Anidən ölümün əbədi ağrısı
Hər gün qarşılaşdığımız və bir gün
olmayacağını, birdəfəlik
bu dünyanı tərk edəcəyini ağlına belə gətirmədiyimiz insanların
ölümünü qəbul
etmək çətindir. Belə ölümlər
insanın həyat eşqini, yaşamağın
mənasını ta rişələrinədək baltalayır,
həyat haqqında düşüncələrimizi alt-üst edir. Məhəmmədəli müəllimin anidən
ölümünü də
qəbul etmək heç də asan olmadı.
Filologiya elmləri doktoru Məhəmmədəli Mustafayevi
xarakterizə edən bir neçə cəhəti var ki, onları unutmaq, məncə, mümkün deyil. Məhəmmədəli müəllim hər şeydən öncə çox zəhmətkeş,
ətrafına qarşı
mehriban və hər kəsə qayğı göstərməyə
çalışan insan
idi. Ədəbiyyat İnstitutunda ona
tapşırılan işləri
böyük həvəslə
yerinə yetirər, Ədəbiyyat nəzəriyyəsi
şöbəsinin qaynar
mühitini müzakirələrdə
çıxışları ilə daha da
canlandırardı. Onun səmimiliyi,
incə yumoru və zəhmətkeşliyi
ilə kollektivdə qazandığı yer, mövqe onu itirəndən dərhal sonra boşluq kimi görünməyə
başladı. Bu sayqının
onun vəfatından sonra ilk iş günündə İnstitutda,
ən əsası da Ədəbiyyat nəzəriyyəsi şöbəsinin
qapısına yaxınlaşarkən
hiss etmək mümkün
idi. Bu itki çox təbii şəkildə hiss olunurdu.
İşlə əlaqədar olaraq
yalnız şənbə
və bazar günlərində gedə
bildiyim Mirzə Fətəli Axundov adına Milli
Kitabxananın dəhlizlərində,
oxu zalında tez-tez Məhəmmədəli
müəllimlə qarşılaşırdıq.
Çox
gərgin çalışırdı. Elmi katib kimi ən çox imzasını təsdiq etdiyim institut alimlərindən biri də filologiya elmləri doktoru Məhəmmədəli Mustafayev
idi. Bu da
onun qayğıkeşliyindən,
insanlara kömək etmək niyyətindən irəli gəlirdi. Ona rəy üçün müraciət edənləri
geri çevirmirdi.
Əlindən gələn köməyi
etməyə çalışırdı.
Yaxınlarının bildirdiyinə görə,
xəstəxanada da işlərinə tələsməsi,
yazılmalı rəylərinin
olduğunu vurğulaması
onun qayğıkeşliyindən,
işinə qarşı
olan məsuliyyətindən
xəbər verirdi.
Məhəmmədəli müəllim dünyasını
dəyişsə də,
onun xatirəsi Ədəbiyyat İnstitutunda,
hər birimizin qəlbində əbədi
olaraq yaşayacaqdır. Sağlığında tamamlayıb çapa verdiyi, lakin ölümündən sonra
işıq üzü
görən "Ədəbiyyat
nəzəriyyəsi" kitabı
da onun mənəvi
olaraq yaşadığını
göstərməkdədir.
Mehman Həsənli
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun elmi katibi,
filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat qəzeti.- 2021.-
10 iyul.- S.21.