Nizami Gəncəvinin seçilmiş əsərləri

Ukrayna dilinə tərcümə edilib

 

Dmitri Buraqo Nəşrlər evinin və Azərbaycanın Ukraynadakı səfirliyinin birgə layihəsi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin seçilmiş əsərləri Ukrayna dilinə tərcümə edilib. Ukrayna Milli Yazıçılar İttifaqının üzvü Dmitri Buraqo bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, yeni kitab Azərbaycan Prezidenti İlham Əliyevin Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar sərəncamı çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə nəşr ediləcək.

Dmitri Buraqo deyib: “Bu nəşrin əsasını Nizami Gəncəvinin “Xəmsə” adı altında birləşən beş poeması təşkil edir. Ukraynalı oxucu həm Leonid Pervomayskinin klassik tərcüməsində “Leyli və Məcnun” poeması ilə, həm də Vasili Bark, Nikolay Miroşniçenko, Vasili Mısık və Semyon Abramoviçin tərcüməsində “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemaları ilə tanış olmaq imkanı qazanacaq. Bu tərcümələrin çoxu ilk dəfə nəşr edilir. Kitaba şairin seçilmiş qəzəllərinin tərcümələri də daxil ediləcək. Nəşrin həcmi 480 səhifədir”.

D.Buraqo bildirib ki, bu kitab Nizami Gəncəvi yaradıcılığı ilə tanış olmağı arzu edən ukraynalı oxucular üçün əla hədiyyə olacaq, ona görə ki, Nizami Gəncəvinin Ukrayna dilinə tərcümə edilməmiş şeirləri ilk dəfə olaraq kitabda əks olunacaq. Tərcümə işinə məşhur alimlər cəlb edilib. Gözlənildiyinə görə, kitab oktyabr ayında çapdan çıxacaq.

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.32.