Bu yana
gəlir, o yana gedir...
Hekayə
Bilirəm, "adaş"
adları eyni olan adamlara deyilir. Bu
yazının başlığındakı adlar tamamilə fərqlidir.
Uzun illərdir ki, haqqında söhbət açmaq istədiyim
bir məsələ məni narahat edir, daha doğrusu, təəccübləndirir.
İlk baxışda iki nəsr əsərinin
bir-birinə bənzəməsi o qədər də qeyri-adi
görünmür. Ədəbiyyatımızda,
hətta Şərq ədəbiyyatında nəzirə əsərlərinin
(ən çox da şeir) sayı kifayət qədərdir.
N.Gəncəvi və M.Füzulinin "Leyli və
Məcnun"u, N.Gəncəvi və Türk əsilli hind
şairi Ə.X.Dəhləvinin "Xəmsə"si və
s.
Elm sahəsində də
ayrı-ayrı alimlərin müxtəlif vaxtlarda, bir-birlərindən
xəbərsiz olaraq etdikləri kəşflər də
vardır. Məsələn, fizikada
Boyl-Mariott qanunu, biologiyada Çarlz Darvin və Alfred Russel
Uolles tərəfindən növlərin təkamülü nəzəriyyəsinin
yaradılması. Atom fizikası sahəsində
Heyzenberq və İvanenkonun bir-birindən xəbərsiz şəkildə
nüvənin proton və neytrondan ibarət olduğunu təsdiq
edən proton-neytron modelini təklif etmələri haqqında
da məlumatlara inansaq Haqverdiyevdən 50 sonra Haqqardın
oxşar süjetlərlə eyni məkanda baş verən
hadisənin də təsadüfən yaxın olduğuna
inanmalıyıq. Amma əksi də istisna deyildir...
Aşağıda ingiliscədən
çevirməsini təqdim etdiyim hekayənin janr fərqinə
baxmayaraq, süjeti ilə Əbdürrəhim bəy
Haqverdiyevin "Ac həriflər"inin süjeti
arasındakı oxşarlıq hər kəsi heyrətləndirə
bilər. Amerikalı Marqaret Haqqardın "Bu
yana gəlir, o yana gedir..." hekayəsi 1961-ci ildə
"Random House in Best College Writing" tərəfindən nəşr
olunduğu halda, Ə.Haqverdiyevin "Ac həriflər"inin
yazılma tarixi 1911-ci ildir. Ə.Haqverdiyevin
"Ac hərifləri" yeməyi yedikdən sonra pul ödəməmək
üçün yeməkxana sahibi Həsən kişinin
gözlərini bağlayıb, pulu tutacağı adamdan
alması şərti ilə ona kələk gəlirlər.
Marqaret Haqqardın "Bu yana gəlir, o yana gedir..." hekayəsində
isə hotel sahibinin başına açılan "kələk"
avamcasına deyil, bir az avropasayağı,
daha modern formada oynanılır. Əslində,
bu hekayənin adını "Kəfkirli saat" da qoymaq
olar. Cərəyan edən hadisələr müxtəlif
olsa da, hər iki əsərdə məqsəd eynidir - hiylə
işlətmək, aldatmaq. Bu, bir daha sübut
edir ki, bəşəri varlıq eyni materialdan, bir
yaradıcı tərəfindən yaradılmışdır
- dinlər, dillər, rənglər, irqlər, məkanlar fərqli
olsa da, hisslər, duyğular eynidir. Hər yerdə
doğru da var, oğru da.
İnanırıq ki, bu hekayə
həm oxucuların marağına səbəb olacaq, həm də
tədqiqatçıların diqqətini cəlb edəcək.
***
Heç ağlıma gəlməzdi ki, saatım, gözəl,
qədim divar saatım bütün şəhəri mənə
güldürəcək, amma o bunu etdi.
Bir gün iki nəfər hotelimə daxil olub əyləşdilər. - Xoş gəlmisiniz mənim
hotelimə, - deyib nə yeyəcəklərini soruşdum. Onlar yedikcə mən fərəhlə ödəyəcəkləri
məbləğ haqqında düşünürdüm - xeyli
pul olcaqdı. Qəhvələrini bitirmək
üzrə ikən mübahisə etməyə
başladılar.
- Farens, mən
deyirəm ki, bu, mümkün deyil, - cavan müştəri
dedi. O birisi yumruğunu stola elə vurdu ki, qab-qacaq cingildədi.
- Bunu hər
kəs bacarar! - O qışqırdı. - Hətta bu hotelin
sahibi də bunu edə bilər.
Haqqımda danışdıqlarını eşitdiyim
üçün onların stoluna yanaşdım. - Nəyi edə bilərəm,
centlmenlər? - Mən soruşdum. Gənc
müştəri üzümə baxmadı.
- Əlli
dollardan mərc tutaram ki, o bunu bacarmaz, - o, sakitcə dedi.
- Bacarmaz
nəyi, centlmen? - Mən yenə soruşdum. Yaşlı
müştəri təbəssüm göstərib dedi:
-
Bilirsiniz, mən və dostum sizin oradakı o gözəl
saatınıza baxırdıq.
- Hə,
qəşəng saatdır, özü də çox qədimdir,
- dedim. - Onu atam gətirib bu ölkəyə.
- Biz saniyələri
saymaqda olan kəfkirin ahəstəcə və inadla yellənməsinə
baxırdıq. - Cavan dedi. - Dostum dedi ki, saatın
qarşısında bir saat dayanmaq asan olar. Saatın
kəfkiri gedib-gəldikcə "Bu yana gəlir, o yana
gedir..." deyərək tərpənmədən dayanmaq.
- Belə
bir asan işi etməyə nə var ki, - gülərək
dedim. - Əslində, mən saatımın
qarşısında onu seyr edərək dəfələrlə
bir saatdan çox dayanmışam.
- Buna mərc
tuta bilərsinizmi? - Cavan mənə ciddi şəkildə
dedi. - Bacarsanız mən sizə əlli dollar verəcəyəm,
bacarmasanız həmin məbləği siz mənə verəcəksiniz.
- Əlli dollar? - Mən soruşdum. Bu, belə asan oyun
üçün böyük məbləğ kimi
göründü mənə.
- Bəli,
- o dedi. Sonra boş restorana göz gəzdirib dedi: -
Çoxdursa, iyirmi beş dollardan mərc
tutaq.
Bu mənə toxundu. Yəqin, həriflər
məni əlli dollardan mərc tuta bilməyəcək qədər
kasıb hesab etmişdilər. - Mən yüz dollardan mərc
tuturam, - ucadan dedim, - kaş bu sözləri deyərkən
dilimi dişləyəydim, o, sahib olduğum məbləğin
hamısı idi.
Əlavə
bir söz demədən o, yüz dolları
çıxardı, dostuna uzadıb: - Götür, Farens, -
dedi. - Pulu bizim üçün sən saxla.
Mən də pulumu Farensə verdim. O da pulu saymadan digər
pullarla birlikdə cibinə qoydu. - O mənə güvənir,
- düşündüm,- əsl centlmendir.
Mərci udduğum halda onlardan naharın pulunu
almamağı qərarlaşdırdım.
- Qaydalar
bunlardır, - yaşlı müştəri deyib, qızıl
qol saatını stolun üstünə qoydu. - Siz orada saata
baxaraq bir saat dayanırsınız, kəfkirin hər yellənməsində
"Bu yana gəlir, o yana gedir..." deyirsiniz,
aydındırmı?
- Bəli,
- gülümsəyərək dedim. Pulun artıq cibimdə
olduğunu hiss edirdim.
Gənc də
başı ilə təsdiq edərək: - Buna mən də
razıyam, - dedi.
- Lap yaxşı, - dedim və divar saatının
yanına getdim. O, divarda, ən sevimli qablarımla dolu
şkafdan yuxarıda asılmışdı. Mən
orada, arxam müştərilərə tərəf
dayandım. Yaşlı adam: - Hə,
başla, - deyib əmr etdi.
- Bu yana gəlir, o yana gedir. Bu yana
gəlir, o yana gedir... - mən uca və aydın səslə
deməyə başladım. Bu sözləri deyərkən
mən çox şey haqqında düşünürdüm.
Birinci, bu gözəl saatım üçün
Allaha şükür edirdim, bu köhnə saat mənə
oğlumun təhsil haqqı üçün pul gətirəcəkdi,
üstəlik, arvadım Sara üçün təzə
palto, hətta özümə bir çəlik də ala biləcəkdim.
Bəli, yüz dollar sürətlə gedəcəkdi,
ötməkdə olan dəqiqələr kimi.
Yeddi, on
altı, iyirmi səkkiz, bu an kiminsə
içəri girib qapını örtdüyünü
eşitdim. Köhnə dostum Layzarın səsini
tanıdım. - Mayklson, - o qışqırdı, - Nə
olub? Niyə orada saatla danışaraq
dayanmısan? Ağlını itirmisən?
Bayaqkı iki yad adamın heç nə deməməsi əsəblərimə
toxundu. Yedikləri nahar üçün onları pul ödəməyə
məcbur etməyi qərara aldım. Layzar
dua etməyə başladı. "Əziz
Allah, bu zavallı adama kömək ol! Bura bax, Mayklson, -
o, xəfifcə dedi, - paltonu gətirib mən səni
bayıra gəzməyə aparım, təmiz hava sənə
kömək edə bilər.
Mən isə
saymağa davam edirdim: - Bu yana gəlir, o
yana gedir...
Mayklson, -
o, qorxu dolu səslə dedi. - Gəl səni evinə,
arvadın Saraya aparım.
Layzarın mənə tərəf gələn
addımlarını eşitdim, qorxdum ki, məni çölə
çıxarar, yüz dolları uduzaram. O qədər narahat oldum ki,
qablardan birini götürüb çiynimin üstündən
ona atdım, ancaq dəymədi.
- O
çılğınlaşır, - Layzar dedi. - Mayklson, qulaq
as, sən orada dayanıb nə istəsən deyə bilərsən,
bircə dəqiqə də orada dayan, tərpənmə,
bir dəqiqəyə qayıdıram! - O, bayıra
qaçdı.
- Bu yana gəlir, o yana gedir... - Mən ən
çox qəzəbli səsimlə deməyə davam etdim. Bu yolla mən o yad adamlara haqlarında nə
düşündüyümü çatdırmaq istəyirdim.
Layzara mərcin şərtini onlar izah etməli
idilər. Göründüyü kimi, onlar
centlmencəsinə hərəkət etməmişdilər.
Dəqiqələr
yavaş-yavaş ötürdü, lap yavaş! Bu an qapı bir də açıldı. - Hey, Mayklson,
- kimsə bağırdı. - Sonrakı sözləri deyəndə
anladım ki, o, Naufman, dərzi idi. - Neyləyirsən?
Naufman əla dərzidir, lakin çox axmaq adamdır. Cavab vermədiyimi
görüb hoteldən çölə qaçdı. Üç dəqiqə keçməmiş o, bir dəstə
adamla geri qayıtdı. Gələnlərin
hamısı birlikdə danışmağa başladı:
- Onun
ağlı çaşıb! - biri dedi.
-
Doğrudur. - Digəri razılaşdı.
- Axı
biz nə edə bilərik? Onu xəstəxanaya
aparmalıyıq. - O biriləri
qışqırdılar.
Artıq mən bərk hirslənmişdim. Saatımın qırx beş dəqiqəsi getmişdi, bu axmaqlar məni
dayandıra bilərdilər. Daha bir neçə
qab götürüb başımın üzərindən
onlara tulladım, bu dəfə atdıqlarım kimlərə
isə dəydi.
Bu izdiham içərisində mən işimi necə
bitirə bilərdim? Birdən ortalığa tam sükut
çökdü. Kiminsə yumşaqca mənim
tərəfə gəldiyini eşitdim. Onun lap yaxına
gəlməsini gözləyib arxaya bir təpik atdım.
Yazıq Naufman ağrıdan qıvrılaraq
qışqırdı:
- Kəndir
gətirin! - o səsləndi. - Kəndir!
Biz onun əl-ayağını bağlamalıyıq!
İki nəfər kəndir tapıb gətirməyə
qaçdı.
Mən saat bitənəcən onların
qayıtmaması üçün dua etdim. Bir dəqiqədən
sonra qapı açıldı və kimsə yenə
qışqırdı:
- Onu
yalnız buraxın. Hamınız çəkilin! - Səsi həyəcandan
titrəyən bu adam köhnə dostum
Layzar idi.
Bu yana gəlir, o yana gedir... - Mən o yad adamlar
üçün saymağıma davam edirdim.
- Bu,
ağlın azması ola bilər, - babam
Sadaserin dediyini eşitdim. - Xalası Viola da bu
cür öldü. O da bəzi şeyləri
sayırdı, toy günü üçün bəzi şeyləri
sayırdı.
Bu yana gəlir,
o yana gedir... - mən babamın səfeh bir qoca olduğunu zənn
edərək davam etdim. Heç kəs
danışmırdı. Elə bir sakitlik
yarandı ki, saatın səsi ucadan eşidilməyə
başladı. Əlli səkkiz dəqiqə
keçmişdi, yalnız iki dəqiqə və yüz dollar
mənim olacaqdı. Səsim zəifləməyə,
ağzım da qurumağa başlamışdı. Elə
bu an qapı açıldı və
qulaqlarım qadın ağlaması ilə doldu. Gələn arvadım Sara idi.
-
Xahiş edirəm, xahiş edirəm, onu yaxına
buraxmayın, - mən dua etdim, - mən ona heç nə, hətta
balaca bir boşqab belə tullaya bilmərəm. - On saniyə,
üç, iki, bir.
Cəld
döndüm, - Uddum! Uddum! - deyə
qışqırdım. - Yüz dollarımı verin. -
Heç kəs tərpənmirdi. Hamı mənə
baxırdı. - Mənim yüz dollarım. - Var
gücümlə qışqırdım. - Bəs o iki yad adam, onlar hanı? Onlara neyləmisiniz?
Onlar bax düz orada, o masada oturmuşdular.
Mən başıma gələni onları inandırmaq
üçün bu əhvalatı dəfələrlə
danışmalı oldum. İnanandan sonra onların
gülüş sədaları qonşu kənddə
eşidilirdi. Bax, buna görə də məni
"Bu yana gəlir, o yana gedir Mayklson" kimi
çağırmağa başladılar.
İndi hotelimə gələn hər kəs mənə,
- "Deyə bilərsinizmi saat neçədir?" - sualını
verir və ürəkdən gülərək
çıxıb gedir.
Marqaret Haqqard
İngiliscədən çevirən:
Rahib Alpanlı (Sədullayev)
ADPU Quba filialının baş müəllimi
Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.26-27.