Varislər

 

SEVDİ... SEVİLDİ... VƏ SEVİLİR...

 

"Varislər"in bugünkü qonağı unudulmaz kino və teatr aktyoru, yaratdığı obrazlarla tamaşaçıların ürəyində özünə sevgi taxtı qurmuş Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, gözəl müəllim, əziz dost, sevilən insan Əlabbas Qədirovun varisi İlham Qədirovdur.

 1946-cı ilin qışında Bakıda gəlmişdi dünyaya. Atası Gülabbas kişi bir müddət dəmiryolçu işləyəndən sonra ictimai iaşə idarəsində işə düzəlmiş, köhnə İnqilab, indiki Həsən Əliyev küçəsində qəlyanaltı işlətməyə başlamışdı.

 

Dağlı balası Əlabbas

 

Əlabbas Qədirovun uşaqlığı Bakının Papanin məhəlləsində keçmişdi. Bir müddət "Nəsimi bazarı" kimi tanınan bazarda dağlı çörəyi satmış, arada evdən xəlvət böyük Azərbaycan aktyoru Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram dərnəyinin məşqlərinə qatılmışdı. Atası Gülabbas kişi oğlunu diş həkimi görmək istəyirdi, amma balaca Əlabbasın ürəyində qaynayan aktyorluq həvəsi, səhnənin sehri ona rahatlıq vermirdi.

Bu gün o unudulmaz insanın varisi İlham Qədirovla Bakının ən gözəl məkanlarının birində - "Azərkitab" mağazasında görüşdük.

 

- Nə əcəb atanızın yolunu getmədiniz? Özü istəmədi, yoxsa sizin həvəsiniz olmadı?

- Uşaqlıqda həvəsim vardı, məktəbdə atama görə mənə rollar verirdilər, hətta "Vaqif" pyesində Vaqifi də oynamışdım, evdə nənəmgili deyirdilər ki, məndən yaxşı aktyor olar.

- Hə, Əlabbas müəllim də Vaqifi oynadı.

- O, peşəkar səhnədə oynadı, mənsə məktəbdə, səhnəcikdə. Üstəlik, atam S.Vurğunun yubileyi ilə əlaqədar çəkilən filmdə də Vaqifi oynayıb, həmin lent "Qızıl fond"da saxlanılır.

- Xızılılar özlərini həmişə dağlılar kimi təqdim edirlər, amma Bakıdan baxanda Xızı dağları sanki görünmür. Necə olub, Xızıdan Bakıya gəliblər? Kim olub babanız Gülabbas kişi?

 

Qatar rəisinin oğlu

 

- Atam Bakıda anadan olub, amma böyük bacısı Xızıda doğulub. Gülabbas kişi sərnişin qatarında qatar rəisi işləyib, sonra köhnə İnqilab küçəsində qəlyanaltı işlədib. Mənim adımı babam qoyub. Dağlılarda, bakılılarda uşaqlara ikimərtəbəli adlar qoymaq dəbdir axı, mən dünyaya gələndə evdə deyib ki, uşağın adını mən qoyacağam. Anam fikirləşib yəqin, atamın adı kimi öz adına uyğunlaşdırıb bir şey qoyacaq. Şəhadətnamə almağa gedəndə yolda bir kişi nəvəsini çağırıb "İlham, yanıma gəl", xoşu gəlib addan, gedib şəhadətnamə almağa, deyib nəvəmin adını İlham yazın. Evə gəlib deyib ki, uşağın adını qoydum, anamın ürəyi əsirmiş ki, kişi birdən yaxşı ad qoymaz, sənədə baxanda ürəyi yerinə gəlib.

 

Teatrdan qorxdum

 

Təxminən 12-13 yaşım olardı, atama dedim ki, mən də aktyor olmaq istəyirəm. Bir gün məni maşına mindirib apardı Azdramaya. Səhv etmirəmsə, "Büllur sarayda" tamaşasının məşqləri gedirdi. "Büllur sarayda" Azdramanın səhnəsində 800 dəfə anşlaqla getdi. Teatrın gözəl dövrləri idi. Cəmi bir neçə ildən sonra teatr o böyüklüyünü, möhtəşəmliyini itirdi. Amalya Pənahova öz teatrını yaratdı, Fuad Poladov, Məlik Dadaşov rus dramasına getdi, başqa aktyorlar da oldu ki, ümumiyyətlə, sənətdən uzaqlaşdılar.

- ...və teatr intriqa yuvasına çevrildi.

- O həmişə olub. Onlardan əvvəl də olub, indinin özündə də var. Daha çox qadın sənətçilər meyilli olurlar intriqaya, kişilər bir qədər özlərini qorumağa çalışırlar, amma qadınlar rol bölgüsünə görə bir-birlərilə prinsip aparırlar.

Nə isə... özü səhnəyə çıxdı, geri çevrilib mənə dedi, kimi gözləyirsən, gəl də. Səhnəni, işıqları görəndə qorxdum. Dedi, onda otur zalda gözlə. Məşq qurtarandan sonra maşınla evə gedəndə "Bir də mənə demə aktyor olacağam. Əgər səhnədən qorxdunsa, səndən aktyor olmaz", - dedi. Mən də bu fikri birdəfəlik ağlımdan çıxartdım. Orta məktəbi bitirəndən sonra sənədlərimi Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə verdim.

O vaxt aktyorlara hörmət eləyirdilər, dedi xahiş eləyim, hüquqa gir, sonra prokurorluqda işləyərsən. Mənim o sahədən xoşum gəlmirdi. Dedim tarix müəllimi olmaq istəyirəm. Dedi, onda özün bilərsən... Tale elə gətirdi ki, heç vaxt tarix müəllimi işləmədim, dövlət qulluğunda çalışdım və bugünə qədər eyni yerdə işləyirəm.

 

Müəllim ol - acından öl

 

- Xızı dədə-baba ocağıdır. Kimlər qalıb orada? 

- Biz Xızının Yuxarı Əngəlan kəndindənik. Ora Xızı dağlarının, demək olar, son nöqtəsidir, dağın o biri tərəfi artıq Şamaxıdır. Kəndin adı tat dilindən tərcümədə arı yuvası mənasını verir: əng - arı, alan - yuva. Atamla qalxmışıq oralara, özü Bakıda böyüsə də, yurda, torpağa bağlı adam idi, oraların tarixi ilə bağlı böyüklərdən eşitdiklərini, bildiklərini bizə də danışırdı ki, o tarix unudulmasın. İndi o kənddə bizim nəsildən, demək olar, heç kəs qalmayıb, amma ulu babalarımızın, nənələrimizin məzarı oradadır. Altıağacda isə qohum-əqrəba çoxdur.  

- Ötən əsrin əvvəllərində Cəfər Cabbarlı, Mikayıl Müşfiq Xızı intelegensiyasının ən üzdə olan adamları idi, onların adınca Məmməd Arif, Cabir Novruz, Seyfəddin Dağlı... Xızıdan xeyli sənət adamı çıxmışdı. Mən indiki kimi xatırlayıram "Sevil" tamaşasını və Əlabbas müəllimin məşhur Balaşını... Bilirsiniz, məncə, Əlabbas müəllim sənətə gələndə Xızı cavanları daha çox onun da rol aldığı "Nəğmə dərsi" filmindəki ata kimi şofer olmağa meyilli idilər. Necə oldu ki, mühafizəkar Gülabbas kişinin oğlu gedib çıxdı Ağadadaş Qurbanovun dərnəyinə?

- Bayaq siz professor Ənvər Vəliyevin adını çəkdiniz, onlar bibioğlu-dayıoğlu olublar.

- Bəli, Ənvər Vəliyev incəsənət institutunda mənim müəllimim olub, xətrini istədiyim adamdır.

- Çox sağ olun. Onlar yeniyetmə vaxtında atamla bir yerdə "Nəsimi bazarı"nda dağlı çörəyi satırmışlar. Babam Xızıdan gələndə Papanin deyilən yerdə torpaq alıb, ev tikənə qədər qardaşının evində qalıb. Atamın uşaqlığı Papanində keçib. Bakıdakı 13 saylı məktəbdə general Əlağa Hüseynovla, Abbas Abbasovla bir sinifdə oxuyublar və dostluqları həmişə davam edib.     

 

Dağlı çörəyi satan oğlan

 

Hə, bir gün çörəkləri satıb qurtarandan sonra Ənvər müəllim buna deyib ki, mən dərnəyə gedirəm. Beləcə, günlərin birində atamı da özüylə aparıb. Ağadadaş müəllim atamı yoxlayıb, bəyənib. Ondan sonra dayıoğlu-bibioğlu bir yerdə dərnəyə getməyə başlayıblar. Babam bundan xəbər tutanda hirslənib, ona dərnəyə getməyə qadağa qoyub, deyib ki, mən sənin diş həkimi olmağını istəyirəm. Ticarətçi adam olub da, sovet dövründə necə idi onlar? Atam deyib mən aktyor olmaq istəyirəm. Babam bir gün atamı izləyib, gedib çıxıb dərnəyə. Ağadadaş müəllimə deyib ki, oğlumun bura gəlməyini istəmirəm. Ağadadaş müəllim onu başa salıb, deyib, əlbəttə, atasısan, haqqın çatır, amma sənin oğlun istedadlıdır, ondan gələcəkdə gözəl aktyor çıxacaq.

Babam da bir az kobudluqla deyib ki, mən bilərəm, oğlum bilər. O, daha bura gəlməyəcək. Bir müddət atam dərnəyə getməyib və günlərin bir günü Ağadadaş müəllim babamgilə gedib, görüşüb onunla, deyib nə olur-olsun, mən bu uşağı özümlə aparacağam, o, mütləq aktyor olacaq. Babam, belə deyək də, başından eləmək üçün razılıq verib. 

 

Diş həkimi olmaqdan imtina etdi

 

Beləcə, bir neçə il dərnəyə gedib və orta məktəbi bitirib. İndi ali mktəbə sənəd vermək lazımdır axı, babamın başını qatıblar ki, hələ imtahanlar başlamayıb. Atam incəsənət institutuna - Mehdi Məmmədovun kursuna qəbul olunub. Bir gün babam şəhərdə gəzəndə eşidib ki, dost-tanışın uşaqları ali məktəbə daxil olublar, evdə məsələni soruşanda atamın İncəsənət İnstitutuna girdiyini deyiblər. Kişi bərk hirslənib, atamı evdən qovub. Deyib, gedib sənədlərini də alacağam, mənim oğlum orda oxumayacaq. Tərs adam olub da... amma getməyib. Rasim Balayev, Elxan Qasımov, Mikayıl Mirzə... bir yerdə oxuyublar. Atam sonuncu kursda oxuyanda M.Məmmədov Azdramada "Xəyyam" tamaşasına quruluş verirmiş. Atam bir az şuluq tələbə olduğu üçün Mehdi müəllimin arası soyuq olub onunla.

 

Mehdi Məmmədovu incidən tələbə

 

Bir gün atam pillələri qalxanda Mehdi müəllim aşağı enirmiş, onun özünəməxsus tempi var idi axı. Yenə elə, səhnədəymiş kimi: "Dayan! Mən Azdramada "Xəyyam" tamaşasını hazırlayıram, sabah saat 10-da məşqdir, gələrsən, sənə də orda rol verəcəyəm", -  deyib. Atam elə bilib onu ələ salır, araları olmayıb axı, buna görə. Atam heç nə deməyib, qalxıb pillələri, Mehdi müəllim yenə onu çağırıb: "Səninləyəm! Sabah saat 10-da səni gözləyəcəyəm. Sən öz böyük sənətinlə mənim tamaşamda nə yarada bilərsən?". O gecə atamın gözünə yuxu getməyib, həm inanıb, həm də yox. Səhər gedib Azdramaya, Mehdi müəllim onu qarşılayıb, Yusif obrazını atama verib. Kiçik roldur. Beləcə, atam böyük Hüseyn Cavidin "Xəyyam" dramındakı Yusif obrazıyla Azdramaya ayaq basıb və ömrünün sonuna qədər orada işləyib.

 

Atası zalda sona qədər oturmadı

 

1970-ci ildə "Xəyyam"ın premyerası olanda nənəm babamı məcbur eləyib ki, bir yerdə gedib tamaşaya baxsınlar. Evdə də çox dil töküblər, nəsə bunu birtəhər razı salıblar. Yusif obrazı da ikinci hissədə səhnəyə çıxır. Babam birinci hissəni zorla oturub zalda, nənəmə deyirmiş ki, məni ələ salmısınız, Əlabbas burda yoxdur. Axır ki, atamı səhnədə görüb. Tamaşa qurtarıb, alqış yerində zalda qalmayıb, çıxıb bayıra, nənəmgilə deyib ki, mən gedirəm maşını qızdırmağa, siz də gələrsiniz. Atam təxminən 2 saatdan sonra qayıdıb evə. Deyir, ürəyim əsirdi, görəsən, kişi nə deyəcək? Yəqin, xoşuna gəlməyib ki, axıra qədər qalmayıb. Amma evdə hər şey əksinə olub. Babam gözləri dolmuş halda əlini qoyub atamın çiyninə: "Mən səni nahaq qoymurdum bu sənətin dalınca gedəsən. Get oğlum, Allah bu yolda sənə dayaq olsun!" Atam bunu danışanda kövrəlirdi, elə mən də hər dəfə bu xatirə yadıma düşəndə doluxsunuram.

Atam Mehdi Məmmədovun xeyir-duasıyla Azdramaya qəbul olunub. Təsəvvür edirsiniz, şuluq olduğu üçün arası olmayıb atamla, amma istedadına dəyər verib, arxa olub ona. İndi elə kişilər, elə müəllimlər çox azdır. Atam Mehdi müəllimin sonrakı tamaşalarında da rol alıb, "İblis"də oynayıb. Atam çox rejissorun tamaşasınsa rol alsa da, təkcə Tofiq Kazımovun tamaşalarında oynamayıb.

 

Tofiq Kazımovun tamaşalarında oynamadı

 

Səbəb adi bir şeydir. Tofiq müəllim bir az hay-küylə məşq edirmiş, məşq zamanı atamın üstünə qışqırıb, atam da rol dəftərini qoyub yerə, deyib mən bu tamaşada oynamıram. Tofiq müəllim ömrünün son illərində ona təzədən rol vermək istəyib. Deyib, "dağlılığıva salıb bəsdir dikbaşlıq elədin, gəl, təzə tamaşada səninçün də rol fikirləşmişəm". Atam əvvəlcə razılıq vermək istəyib, həmişə deyirdi ki, Tofiq Kazımov da böyük rejissor idi, amma ürəyim sınmışdı ondan. Razı olmayıb. Deyirdi, "fikirləşdim ki, bu illər ərzində onun heç bir tamaşasında oynamamışamsa, bundan sonra da alınmaz".

- Məncə, doğrudan da, dağlılığına salıb, amma həm də xarakterini qoyub ortalığa. Maraqlı epizoddur. Ümumiyyətlə, Əlabbas müəllim mənim yaddaşımda elə o cür, xarakterli biri kimi qalıb. 1997-ci ildə Həcc ziyarətində bir yerdə olmuşuq. Məndə onun unikal kadrları var, Mədinədə, "Quba məscidi"ndə namaz qıldığı vaxt onu videoya çəkmişəm və o kadrları 28 ildən sonra mütləq sizə verəcəyəm. Hətta Ərəfatdan Mina vadisinə gedərkən Müzdəlifədə gecələyəndə növbə ilə eyni döşəyin üstündə yatmışıq. Ruhu şad olsun.

 

Mənim Həcc yoldaşım

 

Bayaq teatrdakı intriqalardan ötəri danışdıq. Əlabbas Qədirov teatrın başıbəlalı vaxtında direktor seçildi və biz arada görüşürdük, hirsləndirirdilər onu. Bu, onun səhhətindən də yan keçmədi.

- Teatra direktor getmək təklifi atam üçün gözlənilməz olmuşdu. Bulvara baxan binaların birində yaşayırdı, elə sənət dostları, rəhmətlik Səyavuş Aslanla, kinorejissor Oktay Mirqasımla bir yerdə bulvardakı məşhur çayxanada çay içirmişlər. Bu vaxt Mədəniyyət naziri Polad Bülbüloğlunun köməkçisi zəng vurub, onu nazirliyə dəvət edib. Atam səbəbini soruşanda deyib, Əlabbas müəllim gəlin, nazir sizinlə görüşmək istəyir. Nazir deyib ki, Həsənağa müəllim artıq işləmir, sizi teatra direktor təyin eləmişik. Atam Turabovla qardaş kimiydi, çox yaxın dost idilər. Atam soruşub ki, mənim namizədliyim haradan gəlib? Nazir deyib ki, bu, cənab Prezidentin - o vaxt ulu öndərimiz idi Prezident - birbaşa tapşırığıdır. Atam deyib ki, cənab Prezident bu işi mənə həvalə edirsə, başqa nə deyə bilərəm. Atam işi qəbul edəndən iki gün sonra Turabovla görüşüb halallıq aldı. Turabov demişdi ki, ora sənin gəlməyinə çox sevindim. Bayaq çox doğru qeyd elədiniz. Atam deyirdi ki, mən bu teatrda 40 il işləmişdim, belə çıxır ki, heç kəsi tanımamışdım, direktor keçən kimi hamı özünü göstərdi.         

 

Turabovdan halallıq aldı

 

Özünüz tanımısınız onu, mən bir şey deyə bilərəm, evdə necə böyük idisə, hörmət qazanmışdısa, teatrda da eləydi, onun hörmətini saxlayırdılar, həm rəhbər kimi, həm də aktyor kimi, dost kimi. Sizə bir söz deyim, ulu öndərimiz bir adamın hər hansısa vəzifəyə gətirilməyini istəyirdisə, ona inanırdı, etimad göstərirdi, onun təkliflərini eşidirdi, ona məsləhət verirdi, kömək edirdi. Azdramada bir dəfəyə 26 nəfərin fəxri adlarla təltif edilməsi bu etimadın nəticəsiydi. Ulu öndərimiz atamın tərtib etdiyi siyahıdan kiminsə adını çıxartmadan imzalamışdı.

- Nədənsə, filmlərə az çəkildi, amma "Sevinc buxtası" uğur gətirmişdi ona, Dövlət mükafatı almışdı.

- Hə, 32 yaşında "Sevinc buxtası"ndakı Nazim roluna görə Dövlət mükafatı almışdı. Sonra "Babək"də, "Nəğmə dərsi"ndə çəkildi, amma xeyli filmdə çox məşhur aktyorları səsləndirib. Düz deyirsiniz, atam daha çox teatr aktyoru kimi yadda qaldı. C.Cabbarlının "Sevil" tamaşasındakı Balaş ona çox uğur gətirdi. Teatrda, bəlkə də, əllidən çox irili-xırdalı obraza həyat vermişdi. Amma onun iki filmi müəyyən səbəblərdən üzə çıxmadı. Birincisi, Rasim Ocaqovun çəkdiyi "Qatır Məmməd" filmindəki Qatır Məmməd obrazı idi. Həmin filmdəki obraz Moskvanın qərarı ilə məhv edildi, sonradan Ocaqov Şahmar Ələkbərovu təzədən çəkdi və o filmdən vətənpərvərliklə, millətçiliklə, Cümhuriyyət tarixi ilə bağlı çox şey çıxarıldı, sırf kommunist təbliğatına sərf edən şeylər əlavə olundu.

 

Onun Qatır Məmmədi niyə üzə çıxmadı?

 

Bir də "Sönməyən ulduzlar" - üçseriyalı film idi, Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edirdi, Nadejda İsmayılova ilə Rasim İsmayılovun filmi idi, birinci seriyası çəkilmişdi, sonra sponsor tapılmadı.

- Yəni xeyriyyəçi Tağıyevin yolunu davam etdirəcək biri çıxmadı ortalığa? Çox pis. 

- Hə, yarıda qaldı o film.    

- Amma Əlabbas müəllim Əli Əmirlinin "Mesenat" tamaşasında Tağıyev obrazını canlandırdı.

- Bəli, "Mesenat" çox uğurlu tamaşa idi. Bu obraz, demək olar, atamın teatrdakı son tamaşası oldu. Səhv etmirəmsə, on tamaşa oynadı. Rəhmətlik Məhərrəm Bədirzadə dövlət televiziyası ilə tamaşanı çəkdi və həmin tamaşa da fondda qorunur. Məhərrəm Bədirzadə ilə tələbə yoldaşı olmuşdu. Atam dünyasını dəyişəndən sonra mən onun dostlarıyla çox təmasda oldum və Məhərrəm müəllimin ruhu şad olsun, mən onun nə qədər dostcanlı, vəfalı olduğunu gördüm.

- Dostlarından söz düşmüşkən... kim idi onun yaxın dostları?

- Rasim Balayevlə ailəvi dost olmuşuq. Mikayıl Mirzəylə ailəvi dost olmuşuq, indi onun oğlu Mətinlə də mənim münasibətim var. Sənətdən uzaq olan adamlar arasında da xeyli dostu vardı. Sonra da Həcc dostları oldu.

- Dağlılar ancaq qohumla qohum olurlar. Mən elə başa düşdüm ki, ananız da Əlabbas müəllimin qohumu olub. Məncə, elə siz də qohumla ailə qurmusunuz. Bu qohumluq necə idi?

 

Qayınatası ona maşın almaq istəyirdi

 

- Ana babam Ağamoğlan kişi dağlılar arasında imkanlı adam kimi tanınıb. Atamla anam xalaqızı-xalaoğludur. Sovet dövründə ana babamın iki ferması olub, biri Xızıda, o biri Siyəzəndə. Mən anadan olanda ana babam atama "01 jiquli" hədiyyə eləmək istəyib, atam da cavan oğlan olub, amma deyib qoy atamla məsləhətləşim, sonra, çünki babam atama o vaxt "Moskviç 406" almışdı. Babam Gülabbas kişi bunu eşidəndə hirslənib, başmağının bir tayını buna atıb: "Nə vaxt mən ölərəm, sən də ondan sonra qayınata alan maşını sürərsən", - deyib.

- Məncə, düz deyib. İndiki atalar olsaydı, bəlkə də, qayınatana de, bir maşın da mənimçün alsın deyərdi.

Bəzən tanınmış müəlliflərin əsərləri tamaşaya qoyulanda məşqlərə müdaxilə edirlər. Elə hallar olubmu ki, atanız əsəbiləşsin, belə müdaxilələrdən bezsin?

- Sualınız yadıma bir hadisəni saldı. Unudulmaz Mir Cəlal Paşayevin "Dirilən adam" pyesinin məşqləri gedəndə birinci vitse-prezidentimiz Mehriban xanım babasının pyesinin məşqləri ilə maraqlanır, arada gəlib məşqlərə baxırmış.

 

"Dirilən adam"ın məşqləri

 

Atam həmişə deyirdi ki, mən Mehriban xanımın təkliflərinin tamaşaya nə qədər xeyir verdiyini gördüm. Məəttəl qalmışdım ki, bu xanım teatrı, ədəbiyyatı və həm də babasının əsərini necə gözəl bilir, necə gözəl təhlil edir. O tamaşanın uğurlu olmasının səbəblərindən biri də yəqin, bu olub.

- Həccə gedəndən sonra onun həyatında nə dəyişdi?

- Həyat tərzi dəyişdi. Bilirsiniz, sənət adamları bir qədər yeyib-içməyə meyilli olurlar, onları məscidlərə, qonaqlıqlara dəvət edirlər. Atamın xətrini istəyənlər çox idi, o təklifləri qəbul eləməmək incidərdi o adamları, amma həccə gedib gələndən sonra məclislərin formatı dəyişdi. Atamın dünyaya baxışı dəyişdi. O, düz yeddi il hazırlaşdı bu ziyarətə və axırda arzusuna çatdı.

- İlham müəllim, Əlabbas Qədirov 60 yaşında dünyasını dəyişdi. Xəstəliyə qalib gələcəyini düşünürdük, amma olmadı.

- Bir ilin içində qan xərçəngi onu apardı. Çox dəhşətli xəstəlikdir, adam danışdığı-güldüyü yerdə gedə bilir. Xeyli müalicə aldı burda. Artıq Almaniyaya  əməliyyata aparmağa hazırlaşırdıq. Bilet də almışdıq. Səhər İrana uçmalıydıq, orada müəyyən müayinələrdən keçəndən sonra, Almaniyaya gedəcəkdik, bizi gözləyirdilər. Səhər bacımla mən aparacaqdıq onu, dünyasını dəyişdi. Ağlı üstündəydi, danışırdı, son bir həftəni bir az uzanırdı, sonra qalxırdı, gəzirdi. Atam dünyasını dəyişəndən sonra mən bir daha xalqın, dövlətin ona olan sevgisini gördüm və bu bizə ailə olaraq çox böyük güc verdi.

 

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.16-17.