Müharibədən şeirlər

 

Qeyrətinin üzünü yudu zabit,

Zühur etmiş arzular bulağında

Çiçək açdı mərmilər,

tüpürdü çarmıxa çəkilmiş İsa

erməni xislətinə.

 

Həsrətinlə yaşıd oğullar gəldi,

nəğmə deyə-deyə, fit çala-çala.

Bir evdə bir ananın,

yuxusunda çilikləndi aynalar

"Vağzalı" çalınmadı.

 

Xatirələri başdaşlarında qalan,

Ağoğlanı düşünüb Məryəm ana

yaddaş məzarlığında

hıçqırdı elə hey ağac-ağac,

saraldı yarpaq-yarpaq.

 

Göyə əl açan yaralı məscidlər,

Gileyləndi bu dünyanın işindən

üfüqlər əcəl kimi:

Peyğəmbəri - Əkrəmin hüzurunda

Ağlamsındı mələklər.

 

Dalğalanar gözlərimdə bayrağım,

Gəldim oturub söhbətləşək, Şuşa:

sən, mən, dəfnə ağacı

Səbrim ovuclarıma sığmır daha

çırp keçmişin tozunu.

 

Təbiətin beşinci fəslindəyəm -

bir budağım gətirib qucaq-qucaq,

o biri tumurcuqlayıb

Dastan yazıb Cıdırda yallı gedən

Koroğlular, vətənim!

 

"Xudayarın nəğməsi"ni oxuyur,

Yarım qalan səngər-səngər məktublar

Dağlara şeir aparın,

bir ovuc dolu vətən buğdası -

göyərçin yuva salıb.

 

***

 

Qar yağır yerə lay-lay,

Anam oxuyar layla.

Elin igid oğluna

Səngərlər deyər layla.

Əzizim, xarıbülbül,

Ağladı yarı bülbül.

Beşiyi dağlar oldu,

Saraldı sarı bülbül.

 

Düzləri qar aldı,

Yol çəkən göz ağardı

Axtarmayın əsgəri,

Əhdi dağlarda qaldı.

 

Əzizim asa məni,

Sırğatək asa məni

Don vurmuş bənövşəyəm,

Çağırın yasa məni.

 

***

 

Boz rəngli qeyd kitabçasında

Ləpələnir gözləri bir qızın

dəniz-dəniz,

birdən qayıtmaz deyə

hər gün şəhadət barmağını

sətirlərə tuşlayan əsgər

öldürür sevgisini,

Hardansa uzanan ana əli

silir "Vağzalı"nın

göz yaşlarını.

 

***

 

Ata evidir vətən!

bayrağı pəncərəsi,

cığırları alnımın qırışı,

duası anamın göz yaşları.

Dəftərin kənarına

çinar ağacı çəkib

kölgəsində illərin yorğunluğunu

çıxarmağım gəlir.

 

Seyid AYNUR

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.27.