Gecikmiş məktub
1983-cü ildən tanıyırdım səni.
Ədəbiyyat institutunun
aspiranturasına imtahan
verdiyimiz may-iyun aylarından. Elə ilk tanışlığımızdan
bir-birimizə qanımız
qaynamışdı. Borçalının elat ruhundan gələn
saflıq, duruluq, təbiilik və səmimiyyət sənin varlığının əsas
göstəricisi idi.
Ədəbiyyata fanatikcəsinə
bağlı idin, böyük sənət adamlarının yaratdığı
əsərlərə az qala ehkam
kimi yanaşırdın.
Mən bəzi şair və yazıçıların
bədii yaradıcılığına
tənqidi baxışlarla
yanaşanda heyrət içində mat-mat üzümə
baxırdın. Hər
günü, hər saatı ədəbiyyatla,
poeziya ilə nəfəs-nəfəsə keçən o günlərimizi indi həsrətlə,
nisgillə xatırlayır, göynədikcə göynəyirəm.
Kənd balasının saflığı,
halallığı, sadədilliyi,
bununla belə, həm də inadkarlığı səni
heç vaxt tərk etmədi. İyirmi yaşlarındakı
ancaq özünə bənzəyən Məhəmmədəlini
əlliyə-altmışa da elə bu
davranış ölçüləri
ilə daşıdın.
Səni özümün ən doğma adamlarımdan bildim hər zaman. Xoş günlərimin, dar məqamlarımın istisnasız müraciət
yeri sən oldun. Ürəyimdən cərrahi əməliyyat
keçirəndə, beynimdən
ağır insult zərbəsi
alanda səni yanımda görüb ürəkləndim. Heyif
ki, sən ağır xəstə olanda bunların əvəzini
çıxa bilmədim.
Amansız əcəl imkan
vermədi, Məhəmmədəli.
Sevincini, qayğı və dərdlərini, arzularını
ən çox bölüşdüyün adamlardan
biri mən olmuşam həmişə. Aspirantura
dövründəki qayğılardan
tutmuş, ta dünən-srağagün tamamladığın
"Ədəbiyyat nəzəriyyəsi"
kitabının içərisində
yer alan alim düşüncələrinin
yetkinliyinə, mükəmməlliyinəcən sən gözümün
önündə uzun bir yolu zəhmət
və qeyrətlə addımlayıb gəlmisən.
Son zamanlar görürdüm
ki, yetkin bir alim mərtəbəsindəsən.
XX əsrin iyirmi-otuzuncu
illərin ədəbi-tarixi
mənzərəsini, hətta
məni heyrətdə
qoyacaq dərəcədə
dərindən bilən
bir araşdırıcı-filoloq
idin. Tənqid tarixi və ədəbiyyat nəzəriyyəsi
(heç unutmuram sən "nəzəriyyə"
ifadəsini bizim ellərə - Borçalıya
məxsus xüsusi bir diksiya ilə
tələffüz edirdin)
istiqamətindəki bilik
və təhlillərin o qədər dolğun və inandırıcı
idi ki, sənə
güvənmək adama
qürur verirdi.
Maraqlı adamıydın, qardaş,
əlindəki imkanları
bizlərdən - dostlardan,
doğmalardan heç
vaxt əsirgəmirdin. Maddi və
mənəvi cəhətdən
səxavətliydin, hətta
deyərdim ki, həddən çox səxavətliydin. Bu keyfiyyət səni hər kəsə çox sevdirirdi. Akademiyadakı elmi işçilər,
mətbuatdakı jurnalistlər,
universitetdəki müəllim
və tələbələr
bütün mənalarda
səndən çox
faydalanırdılar. Yerişin,
duruşun da mehr-məhəbbət doluydu,
məclisdəki oturuşunun,
zarafatlarının, danışıq
tərzinin də yeri
bir ayrıcaydı.
Səninlə çox gözəl səfərlər etmişik,
macəra dolu günlərimiz olub. Müxtəlif universitetlərdə səyyari
müəllimlik də
gerçəkləşdirmişik. İndi o günlər, o məqamlar
gözümün önündən
kinolent kimi keçib gedir.
Bir yerdə olan dostlarımızla - Faiq Qismətoğlu, Rasim Nəbioğlu, Qürbət
Mirzəzadə və
başqaları ilə
hər rast gəldiyimizdə səndən
danışırıq və elə bilirik ki, yenə
yanımızdasan.
Can qardaş, səndən bir az gileyim
də var. Axı, son zamanlar özünü hədsiz
dərəcədə çox yüklədiyini
görüb etiraz etmişdim:
"Çox dərs deyirsən, gün boyu kompüter və telefonda gərgin çalışırsan. Səhhətinə
fikir ver, özünü qoru!". Bunları sən bizi tərk etməmişdən
cəmi bir həftə öncə demişdim. Özüm
dedim,
özüm eşitdim.
Mən sözümü qurtaran kimi sənə yenə zəng gəldi. Sağollaşıb
vacib bir iş dalınca hansısa bir universitetə tələsdiyini
söylədin. Sonra olanlar
oldu. İtirdim səni, hara tələsirdin, əziz qardaş?
P.S. Bir şeirim var, "İtirdim dostları". Oradakı
bir obraz da
sənsən:
Onların içində biri
də vardı,
Ürəyi yamyaşıl, könlü
bahardı.
Əsdi
xəzan yeli, qəfil apardı,
Boylandı torpaqdan bir erkən qəbir,
İtirdim dostları, itirdim
bir-bir...
Məhəmmədəli, bu yazını başdan sona kimi sənə
xitabla qələmə
aldım. Xəyalımda
sağ olan əziz qardaşıma bu gecikmiş məktubun yetişəcəyinə
dəli bir ümidlə
Məhərrəm Qasımlı
Əməkdar elm xadimi, professor
Ədəbiyyat qəzeti.- 2021.-
10 iyul.- S.21.