BİR DOSTUMUZU DA
İTİRDİK...
Həyatın dəhşətli burulğanı
içindəyik. Günlər sürətlə ötür,
stress, müxtəlif qayğılar,
tarıma çəkilmiş
əsəblər az qala hər
ay bir dostumuzu, qohumumuzu, tanışımızı
sıralarımızdan qoparıb
əbədi olaraq bizdən ayırır. Bizə isə yalnız itirdiyimiz adam haqqında
xatirələr miras qalır. Bu mənada
sonuncu ölüm xəbəri də həm gözlənilməz,
həm də sarsıdıcı bir mahiyyət daşımaqdadır.
Neçə ilin dostu, iş yoldaşı, zəhmətkeş və istiqanlı insan olan Məhəmmədəli
Mustafayevi itirmişik.
M.Mustafayev ədəbiyyatı və
ədəbiyyatşünaslıq elmini ürəkdən sevən, yaradıcılıq
məsələlərinə öz baxışı olan bir tədqiqatçı
idi. Onun dünyagörüşünün
formalaşmasında şəxsi
mütaliəsi ilə
yanaşı, akademik Kamal Talıbzadənin də güclü mənəvi təsiri olmuşdur. Məhəmmədəlinin simasında adamı
hər şeydən çox onun tükənməz enerjisi,
öz üzərinə
həddindən artıq
yük götürmək
hazırlığı və
bir çox işi eyni zamanda
yerinə yetirmək qabiliyyəti yaxşı mənada təəccübləndirirdi.
Ola bilsin ki,
bu cəhətdən qüvvəsini də düzgün ölçüb-biçə
bilmədi. Elmi fəaliyyətlə məşğul
olan bu adam
pedaqoji işə də xüsusi fikir verir, Sumqayıt
və Lənkəran Dövlət
Universitetlərində çalışır,
həm də digər cari işlərə vaxt ayırırdı. Amma
hiss edirdim ki, son zamanlar bu işlərin
cəmi onu yorur, əldən salır və ona görə də təbii fiziki sağlamlığı
və dözümlülüyü
də bəzən köməyinə gəlmir.
Bu səbəbdən də
canıyanan bir dost, yoldaş kimi dəfələrlə fəaliyyətini bir qədər yüngülləşdirməyi
təklif etmişdim.
Yadımdadır, üç il bundan əvvəl, yəni mənşəyi bilinməyən
bir xəstəliyin dünyaya hələ hakim
kəsilmədiyi qızmar,
boğucu yay günlərində işləmək
üçün M.F.Axundov
adına kitabxanaya gedərdim. Burada günündən, saatından
asılı olmayaraq iki nəfər qarşıma çıxardı:
filologiya elmləri doktoru Zaman Əsgərli
və Məhəmmədəli
Mustafayev. Zaman müəllim Əbdürrəhim
bəy Haqverdiyevin yaradıcılığı ilə
əlaqədar tədqiqat
işi üzərində
çalışır, Mustafayev
isə ali məktəblər üçün
hazırladığı "Ədəbiyyat nəzəriyyəsi"
dərsliyi üçün
material toplayırdı. Hər ikisi
öz işinə cidd-cəhdlə yanaşırdı.
Təəssüf ki, bu gün onları öz sıralarımızda
görə bilmirik.
M.Mustafayev bir tədqiqatçı olaraq XIX əsr Azərbaycan ədəbiyyatının
problemləri üzərində
ixtisaslaşsa da, onun XX əsr ədəbi tənqidimizin
vəziyyəti haqqında
geniş məlumatı
var idi. O, hələ
tələbəlik illərindən
günlərlə kitabxanalarda
çalışır, milli
ədəbi tənqid
məktəbimizin görkəmli
nümayəndələrinin məqalələrini yorulmadan
toplayır və elmi işində onlardan bəhrələnirdi.
Mən çəkinmədən deyə
bilərəm ki, Azərbaycan tənqidinin ötən əsrin
20-80-ci illərinə aid mənzərəsinə
onun kimi dərindən bələd
olan mütəxəssisimiz
hal-hazırda çox
azdır.
M.Mustafayev bir vətəndaş kimi də özünəməxsus
xüsusiyyətlərə malik idi. Bütün çətinliklərə
baxmayaraq, o, nikbinliyini
heç vaxt itirmir, əsas silahı olan qələmini yerə qoymurdu. Həyatda bərkdən-boşdan çıxsa da, bu insanda müəyyən
bir uşaq sadəlövhlüyü də
var idi və
bu xüsusiyyət onun mənəvi aləminin təmizliyindən
irəli gəlirdi.
Sağlam
əqidəli bir alim, kökləri ilə Azərbaycan torpağına güclü
surətdə bağlı
olan Məhəmmədəli
Mustafayevi heç vaxt unutmayacağıq!
Aqşin Dadaşzadə
filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat qəzeti.- 2021.-
10 iyul.- S.21.