On əmr
Dünya
kinosunda səmavi kitabların motivləri əsasında bir
çox ekran əsəri yaradılmışdır. Onlardan
biri "Tövrat" motivləri əsasında çəkilmiş
"On əmr" filmidir. Musaya verilən on ilahi əmr kinonun
diqqətində olmuşdur. Hələ kinonun yeni
yarandığı dövrdə - 1909-cu ildə İngiltərə
rejissoru Ceyms Stüard Blakton "Musanın həyatı"
filmini çəkmişdir. Rejissor Sesil de Levisin 1956-cı ildə
ekranlaşdırdığı "On əmr" filmi Musa
peyğəmbərin həyatına həsr olunmuşdur. Filmin
müəllifi bundan öncə bu mövzunu səssiz kino
dövründə 1923-cü ildə
ekranlaşdırmışdır.
İbrani kölələri öz nəzarəti
altında saxlayıb onları ən ağır işlərdə
istifadə edən Misir dövlətində bir narahatlıq
hakim olur.
Kahinlər ulduzlardan onların bir xilaskarının
olacağının təxmini firona söyləyirlər.
Əzən və əzilənlərin bir ortaq nöqtələri
var. Hər biri qurtarıcının gəlməsini gözləyir.
Bu məsələdə kölələrin ümidi və
onlara hakimlik edənlərin bir qorxusu vardır. Bu məqsədlə
firon hökuməti yeni doğulan ibrani uşaqlarını qətlə
yetirdir. Bütün bunları görən gələcəkdə
üzərinə ilahi missiya yüklənəcək
Musanın anası övladını xilas etməyə
çalışır. Onu bir səbətə qoyaraq
İbrahimin təlqin etdiyitək Tanrıya güvənərək
onu Nil çayının öhdəsinə buraxır.
Övlada
ehtiyacı olan Misir şahzadəsinin qismətinə Musa
çıxır. Fironların gözlədiyi təhlükə
bununla onların sarayına daxil olur. İllər keçəndən
sonra Musa (Çarton Heston) Misir dövlətində
adlı-sanlı sərkərdəyə çevrilir. Qul əməyi
hesabına tikilən Misir şəhərləri də
Musanın rəhbərliyi ilə inşa olunur. Ağır qul
əməyi nəticəsində əziyyət çəkənlərdən
biri də Musanın öz anası olur. Böyük bir heykəlin
altında məhv olmaq təhlükəsi ilə qaldıqda o,
Musanı köməyə çağırır. Musanın hələ
ki özünün də tanımadığı anasına
kömək etməklə öz əzilən
qövmünün xalqının ilk dəfə dadına
çatmış olur. Kahinlərin yaratdığı sistem nəticəsində
ac qalan kölələrin də köməyinə
çatır. Taxıl anbarlarında guya öz allahları
üçün azuqə topladan kahinlərdən
taxılları alaraq aclıq problemini çözür.
Musanın elə ilk toqquşmalı qüvvə kahinlər
olur. Bu gələcəkdə təktanrılı dinlə
çoxallahlı anlayışın savaşının ilk
nümunəsi olur. Musa bu davranışı həyata
keçirməklə firon Birinci Setiyə (Sedrik Hardvik)
"onların daha xilaskarları yoxdu, Musaları var" deməklə
sanki özünün qurtarıcı olduğunu fironun
üzünə demiş olur. Bu cəsarətli
addımlarına görə Musanı sevən Nefertitinin (Anne
Baxter) ona olan rəğbəti daha da artmış olur.
Ümumiyyətlə, film boyu Musaya olan qadın sevgisi xətti
həmişə işlək olur.
Firon Birinci Setinin qarşısında nüfuzu artan Musaya
paxıllıq da çoxalmış olur. Xüsusən fironun oğlu
Birinci Ramzes (Yul Breyner) ona qarşı kinini həmişə
saxlayır. Lakin şəhərsalmadakı nailiyyətlər
Musanın etibarını həmişə Birinci Setinin
qarşısında qorumuş olur. Musayla bağlı sarayda
böyük sirr açılmasın deyə, onu sevən Nefertiti
yaşlı dayəni öldürür. Lakin onun
büründüyü yəhudi qumaşının yerə
düşməsini Musa görür, bununla özünün
kimliyini axtarmağa başlayır. Həqiqi anasının -
Sephoranın qarşısına gələrkən onun Musaya
"İnsanların şallaqlanaraq idarə olunmasına və
daşlardan olan bütlərə inanırsansa sən mənim
oğlum deyilsən" deməsi İbrahimdən gələn
Tanrı anlayışına olan qəti inamı ifadə edir.
O bununla həqiqi ailəsini, bacısı və qardaşı
Harunu tapmış olur. Misir sarayında etibar edilmiş, fironun
rəğbətini qazanmış Musa öz kimliyini tapmaq
üçün mübarizə aparır. Özünün
ibrani soydaşları kimi o da ağır qul əməyində
iştirak edir. Öldürülən ibrani kölənin
dilindən bir daha ümid dolu sözləri eşitmiş olur.
O da həlak olarkən qətiyyətlə bir
qurtarıcının olacağını onları xilas edəcək
Musanın özünə söyləyir.
Musanın növbəti xilaskarlığı Josuanı
(Con Derek) qamçılayan Bakanı (Vinsent Prins) öldürmək
olur.
Musanın bu hərəkəti səmavi kitabların hər
birində yazılmışdır. Bu zaman Josua onun gözlənilən
seçilmiş şəxs olduğunu söyləyir, lakin bunu
Dathan (Edvard Rabinson) eşitmiş olur. Özü ibrani olsa da,
Misir dövlətinə can-başla xidmət edən Dathan bu məlumatı
dərhal Ramzesə çatdırır. Misir sarayı
üçün müdhiş olan bu məlumat Musanın Ramsez
tərəfindən uzaq yerə göndərilməsi ilə nəticələnir.
Onu sevən Nefertiti acı çəksin deyə, o Musayla onun
son görüşünü təşkil elətdirir.
Musaya qarşı içində çoxdan gəzdirdiyi
kini əməli işə çevirən Ramsez onu öz
tanrısına tapşıraraq səhranın ixtiyarına
verir. Ramzes məşhur
olan ibrani qumaşını əba kimi Musaya verir. Bununla o, əsl
kimliyinə qovuşmuş olur. "Əqrəblərə, kərtənkələlərə
azadlığını verə bilərsən, ibranilərə
mənim ixtiyarıma burax" deyərək Musaya xəbərdarlıq
edir. Ramsez ona əsa da verir. Bu əsa daha sonra mühüm
müqəddəsləşəcək bir simvola çevrilir.
Bununla Ramsez gələcəkdə öz fəlakətinin əsasını
qoymuş olur. Filmdə Musanın uzun müddət ac-susuz səhrada
dolaşması inandırıcı şəkildə təsvir
edilir.
Uzun müddətdən sonra Midyan ölkəsinə
çatan Musa orada da Misir sarayında olan kimi qadın rəğbəti
ilə qarşılanır. Qadınların istifadə etdikləri
su quyularını onların əlindən almaq istəyənlərə
qarşı Musa öz əsası ilə müqavimət
göstərir, onları kənarlaşdırır. Əsa
burada Musanın gələcək peyğəmbərliyinin
simvolunu əks etdirməklə yanaşı, filmdəki
dramatik funksionallığı da ilkin nümunəsi kimi ortaya
çıxır.
Midyanda insanlar müqəddəs hesab etdikləri dağa
çıxmağa qorxurlar. Sefra ilə söhbəti zamanı
Musanın Tanrının varlığı ilə
maraqlanması kölələrin
çağırışlarını niyə eşitmədiyi
sorğusunu verməsi modern düşüncənin bir əksi
kimi görünür. Bu amil, təbii ki, tarixi peyğəmbərlik
anlayışıyla bir qədər üst-üstə
düşmür. Misir sarayında Nefertiti kimi, Sefra da
Musanın cəsarətini görərək ona rəğbət
bəsləyir. Daha sonra peyğəmbərlik veriləcək
Musanın ilkin tərəfdarlarından birinə çevrilir.
Birinci Seti ölərkən fironluq əsasını
oğlu Ramzesə təhvil verir. Burada da bir simvolika var. Əslində,
bu əsa Musanınkından fərqli olaraq Ramzesə və
onun başçılıq edəcəyi dövlətə bədbəxtlik
gətirəcək. Musanın peyğəmbərliyi öncəsində
Seti öz vədinə əks gedərək, onun adını
anaraq dünyadan gedir. Bununla qalib və məğlub tərəflərin
kim olması mesajı verilir.
Səmavi kitablarda bəhs olunan yanan göyəm kolu filmdə
də əksini tapmışdır. Musanın üzərinə Tanrı
tərəfindən müqəddəs missiya - peyğəmbərlik
yüklənir. O, indi öz qövmünü fironların
zülmündən qurtara bilər.
Musa ilk işini görmək üçün firon
Ramzesin hüzuruna gedir. Ondan öz xalqını sərbəst buraxmasını
tələb edir. Ramzes Musanın əsa ilə göstərdiyi
möcüzəyə də inanmır. Filmdə əsanın
ilana dönməsini və fironun ilanlarını da udması səhnəsi
"Tövrat"dakı məqamlarla üst-üstə
düşür. Lakin Ramzesin hikkəsi onu fikrindən
daşındırmır. İbrani qulların samansız kərpic
düzəltməsini əmr etməsi Musanı ilk sınaqla
üz-üzə qoyur. Öz xalqı onu daşlamaq istəyir.
Nefertitinin isə Musaya münasibəti dəyişməmiş
qalır. Onu
sevsə də Musaya öz xalqını
çıxartmasında mane ola biləcəyini də deyir. O
da Musaya öz gücünü göstərməyə
çalışsa da buna nail ola bilmir. Musa Nefertitini
"İsrailin gücü qarşısında toz zərrəsi
adlandıraraq" onu tərk edir. Musa artıq bu mərhələdə
qəzəbli bir şəxs kimi görünür. Həmçinin
Musanın artıq sevgi obyekti dəyişmiş olur. Öncə
qadınlara sevgi bəsləyən Musa məhəbbət hədəfini
dəyişmiş olur.
Tanrının qəzəbi Misir üstündə hakim
olur. Yeddi
gün susuzluq, qaranlıq Nilin qan rənginə boyanması
kimi "Tövrat" motivləri film boyu davam edir. Bundan
qorxuya düşən Ramzes Musanı və xalqını sərbəst
buraxır. Bu zaman Musa öz tək Tanrısına güvənərək
gedəcəkləri ilə bağlı sözlərini deyərək
saraydan uzaqlaşır paralel olaraq fironun canını
tapşıran övladının cəsədi pilləkənlə
anasının qucağındaN aşağı
düşür. İbrani uşaqlarını qətl etməklə
taxt-tacını qorumağı düşünən fironun
başına ilahi cəza bununla gəlmiş olur. Ramzes üz
döndərdiyi Misir tanrılarından biri Sokanın
önündə övladı üçün canının
qaytarılmasını istəyir. O bir ata kimi öz faciəsini
yaşayır. Lakin bu bəla belə onun Musaya və onun
tanrısına olan qəzəbini soyutmur. O, hələ
ümid edir ki, atalarının sitayiş etdiyi tanrı onun
övladının canını qaytaracaq. Bu epizodda Musanın
tanrısının Misir tanrılarına qalib gəlməsini
müşahidə edirik.
Özlərinin mal-mülkləri, hətta Yusif peyğəmbərin
cənazəsinin qalıqları ilə birgə Musanın
qövmü zülm gördükləri Misirdən uzaqlaşaraq
Kənan torpaqlarına üz tuturlar. Onlarla birgə misirlilərə
qulluq edən Dathan da gedir. Ramzesin içindəki qəzəbin
yenidən canlanması onun Musanın liderliyindəki ibraniləri
yenidən təqib etməsi ilə nəticələnir.
Öz tanrılarından da cavab ala bilməyən Nefertitinin
dediyi kimi bir heçə çevrilən Ramzes təkrar
ibraniləri özünə tabe elətdirmək istəyir. Dənizin
qırağına yığılmış qövmünə
tanrının salamatlıq vədini verən Musaya
qarşı Dathanın "o, yalançı peyğəmbərdir,
sizi ölümə aparacaq" deməsi
"Tövrat"ın "Çıxış"
bölümündəki bir məqamı xatırladır:
"Məgər Misirdə qəbiristanlıq yoxdur ki, bizi səhrada
ölməyə apardın? Bizi Misirdən çıxarıb
başımıza nə gətirdin, Bizdən əl çək
misirlilərə qulluq edək". Dathan filmdə
"Tövrat"da əksini tapan bu düşüncənin
sahibi olur. O, təkrar Misirə qulluq etməyi özü
üçün şərəf sayır. Musa Tanrının
gücü ilə dənizi yarır və xalqını xilas
edir.
Lakin Dathan və onun tərəfdarları yanlış
işlərindən geri qalmırlar. Musa dağa çıxan zaman onlar
qızıldan inək düzəldərək ona öz aləmlərində
itaət edirlər. Dathan kimilərinin sayəsində onlara
zülm edən misirlilərə bənzəyirlər. Bu məşhur
məqam "Qurani-Kərim"də də öz əksini
tapmışdır. Tanrının icazəsi ilə xilas etdiyi
xalqının yolunu azmasını görməklə on əmrin
yazıldığı daş parçalarını yerə
atıb Qızıl inək bütünü yandıraraq məhv
edir. Bu epizodda da təkallahlığın gücü
nümayiş etdirilir. Bununla inəyə itaət edənlər
də ilahi cəzaya düçar olurlar.
Filmdə Musanın körpəliyi rolunda çəkilən
uşaq aktyor Çarton Hestonun öz yeni doğulan oğlu
idi. Həmçinin,
aktyorun qədim Misir barəsindəki bilikləri Musa rolunu
canlandırmasına kömək etmişdir. Bəzi tədqiqatçılar
ekran işinin "İncil" mətnlərindən fərqləndiyini
qeyd etsələr də, ümumən film tənqidçilərin
müsbət rəyini qazanmışdır. Film ekran müvəffəqiyyətinin
zirvəsi adlandırılmışdır.
25.07.2021
Ceyhun MİRZƏLİ
Ədəbiyyat qəzeti.- 2021.- 17 iyul.- S.32.