Ömürdən izlər qalır

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Məhəmmədəli Mustafayev ədəbiyyat tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəçiliyinin qovuşağında elmi tədqiqatlar ilə fərqlənən tanınmış ədəbiyyatşünas alim idi. O, uzun illər ərzində XIX əsr Azərbaycan ədəbiyyatının tarixi ilə nəzəriyyəsini vəhdətdə araşdırıb ümumiləşdirməklə məşğul olmuşdur. Elmi fəaliyyətə akademik Feyzulla Qasımzadə məktəbinin davamçısı kimi başlayan Məhəmmədəli Mustafayev tədricən XIX əsr ədəbiyyatında gedən prosesləri tədqiq etməklə ədəbiyyat nəzəriyyəçiliyinə doğru addımlar atmışdır. Ona görə nəzəri müddəalarında ədəbiyyat tarixinin faktları hadisələrindən çıxış etdiyi üçün fikirləri inandırıcı, qənaətləri dəqiq idi.

Vəfatından cəmi bir gün sonra nəşr olunmuş "Ədəbiyyat nəzəriyyəsi" kitabı ali məktəblər üçün dərslik kimi nəzərdə tutulsa da, bir sıra mühüm elmi-nəzəri yenilikləri ilə səciyyələnir. "Qədim türk ədəbiyyatının janrları", "Təsəvvüf ədəbiyyatı", "Humanizm Renessans", "Parnasizm" sair kimi ilk dəfədir ki, nəzəri məsələləri Azərbaycanda nəşr edilmiş "Ədəbiyyat nəzəriyyəsi" dərsliklərində ayrıca maddələr kimi özünə yer alır.

Professor Məhəmmədəli Mustafayev özünün çoxcəhətli fəaliyyətində tədqiqatçılıqla müəllimliyi uzlaşdırmağı da bacarmışdır. Tədqiqatçı pedaqoq kimi onun obrazı tələblərinin yaddaşına yazılmışdır. Müxtəlif illərdə Lənkəran Dövlət Universitetində, Odlar Yurdu Universitetində, son illərdə Ədəbiyyat İnstitutu ilə paralel şəkildə çalışdığı Sumqayıt Dövlət Universitetində dərs dediyi tələbələri Məhəmmədəli müəllimin timsalında ədəbiyyatşünaslıq elminin yeniliklərini daim auditoriyaya gətirən tədqiqatçı-müəllimi həmişə maraqla dinləmiş, ehtiramla qarşılamışdır.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı kimi Məhəmmədəli Mustafayev özünəməxsus elmi səviyyəsi, sabit təmkinli mövqeyi, zəhmətkeşliyi ilə iz qoymuşdur. Təkcə əməkdaşı olduğu Ədəbiyyat nəzəriyyəsi şöbəsində deyil, bütövlükdə Ədəbiyyat İnstitutunda bütövlükdə ədəbiyyat cəmiyyətində Məhəmmədəli Mustafayev yüksək insani keyfiyyətlərə özünəməxsus hazırlığa malik ziyalı kimi qəbul edilmişdir.

Vəfatından 4-5 gün əvvəl Akademiya şəhərciyinin Hüseyn Cavid prospektindəki Əsas binasının birinci mərtəbəsindəki foyedə rastlaşdıq. Çöhrəsindəki çox təbii təbəssümü, əlindəki böyük portfeli, əynindəki sadə səliqəli geyimi, təmkinli davranışı ilə Məhəmmədəli Mustafayev bir daha yaddaşıma yazıldı. Daxili bir qürur hissi ilə dediyi aşağıdakı sözlər Məhəmmədəli Mustafayevin tədqiqatçı müəllim kimi obrazını müəyyən edir:

- İsa müəllim, "Ədəbiyyat nəzəriyyəsi" kitabım bu gün-sabah çıxır. Ədəbiyyat İnstitutunda yazmışam, tələbələrimə söz vermişdim.

Ədəbiyyat İnstitutunun elmi kollektivi kimi, müəllimlik etdiyi Sumqayıt Dövlət Universitetinin pedaqoji heyəti tələbələri üçün Məhəmmədəli Mustafayevin "Ədəbiyyat nəzəriyyəsi" kitabı qiymətli yadigardır. Hesab edirəm ki, ölkəmizin digər ali məktəblərində Məhəmmədəli Mustafayevin "Ədəbiyyat nəzəriyyəsi" kitabından dərslik kimi istifadə ediləcəkdir.

Tanınmış tədqiqatçı müəllim Məhəmmədəli Mustafayevin qəlblərdə, yaddaşlarda silinməz izləri qalır. həmin izlər ədəbiyyatşünas həmkarımızı yaşadır.

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun direktoru, akademik

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.20.