Keçmişdə aləmi-islam bir qaranlıq içində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışıyordu, o məşələ idi? Əvvəlinci mətbu kəlam idi. Həsən bəy əvvəlinci şəxsdir ki, Qafqaz, bəlkə Rusiya, demək olar ki, bütün dünyada müsəlmanlar içində əvvəlinci türk müsəlman qəzetəsi nəşr etmişdir. Biz Qafqaz türklərinin öhdəsində bu adamın artıq haqqı vardır. Çünki bu şəxs bizim üçün dil yaratmışdır. Ədəbiyyata qapı açmışdır. Həsən bəyin belə xidmətləri olmuşdur. Milli mahnılar məcmuəsi belə qayırmışdır ki, o yol ilə cəmaətimiz arasında ehsasi-milliyəni oyatsın təbi-şairlə, iğaz etsin. Xülasə, Həsən bəyin xədəmatı çoxdur. Bu barədə danışıldı. İndi keçəlim bu zatın gördükləri xidmətlər əvəzində bizim göstərdiyimiz mükafata. İştə görüyoruz? Burada şairi-əzəm Firdövsinin vəfatında edilən hərəkəti müşahidə ediyoruz. O böyük şair, o ədibi-ziqiymət sağlığında çoxlu məşəqqətlər çəkdi, fəlakətlə ruzigar apardı. Axır zamanlarda isə onun həməsri olan Sultan Mahmud onun qədrini, hörmətini düşündü. Bir karvan cəvahirat cəmləyib ona yadigar bəxşiş göndərməli oldu. Cəvahirat karvanı Tus şəhərinin məşriq qapısından daxil olanda Firdövsi əleyhirrəhmənin cənazəsi şəhərin məğrib  qapısından çıxıyordu. İştə Həsən bəy meydani-mühib həyatın məğrib qapısından çıxır. Əcəba,  məşriqdən gələn nədir? Bu məşriqdən gələn cəvahirat karvanı deyildir, ziyayi-mədəniyyətdir gəlir. İştə Həsən bəyin qəlbpərvərdəsi olan mədəniyyət ziyası bizim həyatımıza budur daxil oluyor!!!

 

Həsən bəy Zərdabi ilə vida mərasimində Əli bəy Hüseynzadənin çıxışı "İrşad"

qəzetinin 2 dekabr 1907-ci il tarixli sayında dərc olunub.

 

Əli bəy Hüseynzadə

 

Ədəbiyyat qəzeti.- 2021.- 17 iyul.- S.10.