Dilimizin müqavimət gücü
Dilimiz, düşüncəmiz
Ölkəmiz siyasi suverenlik qazanandan bəri dil siyasətinə
müstəqil dövlət quruculuğunun ən mühüm
faktorlarından biri kimi yanaşılır. Təsadüfi
deyil ki, indiyə kimi bu sahənin müxtəlif məsələlərinə
aid iyirmi beşə yaxın hüquqi sənəd qəbul
olunub. Dil siyasəti sahəsində müşahidə
olunan problemlərin həllinin vacibliyini nəzərə alan
Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı
ilə qəbul edilmiş "Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair" Dövlət
Proqramı əsasən dövlət dilinin işlədilməsi
ilə bağlı hüquqi norma və qaydaları tənzimləyən
əvvəlki sənədlərdən fərqli olaraq, məhz
proqram xarakteri daşıyır və yaradıcılıq təşkilatları,
təhsil və elmi tədqiqat müəssisələri,
kütləvi informasiya vasitələri, ayrı-ayrı vətəndaşlar
və ümumən cəmiyyətimiz qarşısında yerinə
yetirilməsi zəruri olan konkret vəzifələr qoyur.
Dövlət Proqramının layihəsi ilə
bağlı Prezident İlham Əliyevin Sərəncamında
qeyd olunduğu kimi, "...ana dilimiz, hətta ən
ağır vaxtlarda belə milli məfkurənin, milli
şüurun və milli-mənəvi dəyərlərin
layiqincə yaşamasını və inkişafını təmin
etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə
olunması Azərbaycanın hər bir vətəndaşının
müqəddəs borcudur".
Sənəddə
dil siyasəti sahəsində xüsusi Dövlət
Proqramının qəbul edilməsi zərurəti belə əsaslandırılırdı:
"Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına
nail olduqdan sonra Azərbaycan dili xalqımızın
ictimai-siyasi, sosial-iqtisadi həyatında dövlətin rəsmi
dili kimi müstəsna əhəmiyyət kəsb etməyə
başlamışdır. Ədəbi dilimizin fəaliyyət
meydanı daha da genişlənmiş, onun müxtəlif
üslublarının potensialı bir daha üzə
çıxarılmış, bütünlüklə dil mədəniyyətimiz
qarşısında yeni üfüqlər
açılmışdır. Bununla
yanaşı, son dövrdə müasir Azərbaycan ədəbi
dilinin tükənməz imkanlarından lazımınca və
düzgün istifadə edilməməsi diqqəti çəkir.
Ədəbi dilimizin özünəməxsus
inkişaf qanunauyğunluqlarına xələl gətirə
biləcək yad ünsürlərin üzə
çıxarılması və qarşısının
alınması istiqamətində mütəxəssislər
heç də həmişə çeviklik nümayiş
etdirə bilmirlər. Nəticə etibarilə,
dövlət dilinin tətbiqi sahəsində bir sıra problemlər
özünü qabarıq şəkildə büruzə
verir".
Sənəddə
daha sonra deyilir: "Respublikada dil siyasətinin birmənalı
şəkildə formalaşdırılması, ana dilinin
dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi
və dünya azərbaycanlılarının ünsiyyət
vasitəsinə çevrilərək milli həmrəyliyin
göstəricisi kimi beynəlxalq aləmdə rolu və
nüfuzunun yüksəldilməsi, həmçinin gənc nəslin
ana dilinə sevgi və hörmət ruhunda tərbiyə
olunması, ədəbi dil normalarına ciddi surətdə əməl
edilməsi daim diqqət mərkəzində
saxlanılmalıdır".
Dövlət
Proqramının qarşıya qoyduğu bütün vəzifələri
ümumiləşdirmiş olsaq, diqqətin əsasən iki
problemin üzərində cəmləşdiyini görərik:
1. On illər boyu formalaşmış və
dilimizin öz vacib funksiyalarını yerinə yetirməsində
həlledici rol oynayan ədəbi dil normalarının
qorunması;
2.
Dilimizin müasir dövrün əsas əlaməti olan
inteqrasiya prosesləri fonunda yad dillərin yersiz təsirindən
qorunması.
Dilimizə başqa dillərin təsirindən
danışarkən həm adi vətəndaşlar, həm də
mütəxəssislər çox zaman ilk olaraq rus dilinin təsirindən
bəhs edirlər. Ancaq etiraf etmək lazımdır ki, rus
dilinin Azərbaycan dili üzərində hegemonluğunu təmin
edən və iki yüz ilə yaxın davam etmiş tarixi
şərait ölkəmizin müstəqillik qazanması ilə
artıq aradan qalxmışdır. Və
rus dilinin dilimizə təsiri hazırda əsasən ətalət
üzrə davam etməkdədir və bəzən adamlar yol
verdikləri dil pozuntularının məhz rus dilinin təsiri
ilə baş verdiyini özləri belə tam mənası ilə
dərk etmirlər.
Şimali Azərbaycan torpaqlarının Rusiya
İmperiyasının (Çar Rusiyası və Sovet
İttifaqı) tərkibində olduğu dövr
xalqımızın ictimai, xüsusən mədəni
inkişaf tarixində bir çox mühüm hadisələrlə
əlamətdar olmuşdur. Bu tarixi mərhələdə millətimiz
dünya sivilizasiyasının magistral inkişaf yoluna
qoşulmuş, anadilli ədəbiyyatımız böyük
inkişaf və zənginləşmə yolu keçmiş,
ölkəmizdə anadilli təhsil sistemi
yaradılmış, teatr və kino sənəti
formalaşmış, milli mətbuat (o cümlədən radio
və televiziya), ali təhsil və elmi tədqiqat
müəssisələri meydana gəlmişdir. Bütün bu hadisələr dil və ideologiya ilə
bilavasitə əlaqədar olduğuna görə, ilk
baxışdan elə təəssürat yaranır ki, belə
bir sosial-tarixi situasiyada ana dilimiz rus dilinin çox
güclü, hətta onun mahiyyətinə nüfuz edə biləcək
təsirinə məruz qalmalı idi. Belə
bir təsir, əlbəttə ki, vardı. Ancaq Azərbaycan dilinin linqvistik strukturu o qədər
mükəmməl, yad təsirlərə qarşı
müqavimət immuniteti o qədər güclüdür ki,
iki yüz ilə yaxın davam etmiş siyasi
asılılıq dövrü ana dilimiz üçün, demək
olar ki, təsirsiz ötüşdü. İlk
baxışdan bu fikir qəribə və mübahisəli
görünə bilər, çünki ictimai rəydə
mövcud mənzərə, demək olar ki, tamam əksinə
qiymətləndirilir. Gəlin, məsələyə
daha dərindən baxaq - bu dövr ərzində Azərbaycan ədəbi
dilinin qrammatik sisteminə bir dənə də yad element daxil ola bilməmişdir. Rus dili vasitəsilə
dilimizin leksik tərkibinə yüzlərlə əcnəbi
söz daxil olsa da, onların böyük əksəriyyəti
dünyanın, demək olar ki, bütün dillərində
işlənən beynəlmiləl sözlərdir. Yəni bu sözlərin dilimizə gəlməsi
labüd idi və rus dilinin təsiri olmadan da baş verəcəkdi.
Bu müddətdə dilimizə keçmiş
slavyan mənşəli təmiz rus sözlərinin sayı isə
heç iyirmi də çatmır. Rus dilinin ana dilimizə
intensiv təsirinin təxminən 200 il
sürdüyünü nəzərə alsaq, heç on ilə
bir söz də eləmir. Bu, dilimizin müqavimət
potensialının nə qədər qüdrətli
olduğunu sübut edən fantastik bir göstəricidir.
Ancaq bu fakt müasir dilimizi rus dilinin ziyanlı təsirindən
qorumaq zərurətini arxa plana keçirməməlidir.
Bədən üzvlərinin adlarını bildirən
sözlər hər bir dildə ilkin (ilk yaranan) sözlər
sırasına daxildir və bu məqamda heç bir dildə
alınma sözlərdən istifadə olunmur. Rus dilində
(ümumiyyətlə slavyan dillərində) bəzən
ayrı-ayrı bədən üzvlərinin adları eyni bir kəlmə
ilə ifadə edilir. Məsələn,
rus dilində ayaq və qılçaya - "noqa", əl və
qola - "ruka", döş və sinəyə -
"qrudğ" deyirlər. Azərbaycan
dilində (və ümumiyyətlə türk dillərində)
isə bu anlayışların hər birinin öz adı var.
Əfsus ki, rus dilinin, daha dəqiq desək, dil mədəniyyətimizə
hələ də pozucu təsir göstərməkdə olan
rusdillilik mərəzinin ("rusbaşlılıq" bəlasının)
təsiri olaraq, çox zaman bu anlayışların
yanlış işlədilməsinin şahidi oluruq. Məsələn, "Minaya düşmüş əsgərin
ayağı dizdən yuxarı kəsildi". Ayağın topuğa qədər olduğunu
bildiyimiz halda, onun "dizdən yuxarı" kəsilməsinin
nə demək olduğunu təsəvvür edə bilirsinizmi?
Yaxud başqa bir misal: Milyonlarla tamaşaçının
gözü qarşısında top futbolçunun dirsəyinə
dəyir, televiziya aparıcısı isə tərəddüd
etmədən - "top futbolçunun əlinə dəydi"
deyir. Amma dilimizdən xəbəri olan hər kəs
bilir ki, əl biləyə qədərdir, ondan yuxarı
qoldur. Daha bir gülünc misal: Qəzetlərdən
birinin yazdığına görə, döş xərçəngi
diaqnozundan qorxuya düşən Amerika kinoaktrisası Anjelina
Coli "hər iki sinəsini kəsdirib". Bu
cür kobud səhvlərə yol verən müəlliflər,
bəlkə də, bunun rus dilinin təsiri ilə baş
verdiyindən özləri də xəbərsizdir.
Son vaxtlar "hədəf" sözünü "məqsəd"
sözünün qarşılığı kimi işlətməyə
başlayıblar. Bu, kobud leksik pozuntudur, çünki həmin
sözlər arasında ciddi məna fərqləri
mövcuddur. Məqsədə can atarlar, onun uğrunda
mübarizə apararlar, ölümə gedərlər; hədəfi
isə nişan alarlar, vurarlar,
dağıdarlar, məhv edərlər... "Hədəf"
sözünün bu anlamda işlədilməsi yenə də
rus dilinin gizli, ziyanlı təsirinin nəticəsidir. Məsələ bundadır ki, rus dilindəki
"üelğ" kəlməsi həm məqsəd, həm
də hədəf mənasında işlənir. Bizdə öz dilimizi bilməyən, rus dilini isə
lüğətə baxıb işlədənləri
çaşdıran da budur.
Rus dilinin tarixi və etimologiyası ilə məşğul
olan mütəxəssislər (öz mütəxəssisləri)
həmin dilə türk dillərindən səkkiz mindən
çox söz keçdiyini qeyd edirlər. Təbii ki,
bütün dillərə aid tələffüz prinsiplərinə
uyğun olaraq, həmin sözlərin əksəriyyəti rus
dilində təhrif olunmuş, daha doğrusu, onun qaydalarına
uyğunlaşdırılmış şəkildə işlədilir.
Son vaxtlar mediamızın dilində həmin
sözlərdən birinin - "karvansara"
sözünün ilkin (və düzgün) formada yox, rus dilində
təhrif edilmiş variantda - "karvansaray" kimi işlədilməsinə
rast gəlinir. Belə yanaşsaq, onda gərək
türk dillərindən rus dilinə keçmiş digər
sözləri də rus variantında işlədək. Məsələn,
karvan yox, karavan; ütü yox, utyuq; üzüm yox, izyum;
alaçıq yox, laçuqa; örkən yox, arkan; ocaq yox,
açak; çadır yox, şatır; şişlik yox,
şaşlık və s. Digər tərəfdən,
"karvansaray" sözündəki "saray" bizim dildəki
mənanı daşımır, rus dilində bu söz
"tövlə", "dam", "samanlıq", "əl
evi" mənalarında işlədilir.
Rus dilində
"stroitğ" feili bir çox fərqli mənalar
daşıyır və onun bizim dilimizdəki "tikmək"
mənasından başqa, "çəkmək",
"salmaq" "qayırmaq", "qurmaq" kimi
qarşılıqları da var. Məsələn, rus dilində
hamısı "stroitğ" kəlməsi ilə deyilən
ifadələri biz bir-birindən fərqli şəkildə
işlədirik: "yol çəkmək",
"körpü salmaq", "gəmi qayırmaq" və
s. Təəssüf ki, son vaxtlar bu ifadələrin
hamısını, yenə də rus dilindən hərfi tərcümə
edərək, "tikmək" sözü ilə işlədirlər:
yol çəkmək əvəzinə "yol tikmək",
körpü salmaq əvəzinə "körpü tikmək"
və s. Bu yaxınlarda bir qəzet neft yatağından bəhs
edən yazıda, hətta "filan mədəndə yeni quyu
tikilir" ifadəsini işlətmişdi.
Cəmiyyətimiz rus dilinin hegemonluğundan tədricən
xilas olsa da, bu cür halların hələ də qalması dərin
təəssüf hissi doğurmaya bilməz. Təbii ki,
söhbət nüfuzlu beynəlxalq dillərdən sayılan
və böyük mədəniyyət, informasiya
daşıyıcısı olan rus dilini bilməkdən yox,
öz ana dilimizə hörmətlə yanaşmaqdan gedir.
İlham ABBASOV
Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.25.