"Elektron gündəlikdən səhifələr"
silsiləsindən
15 aprel
2021
İş
otağımdan harasa çıxanda çox vaxt
telefonumdakı mahnını söndürmürəm.
Çünki dərslər olmadığına görə
bütün otaqlar və dəhlizlər boş olur.
Amma bu
gün həyətə düşmək üçün pilləkənlərdən
enəndə qarşıma iki qız çıxdı,
telefonumdan səsi gələn Yaqub Məmmədov isə onlara
fikir vermədən "Zabul segah"ını oxumağa
davam elədi.
Boş
binada muğamın səsi elə aydın eşidilirdi və
tərslikdən xanəndə qəzəlin elə maraqlı
yerində idi ki, yanımdan keçən qızların, qulaqlarını
şəkləyib musiqini necə dinlədiklərini lap dəqiqliklə
hiss elədim. Yaqub Məmmədov isə oxuyurdu:
Zülfün
əcəb ahəstə yatıb tər sinən üstə,
Tərpənsə,
xəta baş verəcək, qoyma oyansın.
Yanımdan
keçdikdən sonra qızlardan birinin o birinə nəsə
pıçıldadığını eşitdim. Və hiss
etdim ki, özlərini gülməkdən zorla saxlayırlar.
Amma onlardan biri daha dözə bilmədi və
pıqqıltıyla elə ucadan güldü ki, telefonumun
içindəki Yaqub Məmmədov da elə bil diksindi və
başını çevirib onlara baxdı. Əlindəki
qaval az qaldı yerə düşsün, amma mən
"pauza"nı vurub onu sakitləşdirdim və
qızların ardınca baxdım. Qızlar pilləkəni
qalxdıqdan sonra da gülüşlərini kəsmədilər
və boş dəhliz onların gülüşlərini əks
etdirərək birinci mərtəbədə mənə
çatdırdı. Hiss elədim ki, onların bu hərəkəti
bir az xoşuma gəlmədi və fikirləşdim, kaş
onlardan qisas almaq üçün bir şansım olardı.
Təxminən
beş-on dəqiqə günəşin altında gəzişdikdən
sonra təzədən universitetə qayıtdım və bir də
gördüm ki, həmin qızlar kontur vurmaq üçün
"Milliön" aparatının qarşısında
dayanıblar. Yaqubun dəstgahından sonra bu dəfə də
telefonumdan Adriana Mezzadrinin ispan dilindəki "Marcas de
ayer" mahnısı eşidilirdi. Qızların yanından
keçəndə dayandım və əlimə
düşmüş fürsəti dəyərləndirmək
üçün:
-
Bağışlayın, xanımlar! - deyə sözə
başladım.
Qızlar
üzlərini döndərib mənə baxdılar və
onlardan biri:
- Buyurun,
- dedi.
Sözümə
davam elədim:
- Bayaq nəyə
gülürdünüz, bilmək olar?
Hiss etdim
ki, gözləmədikləri sualdan duruxublar.
Çaşqınlıqdan
bir-birlərinin üzünə baxdılar və mən təşəbbüsü
ələ alaraq sözümə davam elədim:
-
Əslində, o şeirdəki "zülf"
sözünü başa düşmüsüzsə, əhsən
sizə.
Sözümü
deyib pillələri qalxmaq istəyirdim ki, qızlardan biri:
- Niyə
başa düşmürük ki? Elə bircə siz başa
düşürsüz? - deyə dilləndi.
Sonra rəfiqəsindən
ruhlanan o biri qız da dilə gəldi:
-
Yaxşı, bəs siz deyə bilərsiz, indi o qulaq
asdığınız ispan dilindəki mahnıda nə deyir?
Hə? Məsələn, nə deməkdi "siento que te
conozco hace tiempo de otro milenio y de otro cielo". (Tərc: mənə
elə gəlir ki, səni çoxdan tanıyıram, başqa
minillikdən, başqa səmadan).
Məni
yaxşıca pərt etdiklərini düşündükləri
üçün bu sualdan sonra bir-birlərinin üzünə
baxıb hiss etdirməməyə çalışaraq
gülümsədilər.
Vaxtilə
ispancanı öyrənməyə cəhd edərkən bu
mahnının da sözləri üzərində baş
sındırmışdım və soruşduqları
misranın mənasını, xoşbəxtlikdən, bilirdim,
amma qəfildən ağlıma gəldi ki, onların
sualına bir az fərqli formada, mahnıdakı digər
misrayla cavab verim və üzümdə təəssüf ifadəsiylə
dedim:
- Aaa, yoxe
bilmirəm. Bəs yaxşı, siz deyə bilərsiniz, məsələn,
ən son nə zaman yaşamısız "cuando me besas en la
frente" duyğusunu? (Tərc: sən alnımdan
öpdüyün an).
Qızlardan
biri nəsə demək istədi, amma ani səssizlikdən
sonra eşitdiyim yeganə şey onlardan birinin digərinə:
- Ay
qız, gəl. Fikir vermə, boş-boş danışır
da, - deməyi oldu.
Onlar
qapıya tərəf gedib binanı tərk etdilər, mənsə
pillələri sakit-sakit yuxarı qalxıb otağıma
qayıtdım və illər əvvəl ispan dilini öyrənərkən
feysbukda yarı ingilis, yarı ispanca
yazışdığım meksikalı qızı, onun
ağır xəstə olan anasını xatırladım və
xatırladım ki, bir dəfə yazışarkən, qız
oralarda indi gecə olduğunu, həmin gecəni
anasının yanında xəstəxanada keçirəcəyini
demiş və palatanın şəklini atmışdı.
Üstündən 8 il keçirdi və mən indi nə o
palatanın içini, nə də qızın feysbukdakı
adını xatırlayırdım, amma anasının sağ
olub-olmadığını bilmək həmin an mənə
necə maraqlı gəldisə, bir az sonra özümü
feysbukun axtarış yerində tapdım. Nəticəsiz cəhdlərimdən
sonra bomboş iş otağında pəncərənin
qarşısında dayanıb universitetin həyətinə səssiz-səssiz
baxmaqdan başqa əlimdən heç nə gəlmədi.
6 mart
2019
Bu gün
metro kartına yükləmək istədiyim pulu ödəmə
aparatı bir neçə dəfə dalbadal geri qaytaranda
ağlıma gəldi ki, kaş haram pul qazananların o haram
pullarını da xərcləmək istədikləri yerlərdə
bu cür geri qaytarardılar. Məsələn:
- Cənab,
bağışlayın, amma deyəsən, bu pulu halal yolla
qazanmamısınız.
Və ya:
-
Xanım, üzrlü hesab edin, sizə xidmət göstərə
bilməyəcəyik.
17 avqust
2016
Tələbə
ikən dəniz rəngli gözlərinə vurulduğum bir
qız var idi. Bir dəfə universitetin üçüncü
mərtəbəsində dəhlizdə onunla üzbəüz
gələndə gözlərinə özümdən xəbərsiz
uzun-uzun elə baxdım ki, mənə elə gəldi, dənizdə
boğuluram. Dalğaların arasından birtəhər xilas
olub pəncərədən çölə baxa-baxa fikirləşdim
ki, bu qız da o qızlardandır ki, yazıçı
demişkən, kirpiklərini qaldıranda elə bilirsən bəşəriyyət
tarixində yeni bir səhifə açılır.
İndi o
vaxtdan üç il keçir. Onun haralarda olduğunu bilmirəm.
Amma feysbukda dostluq təklifi göndərə biləcəyim
adamlar sırasında onun adını hər dəfə
gördükcə həmin an yadıma düşür və
hərdən belə bir dənizə qərq olub məhv olmaq
da keçir içimdən.
15 dekabr
2016
Hər dəfə
qar yağanda mənə elə gəlir ki, dünyada məndən
başqa hamı xoşbəxtliyi tapıb və mən o
xoşbəxtliyə aparan yollarda hər kəsdən arxada
qalıb yolu azmışam, hələ də sərgərdan-sərgərdan
yolları dolaşıb onlara çatmağa
çalışıram.
29 avqust
2016
Vaxt var
idi, Azərbaycan Dillər Universitetinin həyətinə belə
bir qar yağmışdı. Onda 2015-ci il yanvarın 9-u idi,
dördüncü kursdaydım. Həmin gün
imtahanımız var idi. Amma ürəyimdə imtahan həyəcanından
çox, yağmış qarın və bir hadisənin həyəcanı
var idi. Binanın qapısı ağzında
dayanmışdım, çöldəki qara, universitetə
axışan tələbələrə baxırdım.
Qapının qarşısındakı sürüşkən
mərmərlərdən keçib içəri girməyə
cəhd edən bir qızı gördüm. Qız,
şübhəsiz ki, yıxılmaqdan möhkəm qorxurdu. Tək
idi, yanında rəfiqəsi də yox idi ki, köməkləşələr.
Elə oldu ki, bu təhlükəli ərazini həyəcanla
və yazıyagəlməz qızsayağı qorxu
nidaları ilə keçməyə çalışan
qıza "burdan keçin, belə keçin", - deyə
dilucu məsləhət verəsi oldum, amma dahiyanə məsləhətlərim
qıza kifayət eləmədi və o, gözləmədiyim
halda yenə də qızsayağı şirin qorxu
nidasıyla "xahiş edirəm, əlinizi verin" - dedi.
Qapının ağzından əlimi uzatdım. Qız əlimdən
tutub içəri keçdi. Təbəssümlə təşəkkür
eləyib ikinci mərtəbəyə qalxdı. O qızla
çox ünsiyyətimiz olmasa da, təhsil
aldığımız ortaq fakültəyə görə
aramızda qiyabi tanışlıq var idi və indi bunu yazarkən
o vaxt ona qarşı heç bir hissim olmadığını
xatırlayıram. Amma bu hadisə baş verəndə mən
bir vaxtlar ötəri xoşlandığım və
çoxdandır xatırlamadığım dəniz
gözlü qızı xatırlamışdım. 2015-dən
bir il sonra, 2016-cı ilin yanvarında əsgərlikdə olarkən
postda 30 dərəcə şaxtada dayanıb, düşmən
şəhərin işıqlarına baxa-baxa
çaqqalların, qurdların və erməni
traktorlarının səsini dinləyərkən isə mən
nə o qızı, nə o biri qızı, nə də ADU-nu
xatırlayırdım. Onda mən Cek Londonun "Ocaq" hekayəsində,
donmamaq üçün başı kəsilmiş toyuq kimi o tərəf-bu
tərəfə qaçan hekayə qəhrəmanını
düşünürdüm və düşünürdüm
ki, qış fəsli, həqiqətən də, soyuq imiş
və çox insanın bu həqiqətdən xəbərləri
yoxdur. Və onda həm də anlayırdım ki,
"Quran"da təsvir edilən Qiyamət günü nə
deməkdir. O gün heç birimiz ötmüş həyatımızın
gözəlliyini zərrə qədər düşünə
bilməyəcəyik. Bu dünyadakı uğurlarımız,
arzu və xəyallarımız, yaşadığımız
xoşbəxt anlar, sevib-sevildiyimiz gənclik
çağlarımız, yaşamaq uğrunda həvəslə
çarpışmalarımız - bunların heç biri yada
düşməyəcək və Allah bilir, həmin gün nə
cür təşviş və həyəcan içində
olacağıq.
Təvəkgül
BOYSUNAR
Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.15.