Şəhidlərimi -
Göydə buludlar hönkürüb
mərsiyə deyir,
yerdə ana-bacıların göz
yaşı,
layla-bayatısı ilə yuyulur.
Şəhid anasıyam
Şəhid anasıyam, qoy bilsin ellər,
Amma göz yaşımı boğacağam mən!
Bətnimdən doğduğum şəhid
balamı
İndi
öz ruhumdan doğacağam mən!
Mənimdir Kür çayı,
Göyəzən dağı,
Hər daşım, hər qayam aslan yatağı!
Sinəmə dağ çəkmək
istəyən yağı,
Görsün necə zirvə,
necə dağam mən!
Ah çəksəm, ahıma
dinər ulduzlar,
Göylərdən yerlərə enər
ulduzlar!
Üçrəng bayrağıma dönər
ulduzlar,
Ana görkəmində bir bayrağam mən!
Oğulsuz keçsə də
neçə illərim,
Dərddən ağarsa da qara tellərim,
Deməz
qədirbilən, doğma
ellərim,
Deməz
xəzan vurmuş bir yarpağam mən...
Düşmənlər yurduma girməyəcəklər,
Bağımdan gül-çiçək dərməyəcəklər!
Şəhidlər ölməyib, ölməyəcəklər,
Nə qədər
Vətən var, hələ sağam mən.
Əsgərliyə gedən oğlan
Vətən yolunu gözləyir,
Əsgərliyə gedən oğlan!
Polad qolunu gözləyir,
Əsgərliyə gedən oğlan!
Ana üçün balasan sən,
Bir alınmaz qalasan sən!
Tarixlərdə qalasan sən,
Əsgərliyə gedən oğlan!
Əsgərlik bir rəşadətdir!
Yurda, elə məhəbbətdir!
Bir gözəl sənə həsrətdir,
Əsgərliyə gedən oğlan!
Nə gözəldir səndə
vüqar!
Kürəyin gen, boyun çinar...
Qara gözün alov saçar,
Əsgərliyə gedən oğlan!
Salamlayır sabah səni!
Vətən bilir pənah səni!
Qoy, qorusun Allah səni!
Əsgərliyə gedən oğlan!
Nizami səsi gəlir
Dahi şairimizin ruhu həmişə şad olsun
Səkkiz
yüz səksən ildir
Nizami səsi
gəlir.
Bu səs susan
deyildir,
Nizami səsi
gəlir.
Hər sözündə var səsi,
Nə şirindi kəlməsi!
Eşitmirəm heç kəsi,
Nizami səsi
gəlir.
Heyran etdi kim
məni?
Eşitmirəm kimsəni.
Oxuduqca
"Xəmsə"ni
Nizami səsi
gəlir.
Sən çoxmusan? Birmisən?
Hər ürəyə
girmisən.
Sakit, eşidirmisən?
Nizami səsi
gəlir.
Çiçəyindən, gülündən,
Bülbüllərin dilindən
Azərbaycan elindən
Nizami səsi
gəlir.
Vətən
Cəsur
igidlərtək düzülüb
dağlar,
Uca zirvələrdən
şəlalə çağlar.
Qısılıb döşünə bulaqlar ağlar -
Vətən!
Alovu düşməni yandırıb-yaxır,
Qan damarlarıdır
Kür, Araz - axır.
Əyilib
Xəzərdə özünə
baxır -
Vətən!
Qız qalası kimi təmizdir adı,
Anatək, atatək əzizdir adı.
Dəryadır, ümmandır, dənizdir
adı -
Vətən!
Şeirim
qanadlanır səni andıqca,
Sənin
eşqin ilə alovlandıqca,
Üçrəngli bayrağın dalğalandıqca -
Vətən!
Azərbaycan bayrağı
Sən Tanrıdan qismətim, sən taledən payımsan!
İşıq saçan ulduzum,
nur çiləyən
ayımsan!
Min illik diləyimsən, yüz illik harayımsan!
Ey iki sözlü yazı, üçrəngli
göy qurşağı!
Azərbaycan bayrağı, Azərbaycan
bayrağı!
Göy rəngin millətimin hünər, qeyrət rəngidir!
Yaşıl rəngin inancım,
dinim, hümmət rəngidir!
Qırmızın azadlığım, şərəf,
şöhrət rəngidir!
Qalibiyyət rəmzisən bu
dövranın, bu çağın!
Azərbaycan bayrağı, Azərbaycan
bayrağı!
Bir əsrdir ucaldın, dalğalandın, enmədin!
Döndərmək istədilər, məramından
dönmədin!
Elə bir məşəlsən ki, alovlandın, sönmədin!
Qaranlıq gecələrdə haqqın
sönməz çırağı!
Azərbaycan bayrağı, Azərbaycan
bayrağı!
Öndərim öpdü səni,
yenə dalğalan dedi!
Yolunda həlak olan şəhidlər can-can dedi!
Bir bayrağın altında neçə qəhrəman
dedi:
"Sənə kəc
baxanlara çəkdirərik
göz dağı!
Azərbaycan bayrağı, Azərbaycan
bayrağı!"
Ucalardan
ucasan dağda şəlalə kimi!
Gözün dəniz kimidir,
yanağın lalə
kimi!
Başımızın üstündə
yandıqca halə kimi
Uzaq planetlərə qoy yayılsın sorağın!
Azərbaycan bayrağı, Azərbaycan
bayrağı!
Ali Baş Komandanım elin bayraqdarıdır!
Yolumuz haqqa doğru, zəfərlərə sarıdır!
Bayrağım millətimin, ölkəmin
vüqarıdır!
Qazandıq, itirmərik bir
daha bu növrağı!
Azərbaycan bayrağı, Azərbaycan
bayrağı!
Haqqın
əliylə yanan bir ocaqsan, bilirəm!
Qalxdın Lələtəpədə, çünki haqsan, bilirəm!
Gün gələcək Şuşada
qalxacaqsan bilirəm,
Atəşlərdən ucalan bir səməndər sayağı!
Azərbaycan bayrağı, Azərbaycan
bayrağı!
Güləmail MURAD
Ədəbiyyat qəzeti.- 2021.-
10 iyul.- S.26.