Əjdər Olun Klim
Samgini
Sıradan Yazı
Əjdər Ol zəmanəmizin ədəbiyyat
adamıdır, Ədəbiyyatı yaxşı da bilir. Amma Yazı belədir ki,
adamı hər yana qovur. Odur
ki, Əjdər Ol tarazlığı hərdən saxlaya bilməyib
çaşır. Şeirləri, hekayələri,
hətta pyesləri belə yaranır. "Lo"
"canlı roman"ı da (Qanun Nəşriyyatı, 2019)
bu çaşqınlıqdan kənar(da)
deyil.
"Klim
Samginin həyatı"nı tələbəlikdə
oxumuşam; həmişəlik yadımda qalıbdır.
M.Qorkinin inqilablar epoxası ara itib məzhəblər
qarışdığı dövrləri, elə epoxaya
yaraşan epopeya həcmində də, dörd cilddə-kitabda
süzgəcdən keçirən romanıdır; hadisələr
başlayır 1880-ci illərdən rus əyalət şəhərlərindən
birində Klimin dünyaya gəlməsilə, başa
çatır 1917-ci il "smuta"sı
(qarmaqarışıqlığı), çarın devrilməsi,
paytaxt Petroqrad inqilablar içində; bir İnsan fərdinin
ömrü uzunu, - yazıçı romanın adında da
bunu vurğulayır: "Klim Samginin həyatı (qırx
il)" - bir növ "belə bir ömür, belə bir zəmanə"
xronotopunda.
Nədən yadıma düşdü. Əjdər Olun "Lo"
romanının qəhrəmanı da buna oxşar silkinmələr
epoxasının sakinidir; 1980-ci illər, Çernobıl, sonra
SSRİ-nin dağılması, Qarabağ, müstəqillik qovğaları,
hakimiyyət savaşı, məğlubiyyət acısı...
- hadisələr bir-birindən Lo gəlir; bir əyalət
şəhərində doğulub boya-başa
çatmış roman qəhrəmanı ...1988, 1989, 1990... -
bu heynlə1993-cü ili paytaxt Bakıda,
inqilabi çevrilişlərin içində başa vurur, bir
növ "belə bir zəmanə və ömür"
xronotopunda.
M.Qorki "Klim Samgin"i birdəfəlik bioqrafik roman
strukturunda qurmuşdur; həm də hər hansı bir tarixi məşhurun
deyil, Sıravinin, sıravi birisi Klim Samginin bioqrafisində. Zaman
Sıravidə. Təhkiyə qırx il,
nə ölkəni bürümüş böyük
(ictimai-siyasi) təlatümlər cığından
çıxır, nə də orta (təbəqə)
ziyalı ömrünü yaşayan Klimi izləməkdən.
Klim hər zaman İnqilablar epoxasına
yaraşmaq istəyir, heç zaman da inqilablar (Epoxa) Sıraviyə
- İnsan fərdinə düz (əyninə) gəlmir; ya onu
(epoxanı) yaşamalısan, ya fərdini. Klim təbii
ki, özünü yaşayır, yəni nə inqilabı
axıracan yaşaya bilir, nə də fərdini...
Əjdər Olun "Lo" romanı da bioqrafik struktur
üzərindədir; hərçənd başlanğıcda
bir qədər çaşqınlıq var.
Çernobıldan başlaması sanki ardınca XX əsrin nəhəngi
Sovet dövlətinin dağılması barədə
ictimai-siyasi (hadisələr) romanını gətirəcəkmiş. Ya bəlkə həmin
dağılmanın altında qalıb əzilən fərdin
sosial-psixoloji, ya da daha dərin (qatlarda) ekzistensial
romanını?; bizim
romançılıqda axı əksərən bu struktur
işləkdir. Amma "Lo"da nə axıracan birincidir, nə
də tam ikincisi; Lo xəbəri alınca Çernobıldan
Qazaxıstana köçürülmüş əsgər
qardaşı Qaranın görüşünə tələsən
qəhrəman yol boyu, ekzistensiyasında Çernobıldan
daha çox Qaradan yapışıb uşaqlıq və gənclik çağlarına, (ip)isti xatirələrinə,
bir cənub şəhərinin hardasa (ekzotik) dünən,
hardasa (aktual) bugününə dalır. Sonrası da belədir, ictimai-siyasi
hadisələrin hər il daha da gur gəldiyi və qəsb
etdiyi (real) roman zamanını Əjdər Ol qəhrəmanının
tüm fərdi bioqrafisi ilə yükləməkdən,
bioqrafik zamana transfer etməkdən çəkinmir. Hətta
getdikcə ayırd etmək çətinləşir: romanda
üst olan nədir - ictimai-siyasi-gerçək(dən)
baş verənlərmi, ya şəxsi-fərdi-ekzistensial
(bioqrafik) olanmı? Romandan: "Müharibə, inqilab, anarxiya,
qarışıqlıq dövrləri adamı avara
qoyur..."
Axı
başlanğıcdaca marığını Çernobıl
ilə itiləmiş oxucu üçün qəfil
dönüşlə: bir xatirə dolu əyalət şəhəri,
qoy lap olsun ifrat kriminal mühiti-qəhrəmanları-
sıradan epizodları, uzun-uzadı bazar lövhələri-personajları-
lətifələri, iki qardaşın çoxlu Heklberri Finn
macəraları və s. və s. ilə necə maraq kəsb
edə bilər? Amma yox,
baxırsan ki, maraqlıdır...
Əvvəla, baxıb-görürük ki,
Çernobıl, Əfqanıstan, Yenidənqurma-filan... -
bütün bu nəhəng ölçülər SSRİ-yə
aid nəsnələr imiş; altında insanların
özünə-mühitinə-dolanışıqlarına
çəkilib, həmən bu nəhəngdən qoruna-qoruna
yaşadıqları ekzotik-aktual Azərbaycanımız
varmış.
Ən çox da bu mənzərələrdən yadda
qalanı bilirsiniz nədir: dəmir yol kənarında yerləşən
əyalət şəhərində vaqonların mütəmadi
yağmalanması faktı. Romandan: "Yük qatarları
bizim şəhərin oğruları üçün ən
yaxın, ən rahat, ən zəngin qazanc yeri idi. Nə qədər
qatar oğrusu tutulurdu, xeyri olmurdu. Yeni oğrular yetişirdi. Türməyə
düşənlər də cəzasını çəkib
gələndən sonra yenə yük qatarlarına
dırmaşırdılar..."
Həm də ki, axı qəhrəmanımız bu şəhərdə
doğulub-böyüyüb- ərsəyə gəlibdir. Daha
doğrusu, baxıb-görürük ki, burda
doğulub-yaşayıbsa da, əslində həmən o
SSRİ- adlı nəhəngin ölçülərində
(məktəbi, milisi-məhkəməsi, idarələri-qadağaları-
kuralları, Bakısı, Rusyəti, Leninqradı və
Ermitajı...) irəli gəlibdir. Üstəlik,
bu nəhəngin içində itib-batmayıb, öz Azərbaycanını
da kəşf edibdir. Axı qəhrəmanımız
özü bir Lo-dur; fərasəti ilə, hələ 12 yaşından
atasının verdiyi cib xərclərini yığıb, həftə-sonu
Azərbaycan rayonlarına təkbaşına turnelər edib,
abidələr-heykəllər önündə, məxsusən
ölkə muzeylərində saatlarla olmağı, balaca təkanlardan
böyük xəyallar qurmağı sevibdir. Qəhrəmanımız
izdihamlı bazarları nə qədər desən seyr edir,
amma bazar adamı olmur; tüfeyli "kruqlar"da (dairələrdə)
olub, kənarda durmağı bacarır; "türmələr"i
çox görmək istəyir, təsadüfən
gedib-görür də, amma "türmə adamı"
olmur. Nəhəng ölçülər, can
atdığı və gedib-baxmağa nail olduğu miqyaslı
hadisələr (romandan: "həyatımda ilk
gördüyüm böyük hadisə Kürdən
Bakıya su kəmərinin çəkilməsinin
başlanması" və s.) qəhrəmanımızı
ehtizaza gətirir, amma Sıradan (cızığından)
çıxmağa da nədən olmur...
Qəhrəmanımızın
ailə tərbiyəsi güclüdür, bu ona (Sovetin deyil)
sırf milli mentallıq qazandırır: Məşədi Zeynəb
nənəsinin güzəştsiz patriarxlığı, roman
boyu təkrar-təkrar söykəndiyi (həm də nəzəriyyədə
yox, əməliyyədə) örnəyin ata tövsiyələri,
daim istisini duyduğu ana nəvazişi-əhatəsi; boynuna
düşən böyük qardaş
missiyası-havadarlığı-himayəsi və hardasa da
(çevikliyi-ərköyünlüyü ilə
üstün, babasının adını daşıyan
Qarakişiyə) kiçik qardaş qısqanclığı,
(aralarında vur-tut dörd ay yaş fərqi olan Balaşla)
ömür sınağından çıxmış dostluq
ülfəti-qılığı və hardasa da ötkəmliyi-sərtliyi,
həyatında qadın fərəhi və Fərəhi... Bu ki, hələ N qədər də bioqrafisində
olan hadisələri, insanları, doğma və yad adamları
üstünə gəlsək, maraqlıdır. Nədən maraqlı olmasın?! Ayrıcalıqda (daha bu dar macalda durub Klim Samginin
birinci kitabını, bir rus əyalətinin
darıxıb-darıxdırdığı mənzərələri
yada salası deyiləm) daha da maraqlıdır. Çox maraqlıdır. Amma keçmiş ola...
Qapıda 1985-1987 - Qorbaçov yenidənqurmasıdır;
roman bizi real (ictimai-siyasi) zamana qaytarır. Marqaret Tetçer, R.Reyqan,
Raisa Maksimovna, Paris, "Humanite" qəzeti, Aqambekyan,
Qarabağ.... - baho, nəhəng bildiyimiz SSRİ
dağılır ki və budur, Qarabağ hadisələri...
1987 - Ermənistanqan qovulan azərbaycanlılar, sonra 1988-in
fevralı, Sumqayıt; 1988 noyabr-dekabr mitinqləri, Meydan hadisələri;
1989 - AXC və digər baş verənlər; artıq biz
öz Azərbaycanımızın hayına
qalmalıyıq...
Bu ki:
ekzotik-aktual Azərbaycanı orada qoyub, qəhrəmanımız
bizə bu dəfə qəfil/qafil
düşdüyümüz "inqilabi Azərbaycan"ı
danışmağa başlayır. Hamı kimi o
da hadisələrin içindədir, həm
çölündə; hadisələr də həm qəhrəmanın
içindədir və çölündə. Hər gün Meydana can atır, hamı kimi; Azərbaycan
naminə nəsə eləmək istəyir, Sıravilikdən
özgə nəyəsə əli çatmır, hamı
kimi. İnqilabi-silkinmiş Zaman Sıravidə
yaşayır, nəfəs alır. İstəməsə
belə qapısını döyəcləyir; bir gün
Meydandan başı ayılanda qəhrəmanımız
direktor müavini kimi çalışdığı
Yazıçıların Şüvəlandakı
Yaradıcılıq Evini qaçqınlar ordusu ilə
dolmuş görür, çoxlu faciəli, ağrılı,
(adi vaxtlara görə) bəzən hətta məzəli hadisələr
istər-istəməz bioqrafisinin içinə girir.
Bəs
1990-nın Qara yanvarı?; kimin
qapısını döymədi ki. Qəhrəmanımızın
mitinqçilər sırasında olan qardaşı Qaranı
xəstəxanalar boyu axtarması, içəridə,
çöldə və öz içində sayagəlməz
müsibətlər, qardaşını ölənlər,
yaralananlar arasında deyil, Şüvəlan türməsində
tapmasının o günlər üçün çox qəribə
sevincləri və s. epizodlar, yaşamlar, sıra faktlar... -
bugün artıq nəinki ictimai yaddaşda, sənədli
tele-xronikalarda, ədəbiyyat üçün də çox
tanış, tipikləşmiş mənzərələrdir.
Bu dəfə Yazıçıların Şüvəlandakı
Yaradıcılıq evini İşğal ordusu zəbt edir və
kirli çəkmələrlə tapdanmış İctimai
görəvindən qəhrəmanımızı bilmərrə
(ictimai) Meydanlara qovmuş olur...
M.Qorki sonradan (1927-1935-ci illərdə) qələmə
aldığı Epoxanı "Klim Samgin"də epik
keçmiş olaraq (içərisindən çıxıb
da) təfsir edir və hətta romanın janrını da dörd
uzun kitaba rəğmən sadəcə "povest" (hekayət)
adlandırır. Əjdər Ol da Lo-nu sonradan (2010-2018-ci illərdə)
yazıya alır, amma romanın (Zamanın, Epoxanın)
içindən çıxammayıb, stixiyasında
qalmağı tərcih edir; "canlı roman" təyinatı
da, görünür ki, buradandır...
Qarabağ məsələsi necədir romanda;
İnqilablar Klim Samgin üçün nədirsə, o
cürdür.
Baxmayaraq ki, qəhrəmanımız və Qarabağ
müharibəsi eyni epoxada, yanaşı, lap iç-içədirlər,
amma romanda, demək olar ki, birbaşa görüşmür,
görüşə bilmirlər. Doğrudur, epizodların
birində hər şeylə maraqlanıb, kənarda (şəxsi
dünyasında) qalmağı bacaran dostu Balaşla birgə,
cəbhə bölgəsində nələr olur
marığı ilə Ağdama səfərləri baş
tutur, amma çayxana söhbətlərindən/sərhədlərindən
o yana keçə bilmirlər. Başqa bir epizodda qəhrəmanımız
Qarabağa çəkilişə gedən telejurnalist dostunun
dəvətilə, beş nəfər bir "Jiquli"də,
Füzuliyə gedib-çıxır, bir neçə evlərə
düşən qrad mərmilərinin müdhiş səhnələrini
gözləri ilə görür, hətta qida-sursat
apardıqları səngərlərdə qəfil düşmən
atəşinə də tuş gəlirlər;
könüllülərin necə bir çətin, əlacsız
müharibə apardıqlarının şahidi olurlar... Bir dəfə isə Bakıda, atasının
"Niva"sında getdikləri yerdə Omonçular qəfil
qabaqlarını kəsib, maşını cəbhə
üçün tələb edir; etiraz etdikdə şəxsən
R.Cavadov özü hər ikisini güllələmək əmri
verir. Bu da müharibənin başqa bir sərt
üzüdür... Sonralar, prezident aparatında xırda məmur
olaraq çalışdığı zamanlarda, qəhrəmanımıza
bir dəfə də hərbi hissələrdən birində
"sabah cəbhəyə göndəriləcək hərbi
siyasi rəhbərlər,
çağırışçılar"
qarşısında "farağat vəziyyəti alıb vətənpərvərlik
mövzusunda inamlı sözlər demək", "dövlətin
adından danışmaq" da müyəssər olur;
müharibə epizodudur əlbəttə, xüsusən
"dediklərimin qarşımdakılara təsirini
görüncə daha da qızışdım" məqamında...
Amma ki, bütün bunlar haşiyələrdir; ümumən
hesabladım, münaqişə və müharibə
başlayalı, romandan Qarabağ sözü 56 yerdə
keçir (hələ bu, konkret cəbhə bölgələrinin
adları istisna olmaqla, mənim təxmini say-hesabımdır). Bəs necə ola bilər, müharibə epoxasıdır... Amma müharibənin özü deyildir; patriotik
Ədəbiyyatdan baxanda Qarabağ müharibəsinə
heç yavuq da gəlmir. Orda, cəbhə bölgəsində
- müharibə, burda, Bakıda (və hər yerdə) - mitinqlər; orda könüllülər,
burda hakimiyyət qovğaları; orda böyük dövlətlərin
böyük maraqları, burda balaca adamların böyük
iddiaları; hər yerdə son-aqibət (Moskvaya) qalib gələn
sanki xalqdır, AXC-dır, amma bütün illüziyalara rəğmən
Qarabağda son-aqibət məğlubiyyətdir...
Sadəcə tarixi faktlar olmayıb, gətirdiyim mənzərələr
birbaşa romandandır; həm də qəhrəmanımızın
paralel konstatasiya etdiyi realiyalardan. O, Qarabağ hadisələrini
görür, düşünür, izləyir, anlayır,
intixab edir (çoxları kimi);
amma faktik "bu müharibə"də yoxdur, ola bilmir,
hər yerdə, hər vəchlə Qarabağdan uzaqda, hardasa
buralarda, illüziyalarındadır (əksəriyyət kimi).
Bilsəniz, roman boyu qəhrəmanımızın nə qədər
də sərrast "müharibə düşüncələri"
yer alır (burda sadalamağın yeri yox); hər dəfə də
(müharibə ilə) üzbəüzlüyündə bir qənaətə
gəlir: "Müharibəni dövlət
aparmalıdır", axı Sıravinin əlində nə
var... Bu və ümumən də roman - qəhrəmanımızın
Epoxayla iç (ekzistensial) müharibəsidir; ən
mühüm olanı da elə budur.
Əjdər
Olun "Lo" romanı ədəbi mühitdə kifayət
qədər rezonans doğurmuş, "Ədəbiyyat qəzeti"ndə
müzakirəsi də olmuşdur (ƏQ, 29 fevral 2020); amma Epoxanın
(1990-cı illər) işığında, Epoxanın kölgəsinə
alaraq (nə düz imiş, nə yanlış müstəvisində).
Mən daha qlobal, Dünya klassikası
işığında baxmaq istədim; bəlkə də
romana təkrarən diqqət çəkmək
üçün. "Lo" özlüyündə qiymətli
Ədəbiyyat faktıdır. Bizdə bu
növ romanlar olmayıbdır. Tarixi şəxsiyyətlərin
nəzərlərindən 1990-ları qapsayan "canlı
roman"larımız var (S.Rüstəmxanlının "Xətai
yurdu"nu, yaxud Elmira Axundovanın Ulu Öndər Heydər
Əliyevin bioqrafisi üzərindən "Heydər
Əliyev. Şəxsiyyət və
zaman" altı cildliyini yada salmaq olar), tarixən olanları
yazıb da, mənalandırıbdılar.
"İnqilabi epoxa"nın
insanını, fərdi, Sıravini (romanda deyildiyi kimi:
"müharibə, inqilab, anarxiya, qarışıqlıq
dövrləri adamı"nı) isə yazan
olmayıbdır, bir növ: "belə bir zəmanə, belə
bir ömür" xronotopunda. Lo - bioqrafik struktur üzərində(n) İnqilablar-silkinmələr
dövrü ekzistensial-realist romanımız, aqibət
Yazımızdır; eynən (rusların) "Klim
Samgin"(i) kimi. Bu növ romanımız
heç əvvəllər də olmayıbdır.
"İnqilablar"ı yazıbdılar (bütün sovet
dönəmi ərzində), ekzistensiyasını isə yox; bəlkə
də ondan ki, İnqilablarımız (bizimki)
olmayıbdı...
M.Qorki Klimi bitirə bilməmişdi; eləcə Epoxa ilə
bioqrafisinin aralığında qalmışdı. Zahirən bitmiş
görünsə də,- dedik:- Lo-da da bir
çaşqınlıq var. Ulu Öndər Heydər
Əliyev iqtidara gəlib xilaskarlıq, səliqə-sahman,
quruculuq Epoxasına başlayalı (ilk addımların
sevincini romandan duyuruq), deyən, möhkəm əllərdə
görüb, qəhrəmanımız bayaqdan bəri stixiyasından
qopammadığı Epoxadan (və romandan) tələsik
çıxmağı qərar verir: "Yenə də işə
gedirdim... Artıq yazdığım romandan
çıxmışdım" - son cümləsi belədir...
Razılaşa bilmirəm. Qəhrəmanı bəlkə
də başa düşmək olar, Yazı-çını /
Əjdər Olu isə heç vəchlə. Epoxa davam
edir axı; bəs sonrakı Epopeyanı (...2-ci, 3-cü...
kitablar) kim yazacaq? Biz
Qarabağda qələbə çaldıq. Şuşanı aldıq. Yeni epoxaya girdik... "İş" bəhanəsi gərəkməz,
qardaşım; igidin başı qalda, ədəbiyyat adamı
Ədəbiyyatda gərək.
Sayğılarımla.
P.S. "Ədəbiyyat qəzeti"
üçün nəzərdə tutduğum "Sıradan
Yazı" layihəsini indən belə (bizdən
asılı olmayan səbəblərdən) öz imzamla təsdiqləməli
oluram. Etiraf edim ki, qəzetin əvvəlki saylarında
Sıravi imzası ilə getmiş "Yazıçı
Anarın hünəri" (ƏQ, 13 mart 2021), "Rasim
Qaracanın fədakarlığı" (ƏQ, 3 aprel 2021),
"Sabir Rüstəmxanlının müstəqillik
Savaşı" (ƏQ, 22 may 2021, ¹ 21-22) yazıları da mənə
məxsusdur.
Tehran ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.10-11.