Fraqmentlər
"...İnsanların
problemi ondadır ki, biz gələcəkdə
yaşayırıq,
gələcəkdə yaşamağa
öyrəncəliyik, indiki zamanı həmişə təxirə
salırıq (sabah, biri gün və
sair), ancaq bununla biz həyatımızı
unuduruq, ancaq birdən hansısa məqamda
oyanırıq və dəhşətə
gəlirik, sabah olmayacaq, ömür
bitib, ölüm üstümüzdən keçib...".
A.Kamü
***
Bu
dünyada yaxşı, saf, qızıl xəlitə adına nə varsa, insan qəlbinə dərhal
yol tapmır. Bu həqiqətdir. Dərhal qəbul etdiklərindən tez yorula bilərsən,
yaxud gözünü açıb onun artıq
olmadığını görərsən. Gəlib
gediblər... Yaxşı olan şeylərlə
bizim həmişə qovğamız olur, bunsuz onu qəbullamaq
mümkün deyildir, davadan sonrakı dostluq sonsuza qədər
sürər.
Qorxmaz
müəllimin (professor Qorxmaz Quliyev)
yazıları ilə söhbətimiz uzun sürəcək. Oxuduğun, söhbət elədiyin zaman bu dəm, yəni
yazını oxuduğun an, yaxud onun qələmə
alındığı məqam hansı fəslin olduğunu
bilməyəcəksən, çünki bu tip şeylər
özünü "itirmək" üçün hər
şeyi qarışdırır. Bu mənada
yazıda təhkiyə çox ciddi məsələdir.
Təhkiyədə iki məqam var: 1) Ən mürəkkəb
mətləbləri söhbət edirmiş kimi anlatmaq
(danışıq yazıdan çox fərqlidir, kimsə
yazdığını olduğu kimi danışa bilməz...)
və 2) Hər şeyi
"sehr" tülünə bürümək, sadəcə
yazmaq...
***
Xarici dilləri
öyrənərkən, sözlərin enerjisinə yiyələnmək,
onlarda yuvalanan həssaslığı duya bilmək
üçün daim izahlı lüğətlərlə
işlərsən, ilk vaxtlar, yəni buna vaxtın və həvəsin
çox olduğu anda qəribə hisslər keçirərsən,
sözün içində dalğalanan enerjini tam
duymağın mümkün olduğu məqamda o söz və
enerji səndən uzaqlaşar; insanlarla ünsiyyət və
ayrılıq da buna bənzər, daim yaxınlaşan və
uzaqlaşan dalğaları insan bu dünyadan köçəndən
sonra bilərsən...
***
"Təhlükəli poeziya" anlayışı
var. O mənada ki, bu təhlükə sənə qədər
yol gələn bir ənənəni dağıdır və
ona təfriqəçi gözüylə baxırsan. Sözü həmişə
olduğu yerdən qaldırır və yerini boş qoyursan ki,
oxucu məhz bu boşluğa tamaşa etsin. O qədər
fərq yaradırsan ki, yaratdığın poeziya
ölümün əkiztayı olur, yazdığını
ölüm kimi, son nəfəs kimi hiss edirsən. Bir azdan
üzünə bir meh dəyir, yaxud sənə elə gəlir,
hər halda bu "əcaib" fərqi tamamlayan, onunla
müxalif mənada baş-başa gələn bir nəsnə
tapılır...
Necə
ki, Adonis deyirdi: ədəbiyyat - "mənəvi sənayedir".
Təsəvvür edilən, xəyala gələn
obrazların işarələrdə təcəssümüdür.
Ədəbiyyat hər şeydən öncə
görmədir (videniye - baxış). O, bu ilkin görmə
məqamında qəraralaşıb. Bu məqamda əlimizə
köhnə ilə baş-başa gətiriləsi fakt
düşür, ərəb poetik nəzəriyyəsində
poeziya əvvəlki nümunənin təqlid edilməsidir, o mənada
ki, şair görmür, ancaq əvvəlki modeli
görünüşcə dəyişdirir, bu halda ədəbiyyatdan
söhbət gedə bilməz...
Bu baxış indi bizdə də aktualdır. Qulaq asırsan, valeh olursan,
oxuyursan, peşman olursan...
***
Çeslav
Miloş Heraklitə həsr etdiyi silsilədə deyirdi ki,
üç növ gerçəklik mövcuddur: birincisi, bizi
yaralayan və ümidlərlə bəsləyən, bizdən
canını qurtaran gerçəklik - göz açıb
yumunca bitib-tükənir; ikincisi, xatirələrin
dünyası, ancaq cism və bədənsiz
ruhların məskəni ola bilər; nəhayət,
üçüncüsü, "insan nitqinin və
obrazlarının dilində kök salmış, heç zaman
tamamlanmayan, qırıntı şəklində, fraqmentar
şəkildə mövcud olan və kompozisiya qanunlarına (yəni
formaya) uyğun şəkildə qurulan dünya". Üçüncü gerçəkliyin demiurqu -
yazıçıdır.
**
"...Adamın
qanını tökən sətirlər..."
Ərəblərdə bir məsəl var, şairin
dediyi söz gizli qalır. Bəzən şairin
bir misrasını açmaq üçün bütün
yaradıcılığına nəzər salır,
bütün şeirlərini misal çəkmək məcburiyyətində
qalırsan. Bu nədən irəli gəlir?
Şeirin içinə "qoyulan" məna mətn
boşluqlarında "ilişib qalır". Mətn
boşluqları (lakunlar) Berqsonun "metafizik çay"ına bənzəyir. Bu çay həyatın
altı və üstüylə axıb keçərək,
bütün ömürləri, mənaları yarıb
keçir, əsl toxum, məna toxumu o zaman cücərir, boy
görsədir, mətn boşluqları insanlar şeiri
oxuduqca, bu şeir, bu mətn zamandan keçdikcə dolur, dəyişir,
içində vəsf edilən duyğulara şaquli istiqamətdə
inkişaf edir, dünən çox sakit halda oxuduqların nə
vaxtsa "adamın qanını tökən sətirlərə"
(A.Blok) çevrilir. Hər şey yazan adamın
özü-özüylə təbəddülatından,
özü-özüylə savaşından başlayır.
Ritm əbədi bir şeydir, ritm dəyişmir, ritm zaman və
məkanın bizimlə şüurumuz arasında qoyduğu
maneələri aşır, vurub dağıdır, şeir o
anda doğulur, şairin dediyi ilə oxucunun oxuduğu
arasında əsl bəhsləşmə bu an
yaranır.
Jan-Pol Sartrın belə bir fikri var ki, şair əslində,
dildən istifadə etmir, şeirlə (-Dillə -!) o, əbədi
susmağını ifadə edir. (Sartr: …şair yazdığı,
işlətdiyi dilin içində yox ondan dışırıdadır,
məhz belə bir vəziyyət dili maneəyə
çevirir…). Bu mənada bizdə vəziyyət
spesifikliyi ilə seçilir. Yəni əksər
şairlərimiz üçün söz elə şeirə bərabərdir,
şeir deməkdir. Buna görə
şeirdən yazanlar belə yanıqlı ifadələrə
müraciət edirlər, bu yazıları əlində dəsmalsız
oxumaq olmur.
Və bizim şeirdə dəhşətli (plagiat və
təbdildən daha dəhşətli -!) bir "gecikmə
aktı" var. Hər dəfə velosipedi təkrar-təkrar
ixtira etmək məcburiyyətində qalırıq. Bəzən...
Dünya
poeziyasında modern düşüncənin banilərindən
hesab edilən Adonis belə yazırdı: "Mənim
şair kimi bütün yaradıcılığım belə
bir inamla aşılanıb ki, sənət, poeziya
varlığı, yaxud insanı ifadə etmir, onları
tamamlayır. Hər hansı nəsnəni ifadə
etmək ən yaxşı halda onun hər hansı aspekti
haqqında söz deməklə məhdudlaşa bilər.
Mən danışdığım an
özümü ifadə etmirəm, nümayiş etdirirəm.
Sənət və poeziya varlığın
davamıdır. Onlardan istifadə etməklə
mən gerçəkliyi çoxaldıb artırmıram, onu
tutmağa çalışmıram, yalnız elə bir yeni
gerçəklik uydururam ki, içindən
çıxdığı gerçəkliyi eyni zamanda həm
unutdursun, həm də yada salsın".
***
...İllər
keçir, eyni əhvalat təkrar nəql olunur, eyni situasiya təkrar
olunur, - yenə birini ona görə tərifləyib göyə
qaldırırlar ki, ondan kiçikdirlər, yaxud onun kimi ədalətli
ola bilmirlər, bu "yetimlik" diskursu
bitib tükənmir, - kiməsə güvənib yaşamaq,
cingiltisi qulaq deşən bir ovuc, yox, bir aləm xırda pul...
Xərcləndikcə "artan" pullar, qəlp olsa da...
***
...Yazıçı
və şairlər daim (belə görünür ki, dünya
durduqca -!) tənqidə qarşı aqressiv davranırlar
(yoxdur...), bu da onun bəlirtisidir ki, kimsə bu məmləkətdə
öz işi ilə məşğul olmur, əvəzində
sərt qarşıdurma var, bir-birini itələmə, rədd
etmə, sanki qorunur, zərbələrdən yayınır,
amma bu, zərbə yeməkdən daha acınacaqlıdır,
məncə.
Bunun əvəzində yazıçı (şair...)
özü haqqında tənqidin, deyək ki, resenziya
janrında nəsə qələmə ala bilər. Özünə
qarşı dursun, ironiya etsin, özüylə oynasın,
görək nə alınır. Bu təcrübə
bizdə yoxdur. Görək, özünü öyməkdən
yan keçə bilirmi kimsə... Bunu bacarmaq
çox şey deməkdir.
...XX əsrdə
filoloqlardan biri bir sual vermişdi: kitabın mənası nədir?
Şübhəsiz ki, bu orada nəyin müzakirəsinin
aparılması ilə yox, nə ilə mübahisə edilməsi
ilə bağlıdır. Bu bir
"modernist konsepsiyadır". Belə
bir yaradıcılıq mübarizəsində
yazıçının rəqibi mətndəki mənadır,
yəni mübarizə məna uğrunda deyil (onun ifadəsi,
izah edilməsi...), mənaya qarşı, onun buxovlarından
(belə bir şeyi hiss edirsinizmi?) xilas olmağa qarşı,
mənadan qurtulmuş utopik dünya yaratmaq uğrunda
aparılır. Məna yaratmaq və ondan qurtulmaq...
Yazmaq və
yazdığına ironiya etmək...
Niyə?
Nə üçün? Çünki əvvəl-axır
istənilən mətnin mənasında müəllif
obrazı iştirak edir (...başqa birisi mənim haqqımda nə
düşünür?..).
Başqa
birisinin gözündə sən kimsən?..".
***
Vaxtilə, deyəsən, keçən əsrin 90-cı
illərində bir fransız jurnalında Vislava Şimborska
haqqında məqalə və tərcümədə şeirləri
verilmişdi.
O şeirləri tərcümə elədim, hansısa dərgiyə
göndərdim, dərgi bağlandı və yazı itdi. Sonra Şimborskadan bir neçə şeir tərcümə
elədimsə də, o zaman itən tərcümələrin
yerini vermədi. O mənada ki, fransız jurnalında
oxuduğum mətnin sözləri yox, hansısa ətir, qoxu
daim onları yadıma salırdı, bu xatırlamadan qurtulmaq
mümkün olmur.
Bu
şairin mətnlərində spesifik bir şey - duyum var - mətn
əvvəldən sona və tərsinə ən müxtəlif
epitet, məcaz və metaforadan "boşala-boşala"
gedir, həmin epitet və məcazlar mətndə işlədilməsə
də sən onların varlığını, daha doğrusu,
mətndən necə köç etdiklərini hiss edərsən.
Həmişə mənə elə gəlib ki,
itən tərcümələrdən yaddaşıma hopan
qoxuda "ceyran" sözü var, sözün, əşyanın
ətrə, özünü duyuran nəsnəyə
çevrilməsi qəribədir. Demək, Şimborskada
bədii mətn bir neçə mərhələdə qurulur
(yazılır...): fikrən, bu ilk mərhələdə
havanı sıxlaşdıran epitetlər sonradan mətndə
fiziki mövcud olmasalar da, onun yaddaşında qalır və
hansı yollasa oxucuya ünvanlanır, daha doğrusu, hər
bir təsadüfdə nəyisə itirirsən, sözün, əşyanın
əvəzində onun qoxusu, ətri qalır. "Qocalıq"
şeirində olduğu kimi. Mətni
oxuyursan, bayaq vurğuladığımız epitet və bədii
fiqurlardan "təmizlənmə" dərhal hiss edilir -
şair oxucu ilə adi söhbət edir. Kimsə,
haçan "necəsən" soruşanda // Nəzakətlə,
"yaxşıyam, sağ ol"// deyirəm // Amma...
osteoartritim var, bu hələ hamısı deyil // Astma, ürək
də incidir hərdən // Nəbzim zəif, qanımda
xolesterin çox // Ancaq nə qəm, yaxşıdı, bu
yaşımda... Daha sonra:
Bu kiçik şeirdən nə alınır?
Demək,
qocalıq gəldimi,
Ən
yaxşısı, bir gün sümüklərin
sınacağını
qəbul etməlisən...
Heç
zaman qocaldığınızı dilinizə gətirməyin,
Dişlərinizi
sıxaraq taleyə boyun əyin,
Ətrafınızı
xəstəliyiniznən çərlətməyin,
Qocalan kəslər
üçün ən yaxşı məsləhət:
Dişlərinizi sıxın, bir-birinizə gülün
beləcə.
Səhər
yataqdan güclə qalxanda
Qəzetlərdə
nekroloq oxuyursuz,
Adınızı
burda görmədinizsə,
Demək,
yaşayırsınız, hələ yaxşıdı hər
şey!
***
Ömür elədir ki, məsələn, ədəbi mənada qocalıq elə özü bir romandır. Yəni bunun üstündən nəfəs dərmədən yazmaq onsuz da "görünməyəcək".
***
"...Həqiqəti yamsılayan uydurma roman da ən yüksək dərəcədə belə işə qol-qanad verən bir məkandır. Ancaq bu uydurma, bu yalan özünü kifayət qədər bildirəndə, yəni o, qənaətbəxş həddə yetişəndə, nəhayət, adına roman dediyimiz şey özünü yeni dil kimi göstərəcək, yeni dilə, yeni, bambaşqa qrammatikaya, nümunə kimi seçilmiş informasiyaları əlaqələndirmək üçün yeni üsula yiyələnəcək, bu an, nəhayət, özünü "tapan" roman bizə aid olan şeyləri necə xilas etməyin yollarını göstərəcək, o özüylə bizim hər gün qulaq kəsildiyimiz nəsnələr arasındakı fərqi qabartmaqla xalis poeziya kimi zühur edəcəkdir" (M.Bütor).
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 17 iyul.- S.5.