Klassiklərin duyulması

 

1

 

M.F.Axundzadə Azərbaycan bədii təfəkkürü tarixində müasir ədəbiyyata yön, özündən əvvəlki ədəbiyyata münasibətdə "işarə düşmənçiliyinə yol" verən bir fiqurdur. Azərbaycan ədəbiyyatşünaslığının demək olar ki, bütün nəsilləri onun "Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur: ancaq nazimi-ustaddır" fikrinin "tilsimini" açmağa, bu ibarəyə özünəməxsus izah verməyə çalışmış, ancaq sonda demək olar ki, hamı eyni fikrə gəlmişdir: bu məqamda Axundov böyük səhvə yol vermişdir. Yəni bu mülahizə ilə bağlı "Axundzadənin səhvini" görmək asan olsa da, bunun arxasında Azərbaycan bədii təfəkkür tarixinin hansı problemlərinin durmasını incələmək demək olar, heç kəsin ağlını məşğul etməmişdir. Ancaq... məşğul etsə də, etməsə də, bu problem, bu qovğa sayəsində dünya standartları səviyyəsində Azərbaycan nəsri yaranıb formalaşmışdır. Həm də yeni dövr, yeni ədəbiyyat klassika ilə qovğadan doğmuşdur.

Axundzadədən sonra Mirzə Cəlilin dram və nəsr əsərləri gəlir. Filoloji fikirdə bizim dramaturji və nəsr mətnləri ilə bağlı "janr qarışıqlığı" məsələsi də məhz Mirzə Cəlilin bədii təfəkkürü ilə bağlıdır. "Janr qarışıqlığı" yenə də yuxarıda vurğuladığımız "sınma" hadisəsini müstəviyə gətirir: sosial mahiyyətli ədəbiyyat, onun mahiyyəti və poetik sistemi yeni nəfəs və baxışla təzələnir. Axundovun qələmində çox aydın oxunan bir şey, Mirzə Cəlil qələmində bədii-estetik baxımdan "qəlizləşir", janr qarışıqlığı yaranır, "Ölülər" və "Dəli yığıncağı", "Kişmiş oyunu" və sair əsərlərdə zamanı ovuc içinə alıb göstərmək ehtirası daha sonrakı illərin nəsr təcrübəsində təfərrüatdan qaçmaq, "işarə dili ilə danışmaq", detalların müxtəlif kombinasiyalarından istifadə edib modellər qurmaq... bütün bunlar az bir zaman içində Azərbaycan nəsrinin keçdiyi yolu şərtləndirən əsas keyfiyyətlərdir.

 

2

 

Bu gün bizim klassik adlandırdığımız şair, yaxud yazıçı sağ ikən məhz klassikaya işlədiyini, müvafiq dildə klassika nümunələri yaratdığının fərqində olmur. Bu təbiidir. Bəzən belə ifadələr eşidilir ki, Nizamini məqbərədən çıxarıb xalqın içinə buraxmaq lazımdır. Məqbərə, əlbəttə, onun böyük söz ustadı, nəhəng, dahi klassik olduğunun bir nişanəsidir. Amma bu ifadə ("məqbərə"), eyni zamanda onun dahiliyini çəpərə alan, onunla müasir proseslər arasında təcrid yaradan bir nəsnədir. Onun elə mətnləri, yaxud misraları var ki, şair məqbərədən çıxıb, modern ədəbi prosesə qoşulub bunları ifadə etsəydi, çox qəliz situasiya yaranardı. Həm də bu: Ey Şeyx Nizami, ey nizamı dağılan // Ey Gəncədə izzü - ehtişamı dağılan // Olmayıbdır cahanda bir səninlə məntək // Beyti, evi, məktəbi, kəlamı dağılan... Ona görə zaman klassikin məqbərədə olmasını, muzeydə saxlanmasını sevir. Yəni klassika təkcə hikmətli söz, insanı durduğu yerdə düşündürən, dünyadan, onun olar-olmazlarından ayıran ifadələr deyildir, klassik sözün geniş mənasında həm də "məhbəs" adamıdır. O mənada ki, bir gün o məhbəsin dəmir barmaqlıqları qırılacaq, gün doğacaq və bizim əsrlərdir intizarında olduğumuz mənalar içimizə dolacaq, onları duyub yaşamaq xoşbəxtliyi behişt küləyi timsalındadır və bu, bəri bəşdan deyək, fantastikadan başqa bir şey deyildir. Ona görə fantastika və ya fantasmaqoriyadır ki, klassik ədəbiyyatın arxasında həmişə tarix dayanır, tarixsə, T.S.Eliotun təbirincə təkcə  salnamələr, yığın-yığın əlyazma və sadəcə əsərlər, külliyyatlar deyildir, klassik ədəbiyyatı yetirən tarix lap elə şüurlu şəkildə olmasa da sahmanlı, arasıkəsilməz  prosesdir, həm də malik olduğu potensial çərçivəsində həmin əsərlərin yazıldığı dilin bu prosesi mənimsəməsidir.

Bu mənada məsələn, İmadəddin Nəsimi həm də... klassik deyildir, mətnlərinin içindəki enerji, dinamika, bu günün ədəbi, ictimai-fəlsəfi prosesi ilə onun daxili bağlantısının tipi Nəsimini klassika çevrəsindən ayırır, haqqında əsrlər boyunca yaranan ən fantastik əhvalatlara rəğmən bu günün şairinin yazdığı mətnlərə uzaqdan təsir edib onları dəyişə bilən fiqurdur. Bunun daha aydın şəkildə anlaşılması üçün T.S.Eliotun "Klassika nədir" məqaləsinə müraciət etmək olar. Eliot yazırdı: "Əgər, məsələn, haçansa şifahi olaraq, yaxud auditoriyada çıxış zamanı "klassik" sözünü hansı dildə yazmasından asılı olmayaraq ustalığının və bu sahədə mübahisəsiz dahiliyinin təsdiqi kimi "nümunəvi müəllif" mənasında işlətsəm, bu zaman heç bir izahat tələb olunmaz... Daha sonra mən fikrimcə, klassikanı fərqləndirən keyfiyyətləri, özümlü xüsusiyyətləri sadalayıram.  Ancaq demirəm ki, hansısa xalqın ədəbiyyatına klassik olmaq qisməti yazılıbsa, bütün bu keyfiyyətlər hökmən deyil ki, hansısa bir konkret müəllif, yaxud konkret ədəbi epoxada özünü göstərsin. Ancaq bütün bu keyfiyyətlər mənim zənnimcə, Vergilinin simasında təcəssüm olunubsa, bu yenə də o demək deyildir ki, o, dünyada ən böyük şairdir, hər hansı şair haqqında bunu demək mənasızdır. Əgər hansısa xalqın ədəbiyyatı klassik müəllif və ya dövrlə fərqlənmirsə, bu da qüsur sayılmamalıdır; yaxud klassika anlayışına ən çox yaxın olan epoxa heç də böyük adlandırılmırsa, deyək ki, bu, ingilis ədəbiyyatı üçün normal və ədalətlidir. Zənnimcə, klassikanın qızıl damar kimi ən müxtəlif dövrlərin gah bu, gah da digər müəllifdə "yanıb-söndüyü" milli ədəbiyyatlar zəngin hesab edilməlidir".

Klassik ədəbiyyat (poeziya) təfəkkürünün parlaqlığı oxu zamanı bizi hər addımda saxlayır, məcbur edir ki, mənaların yaratdığı möhtəşəm məkanın (şəhər...) hər qarışını, hər daşını-divarını təsəvvürümüzdə canlandıraq, ancaq bu təfəkkür tipində metafora sistemi elə düzülür ki, həmin şəhərin ayrı-ayrı fraqmentlərini "görürük", bu isə son nəticədə səssiz kino effektinə bənzəyir - o uzaqlıqdan səsin bizə çatmaması deyək ki, məsnəvidə süjetlərin şaxələnməsinə, poetik mətnin anidən pritçaya çevrilməsinə səbəb olur. Bu kontekstdə statika ilə dinamikanın vəhdəti, alovla külün "qovuşuğu" süjetlərin, onlara yönəlik meydana çıxan mənaların sonsuzluğu, bitib-tükınməzliyi anlamına gəlir. Klassik müəllifin gözləri ilə baxanda eşqə dair bir mövzu ("Leyli və Məcnun") nə qədər təkrar olunsa da, heç zaman bitmir, bu mövzuda yazan hər bir müəllif tanış, hamının keçdiyi cığırlardan keçib  sehr cilvəsinin ən möhtəşəm zirvəsinə çatacağına ümid edir. Rolan Bartın vurğuladığı kimi, "poetik leksikanın özü yaradıcı aktla deyil, sözlərin adəti yerində işlədilməsiylə təyin edilən leksikadır:  burada orijinallıq ayrıca götürülmüş metaforaya deyil, bütövlükdə metafora sisteminə xasdır, burada yaradıcı başlanğıc deyil, ənənə hakimdir...".  Bir-birlərindən xəbərsiz olsalar belə bu ortamda bir mətn o biri üçün "daim başlayan ön söz" (heç zaman bitməyən və bitmək perspektivi olmayan) rolunu oynayır, onun bu təkrarlar, tanış məkanlar içindən keçib "özünü tapmasında" yardımçı olur. Orta əsrlərdə, ədəbiyyatımızın klassik dövründə nə qədər müxtəlif mövzuda məsnəvi və poetik parçalar yazılsa da, vahid mətn yaradılırdı və bu yaradılış aktı əbədiyyətin hər saatında təkrar edilirdi. Bəlli mənalar sistemini, insan, dünya və həyatla bağlı hikmət əsərdən əsərə, mətndən mətnə təkrar edilən lövhələr, bir-birinə poetika baxımından çox yaxın olan vasitələr əsasında ifadə edilirdi. Diqqət edin, "... Nizami və Füzulinin Leylisi kimi Gülşa da qapalıdır, düşdüyü vəziyyət nə qədər acınacaqlı olsa da, dərdini gizli saxlayır. Leyli kimi o da böyük bir dərdin ağırlığını tək çəkmək üçün tənhalığa meyil göstərir, guşənişinlik edir, zəmanəyə etiraz əlaməti olaraq, bütün insanlardan, yaşayış və həyatdan üz çevrir. Məsihi Gülşanı vəfalı bir məşuqə kimi göstərmək, qəmlərinin böyüklüyünü təsirli və cazibəli bir şəkildə tərənnüm etmək üçün onu Füzulinin Leylisi kimi şam və pərvanə ilə qarşılaşdırır...".         

Vaxtilə Jak Derridaya belə bir sual ünvanlanmışdı ki, sizin əsərlərinizi labirintə bənzədirlər. O, cavab verir ki, şübhəsiz, bütün mətnlər özündən sonra gələn bütün digər mətnlər üçün sonsuz ön söz rolunu oynayır, bu sonsuz ön söz sonrakı mətnə güc kimi verilir. Vahid mətn parçalanıb bölündü və dünyanın hər bir küncünə səpələndi, vahidlik, bölünməzlik qırıntı, fraqment kimi təzahür etdi. Niyə? Dünyada birdən-birə nə baş verdi? XX əsrdə müəyyən düzümü və sistemi olan nəsnələrin dağılıb parçalanması və prosesin sonsuz stixiya qazanması bütün gerçəkliyi bir ovuc içinə yığmaq və düyünləmək zərurəti doğurdu. Beləcə, bir ovuc içinə sığan dünyanı klassiklər ən geniş planda, ən adi təfərrüatlarıyla təsvir edə bilirdilər və bu təsadüfdə "bir ovuc içinə sığmaq" metaforası elə onların əsərlərinin poetik sisteminə də aid edilirdi, bu mənada klassik poeziya janrları yerlə göyün birləşdiyi yer idi. R.Bart sözünə davam edərək yazırdı ki, "Bax, buna görə də klassik şairin məqsədi həmişə təzə, parlaq, rastlanmayan sözləri axtarıb tapmaqdan ibarət deyildi, bu sözləri ənənədən gələn tələblərə uyğun olaraq yerləşdirməkdən, əlaqələrin simmetriya və dəqiqliyinə fikir vermək, mənanı şeir ölçüsünə düşənə qədər sıxmaqdan ibarət idi. Klassik təfəkkürün parlaqlığı məsələsi məhz sözlər arasındakı mənaya yetişdiyi zaman peyda olur: bu aləm icad yox, ifadə aləmidir. Sözün sanki  qürurun qeyzli və gözlənilməz hücumuna tab gətirməyib  fərdi insan təcrübəsinin bütün dərinliyini və  təkrarolunmazlığını  aşkara çıxardığı  sonrakı epoxadan fərqli olaraq, klassik poeziyada  onlar (sözlər)  incə və dekorativ nizamın tələblərinə tabe olaraq səth üzərində düzülürlər".

İncə nizamın tələblərincə səth üzərində düzülmə dərinliyi göstərməkdən çox, onu duyurmaq cəhdləri ilə bağlı idi. Bu hal klassik poeziyanın klassik fəlsəfəyə kəsişdiyi məqamdır. Məsələn, Dekartın fəlsəfəsində olduğu kimi, dünyanın "dərk edən" (subyekt, şüur) və "cəzb edilən" (fiziki dünya, obyekt) hissələrə bölünməsi təkcə əşyaların səthini göstərir, ancaq dünyanın dibi ilə bağlı olaraq vahid reallıqdan bəhs etmək daha yerinə düşərdi (Spinozada olduğu kimi). Bunun sübutu olaraq Qrofun eksperimentlərini göstərmək olar, o göstərirdi ki, şüur öz dərinliklərində kainatın əsasları ilə çarpazlaşır.

Klassik kimdir, klassik mətn nəyə deyilir? Bunu düşünəndə hiss edirsən ki, ən böyük sevgi, eşq, ən böyük xoşbəxtlik... yazanda, nəfəsini yazdığı və oxuduğu şeyə verəndə, çox şeydən imtina edəndə duyulur, dünyanın içində qaynaşan, onun altını üstünə çevirən mənaların "rəqsi" bir gün günəşi göstərəcək, xoşbəxtsən, ya bədbəxtsən... deməyə macal qalmayacaq...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.13.