Arayış
HEKAYƏLƏR
Əhvalatı dostum danışıb. Deyir, sovet
dövründə kənd
sovetinin sədri işləyirmiş. Bir nəfər
səhər tezdən
zəng edib ondan arayış istəyib. O da hələ yazılmamış,
boş arayış blankını qoyub masanın üstünə,
nə isə bir iş çıxıb,
gedib həmin işin dalınca. Dostum günorta nahar fasiləsində evə gəlib, yemək yeyəndən sonra qayıdıb iş yerinə. Görüb ki, masanın üstünə qoyduğu
arayış blankı
yoxdur. Katibəsindən soruşub ki,
blankı görməyib?
Katibə deyib:
- O kişi gəlmişdi,
verdim getdi, sizə "sağ olsun" da göndərdi...
Dostum cavab verib:
- "Sağ olsun" deyən də sağ olsun, sən də. Amma mən hələ
arayışı yazmamışam,
axı! Sən ona ağ
kağız vermisən!
Dostum bir-iki gündən sonra həmin kişiyə rast gəlib soruşur:
- A kişi, yazılmamış
arayışı hara
aparmısan?
- Hara aparacağam,
iş yerinə.
- Bəs bir söz
demədilər?
- Heç nə demədilər. Götürüb
tikdilər şəxsi
işimin arasına, vəssalam!
- A kişi, nə
"vəssalam", mən
hələ arayışı
yazmamışam ey, katibə sənə boş blank verib!
Kişi
gülümsədi:
- Elə bilirsən, vecimədir? İşə
tikdilər, qurtardı,
getdi!..
- Bəs sizin kadrlar şöbəsi müdirinin savadı-zadı
yoxdur?
- Savadı olsaydı, kadrlar şöbəsinin müdiri olmazdı ki!
Fil
Ömründə fil görməyən
birinə fili göstəriblər ki,
"bax gör, belə heyvan görmüsən?".
Kişi filin ətrafına bir neçə dəfə fırlanır. Soruşurlar
ki, "a kişi, nə axtarırsan?". Kişi nə cavab versə, yaxşıdır?
- Mən belə heyvan görməmişəm.
Görmədiyim üçün də qabağına, arxasına fırlanıram
ki, görüm, başı harasıdır,
quyruğu harasıdır.
Niyə?
Deyirlər, bu heyvanın
baş tərəfində
xortumu olur, arxa tərəfində quyruğu. İndi mən xortumla quyruğu bir-birindən ayırmaq istəyirəm...
Bəzi adamları böyük bir vəzifəyə qoyurlar. Ondan soruşurlar
ki, "işi bilmirsən, gedib orada nə edəcəksən?". Vəzifəli şəxs də cavab verir ki,
"gedim işlə tanış olum, sonra görüm nə edəcəyəm"...
Xortumla quyruq məsələsi də buna bənzəyir...
"Qayda-qanunu
sevmişəm"...
Tanışımla maşında gedirdik. Mənə irad
tutdu ki, bir neçə dəfə yol qaydalarını pozmuşam.
Dedim "vallah, mümkün deyil, bu rolun ki
arxasına keçdin
ha, nə qədər
diqqətli olsan, yenə "naruşeniya"
edirsən"...
Tanışım heç nə demədi. Xeyli yol gedəndən sonra dilləndi:
- Mən 1973-cü ildən
1994-cü ilə kimi bir dəfə də yol qaydasını
pozmamışam.
Təəccüblə soruşdum:
- Zarafat edirsən?
- Nə zarafat? And içə bilərəm
ki, iyirmi bir il heç bir qaydanı pozmamışam!
Çox
maraqlandım:
- Bu necə olub, axı?
Tanışım ciddi şəkildə
dilləndi:
-
1973-cü ildə anadan
olmuşam. Üç
il bağçaya
aparıblar məni. Yeddi yaşımda məktəbə getmişəm,
on il oxumuşam.
Sonra ali
məktəbə qəbul
olmuşam. Dörd il də
orada təhsil almışam. Diplomumu alan gün
atam mənə hədiyyə olaraq maşın alıb. Hesablasan, görərsən
ki, iyirmi bir il mənim maşınım
olmayıb! Odur ki, deyirəm, düz iyirmi bir il heç bir yol qaydasını pozmamışam!
- Məni ələ salmısan?
- Niyə?
- İyirmi bir il maşının
olmayıb, yol qaydasını necə poza bilərdin, axı?
- Niyə? Başqasının
maşının sürsəm,
poza bilərdim... Mən o qədər qayda-qanuna əməl etmişəm ki, başqasının da maşınını sürməmişəm!..
Lenin diridir,
yoxsa ölü?
Kommunist Partiyasının dövrü
idi. Ev-eşiyi olmayan
qəzetçilərdən biri Moskvaya, Leninin Mavzoleyinə, şəxsən Leninin adına məktub
yazır ki, "evim yoxdur, mənə
ev ver".
Məktubu göndərirlər respublikanın
Mərkəzi Komitəsinə. Aləm dəyir
bir-birinə, qəzetçini
çağırırlar ki,
axı, Lenin çoxdan
ölüb, sən ona niyə məktub
yazmısan? Ölü
də ev
verə bilər? Qəzetçi deyir:
- Bura baxın, necə olur ki, sizə lazım
olanda deyirsiniz
"Vladimir İliç canlıların
ən canlısıdır",
"Lenin daim yaşayır",
mənə lazım olanda ölür?
Alın yazısı
Bir gün nökər qorxu içərisində,
tir-tir əsə-əsə,
təngnəfəs sahibinin
yanına gəlib deyir:
- Canım sənə qurban, ayağının altında ölüm, burax məni gedim başqa şəhərə.
Sahibi soruşur:
- Niyə, a bala?
- Çoluq-çocuğum sənə
fəda olsun, bu gün bazarda
gəzirdim, birdən Əzrayılla üzbəüz
gəldim. Üzümə tərs-tərs baxıb
getdi. Qorxuram canımı ala...
Sahibi bir az fikirləşəndən sonra
dillənir:
- Onda tamam ölkədən
çıx get. Məsələn, Bağdad şəhərinə.
Nökər ölkədən çıxıb
gedir Bağdada. Bir neçə gündən
sonra bazara çıxanda yenə Əzrayılla üzbəüz
gəlir, özünü
itirib deyir:
- Cənab Əzrayıl, səni gördüm, çaşdım.
Əzrayıl mənalı-mənalı gülümsəyir:
- Elə mən də keçən dəfə səni görəndə çaşmışdım.
Çünki sən orada yox, burada
mənə rast gəlməliydin...
"Guya mənim
işim var"
Cavan yaşlarımda bir idarədə işləyirdim,
yalan olmasın, beş günün
işini iki günə görürdüm,
üç gün boş qalırdım. İş yerində oturmağa səbrim çatmırdı,
çıxıb gedirdim
gəzib-dolaşmağa. Bir gün belə,
beş gün
belə, axırı idarənin müdiri məni yanına çağırıb soruşdu:
- A bala, niyə işdə oturmursan?
Mən də dedim ki,
boş-boşuna oturmağın
nə mənası? İşimi ki görürəm...
Müdir
oturduğu kreslo ilə birlikdə fırlanaraq dilləndi:
- Sən elə bilirsən mənim işim var? Amma görürsən, həmişə
yerimdəyəm. Öyrən
də bala, goruma aparmayacağam səni... Kənardan baxanlar var, axı!
Cəhənnəmi istəyən yoxdur...
Biri ölür
gedir o dünyaya, onu göndərirlər cəhənnəmə. Qorxa-qorxa cəhənnəmin
qapısını döyür
ki, içəri girsin. Birdən başında buynuzları
olan, bədənini qapqara tük basmış, ağzı qıpqırmızı bir
cin qapıdan çıxıb gözlərini
bərəldərək rəhmətliyə
"qığğğ" eləyir. Rəhmətlik
əsəbiləşərək dillənir:
- Belə eləyirsiniz ki, cəhənnəmə
heç kim gəlmək istəmir də!..
Hamı yazır...
Gənc yazıçıların qurultayı
olub. Qurultayda bildiriblər ki,
onların yaşı
əllini, altmışı
keçib, amma hələ də "gənc yazıçı"
adlanırlar. Bəs, bu
nə olan şeydir, nə deməkdir?
Heç demə, "gənc yazıçı" deyəndə
yaş nəzərdə
tutulmurmuş. İstəyirsən
lap yaşın yetmiş,
səksən olsun, təzə-təzə yazmağa
başlayırsansa, deməli,
"gənc yazıçı"san,
vəssalam! Bir də, bizim
millətdə yaşından
asılı olmayaraq hamı yazır. Bacardı, bacarmadı, dəxli yoxdur... Axı, yazmaqdan asan şey yoxdur. Bir qələmdi, bir kağız. Vay oxuyanların halına!
Oğru nə qanır?!
Rəssamla yazıçı şirin-şirin
söhbət edirdilər,
birdən xəbər
gəldi ki, bəs, rəssamın emalatxanasına oğru girib. Yazıçı "yəqin, bütün
şəkilləri aparıb"
- deyə, narahat oldu. Rəssam heç halını da pozmayıb dilləndi:
- Sən narahat olma, oğru şəkillərə dəyməz...
Gedib baxanda gördülər ki, doğrudan da, oğru şəkillərin
birinə də toxunmayıb. Emalatxanada bir köhnə
gümüş çaynik
varmış, onu aparıb. Rəssam gülümsədi:
- Gördün, qardaş? Oğru nə qanır şəkil-zad nədir...
Tərcümə
Kənddə hər gün kino göstərilirdi. Camaatın yeganə
istirahət yeri kino göstərilən klub idi. Kənd əhli bəzən eyni filmə bir neçə dəfə baxmalı olurdu. Onlara elə gəlirdi
ki, daha görmədikləri film qalmayıb.
Filmlərə baxmaq üçün
kluba gələnlərin
də sayı azalmışdı. Odur ki, kinomexanikin "əli aşağı" idi.
O, çox götür-qoydan
sonra divarlara, elektrik dirəklərinə,
yoğun ağacların
gövdəsinə belə
bir afişa yapışdırdı: "Yeni
bədii film. "Əlimərdanın uşaqları".
Təzə afişanın xəbəri
kəndin bu başından o başına
yayıldı. Hamı səbirsizliklə qəribə adı olan bu filmə
tamaşa etmək üçün axşamı
gözləyirdi. Nəhayət, gözlənilən vaxt çatdı. Salon ağzına qədər adamla doldu. Əlavə stul qoyub əyləşənlər
də vardı. İşıqlar söndü, kinomexanik
aparatı işə saldı. Ekranda təzə filmin adı göründü:
"Admiral Uşakov".
Tamaşaçılar yapışdılar kinomexanikin
yaxasından ki, bəs, bu nə
məsələdir, camaatı
niyə aldatmısan? Kinomexanik
əsəbiləşdi:
- Qəribə adamlarsınız
ey... Filmin adı rusca idi, tərcümə eləmişəm də!
Xeyrəddin QOCA
Ədəbiyyat qəzeti.- 2021.-
10 iyul.- S.22.