Bir əsgərin qeydləri

 

1

 

...Döyüşürəm ölümlə

həyat üçün -

ölüm-dirim savaşı bunamı deyirlər...

Düşmən əsgərini

barmağını tətiyə aparmağa qoymamalısan,

tutaq ki, gecədi;

əgər işıq işinə mane olarsa,

səhəri açılmağa qoymamalısan!

Yəni bir an

döyüş vaxtı üçün uzun bir zamandı, inan...

 

2

 

Döyüşün sağı, solu yoxdu,

düz yolu yoxdu.

Çox böyüdüm bir-iki günün içində -

neçə təcrübə böyüdüm;

22 yaşlı bir "körpə" gəlmişdim,

sanki 22 sənə böyüdüm...

 

3

 

Döyüşə bilmək sizə asan gəlməsin,

çətindi ən əvvəl döyüşə girmək;

bir evə girmirsən,

yatağa girmirsən -

döyüşə girirsən;

onda özün öz yaranı sarımalı

sağaltmalı olacaqsan...

Bir öz yarandan əvvəl

            torpağın yarası canını çox incidir;

axı, torpağın aldığı yara hamının -

            hər kəsin yarasıdır,

sağ qalmaq, ya qalmamağı heç düşünmürsən...

 

4

 

Sanırsan ayağın ayaqqabıda yalındı,

atəşlərin içi yolundu...

Həm sənə elə gəlir

əyninə zireh geymisən;

fəqət əsl gülləkeçirməz ruhun olmalı,

bu məqamda güclü Vətən duyğun olmalı,

bilim, doğma ev, yurd,

            doğma adamlar hissin

qəlbindən fışqırmalı!..

 

5

 

Vətəni bir bayraq

qaldırmaq

bilirsiz deməkdi?!.

 

Qazi

 

...Çoxumuza addım atıb

necə yerimək öyrətdi

ayaqlarını Qarabağ savaşında

            qoyub gələn qazi...

Daha çox izlər qoymuş

heç yürümədiyi dağlarda, düzlərdə,

ürəklərdə -

hər yerdə,

əzizlərini görəndə

heç olmamıştək gülən qazi...

 

Həm şəhid olmuş

yoldaşlarının həyatını yaşayır,

Arzularının çin olmasına çalışır

min əllə, min ayaqla

ayaqlarını itirmiş qazi...

 

O ayaqlar ki,

ən keçilməz qayalıqlardan keçir indi ;

onlar üçün

dayanmaq yox, durmaq yox,

diz yerə vurmaq yox...

 

Ayaqlarının üstündə

mərd-mərdanə durmağı bacardı

vətənə qurban etdiyi ayaqlarıyla

bu qadir, yenilməz qazi

edərək özünə heyran bizi!

 

Oxu, tar...

 

Oxu, tar,

neçə-neçə gündüzüm tar;

işıq oxu,

eşq oxu, tar,

Müşfiq oxu...

 

Səsinlə aramıza girə bilməz

            heç bir münafiq, oxu...

gözlərimin önündə aydınlansın üfüq, oxu,

Müşfiq oxu, tar!

Oxu, tar,

bir tel Xan,

bir sim Qurban,

bir ah Natəvan oxu

Cabbar oxu,

tar, oxu!

Bir hiss, duyğu toru toxu,

təzə xallarla bir şikəstə,

"nərmü-nazik bayatı" oxu!

qəriblər həyatı oxu,

Heyrətim, oxu!

Günəş olsun daha da parlaq, oxu.

qara deyil, oxu,

üstümüzdən götürülsün ki var ağır yük, oxu,

dön yenə Müşfiq oxu, tar!

Şeirimizin sarı simiydi,

onu vaxtsız qırdılar,

Oxu, tar,

Oxu, tar,

Müşfiqi kim unudar?!.

 

Toxu...

 

Əlini bir işə toxu,

etmə əndişə, toxu.

Bu haylı-küylü dünyadan

sakit bir guşə toxu...

 

Ayağını toxu yola,

bir ağaca sarıl da,

Gör ki, sevgin yarpaqladı

onun budaqlarında...

 

İşığı işığa toxu,

kəhkəşanlar yaransın.

Ocağını bir ocağa

Toxu, əbədi yansın...

 

Eşqini yansıt hər şeyə,

qoy naxışlansın ömrün.

Yüzdə qurtarsın, təzədən

birdən başlansın ömrün!

 

***

 

Ha baxıram ocağımın

                        oduna-alovuna

Bəlkə qəlbim ümidlənə,

                        bir toxtaya, ovuna...

Sanki bir əl amadədi,

                        fürsət verməyə fotə -

Sönən odu qurdalaya,

                        gözümə kül sovura...

Sinə-sinə keçir, bilsən,

                        çəpərlərin dibindən,

Əgər çəpər çəkibdisə,

                        kim sözünə-sovuna...

Varmı İlahi ədalət

                        insanın xislətində,

Göz yaşların ovucunda

                        gilə-gilə qovrular...

Yoxsa vaxtın ağırlığı

                        üzərinə çökübdü;

O daş necə daş ola ki,

                        öz-özünə ovula?..

Ha ovul,

Ovul, canım, ha ovul...

Gözünə bir yarpaq tut,

Suya çıxdın e, ovun...

 

***

 

Alnın açılmayan qırışları var;

Görəsən, ürək qırış-qırışmı?

Elə başqalaşır hisslər, duyğular,

Ayırd edəmmirsən baharmı, qışmı,

Görəsən, ürək qırış-qırışmı...

 

Hər şey sayır sanki yerində ancaq,

Dəyişməz sandığın dəyişəndi ki...

Qürbətdə ağlayan ey qərib ocaq,

Kim qəm süfrəsini önünə sərdi?

Dəyişməz sandığın dəyişəndi ki...

 

Ünvanına çatan bir duan hanı;

Göylər elə bil dərin quyudu...

Birinin xırdaca, kiçik imkanı

Bir ayrısı üçün böyük arzudu,

Göylər elə bil dərin quyudu...

 

Sarıl ümidinə, yalvar baxtına,

Dəryalar bir dolça su da eləməz...

Bir söz söyləyimmi daş qulağına;

Dərd verən dərdə ki dəva eləməz,

Dəryalar bir dolça su da eləməz!..

 

***

 

...Güvəndiyin bir yarpağa dayaqlan,

bir yaşıl ota,

lap quru budağa dayaqlan...

 

Yeri gələndə

bir gülün qönçəsinə,

bir ağacın kölgəsinə dayaqlan...

 

Bir hissə, duyğuya,

yalana deyil, doğruya,

sevgiyə-sayqıya dayaqlan...

 

İnan inama,

haqq-salama dayaqlan.

dayaza yox, dərinə,

asana yox, çətinə dayaqlan...

 

Namərddən keç, mərd sözünə,

sözün ən düzünə,

gün şüası düşürmü üstünə,

ona dayaqlan!..

 

Şakir Xanhüseyn

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.19.