Patmosdakı göz
yaşlarının yağmuru altda
Selimir Raduloviç
Görkəmli yuqoslav şairi,
ədəbiyyatşünas, tərcüməçi və naşiri
İsmayıl doğulanda İbrahimin yüz yaşı vardı.
Musanın Birinci Kitabından, 21:5
1
Öz ocağını tərk etdinmi,
Həcərin baxışları altında,
ilk xoruz
Banından əvvəl,
Öz inamını,
Rəbbin səsini duydunmu?!
Hardadır qanadlı atın!?
Əlindən tutdunmu körpənin,
O tək oğlunun, əziz İsmayılın,
Qocalıq yadigarının!?
Dağa
üz tutdunmu!?
Əl-qolunu oğlunun bağladınmı!?
Xəncəri çıxartdınmı!?
Ağlın Rəbbin Qanunlarıyla
məşğul ikən
"Bunu niyə
edirsən, ata?" - deyə
Oğlun
səndən soruşdumu!?
Dərin
sulardan, yatmış meşələrdən,
Darısqal ibadətgahlardan ayrılıb
söylədinmi ki,
Oğlum,
başqa yol yoxdur, oğlum,
çünki hər tərəf yoldur
Və sən hazırsanmı -
Rəbbinin qanunlarına boyun əyməyə hazırsanmı?!
2
Dinməzcə baxışları yerə
mıxlanmış
İsmayılı götürüb,
Odunları qalaqlayıb, uşağı
bağlayıb,
Çıxartdın, xəncəri çıxartdın.
Və bu fani dünyadan
heç nə gözləmədin,
Sual etmədin - qəlbini öldürmədin -
Sormadın ki, mənə atalığı niyə qismət etdin -
"Oğlumu əlimdən
almaq üçünmüydü
bu?" - deyə
soruşmadın.
Bəlkə heç onu mənə verməməliydin!?
Kim biləcəkdi, axı kim görəcəkdi?!
Amma söyləmədin, demədin
ki,
O sənin qanın və canındır,
"İnsan da öz kökünü kəsərmi?" - söyləmədin.
Düşünmədin ki, hər şey qurşaqda, əbada,
Müjdəçinin səsindəymiş!
Ağlayıb sızlamadın -
Dəhşətli alov çırçırpını
qucaqlayan kimi,
Sənin
təmiz qəlbini də
Başqa
bir təmiz qəlb ağuşuna almışdı,
Əbədi Dirilik Yurduyla səni nişanlamışdı.
3
Ulağımı yəhərlədim,
Həcəri qucaqladım,
Lazərlə, yüzillik xidmətçimlə
halallaşdım,
İki gənci
və İsmayılı
- yeganə, əziz oğlumu yanıma aldım.
Küləyin, qaranlığın və
dözülməz soyuğun
içindən keçdim.
Dağlara çatdım, əl-ayağını
oğlumun kəndirlədim.
Odunları qalaqladım, xəncəri
çıxartdım, qaldırdım,
Zərbəyə hazırdım.
Qolum qurumadı amma!
Əzələm boşalmadı!
Ağlım azmadı -
"Bunu niyə
edirsən, Rəbbim!?" - deyə
Heç soruşmadım.
Aşıb-daşan qüssədə boğulmadım.
O balaca komadan çıxıb başqa
bir dünyaya doğru gedəndə də
Demədim ki, günlər
pis, zaman isə dəyişkəndir,
Şayiələrdən, yalançı, hiyləgər
sözlərdən qorxdum-qorundum.
Qüds
meydanında, camaatla dövrələnəndə,
Bir adam tapmayıb
sözümü, Sözü
yerə və Göylərə göndərəndə
Qoca, amma gur səsli bir kişiydim.
4
Hələ də dağlardayam.
Qəzəbdən, həsəddən uzaqdayam.
Göylərə daş və ox
atmıram,
"Dəli" deyib imtahan edəcəkləri
o böyük yolumu daha da daraltmıram.
O təkcə oğlum, birdənəm İsmayıl
da burdadır,
Əl-qolu bağlıdır.
Odunlar üst-üstə
yığılıdır.
Xəncər sıyrılıdır.
Adamların sıxlaşan kölgələri,
Artırır qaranlıq qüssələri.
(Hərçənd sən
uzaqdasan hər cürə ümiddən
Sən mənim qəlbimi bilirsən,
Duamı dua etməmişdən əvvəl eşidirsən).
Ürəyim sakitdir, çünki heç nədən asılı deyil. Hazıram!
Zərbəni qəbul etməyə
hazıram, ey Rəbbim və Xudam!
Çiçəklər, onların vəhşi şux ləçəkləri sıx
otların arasından
Hələ ulduzlara doğru
boy atmamışkən,
Mən məzarüstü çələng
belə hörürəm:
Ləçək-ləçək, tikan-tikan!
5
Kimin məzarıdır
bu, Rəbbim?
Bu gün hansı
gündür?
Yoxsa bu günü günahlarla keçirdim?
Bu yerdəki evlər boşdu deyə,
Bu yerdəki evlərin qapıları bağlanmışdı
deyə,
Mən iki gənci və İsmayılı -
Gözümün nuru, birdənəmi
yanıma aldım,
Bura vardım.
Tonqal üçün
odun yığdım.
Xərcəri itilədim, sıyırdım,
Qurbangahı hazırladım,
Rəbbim,
hazırladım!
Nə gözümü qırpdım,
nə baş yellədim,
Nə ağzımı
açdım, söz
söylədim.
Səmada
bomboz buludlar,
Durna qatarı buludlar
Dövrə vururdular.
İsmayıl - o qürub bilməyən
günəşim dilə
gəldi:
"Bu atəş, bu da xəncərdi" - dedi...
"Bəs, qurbanlıq
quzu hardadır, ata?"
Sözlər canıma hopdu, sindi.
Mən bu gizlin mağaraya çəkildim.
Və bu ölümcül yuxudaykən
ayılıb diksindim.
Selimir Raduloviç
Tərcümə Səlim Babullaoğlunundur
Ədəbiyyat qəzeti.- 2021.-
17 iyul.- S.7.