Sən azadsan!
Savaş qazisinin dilindən
Saçımda anamın xınası,
yolların ayaqlarımçün
duası,
gözlərimdə hələ
bizim olmayan uzaqlıq
deyir:
Sən azadsan!
Sən azadsan!
Ayaqlarım cığırlara yalvarır;
Qarabağ,
biz sənin övladınıq,
ilk dəfə gördüyün
övladlar.
uzağa at ayaqlarımızdan
bətnində gizlətdiyin
minaları.
Sol döşüm üstdə
gəzdirdiyim məktəbli
məktubu,
bizi zirehli gödəkçə kimi
qoruyan
uşaq duaları.
körpə azrularıyla
birgə döyünür
məktub altındakı
ürəyim.
Füzuli,
Cəbrayıl, Hadrut cəbhəsi...
Burda ulduzlarla deyil,
hər minamyot mərmisiylə sayırıq
yarım qalan ümidləri,
anaların göz yaşını.
bir döyüşçü
sevgilisinin
bətnində ölən
arzusunu.
Günlərdir danışmırıq.
bilirəm, narahatsan,
ana.
bəlkə gecələri
ağlayıb,
şəklimlə ovunursan,
ana.
səni Füzulidən eşidirəm, ana,
səni Cəbrayıldan
görürəm, ana,
sənə Şuşadan
əl yelləyirəm,
ana.
Noyabrın dağ soyuğu,
Bumbuz olmuş bədənim,
barmağımda titrəyən
tətiyim
və bizi qızınmağa çağırır
Şuşanın imisti ana qucağı.
Formamda şəhid qardaşlarımın
qanı,
gözlərimdə 44 gecənin
yuxusuzluğu,
bir az həyəcan, bir az da
sevinc tərinə qarışan geyimim.
təqvimdəki "8 noyabr"
Qarabağ torpağıyla, palçığıyla
büsbütün vətənləşən
bədənimiz
və
bizi gözləyən
Azərbaycan
meydanlarda, ürəklərdə,
gözləriylə hayqırır;
Sən azadsan!
Sən azadsan!
Qarabağ Azərbaycandır!
Xocalı,
Siqnax. Noyabr 2020
Emin PİRİ
Ədəbiyyat qəzeti.- 2021.-
10 iyul.- S.15.