Çağdaş dünya şeiri

 

Mişel Uelbek (1956) - tanınmış fransız şairi, romançısı, esseisti, rok müğənnisi. Qonkur (2010), Dublin Ədəbiyyat Ödüllərini (2002) qazanıb.

 

O biri platformadakı adam

 

O biri platformadakı adam

yolun sonundadı. Bunu yaxşı anlayıram.

Mən heç əvvəldə deyiləm.

Bəs niyə ona acıyıram?

Niyə məhz ona?

 

Platformada, düz yanımda iki sevgili var.

O keçəldi deyə, saxtadı bu sevgilər.

Onlar həmin adama baxmırlar,

öpüşürlər.

Onlar iki ayrı dünya varlığına

ürəkdən əmindilər:

biri yalnız onlarındı,

biri isə adamın,

yolun o tayındakı həmin adamın;

adam qalxır,

"Ucuz mallar"dan aldığı əşyalarını yığır,

bu dəfə doğrudan yaxınlaşır yolun sonuna.

Görəsən, o bilirmi ki, İsa

bizi xilas etməkçün gəlmışdi bu dünyaya?

 

... o qalxır

torbalarını götürür.

Platformanın turniketlərinə qarışır.

Pilləkənli döngədə itib batır.

 

Liberalizm əleyhinə mübarizənin

sonuncu istehkamı

 

Biz liberalizm düşüncəsindən imtina edirik,

çünki o, həyatımızı mənayla doldura bilmir,

fərdin insani adlanacaq cəmiyyətdə

özünəbənzərlərlə dinc yaşayışına

yol göstərmir.

Onun məqsədi heç bu da deyil əslində,

tamam başqadı.

 

Biz liberalizm düşüncəsindən imtina edirık,

çünki "İncil"in sosial məramından bəhs edən

XIII  Levin fitvası beləydi;

bunu əsas gətirən "İncil" peyğəmbərləri

hələ o vaxt Qüdsü lənətlədilər,

onun məhvini istədilər.

Qüds məhv oldu,

yenidən dirçəlmək üçün dörd min il zaman keçməliydi.

 

Məlumdu şübhə doğumur ki,

hər hansı insan əməli

daha çox

elektrik impulsları kimi təsəvvür etdiyimiz

iqtisadi meyarlardan,

riyazi düsturlardan çıxış edərək dəyərləndirilir.

Bu bizim üçün qəbuledilməzdi biz iqtisadiyyatı

tamam başqa, cəsarətlə deyə bilərəm ki,

əxlaqi qanunlara tabe etdirmək üçün mübarizə edəcəyik.

 

Çünki üç min adamı işdən atanda

bunu islahatların sosial dəyəri haqqında

sərsəmləmə ilə əsaslandıranda,

mən,

həmin beş-on auditoru öz əllərimlə boğmaq istəyirəm.

Məncə, insan xisətinə uyğun,

üstəgəl, nəticəsi bir az da gigiyenik  mahiyyətli

əsl əməli tədbir həqiqi islahat da elə məhz bu olardı.

 

Sanki başqa söz bilmirlər,

sanki köhnə zəngli saatdılar -

"fərdi təşəbbüslərə etibar edin!" deyə

onlar hər künc-bucaqda

öz axmaq hürüşləriylə beynimizi pozurlar

bu,

hər gün bizim yuxumuzu qaçıran üzücü

dərddən xəstəlikdən betərdi.

Mənim onlara heç bir sözüm yoxdu,

olsa-olsa öz təcrübəm əsasında tez-tez təkrarladığım

bəlli fikirlə qanlarını qaraldardım.

 

Fərdlər (əlbəttə ki, mən insanları, individləri

nəzərdə tuturam), adətən heyvandılar,

bəzən amansız, bəzən yazıqdılar

bu təşəbbüslərə onları yalnız sərt aramsız

əxlaqi dəyərlərlə yönəldərək

inanmaq olar -

sanki əlindəki dəyənəkdi, dəyənək.

 

Bu isə məhz nəzərdə tutulmayıb.

Liberalizm düşüncəsində, aydındı ki...

 

Əvvəl məhəbbət olub

 

Əvvəl məhəbbət olub, ya da məhəbbətə işarə,

çoxmənalı sözlər, eyhamlar, lətifələr;

 

Sakit bir müəssisəyə

ilk yürüş olub sonra,

vaxt orda sanki getmirdi,

günlər bir-birinə bənzəyirdi.

 

Unutmağa cəhd vardı, yarımçıq unutqanlıq vardı, qaçış vardı.

Yaxud qaçışa eyhamlı çağırış.

Sən gecə uzunu çarpayıda uzanardın,

sanki uşaqdın,

yata bilməzdin, yuxun gəlməzdi,

zülmət qaranlıqda

öz səsini eşidərdın:

dişin dişinə dəyərdi.

 

Sonra rəqs xəstəliyinə tutuldun,

o biri həyatında

Ay işığı altında

hökmən bir başqasıyla

oynamaq üçün.

 

Amma hər şey ötüb keçdi,

sən diri deyilsən.

Sən indi tamamən ölüsən,

həmışə gecəylə birlikdəsən -

baxışların sozalıb.

indi sükutu qucaqlamısan, yatmısan.

Daha yoxdu qulaqların.

Sən indi həmişəlik tənhasan -

sən heç vax belə tənha olmamısan.

Uzanmısan, əsirsən, sual verirsən,

sual verirsən, özünü dinləyirsən:

bəs, sonra,

sonra, gözləyir səni görəsən?

 

Məqamlar olur ki

 

Məqamlar olur ki,

rahatlığın sükutun arasından ötüşən

vaxtın lağ dolu xışıltısını eşidirsən,

ölüm xal hesabı bizi geridə qoyur.

Hər şey üzücü olur,

başlıca məsələdən azca yayınıb

yorucu, amma başqa vacib bir görməyə

üç dəqiqə yetər deyə razılaşırsan,

sonra da qüssəylə iki saat ötdüyünü anlayırsan.

 

Zaman bizə qarşı amansızdı.

Bəzən axşamüstülər günün on beş dəqiqəyə ötdüyünü sanırsan,

yaş haqqında düşünürsən təbii, tələsirsən,

yarım ildə etmədiyini fırıldaqla bir dəfəyə başa vurmağa çalışırsan,

amma daha bir səhifə yazmaqdan başqa çıxış yolu tapmırsan.

Çünki adları kitablardan bəlli nadir insanları

tarixi anları çıxsaq,

zamanı qabaqlamağın doğru yolu onun hər bir anını

büsbütün yaşamağa cəhd etmədən ömür sürməkdi.

Çünki

əməllərimizin dünya ilə həmahəng, təzadlardan azad,

əsrarəngiz dərəcədə ardıcıl olduğu,

"mən"imizin başqaları ilə yanaşı,

nifaqsız söz-söhbətsiz addımladığı,

mütləqin hakim, idealın əbədi,

yerişlərin rəqs, sözlərin dua olduğu

məkan bu yer üzündə mövcud deyil.

 

Amma yolumuz oradı.

 

Mişel Uelbek

 

Tərcümələr Səlim Babullaoğlunundur

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.23.