Essevari fikirlər

 

Enerjilərin mübarizəsi. Povest yazdığım, mətnin ortasına gəlib çıxdığım yerdə, hətta onu bitirməyə az qalmış, kiçikhəcmli hekayə mövzusu peyda olub, povesti qoymuşam qırağa. Hekayəni redaktə edib çap olunmaq üçün göndərmişəm hal-hazırda essevari fikirlərimin çıxdığı qəzetə, hekayəm çapdan çıxıb, povest enerjisi isə məni tərk etdiyinə görə yarımçıq qalıb. (Üç hekayə mövzusunun enejilərinin eyni vaxtda üstümə şığıdığı vaxtlar da olub). Bu, niyə belə olur? Cavabım belədir: kiçik hekayəmin enerjisi povestinkinə qalib gəlir, bu mənada bəzən yazılmaqda olan mətnlərin enerjiləri arasında sanki mübarizə gedir. Məsələni başqa cür də izah etmək olar. İçimdə hansısa yazını tez bitirmək ehtirası olub, hiss etmişəm ki, heç olmasa, birindən qurtulmalıyam. Bu zaman görünür, şüuraltı anlamışam ki, kiçikhəcmlini tez bitirəcəm, çünki az vaxt aparacaq. Ən pisi romanla hekayə enerjiləri arasında gedən mübarizədir. Bir tərəfdən, roman şöhrətpərəstliyi, amma yazı enerjisinin çatışmazlığı, ya azlığı, o biri tərəfdənsə, sadə, yaxşı bir hekayə, amma səni onu yazmağa vadar edən bol enerji.

P.S. Bir də var bir qisim yaşlı nasirlərin yazdıqları mətnlərin enerjiləri arasında gedən mübarizə, ya bəzən enerji rəqibsiz olur, yəni yazıçı rahatca bir mətn üzərində çalışır. Elə də olur, artıq tükəndiyini, zəif yazdığını bilə-bilə yenə çap olunmaq istəyir, bir tərəfdən, unudulmaq fobiyasına, şöhrətpərəstlik ehtirasına güc gələmmir, o biri tərəfdənsə, içinə dolan yazmaq enerjisinin qarşısını ala bilmir.

 

***

 

Hekayə, ya romanla bağlı uydurma yox, əsl, gerçək hadisələrin, prototiplərin kim olması ilə bağlı tədqiqatçının, ya jurnalistin yazıçı sirrini araşdırmağının, ya sirri intervü zamanı yazıçıdan qoparmağının, ya necəsə ələ keçirməyinin iki tərəfi var. Bir yandan, sirr faş olanda, mətnin duzu qaçır, "Ədəbiyyat - gözəl yalandır" tezisindən xəbəri olanlar istər-istəməz kədərlənirlər, "Aa, sən demə, beləymiş ki" - deyib təəssüflə başlarını bulayırlar. Digər tərəfdən, sirrin aşkara çıxmasını əks etdirən həqiqətlə tanışlıq da oxucuya ləzzət verir. Bu baxımdan, Cəlil Məmmədquluzadənin "Qurbanəli bəy" hekayəsi çapdan çıxandan sonra, yazıçının həyat yoldaşı Həmidə xanımın Ağcabədidə yaşayan qohumlarının əsərdəki qonaqlıq epizoduna görə  ustadla haqq-hesab çəkmək istəməsi bizdə həm gülüş, həm də kədər doğurur, o dərəcədə ki, az qalırsan bunun bizdə yaratdığı emosional effekti əsərin analoji təsiri ilə müqayisə edəsən.

 

***

 

Qavrama və interpretasiya fərqli olduğundan, bəzən həsəd, - paxıllıq, sərtlik, - qəddarlıq, məcaz, - həqiqət, zarafat, - ciddi söz, səmimi tərif, - yaltaqlıq kimi anlaşılır. Və insan üzləşdiyi situasiyaya uyğun atacağı addım barədə düşünəndə, cürbəcür interpretasiyalara gedib çıxır. Tutaq ki, feysbuk statusunda üç nəfəri tərifləyirsən, bilmirsən, adlarını təq edərək yazasan, yoxsa təqsiz. Fikirləşirsən, təq etsən, o adamlar daxil, dostluğundakılar elə biləcək, sən o adamlara yaltaqlanırsan. Eyni zamanda mümkündür ki, adlarını çəkdiyin adamlar özləri səndən təq olunmaqlarını umur, çünki onda sənin təriflədiklərinin ortaq olmayan dostları da bunu görür, yəni həmin təqlədiyin üç adam istəyir ki, tərifin dairəsi daha geniş olsun. Daha sonra başqa bir unikal dilemmayla üzləşirsən: sən özün müəyyən edə bilmirsən, təq etməkdə sən o adamlara yaltaqlanırsan, yoxsa səmimi olursan.

 

***

 

Bir çox yazıçıların üzləşdiyi zülmlü situasiya: mətnin hansısa hissəsini kəsib atım, yoxsa qalsın? Bir dəfə dəyərli tənqidçimiz Tehran Əlişanoğluyla bu məsələni müzakirə edəndə mənə dedi ki, yazıçı məhz elə yazdığı mətninin bir hissəsindən, yeri gələndə, böyük bir hissəsindən imtina etməyi bacardığına görə yazıçıdır. Amma əlli-əlli faiz arasında tərəddüd həddində olmaq da günlər aparır: bir gün "İndiki oxucular qısa mətnləri oxumaq istəyir" fikrinin təsiri altında sənə artıq gələn hissəni silmək istəyirsən, o biri gün "Əşi, oxucunun biri oxuyar, o biri oxumaz, mən elə oxuyançün yazıram" deyib bundan vaz keçirsən. Başqa bir gün bu böhranı püşkatmayla (qalsın, qalmasın?) aradan qaldırmaq istəyirsən, sonra öz-özünə deyirsən ki, yaradıcılıq idmandı-zaddı bəyəm? Sonda bir qərara gələ bilmədiyinçün, o hekayənin əlyazmasını atırsan tam  işlənməmiş, yarımçıq qalan yazıların arasına. İllər keçir, onu unudursan və təsadüfən şkafı yığışdıranda, kapron fayllara bir-bir baxdığın vaxt o hekayə qarşına çıxır, başlayırsan oxumağa. Maraqlı olan o olur ki, illər öncə silmək istədiyin beş abzaslıq hissə sənə artıq yamaq kimi gəlmir. Və yəqin ki, buna hardasa mətnin zaman-zaman haldan-hala düşməsi demək olar.

 

***

 

Tənqidçi-yazıçı münasibətlərinin həssas məqamı. Bəzən yazıçı yazdığı mətnin əlyazmasını, ya yenicə nəşrdən çıxan kitabını tənqidçiyə məqalə umduğu üçün yox, obyektiv fikir əldə etməkçün verir. Bəzən yazıçı zənnə düşür: birdən tənqidçi elə bilər, mən ondan məqalə umuram. Yazıçının ürəyindən "Elə bilmə(yin) ha, mən sizdən (ya səndən) məqalə umuram, sadəcə, mənə sizin fikriniz önəmlidi" demək keçir, sonda bu fikrindən vaz keçir. "Yox, elə biləcək məqaləyə işarə vururam". Və tənqidçi də istər-istəməz mətni, ya kitabı yazıçıdan alanda öz-özünə sual verir: "Görən, bu, məndən məqalə ummur?". Sonucda yazıçıyla tənqidçi arasında gizlin şübhə sahəsi yaranır.

 

***

 

Oxucuların mətni kompüter monitorundan oxumaq istəməmələrinin səbəbi bir tərəfdən, gözlərin yorulmasıyla, digər tərəfdən, gözlərin sözlərə monitor vasitəsilə toxunmasının mütaliə aclığını doydurmaması ilə bağlıdır. Oxucu kitabı əlində tutmaqla, həm də sanki sözlərə toxunmuş olur, bu toxunuş həm də gözlərə əlavə enerji, qüvvət verir, onda beyin mətni daha yaxşı həzm edir.

Bilirəm, "Bu, vərdişdən asılı olan məsələdir" deyənlər olacaq və onlar sözsüz, özlərinə görə haqlıdır. Qiraət vaxtı səhifədən səhifəyə keçərkən, xışıltı səsi effekti verən ebukların (elektron kitablar) olmasından da xəbərim var. Bu, məhz elə onu göstərir ki, insan keçmiş ləzzətindən tam məhrum olmaq istəmir. Yeri gəlmişkən, eyni hissi bəzi yazıçılar öz mətnlərini kompüterdə dok fayla yox, kağıza yazarkən, ya print olmuş kağızın üzərində redaktə edərkən hiss edir.

 

***

 

Uşaqlığımıza dönə-dönə qayıdış. Kiçik bibim Çimnazın indi 64, mənimsə 47 yaşım var. Bu yaxınlarda telefon söhbətimiz vaxtı mənə dedi ki, sən hələ də mənimçün Nəsimikənd bazarı tərəfdə kokteyl aldığım beş yaşlı Apışsan, - söhbət keçən əsrin səksəninci illərin əvvəllərindən gedir. Qardaşım qızı Aylinin bu gün-sabah 20 yaşı olacaq, artıq ADA Universitetinin ikinci kursuna keçib, o, bəzən mənimçün kefi olmayanda oynamaq istəməyən, dörd-beş yaşındakı səsiylə "Əmi, sən çıx get", ya yenə şokolad yemək istədiyiçün mənə "Aaa genə" deyən Motlikdi. İndi də onunla söhbət edəndə, votsapda yazışanda "Motlik, necəsən?", "Motlik, imtahanların necə gedir?" soruşuram. Saytlarda, qəzetlərdə çıxan hekayələrimin demək olar ki, hamısını oxuyur, fikirlərini bölüşür mənimlə. Arada qəzetdə çıxan hekayəmin şəklini çəkib göndərirəm, ardınca yazıram: "Motlik, dünən bu hekayəyə görə köşklərin qabağında uzun növbələr yaranıb. Qəzet ala bilməyənlərdən biri hirsindən köşkün şüşələrini sındırıb, şüşə əlini kəsib". O isə zarafatımı dərhal tutur, gülüş smaylikləri göndərib yazır: "Əmi, bu sənin hekayələrinə olan oxucu sevgisindən xəbər verir".  - "Tamamilə haqlısan," - yazıram.

Nəhayət, bir misal da deyim. Beş-altı il əvvəl mənimlə zarafatı olan, məzələnən yaxın dostumdan arada zənglər gəlirdi, danışansa onun dördüncü sinifdə oxuyan qardaşı oğlu Toğrul olurdu. Bir dəfə yaşıl düyməni basan kimi Toğrul salamsız-kəlamsız demişdi: "Alpay dayı, neçə nömrəli pampers taxırsan?". O dəqiqə bilmişdim sual kimdən gəlir, tez cavab vermişdim: "Totuş, əmin hansından taxırsa, mən də ondan". Kiçik pauzadan sonra dostumun pıçıltısını eşitsəm də, dediyini anışdıra bilməmişdim. Nəhayət, Toğrul növbəti təlimatı yerinə yetirmişdi: "Alpay dayı, Hemquey kimi, - Heminquey yəni, - Nobel mükafatı almaq fikrin varmı?" Gülə-gülə demişdim: "Hə, var. Əminə de, Nobel alsam, pulun yarısını ona verəcəm".

Göstərdiyim misallar nəyi izah edir? Biz yaşa dolsaq da, beynimizin hansısa hücrəsində uşaqlığımız bir dünya kimi öz həyatını ayrıca yaşamaqdadır. Maraqlıdır ki, biz yeniyetməlik yox, məhz uşaqlıq dövrümüzə qayıtmaqçün kimisə obyekt seçirik. Tutaq ki, əlli yaşlı adam otuz, ya qırx yaşına dönməkçün kiminləsə ünsiyyətə girməyə xüsusi ehtiyac duymur, öz yaddaşına baş vurur, xatirələrində gəzişir. Orta yaşlının, ya yaşlı adam uşaqlığına qayıdarkən, uşaqla ünsiyyətə girməsi bu mənada istisnadır.

Mən Motliki görəndə, bibim Apışı - məni görəndə, özümüzdən asılı olmayaraq, qeyri-iradi bu zamandan o zamana adlayırıq, düşürük o dünyamıza. Eləcə də dostum öz qardaşı oğlu vasitəsilə mənə məzəli suallar ötürüb uşaqlaşır. Və adamların uşaqlıq dünyaları onların beyin hücrələrində o qədər genişlənir ki, bəzi 80-90 yaşlı nənələr öz nəvələriylə onları əyləndirməkdən çox, öz uşaqlıq dünyalarından ləzzət almaq üçün evcik-evcik oynayırlar.

P.S. Bu yaxınlarda bilmişəm ki, mənə Apış deyən bibimin 60 yaşı olanda, ondan 16 yaş böyük olan rəhmətlik atam təəccüblənibmiş: "Ay Çimnaz, heç inanmağım gəlmir, sənin doğrudan, 60 yaşın oldu?".

 

***

 

"Çox lokal yazır...". Bir dəfə istedadlı şairlərimizdən biri, yaxın dostum, mərhum yazıçımız Sabir Əhmədli haqda belə dedi. Məsələ burasındadır ki, istedadla yazılmış lokal mövzulardan bəhs edən mətn öz bədii dəyərini heç vaxt itirmir. Bunu məsələn, rus yazıçıları Şukşinin, Rasputinin, Belovun əsərlərində görmək olur. Bir də axı, biz haradan bilirik ki, hansısa səviyyəli, mütaliəli ingilis oxucusu İsi Məlikzadəni, ya Sabir Əhmədlini istedadla yazılmış lokal mövzulu mətnlərini, - ingilis dilinə keyfiyyətli tərcümə olunmaq şərtiylə, - oxuyub bəyənməyəcək? Mən yutubda Rusiyanın kənd həyatından yazan Vasili Belovla bağlı gəzişmələr edərkən, dediyim fikrin şahidi oldum. V.Belovun yaradıcılığı haqda elmi əsərlər yazmış yapon tədqiqatçısı professor Ryoxey Yasui iki dəfə yazıçının yaşadığı Voloqda vilayətinin Timonixa kəndinə gəlib bir neçə gün orda qalmışdı. R.Yasui, Belovun sırf rus xarakterləriylə, rus kənd həyatına xas detallarla səsləşən, lokal olmayan, daha doğrusu, lokal, həm də doğma olan məqamlara görə yazıçının yaradıcılığı haqqında elmi məqalələr yazıb.

Eyni şeyi bizim bəzi yazarların yerli yazıçıları bəyənməməsi ilə bağlı da demək olar. Görürsən, dünya ölkələrini o qədər gəzməyən, başqa xalqların mədəniyyətləri ilə kitab və nəzəriyyə səviyyəsində tanış olan yerli yazarlarımızdan kimsə müasir xarici yazıçılarından birinin əsərini öz feysbuk profilində paylaşır və statusunda bəh-bəhlə yazır ki, niyə bizimkilər belə yaza bilmir. Paylaşılan əsərlə tanış olanda görürsən ki, doğrudan, yaxşı yazılıb, hətta əla da deyirsən, sadəcə, bir müddət sonra soyuq başla təhlil edəndə, əmin olursan ki, bunu təqdim edən yerli yazarımız əsərdəki mühitlə, ənənələrlə, sırf o ölkəyə xas olan tipajlarla tanış deyil deyə, ona yeni gələn əsərdən hayıl-mayıl olur. Əslində, hayıl-mayıl olmaqda pis bir şey yoxdu, amma buna görə durub "Bizimkilər niyə belə yaza bilmir?" demək düzgün deyil.

 

 

***

 

Bir var mətnə qərəzli, bir də var qeyri-obyektiv yanaşma. İlk baxışdan oxşar anlayışlardı, amma incə bir fərq var aralarında. Mətn haqqında qərəzli danışan özü də bilir ki, qərəzlidi, çünki öncədən niyyəti məhz buna istiqamətlənib. Amma qeyri-obyektivlik xislətə bağlı olmaya da bilər, yəni mətni düzgün təhlil etməyən adam özlüyündə elə bilər ki, haqlıdı.

 

 

***

 

Nəsrdə fərqli, daha doğrusu, yeni üslubla ədəbiyyata gəlməyə ədəbi camedə birmənalı yanaşmırlar. Məsələn, Kamal Abdullanın Əkrəm Əylislini, Rüstəm Kamalın Mövlud Süleymanlını, yuxarıda adını çəkdiyimiz yapon filoloqu Ryoxey Yasuinin Yasunari Kavabatanı, Buninin Şoloxovu nəsrdə yeni dil yaradan yazıçı kimi qəbul etməmələri, onları süni, bəzən kobud (Buninin Şoloxova münasibəti) üslubçuluğa görə tənqid etmələri o deməkdir ki, bundan sonra da yaranacaq üslublara münasibət birmənalı olmayacaq. Görünür, bu, insan beyninin öyrəşdiyi standart düşüncə tərzindən, mətni standart qavramadan yeni üslubun əxzinə, təfəkkür həzminə keçiddə üzləşdiyi çətinliklə bağlıdır.

 

Alpay AZƏR

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.30.