə də hər şeyə nəzarət etməsi idi. "Dəli şair" adı və qeydilə yazılan parçaların heç də hamısının məhəbbət mözusunda olmaması da qənaətimizi təsdiq edir.

Yeri gəlmişkən xatırladaq ki, "Dəli şair"dən S.Vurğundan əvvəl siyasi türkçülüyün babası, milli ideologiyamızın, milli dövlətçiliyimizin təməl prinsiplərinin yaradıcısı Əli bəy Hüseynzadə "Heyrət, yaxud bir mələgin insanlara xitabı" şeirində ("Füyuzat" j., 1906 ¹1) imza kimi istifadə etmişdir. Və məqalələrindən birində o, "dəliliy"i, "cünunluğ"u fədailiyə bərabər tutmuşdur...

S.Vurğun "Dəli şair" əsəri üzərində 1927-1929-cu illərdə işləmişdir. Bu illər isə, məlum olduğu kimi, gənc şairin "lirik mən"inin təşəkkül dövrünün ilk mərhələsi idi. Doğrudur, S.Vurğun göstərilən illərdə də təbiətə həsr etdiyi, şəxsi məhəbbəti və dövrdən narazılıq şeirləri ilə yanaşı, siyasi mündəricəli, yeni quruluşu tərənnüm edən əsərlər də yazırdı. Dövrün tələb etdiyi bu mövzulu əsərləri qələmə almağa onu qardaşı Mehdixan da təşviq edirdi. M.Vəkilov yazır: "Müasirləri yaxşı bilirlər ki, mən S.Vurğunun başına fırlanan pərvanə olmuşam, ona görə də hər vasitə ilə onu həyat yoluna, yaradıcılığın geniş xiyabanına çıxarmağa çalışmışam". (M.Vəkilov. Ömür dedikləri bir karvan yolu. "Yazıçı", B.,1986, s.90). "Yaradıcılığın geniş xiyabanı" deyərkən isə M.Vəkilov bunları nəzərdə tuturdu: "Hər şeydən qabaq subyektiv hisslərdən və duyğulardan doğan hərəkətlərdən əl çəkməsi, "Dəli Səməd", "Dəli şair" yolundan çıxması, böyük inqilabı - şəxsi məhəbbətdən daha güclü romantikaya malik olan inqilabı, yeni sosialist həyatını tərənnüm etməsi üçün ona çox yalvarmışam, məktublar yazmışam".

Mehdixanın qardaşına yazdığı məktublar haqqında vurğunşünaslar kifayət qədər araşdırmalar apardığından ifrata varmayıb, S.Vurğunun "Dəli şair" mövzusundan uzaqlaşma səbəbinə aydınlıq gətirə biləcək bir neçə cümləni təqdim etməklə kifayətlənirik: "Sən istədiyin eşq, sevda, nəşə ədəbiyyatının əsri çoxdan keçdi. Bizim proletar ədəbiyyatımız inqilabdan sonra qalibiyyət və müzəffəriyyət zövqləri söyləməlidir. Heç bir zövq inqilab müzəffəriyyətinin verdiyi dadı verə bilməz... artıq əməli olaraq proletar yolunu tut! Əfsanələri burax, sənətini sinfi yola sal" və s. (25 fevral 1928).

Əslində, bunlar M.Vəkilovun şəxsi istəyi yox, siyasi rejimin yeni ədəbiyyat qarşısında qoyduğu vəzifələr idi. İlk növbədə dövrün, zamanın bütün sahələrə yenilənmə tələbi və bu səpkili məktubların, eləcə dövrün ədəbi tənqidinin, doğrudan da təsiri olur. O illərdə çap edilən məqalələrdən birində də S.Vurğunun "Dəli şair"dən uzaqlaşma səbəbini anlamaq mümkündür. Məqalədə deyilir: "Səməd Vəkil (Vurğun) "Dəli şair"dən parçalar" ünvanı ilə "Qızıl Gəncə" və "İnqilab və mədəniyyət"də çap etdirdiyi yazılarında gənclərə bir çox nəsihətlər edir, yollar göstərir (quruluşunda "Azər"in izləri görünür - H.Cavidin "Azər" poeması nəzərdə tutulur - A.S.). "Dəli şair" şəhərləri, kəndləri, dağları, dərələri gəzir və hər yerdə öz "fəlsəfəsi"ni tələb edir. Fəqət, bunda da proletar ideolojisi aramaq əbəsdir" (Mim.Re. "İnqilab və mədəniyyət" j., 1930 ¹30, s.24).

Şairin, xüsusilə 1929-cu ilin ortalarından Moskvaya təhsil ardınca getməsi (II Moskva Dövlət Universitetində təhsil alması) yaradıcılığında yeni bir mərhələnin başlanğıcı olur. S.Vurğun yaradıcılığının Gəncə dövrü yeni bir mərhələ ilə əvəzlənir. "Dəli şair" poemasının tərkib hissələri "Ölən şeirlər" sırasına qatılır. Mühit "Dəli şair"i S.Vurğuna "unutdurur" (poemanın yarımçıq qalmasının səbəbi də budur) və o, poemadan bircə şeiri də kitablarına salmır... və yuxarıda dediyimiz kimi, sala da bilməzdi. A.Rüstəmlinin güman etdiyinin əksinə olaraq 3 cildliyə də... Çünki dövr "Dəli şair"i yox, quruluşu öyən əsərləri tələb edirdi...

A.Rüstəmlini yanıldan səbəblərdən biri də, düşünürük ki, haqqında danışdığı şeirlərin tərkib hissəsi olduqları "Dəli şair" poeması fonunda nəzərdən keçirməməsidir. Doğrudur, müəllif məqaləsində S.Vurğunun Gəncədə müəllim işləyərkən "Dəli şair" imzası ilə şeirlər yazdığını bir cümlə ilə xatırlayır, amma xatırlayıb da üstündən keçir. Əgər o, naməlum kimi təqdim etdiyi "Axşam söhbəti" şeirinin, eləcə də haqqında danışdığı "Bayram qabağı" şeirinin adıçəkilən poema ilə əlaqəsini kifayət qədər izləsəydi, poemanın digər tərkib hissələrinin tarixçəsini araşdırsaydı, yəqin ki, yol verdiyi yanlışlıqların bir qismi məqaləsinə yol tapmazdı. Heç olmasa, yazmazdı ki, "Axşam söhbəti" şeiri "tədqiqatçı diqqətindən qıraqda qalıb". Görərdi ki, haqqında danışdığı şeirlər də daxil olmaqla "Dəli şair" poemasına həm 1930-cu illərin, həm də sonrakı, eləcə də müstəqillik illərinin tənqidində (M.Rzaquluzadə, O.Sarıvəlli, M.Vəkilov, H.Babayev, B.Vahabzadə, A.Salmansoy və b.)  münasibət bildirilib.

Yeri gəlmişkən, "Dəli şair" poemasının, eləcə də onun tərkib hissəsi olan "Axşam söhbəti" parçasının  "tədqiqatçı diqqətindən qıraqda" qaldığını təkzib edən kiçik bir nümunə. B.Vahabzadə yazır: "Poemadan ("Dəli şair"dən - A.S.) parça adı ilə dərc olunan, lakin müstəqil şeir kimi səslənən "Bayram qabağı", "Axşam söhbəti", "Əyilmə", "Həyata doğru" kimi şeirlərdə də əvvəlcə məyusluq duyulur, sonra isə bu məyusluğa qarşı mübarizə etmək tövsiyə olunur. Bunların içərisində "Həyata doğru" şeiri şairin o zamankı əhval-ruhiyyəsini aydınlaşdırmaq üçün çox səciyyəvidir". (Müəllif daha sonra adını çəkdiyi parçalardan nümunələr verərək onları təhlil edir... B.Vahabzadə. Səməd Vurğun. Azərbaycan Dövlət nəşriyyatı. B., 1968, s.38)...

Beləliklə, şeirin "Çiçək" kitabında nəşr edilməsi, üstəlik, vurğunşünaslığın əlifbası hesab edilən S.Vurğun haqqındakı biblioqrafiyada (1965) geniş məlumat verilməsi A.Rüstəmlinin məqaləsinin başlığına çıxardığı "naməlum" sözünü oxuculara "məlum" kimi oxumağı tövsiyə etməklə yanaşı, məqalə müəllifinin özünə qazandırmaq istəyində olduğu "birincilik" statusuna da (yəni ilk dəfə o, üzə çıxarıb), yumşaq desək kölgə salır...

P.S. Fürsət düşmüşkən, dostumuz Azər Turana da bir istəyimizi çatdıraq: mübahisəli tekstoloji problemlərlə bağlı bu tip yazılar, yaxşı olar ki, sahənin mütəxəssisləri ilə məsləhətli və qarşı tərəfin cavab məqaləsi ilə qəzetin eyni sayında dərc edilsin. Əks təqdirdə, yol verilən qüsurların sonradan təkrarlanmaq - tədqiqatdan-tədqiqata, nəşrdən-nəşrə keçmək ehtimalı yüksək, qarşısının alınması çox çətin olur. Bizim tövsiyəmiz isə həmin ehtimalı sıfıra endirir...

 

Aslan SALMANSOY

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.8-9.