“Bu mənim
üçün hər şeydən öncə
alnıaçıqlıqdır”
Xalq yazıçısı Elçinin müsahibəsi
- Pandemiya
günləriniz necə keçir?
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək
Dövlət varidatı elan edilən əsərlərə görə müəllif qonorarı ƏMA-ya köçürüləcək
Şair,
jurnalist Əhməd Oğuz vəfat edib
- Pandemiya çox uzandı... Teatrlardan, konsertlərdən, ədəbi məclislərdən,
gediş-gəlişdən uzaq düşmüşük.
Bir ay deyil, beş ay deyil,
bir ildən çoxdur. Vaxt keçdikcə adam
darıxır. Ancaq nə
etmək olar? Müdhiş
bir hadisəylə üzləşmişik. Düzdü, vaxt bolluğu yaranıb, yazı-pozuyçun
vaxt qıtlığı
yoxdu.
- Deməli, bu günlər yaradıcılıq baxımından
məhsuldar keçir.
- Hə.
- Maraqlıdı,
nə yazmısınız,
nə üzərində
işləyirsiniz?
- İl yarım mənim üçün az müddət
deyil. Yeni pyeslər yazmışam.
Çoxdan idi bilavasitə
Abşeron mövzusunda
hekayələr yazmırdım.
Bu mövzuda hekayələr
yazmışam, başqa
hekayələr də
var. Qaldoninin “Kələkbaz
dul qadın” komediyasını tərcümə
etmişəm və sair başqa yazılar. Bunu artıq demişəm
ki, mənim arxivim çox səliqəsiz vəziyyətdədir.
Fikirləşdim ki, imkan düşmüşkən arxivi
səliqə-sahmana salım.
Elə sənədlər,
qeydlər, elə məktublar, avtoqraflar çıxdı ki, elə bil məni
keçmiş dünyaya
apardı, Süleyman Rüstəm, Əli Vəliyev, Mir Cəlal, Mirvarid Dilbazi, Abbas Zamanov, Qabil, Tofiq Kazımov,
Cabir Novruz haqqında esselər yazmışam. Oxucular bəziləriylə artıq tanışdır.
Özüm üçün də bu gözlənilməz
silsilə davam edir. Arxivi səliqəyə salmaq isə qalıb bir tərəfdə. Kitabxanam da
eləcə səliqəsizdi,
o da necəydisə, elə də qalıb. (Gülür.)
Mənim “Azərbaycan xalq mahnılarında erotika” adlı çoxdan hazır olan bir yazım var. Yadımdan çıxmışdı. İstəyirəm, onu da çapa
hazırlayım. Güman edirəm
ki, əhəmiyyətli
mövzudur. Bugünkü mətnlərdə, hər
halda oxuduqlarımı
deyirəm, erotika bəzən vulqar təsvir edilir. Erotika ədəbiyyatın
predmeti ola
bilərmi? Şübhəsiz. Ola bilər
və olmalıdır.
SSRİ zamanının absurdlarından
biri yadıma düşür: “Bizdə
seks yoxdur!..” Ancaq erotika gərək
erotika xətrinə yazılmasın. Bu çox həssas mövzudur, daha artıq dərəcədə
istedad və bədii zövq tələb edir. Azərbaycan xalq mahnılarında erotika gizlindədir, zərifdir, incədir, eyni zamanda güclüdür,
ehtiraslıdır.
Rus dram teatrında
Stalin haqqında bir pyesim hazırlanıb. Premyerası pandemiyaya
görə təxirə
salındı. Çox adama
təəccüblü gələ
bilər ki, Stalin hara, Elçinin yaradıcılığı hara?
Mən
son dövrlərdə Sovet
tarixi və Sovet liderləri haqqında xeyli ədəbiyyat oxumuşam.
Həqiqətənmi uzun illər
yaşadığım bir
ölkə ancaq və ancaq nifrətə
layiqdir? Yaxşısı nə idi, pisi
nə? Ümumiyyətlə, bu ölkə
necə ölkə idi? Kommunizm nə üçün
şərəfsizcəsinə iflasa uğradı? Mən hansı ölkədə yaşamışam? Suallar çoxdur
və mənim üçün də çox maraqlıdır.
- Yazdıqlarınızı
bildik. Bəs, yazılanlardan nə
oxuyursunuz? Məsələn, bugünkü gənc yazarlardan kimi oxuyursunuz?
- Düzü, son dövrlərdə
bədii ədəbiyyatdan
daha çox sənədli ədəbiyyat
oxuyuram. Ancaq mətbuatı, ədəbi
prosesi izləyirəm
və bu, ilk gənclik çağlarımdan
bu tərəfə mənim həyat tərzimdir. Bilmirəm,
yaxşıdır, ya pisdir? Son dövrlərdə
oxuduğum şairlər içərisində Hədiyyə
Şəfaqətin şeirləri xoşuma gəlir. Onu
oxuyanda hiss olunur ki, qələmi təbii və səviyyəli
qələmdir, hissiyyatlıdır. Hekayələri,
esseləri də maraqlıdır. Ay Bəniz
Əliyarın şeirləri, A. Əlizadənin, Məhsəti
Musanın feminist təmayüllü və cəsarətli
şeirləri və s. Mirmehdi Ağaoğlunun hekayələri
istedadlı qələmin ifadəsidir. Sevda Sultanovanın və
Aliyənin məqalələrində
razılaşmadığım məqamlar az olmur, ancaq
yaxşı cəhət odur ki, onların teatra, kinoya,
ümumiyyətlə, sənətə yanaşmalarında səviyyə,
toxunduqları mövzularla bağlı səriştə var.
Azərbaycan teatrşünaslığının tarixi
qısa olsa da, güclü ənənələri mövcuddur.
İndi də müasir səslənən o ənənələr
rəhmətlik Cəfər Cəfərovdan gəlir. Onun “Sən həmişə mənimləsən”
tamaşası haqqında yazdığı “Təklik faciədir”
məqaləsi teatr tənqidimizin klassikasıdır. Bu gün isə teatr, kino problemlərini qaldıran,
öz qələmi ilə bəsitliyə və bədii
avamlığa qarşı tutarlı söz deyənlərin
sayı çox azdır.
- Ədəbiyyatımızın
da durumu
güllük-gülüstanlıq deyil...
- Səviyyəli əsərlər
hər gün yaranmır. Bunun
üçün zaman lazımdır. Ədəbiyyatımızın
bu gününə qalanda... Mən
uşaqlıqdan ədəbiyyatın içində
olmuşam. Bir də oxuyuram, elə
adamların yetmiş, səksən illiyi bəlağətli
cümlələrlə qeyd edilir ki, mən indiyə qədər
bu adda yazıçı eşitməmişəm. Hardan peyda oldu bunlar? Bu gün
yazılan əsərlərə gəldikdə, mənə
görə, zəif, sönük, bəzən də tamam mətləbsiz
yazıların orta statistik sayı səviyyəli ədəbiyyatın
sayından çox yüksəkdir. Əsas
problem budur. Bizdə oxucu problemi də
ciddidir. 1980-ci illərin əvvəllərində “Mahmud
və Məryəm” romanı yüz min tirajlarla çap
olunmuşdu, oxunmuşdu . Ancaq
elə o zaman da digər ölkələrlə müqayisədə,
oxumaqda birincilər sırasında deyildik. İndi isə daha çox geriləmişik. Bunun da öz səbəbləri var. SSRİ
dağılandan sonra sistemin dəyişməsi, bazar
iqtisadiyyatı, ideologiyanın dəyişməsi və s. Bir
tərəfdən də erməni təcavüzü, bizə
qarşı yönəlmiş ikili siyasi standartlar. Bütün bunlar həm maddi, həm də mənəvi
baxımdan çox ciddi kataklizmə gətirib
çıxartdı. Ədəbiyyatda da, oxucular
arasında da...
- Yəni otuz ildə Azərbaycan ədəbiyyatı
bu kataklizmi keçə bilmədimi?
- Ədəbiyyatın, sənətin
müqabilində 30 il
elə uzun müddət deyil. Bir dəfə məndən
soruşdular ki, niyə Qarabağ mövzusunda güclü əsərlər
yazılmır? Düzdür, Qarabağ
mövzusunda güclü əsərlər var, ancaq zəif əsərlər
daha çoxdur. Mən də o suala belə
cavab verdim ki, həmin güclü əsərləri vaqonlarda,
yataqxanalarda böyüyən o qaçqın,
köçkün uşaqları, həm də yalnız onlar
yox, ümumiyyətlə, gələcək nəsillər
yazacaq. Ədəbiyyatın genetik
yaddaşı çox zəngin və möhkəmdir. O,
meyvə kimi yetişməlidir. Bu o demək deyil
ki, indi yazılmasın. İndi də
yazılıb, yazılır və yazılacaq.
- Sizin də qeyd etdiyiniz kimi,
zaman məfhumu ədəbiyyat üçün çox önəmlidir.
Əgər Sovet dağılmasaydı, siz "Ölüm
hökmü"nü çap etdirə bilərdinizmi?
- Yox, etdirə bilməzdim. 1983-cü ilin
sonları, 84-ün əvvəli idi, mən bu romanı
yazmağa başlayanda daxilimdəki senzura
qayğılarını tamam bir tərəfə atıb
işlədim. Yüz faiz əmin idim ki,
çap olunmayacaq. Ya mənim bəxtimdən, ya əsərin
bəxtindən elə oldu ki, Qorbaçov gəldi, ara qarışdı, məzhəb itdi, roman da
çap olundu.
- Deməli, Sovet dağılmasaydı,
bu əsər sizin sandıq ədəbiyyatınızda
qalacaqdı.
- Bəli. Onu da deyim ki, mənim bu
gün də sandıq ədəbiyyatım var. Elə əsərlər
var ki, onları çap etməyin hələ vaxtı deyil,
onların tamaşaçıları, oxucuları bir küll
halında yetişməyib. Hara tələsirik?
Demirlər ki, əlyazmaları yanmır? Rəhmətlik
Araz Dadaşzadə deyirdi ki, oxucular iki qrupa ayrılır:
istedadlı oxucular və istedadsız oxucular. Mən
necə yazıçı olduğumu deyə bilmərəm,
ancaq istedadlı oxucuyam.
- İllər
öncə sevdiyiniz
hekayələrin siyahısını
paylaşmışdınız. Həmin
siyahıda Əkrəm Əylislinin “Ürək yaman
şeydir” hekayəsi də var idi. Bu
gün Əkrəm Əylisli ilə münasibətlərinizin
yaxşı olmadığı deyilir. Əylislinin
həmin hekayəsi ilə bağlı hələ də eyni
fikirdəsinizmi? Münasibətlərdəki
gərginlik o siyahıdan bu hekayəni silməyib ki?
- Elə deyil, Əkrəmlə münasibətimiz nə
pisdir, nə də yaxşı. Sadəcə
münasibətimiz yoxdur. Əkrəmi
bilmirəm, ancaq mən buna təəssüf edirəm. Bəli, o hekayənin adını yenə çəkərəm,
əlbəttə, çünki bu gün də o fikirdəyəm.
Əgər Əkrəm bu gün zəif, ya da
xoşagəlməz nəsə yazıbsa, bu o demək deyil
ki, onun dünən yazdıqlarının da üstündən
xətt çəkək. Əgər onun
yazdığı zəif və xoşagəlməz
yazıları tərəzinin bir gözünə, həmin
hekayəni, ya da “Kür qırağının meşələri"
povestini o biri gözünə qoysaq, bu hekayə də, povest də
çox ağır gələr. Əkrəmin
tək qalması, tənhalığı, sizdən gizlətmirəm,
mənə pis təsir edir. Gərək
belə olmayaydı. Ancaq bu təcridin səbəbkarı
Əkrəmin özüdür. Ola bilsin
ki, mən yanılıram, bəlkə o özünü
camaatdan təcrid olunmuş, tək-tənha hiss etmir? Təki belə olsun.
- Sizcə, AYB-də olanlar, yoxsa AYB-ə
qarşı olanlar?
- Ədəbiyyatda olanlar.
- Qarşıdan AYB-nin qurultayı gəlir. Sədr seçkilərinə namizədliyinizi
verməyi düşünürsünüzmü?
- Elə olsa, gözəl bir komediya olar! Mən
cavan olanda da, sonralar da, görürsən, indi də tez-tez bu
fikri deyirlər, yazırlar, belə suallar verirlər. O
vaxtlar da, indi də mənim o vəzifəyə, eləcə
də başqa bir vəzifəyə heç bir mənəvi
ehtiyacım olmayıb. Bu gün mən Xarici
Ölkələrdə Yaşayan Həmvətənlərlə
Mədəni Əlaqələr Cəmiyyəti - “Vətən”
Cəmiyyətində sədr olduğum vaxt
gördüyümüz işlərə görə qürur
duyuram. 25 il xeyli yüksək bir vəzifədə
çalışmışam və bundan da qürur duyuram ki,
Azərbaycan müstəqilliyinin əbədiləşdirilməsi
işində öz səlahiyyətlərim daxilində əlimdən
gələni etmişəm. Bu gün BDU-nun
professoruyam. İndi bu qədər illərdən
sora gedib AYB-nin sədrliyinə namizədliyimi versəm,
gülünc olmaz? Qoyun oturub,
yazı-pozumuzla məşğul olaq.
- Baş nazirin müavini Elçin
Əfəndiyev yazıçı Elçinə mane olurdumu?
- Prinsipcə, yox. O vəzifədə
olduğum dövrdə çox insan sevinci və
ağrısı, xoşbəxtliyi və faciəsi, müxtəlif
insan taleləri görmüşəm. Yazıçı
kimdir? İnsan taleyini təsvir edən,
onun hiss və həyəcanını ifadə edən qələm
sahibi. Maneçilik yalnız vaxt baxımından ola bilərdi ki, bu gün elə bil, həmin
illərin əvəzini çıxıram. İndi
yazmaq üçün xeyli vaxtım olur.
- Yaradıcı adamlar vəzifədə olanda onların sanki
yaradıcılığına da yaltaqlanırlar. Siz belə adamları tanıya bilirdinizmi?
- Yaltağı tanımaq üçün xüsusi istedada ehtiyac yoxdur. Mən vəzifədə olanda da, olmayanda da həmişə
yaltağa nifrət etmişəm. Həm də
yalnız özümlə bağlı yox, ümumiyyətlə.
Əvvəllər də demişəm, mən vəzifəyə
gəlməmişdən qabaq hansı Elçin idimsə, vəzifədə
də, vəzifədən sonra da həmin Elçinəm.
Bəli, kimlərsə mənə
yaltaqlanıb, ancaq mən heç kimə yuxarıdan
aşağı baxmamışam.
- İlyas Əfənidevin
oğlu Elçin, yoxsa Elçinin
atası İlyas Əfəndiyev? Sizcə, tarix hansını yadda saxlayacaq?
- Mən istəyərdim ki, hər ikisini yadda saxlasın, ancaq bu, mənim
istəyimdən asılı bir şey deyil, tarixin işidir. Mən bu gün İlyas Əfəndiyevin oğlu
olmağımla qürur duyuram. Bu, mənim
üçün hər şeydən öncə
alnıaçıqlıqdır. Mən
çox təəssüflənirəm ki, İlyas Əfəndiyev
Qarabağın azad olunduğunu görmədi, 44 günlük
tarixi zəfərin şahidi olmadı. Çox təəssüf,
çox... O bütün varlığıyla Azərbaycana, Azərbaycanın
daxilində də Qarabağa bağlı idi. Xüsusilə
də Şuşaya. O özü Füzulidən idi,
Füzuliyə də olduqca bağlı idi. Bu
bağlılığın ifadəsini “Geriyə baxma, qoca”,
“Üçatılan” romanlarında görə bilərsiz.
Qarabağın başqa bölgələrindən
olan adamların hamısı üçün
Şuşanın yeri bir başqadır. Bu
gün isə hamımız şuşalı, hamımız
qarabağlıyıq. İkili siyasi
standartlar dünyasında Ali Baş Komandan, hörməti
Prezident İlham Əliyev ortaya son dərəcə cəsarətli
siyasi iradə qoydu. Böyük Qələbə
əldə edildi. Onu da deyim ki, həmin
ikili siyasi standartlar “Domokl qılıncı” kimi həmişə
Azərbaycanın başı üzərindən
asılıb. O həyəcanlı və unudulmaz 44
gündə kitabxanamda axtarıb general-mayor Denstervilin 1925-ci
ildə Tiflisdə nəşr olunmuş xatirələrini
tapıb, təzədən gözdən keçirdim. Bu xatirələr
100 il bundan əvvəl də Azərbaycana
qarşı yürüdülən ikili standartların əyani
göstəricisidir. Bakı əldən gedirdi.
Tariximizdə belə faktlar çox olub.
- Bu gün qızlarınız kifayət qədər
yaxşı vəzifələrdə çalışır.
Deyirlər ki, Elçinin qızlarının bugünkü məqama
gəlməsində Elçinin adının böyük rolu
olub. Bu fikirlərə necə
baxırsınız?
- Çox primitiv dedi-qodudur. Əsil “obivatel” təfəkkür
tərzidir. Bəyəm demirdilər ki,
Elçinin pyeslərini vəzifəsinə görə
tamaşaya qoyurlar? Bunu da çox vaxt elə
adamlar deyirdi ki, onların teatrdan xəbəri yoxdur. Mənim pyeslərim İngiltərədə,
İtaliyada, Türkiyədə, nə bilim, Koreyada, Rusiyada,
siyahını uzatmaq istəmirəm, başqa ölkələrdə
tamaşaya qoyulur. “Qatil” pyesi Nyu-Yorkda,
Brodveydə tamaşaya qoyulub, mən Amerikanın Prezidentinə
zəng edib demişəm ki, bax ha, mən Azərbaycanda
Baş nazirin müaviniyəm, mənim əsərimi
tamaşaya qoy? "Mahmud və Məryəm"
yüz min tirajla, yaxud Moskvada hekayə və povestlərim iki
yüz əlli min tirajla nəşr olunanda, satılanda bəyəm
mən vəzifədə idim? Boş və
gülünc söhbətlərdir. Mən
bu cür cahil dedi-qodusuna, bəzən də qərəzli
qrafoman yanıb-tökülmələrinə heç vaxt
cavab vermirəm. Buna iynənin ucu qədər
də mənəvi ehtiyacım olmayıb. Bir dəfə
demişəm, yenə təkrar edirəm: əgər mənim
yazdıqlarım da, fəaliyyətim də bu cür
dedi-qodulara, bu cür nadan püskürmələrinə davam
gətirməyəcəksə, onda yaxşı edib deyirlər,
yazırlar.
- Son hekayələrinizdən
olan "Ağadadaşın kişi
sözü" hekayəsindən sonra belə bir fikir səslənir
ki, Elçin bu günün adamlarını tanımır. Bu fikrə münasibətiniz necədir?
- Əvvəla, indicə
dediklərim tənqidə yox, dedi-qoduya,
“obıvatel” təfəkkürünə aiddir. Ağadadaş
isə bəyəm Marsda yaşayır? Ağadadaş
da bu dünyanın adamıdır də. Sadəcə,
sosial şəbəkələr dünyasından uzaq
adamdır. Sosial şəbəkədən uzaq olan adam adam deyil? Ağadadaş sadə
bir kişidir, onun haqqında da yazmaq lazımdır, ya yox?
Bu da lap Sovet dövrünün söhbətlərinə
oxşayır. Necə ki, o vaxt deyirdilər,
xırda, kiçik, cılız adamlardan yazmayın. Belə şeylərə fikir verməyin.
Ədəbiyyat üçün xırda, kiçik,
cılız adam yoxdur.
- "Mahmud və Məryəm",
"Ağ dəvə", "Ölüm hökmü",
“Baş” kimi romanlar yazmış Elçin özü barədə
nə deyər?
- Bəlkə təvazökar
səslənməyəcək, ancaq mən özümü xoşbəxt
yazıçı hesab
edirəm. Bu mənada
ki, əsərlərimin
böyük bir hissəsini Sovet dövründə yazmışam.
Ancaq o romanların, povestlərin,
hekayələrin, pyeslərin,
hətta məqalə
və monoqrafiyaların
da bir nöqtəsinə,
vergülünə dəymədən
bu gün müstəqil Azərbaycan
oxucusuna təqdim edirəm. O oxucuya ki, onun təfəkkürü,
onun dünya görüşü ilə
Sovet dövrünün
ideologiyası bir-biri ilə daban-dabana ziddir. Sovet dövründə o qədər yazıçılar
var idi ki,
yazdıqlarını da
Sovet İttifaqı özü ilə apardı. Mən xoşbəxtəm ona görə ki, belə bir
tragediyadan uzağam.
- Niyə Elçin?
- Elçin yazıçıdır,
Elçin Əfəndiyev
isə vəzifə adamı. Zəhmət olmasa, siz də
yazarsınız ki, Xalq yazıçısı
Elçinlə müsahibə...
Ədəbiyyat qəzeti.- 2021.- 17
iyul.- S.8-9.