Qarabağdan
bir gələn
olsaydı, gedər, gözlərimi
onun ayaqlarına
sürtərdim...
Təxminən
253 il bundan öncə gözəlim Qarabağın Ağdam
bölgəsindən Anadoluya bir ailə köç edir. Sivasa
yerləşən bu ailə beləcə bu köçü,
bu dərdi əsla unutmur, nəsillərdən-nəsillərə
ötürür, güclü bir hafizə ilə, özəlliklə
də, həzin, yanıqlı, şirin Azərbaycan
türküləri ilə qoruyub saxlaya bilir. Yavuz Bülənd
Bakilər də bu ailədə həmin türkülərlə
doğulub böyüyür, özlüyündə bu mirasa
sahib çıxaraq onu mənəvi övladları
saydığı əsərlərinə hopdurur, bioloji
övladlarını da məhz bu ruhda tərbiyə edur...
Əslən Qarabağdan olan böyük türk -
Y.B.Bakilər 1936-cı ilin 23 aprel tarixində Sivasda
doğulub. Ailənin 6 uşağından biri olan Yavuz bəyin
babası Hacı Əli Fərəhşad Qarabağda dəfn
olunur və təbii, köçün başında dayana
bilmir. Şair babası Məhəmməd
Sabir isə Kahraman Maraşa yerləşir və orada da
dünyasını dəyişir. Ailə bu yerlərə
köç edəndən bir qədər sonra Kahraman
Maraşdan təkrar Azərbaycana dönmək istəyən Məhəmməd
Sabir, təəssüf ki, Doğu Bayaziddən o yana gedə bilmir. Özünün nəsil-şəcərəsini
hörmətlə yad edən çağımızın
böyük aydını "Türkistan, Türkistan"
kitabında bütün bu olaylar barəsində yetərincə
bəhs edib: "Mənim ata-babalarım Azərbaycanın
Qarabağ vilayətinin Ağdam kəndindən
köçüb Türkiyəyə. Ruslar Azərbaycanı
işğal edəndən sonra sünni-şiə
qarşıdurmasını yaratdılar ki, bu da tamamilə cəhalətdən
irəli gəlir. Mənim sünni məzhəbindən
olan ata-babam Osmanlı imperiyasına sığınaraq Sivasa
yerləşib. Uşaqlığım
anamın oxuduğu Azərbaycan mahnılarını dinləməklə
keçib. Atam hər gün Azərbaycan
radiosunu dinləyirdi. "Danışır Bakı"
- uşaqlığımdan yaddaşıma hopub. Qan məni oraya çəkirdi. 1980-ci
ildə ilk dəfə Bakıya getdim. KQB-nin
ən azğın vaxtları idi. Ata-babalarımızın
izini axtarmağa gəlmişdim Azərbaycana. Ruslar böyük bir qəddarlıqla məni
babalarımın torpaqlarına getməyə qoymadılar.
Qarabağ torpağı gətirməyə icazə
vermədilər. Ancaq mən təkidimdən
dönmədim, istəyimdən vaz keçmədim. Azərbaycana
10 dəfə gəlib 10 TV proqramı hazırladım. Türk dünyası ilə bağlı 101 TV
proqramı hazırlamışam ki, bunun da 10-u Azərbaycana
aiddir. Biz cəhaləti aradan qaldırmaq
üçün ədəbi-mədəni əlaqələrimizi
mümkün olduğu qədər gücləndirməliyik",
- inancı ilə Bakilər bütün dəyərli
ömrünü demək olar ki, bu işə sərf edir.
"Ziyalının
məddahlığı ölkəni fəlakətə
sürükləyir..." uyarısı ilə
yazıb-yaradan Y.B.Bakilər bütün türk
dünyasında təkcə Qarabağın deyil, bütöv
Azərbaycanın sevdalısı kimi tanınır...
"Qarabağdan bir gələn olsaydı, gedər, gözlərimi
ayaqlarına sürtərdim..." etirafını edən
doğma yurd həsrətlisi, ulusuna, elinə qara sevdalı
kimi... Təbii, II Qarabağ savaşından, şanlı
ordumuzun misilsiz döyüş taktikası ilə bir sıra
torpaqlarımızın erməni vandallarının
işğalından azad olunmasından sonrakı dönəmdə
Qarabağın qara sevdalısının qələmindən
yeni tarix yazan ərənlərimizlə bağlı möhtəşəm
bir əsərin çıxacağı şəksizdir...
.."Anamın söylədiyi türkülər, məhəllə
aşıqlarının çalıb söylədikləri də
məni şeirə doğru çəkməyə
başladı. İlk okul illərində
qarmaqarışıq misralarımı qələmə
aldım..." sözləri ilə o, bədii
yaradıcılığa baş vuruşunu, poeziya aləminə
eşqinin oyanmasını-şeir yazmağa
başlamasını, ilk okul müəlliminin sayəsində
qəlbində ədəbiyyata dərin maraq oyanmasını
xatırlayır... Nağıl yerinə türkü söylər,
hüznlü, boynubükük Azəraycan türkülərini
oxuyardı anası... Heç üzünə də
baxmazdı, fikrə, xəyala dala-dala oxuyardı. Onun acısını çox gözəl anlardı
balaca Yavuz. Küləklərlə sovrular, yağmurlarla
yağardı... Anasını dinlərkən
yatağında, sərin sofalarda oğrun-oğrun
ağlardı. Beləcə, süd kimi
mübarək türkülərlə böyüdü, bir
yanı aydınlıq, bir yanı qürbət.
Anasının "ay balam"lı türkülərində
bir yanğın kimiydi başdan-başa məmləkət:
Balam!
Balam deyərək oxşardı məni anam,
Anamın dizlərində mən Xəzəri
yaşadım.
Xəzərin
dili ilə mənim dilim bir,
Xəzər
indi yerə enmiş buludlar məhşəridir
Və
Qarabağ - qara gözlü bir türkmən qızı kimi
Xəzərin
qarşısına bardaş qurub oturmuş
Dədəm
Hacı Muradın dastan şəhridir...
Bunlar hər zaman həsrətində olduğu, qoxusunu duyduğu
vətənini anladan, xatırladan Azərbaycan türküləri
idi, həsrət dolu olduğu üçün bu qədər
hüznlü, boynu bükük idilər. Anasını
dinlədikcə özü də yatağında göz
yaşı tökən Yavuz üçün bu türkülər
ana südü kimi idi, çünki ana südü kimi onun
ruhunu bəslərdi. Bəlkə də buna görə
böyüyüb şeirlər yazanda: "Mən öləndə
ruhuma bir Yasin oxuyun, sonra da başımın ucunda türkü
söyləyin, yetər...", - deyir, bu
türkülərin ona Vətən havasını gətirəcəyini
düşünür. Əslində onun üçün Vətən
anlamı olduqca genişdir, burada Sakaryanın, orada Seyhunun, Dəli
Kürün həsrətini çəkir, bu həsrətlə
böyüdükcə anasının söylədiyi "ay
balam"lı türkülər onu ucsuz-bucaqsız, intəhasız
sonsuzluğa götürür. O, bayrağının belə
tərifsiz bir türkü olduğunu söyləyir, həsrətini
içinə çəkdiyi türküləri dinlədikcə,
tərifsiz gözəlliyi olan bayrağına baxdıqca təsəvvüründə
Altaylardan Anadoluyadək xəritəsini cızdığı
Vətəni əsrarəngiz gözəlliyi, möhtəşəmliyi,
insanlarının qəhrəmanlığıyla gözlərinin
önündə canlanır:
İndi
burada Sakarya, orada Seyhun, Dəli Kür
Bir yanıq bozlak kimi ürəyimə
tökülür.
Ürəyim
"ay balam"lı türkülərimlə
böyüyür,
Məni sonsuzluğa həp türkülərim
götürür.
Gəl ey
krımlı Sinan, atını üfüqümə sür!
Səsim
Esterqonda yenə gümbür-gümbürdür,
Mənim
bayrağım belə, tərifsiz bir türküdür!
Romantik bir şair, hər şeydən öncə,
önəmli bir kültür adamı olan Bakilərin
yaradıcılığının mövzu dairəsi
çox genişdir. Şairliyə məhəlli dərgi və
qəzetlərdə yayımladığı mənzumələrlə
başlayan yazar hüquq fakültəsində oxuduğu illərdə
"Kopuz" jurnalının yayın topluluğuna
qatılır. Daha sonra "Orkun" dərgisinin
yayın müdiri olur və 1964-cü ildən sonra şeirlərini
"Hisar" dərgisində çap etdirir. İlk
şeirlərində Nəcip Fazıl Qısakürəyin və
Cahit Sıtkı Tarancının təsiri hiss edilsə də,
qısa zaman içərisində öz üslubunu seçir,
uğurlu əsərləri ilə fərdi üslubunu
formalaşdırır.
Bakilər
daha çox milli-mənəvi ruhlu, türklüklə
bağlı şeirləri ilə tanınsa da, eşq, gənclik,
qadınlıq, qadın sədaqəti, Ana, yalnızlıq, təbiət,
Vətən coğrafiyası, doğulduğu şəhər
- Sivas, onun əski və yeni çöhrəsi, fakirlik, dilənmək
zorunda buraxılan çarəsiz çocuklar, itirilmiş
uşaqlıq, İstanbul və s. mövzularda da mükəmməl
əsərlər yazıb. Vətənin, məmləkətin
fakirlik, cahillik, qan davası kimi dərd və iztirabları ilə
qovrulan yazarın bu dərdləri yansıtdığı əsərləri
türk ədəbiyyatında önəmli yer tutur. Bu əsərlərdə o, gəncliyi saf
duyğulara, milli-mənəvi ruha köklənməyə səsləyir,
dəyişən dəyərləri, gerçək eşqi
onlara tanıtmaqla sevdirir. Azərbaycan
mövzusu, Azərbaycana aid sosial və kültür
ünsürlər, Sovet dövründə qətl olunan azərbaycanlı
aydınlar, gediş-gəlişlərin yasaqlandığı
bu zorlu dönəmlərdə şairin ata-baba yurduna etdiyi
ziyarətlər, bu ziyarət əsnasında
yaşadıqları, günümüzdə Türkiyə-Türküstan-Azərbaycan
ədəbi, mədəni, sosial və siyasi, iqtisadi əlaqələri
Bakilərin şeir və nəsr əsərlərinin ana xəttini
təşkil edir.
"Azərbaycan
ürəyimdə bir şahdamardır" kitabında XX əsrin
əvvəllərində Azərbaycan Türküstan türklərinin
Osmanlı dövlətinə, Türkiyə Cümhuriyyətinə
etdiyi maddi, mənəvi yardımlardan, Osmanlı dövlətinin
də dar günlərində qardaşlarına etdiyi
yardımlardan, özəlliklə 1918-ci ildə Azərbaycan
türklərini erməni, rus və ingilis ordularından xilas
edən Qafqaz İslam ordusunun fəaliyyətindən, müstəqillikdən
sonra Azərbaycan milli ordusunun formalaşmasında Türkiyə
tərəfinin göstərdiyi xidmətlərdən də
söz açılan bu əsərdə olaylar xronoloji
ardıcıllıqla düzülməyib. Əsərdə
200 illik Türküstan, Türkiyə və Azərbaycan tarixi
ilə bağlı dəyərli məlumatlar verilmişdir.
Bakilər bu əsərində qardaş sevgisini, ata yurda və
ana yurda olan bağlılığını, erməni
işğalı altında inləyən ata yurdu Qarabağa
olan həsrətini, kommunizm, Rus imperializminə, bu gün də
onlara yarınan yerli manqurtlara olan hirs və nifrətini ifadə
edir. Bu əsər vasitəsilə son dönəm
- XX yüz ildə Türkiyə, Türküstan və Azərbaycan,
Qafqazların tarixi ilə bağlı çarpıcı olay
və sənədlərdən də xəbər tutmaq
mümkündür. Tarixi köklərimiz,
Səlcuqlu, Osmanlı tarixi ilə bağlı mühüm məlumatların
günümüzdəki hadisələrlə müqayisəsi
də əsərdə gözəl bir şəkildə
özünə yer almışdır. Bakilər bu əsərdə
həm səyyah, həm siyasətçi, həm
iqtisadçı, həm şair və kültür adamı,
tarixçi, ədəbiyyatçı, hüquqçu,
poliqlot, ən önəmlisi isə Türk
dünyasının bütün məsələlərini bilən,
ayrıca bu məsələlərə bir həkim kimi barmaq
basaraq reseptini yazan bir vətəndaş kimi çıxır
qarşımıza. Kəskin üslubu olan Bakilər
bu yazılarda lazım gələndə xəta edən hər
kəsi gur səsi ilə azarlamaqda, doğrunu göstərərək
cəmiyyətdəki yanlışlıqların bir an öncə
düzəldilməsini hayqırmaqdadır. Kitabdakı qaranlıq mətləblərə
aydınlıq gətirən yazılardan biri də
"Türkiyədə və Azərbaycanda erməni vəhşiliyi"
başlıqlı yazıdır. Ta keçmiş
çağlardan - Malazgirt savaşından etibarən Anadoluya
yerləşən türklərin Osmanlı dönəmindən
etibarən ermənilərə imtiyazlar verməsindən,
onlara müxtəlif dövlət işlərində önəmli
vəzifələr, hətta başbakanlıq belə verilməsindən
bəhs olunur bu bölümdə.
Vətəndaş
şairin 1990-cı illərdə söylədiyi bu fikirlər
günümüz üçün də öz
aktuallığını saxlayır və onun milli kimliyə
sədaqətini, türkçülüyə ürəkdən
bağlılığını, Əbədi Turan
sevdasını və bu sevdanın qara keşişlərinin də
əbədi var olduğunu yansıdır...
Bu məqamda
Azər Turanın ötən ilin dekabrında yayınlanan
"İpəkdən qanadlarla - Qarabağ əsilli
böyük türk şairi Yavuz Bülənt Bakilər"
adlı məqaləsindən xatırladığım hissə
həm 44 günlük Vətən müharibəsində - II
Qarabağ savaşında qazandıqlarımızın önəmini,
həm də Yavuz bəyin yurd həsrətinin sona erdiyini
göstərən dəlildir: "Elə mən də
"camiləri yıxılmış, minarələri
yarım" Ağdam işğaldan azad olunanda "Mənim dədələrim
Qarabağın Ağdam köyündən Türkiyəyə
köç etmişlər" deyən böyük türk
şairi Yavuz Bülənt Bakiləri xatırladım... Ertəsi gün İstanbula, Yavuz Bülənt Bakilərə
zəng vurdum. Səsi gümrah idi.
- Göz
yaşlarıma hakim ola bilmədim... Əgər Qarabağı ziyarət etmək mənə
nəsib olmazsa, sənə bir böyük qardaş vəsiyyətim
olacaq. Məzarıma iki ovuc Qarabağ torpağı gətirib
səpərsən...".
Esmira FUAD
Filologiya elmləri doktoru
Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.14.