ALEN MABANKUNUN ÜÇ AFRİKASI
Müasir Afrika ədəbiyyatının
ən görkəmli nümayəndələrindən biri
Konqo yazıçısı Alen Mabankudur. O, fransızdilli Afrika ədəbiyyatının ən
istedadlı imzalarından biri hesab olunur. "Günbəgün",
"Ağaclar da ağlayır" adlı şeirlər
kitabının, "Sınıq qab", "Sabah iyirmi
yaşım olacaq", "Sus və öl" adlı
romanların və esselərin müəllifidir. Yazıçı Alen Mabanku ilə fransız
jurnalist Arian Puassonyenin müsahibəsini təqdim edirik.
- Sizin həyatınız üç
ölkə ilə sıx bağlıdır: Konqo, Fransa və
ABŞ. Bu üç ölkənin mədəniyyətlərinin
kəsişməsində özünüzü necə hiss
edirsiniz? Sizə çətin deyilmi?
- Mən
hesab edirəm ki,
bunun mənə çox faydası var. Üç
qitənin mədəniyyəti ilə toqquşma
dünyanın müxtəlifliyini mənə açır,
"gəzən Afrika" dediklərimi öyrənməyimə
imkan verir. Birincisi, Afrikanı öz içində gəzmək:
Konqoda yaşadığım vaxtlarda belə, qitənin
bütün müxtəlifliyini həyata keçirməyimə
kömək edən Qərbi Afrikadan olan mühacirlər ilə
görüşmək fürsəti tapdım. Fransada mən Qərb
mədəniyyəti ilə tanış
oldum, təkcə tanış olmadım, həmçinin
burada köç, səyahət, kölə ticarəti və
müstəmləkəçilik nəticəsində Avropada
gəzən Afrika sivilizasiyasının izlərini
gördüm. Amerika Birləşmiş Ştatlarında,
evimin qitəsini fərqli bir obyektivdən gördüm ki, bu
da kölə sistemi və kölə ticarəti
dövründə Amerika üzərində gəzərək
başqa bir gəzən Afrikanın kölgələrini
görməyimə imkan verdi. Nyu-York mənim üçün xüsusi bir
"Afrika Amerikası" adlanan dünyanın
qapılarını açdı. Onun bir
parçasını XX əsrin birinci yarısında zənci
düşüncəsində vacib yer turan "Harlem
İntibahı" hərəkatının görkəmli
nümayəndələri Riçard Rayt, Çester Hayms və Ceyms Bouldin kimi yazıçılar
əhatə edir. Bu üç qitənin
eyvanından mən gələcəyin dünyası
bağlı düşüncələrimi axtarıram. Gələcəyin
dünyası isə fərqli mədəniyyətlərin cəmindən
başqa bir şey deyil...
- Bir çoxları
günümüzdə neoliberalizmin elə bir vəziyyətdə
olduğunu təsdiq edir ki, tənqid üçün
tutarlı bir arqument tapmaq olmur...
-
Düzü, mən belə düşünmürəm. Əgər belə olsaydı, neoliberal sistemin
bütün tənqid alətlərini tamamilə ələ
keçirməsi demək olardı. Mən
daha nikbin düşünürəm. Hər
zaman sistemə qarşı durmağın yollarını tapa
bilərsiniz və bəzən bu sistemin dilinin hərtərəfli
öyrənilməsi, hissələrə ayrılması, yeni
düşüncə formalarının yaranmasına imkan verən
boş məzmununun nümayişi kimi görünə bilər.
Qoz qabığın içindədir, amma bu o demək deyil
ki, mən onu qıra bilmərəm və içində nə
olduğunu görüb yeyə bilmərəm!
Afrika
sivilizasiyalarına nəzər yetirin: fəlsəfələrini
yaymaq üçün Qərb düşüncəsindən
istifadə etdilər. Buradakı zənci
anlayışı Avropada, Fransaya təhsil almaq
üçün gələn qaradərili və antillər
arasında ortaya çıxdı. Onlardan
biri, seneqallı Leopold Sedar Senqor idi. O, Fransız
Akademiyasının üzvü seçildi. Ancaq Eme Sezarın "Vətənə
Dönüş Gündəliyi" əsərinin
universallığını şübhə altına almaq
mümkündürmü? Həmyerlisi Frans
Fanonun "Qara dəri, ağ maskalar" əsərində irəli
sürdüyü analitik nəticələrin gücünə
şübhə etmək olarmı? Onlar
müstəmləkə sisteminə qarşı öz
silahlarından istifadə edərək içəridən
müstəmləkə düşücələrinə zərbə
vurdular.
- Belçika
krallığının nümayəndələrinin "Mərkəzi Afrika"
muzeyini ziyarət etdikdən
sonra öz instaqramınızda "Belçikalıların
müstəmləkə keçmişlərindən
danışmaq istədiklərini" yazdınız. Bununla nəyi nəzərdə tuturdunuz?
- Muzeylər
də insanlar kimidir. Görünüşləri ilə
başqalarına həm səmimi, həm də bilərəkdən
yalan ola biləcək bir informasiya göndərirlər.
Bir adamın parik taxdığını
düşünün. Bu dəbdəbəli saçla
başın cazibəsinə düşə bilərsiniz və
sonra onun saxta olduğunu bildiyiniz üçün çox məyus
ola bilərsiniz. Muzeylə də eyni
şeydir: əvvəlcə sizi heyran edir, amma sonunda məyus
edir. Həmin muzeydə hər otağa
baxdım, ancaq II Leopold dövrünün kəsilmiş əllərini
görmədim.
Əlbəttə
ki, müsbət bir məqam da var: muzey bir sıra Afrika nəslinin
bizə öz hekayələrini izah etməsinə imkan verdi, bu da çox yaxşıdır. Məsələn,
Fransada işlər bir az fərqlidir və
müstəmləkə tarixinə gəldikdə hər kəs
dərhal bizə əlifba öyrətdiyi iddia edilən
Jül Ferri inkar etməyə və arxasında gizlənməyə
başlayır.
Ancaq belə
bir "Afrika" muzeyini yaratmağı xahiş etsəniz,
bütün ziyarət zamanı bir ağ
kişinin bir qaradərilini qamçı ilə
döydüyünü, onu həbsxanaya sürüklədiyini,
torpaqlarını talan etdiyini, onu dəmir yolu çəkməyə
məcbur etdiyini görəcəksiniz. Hər kəsin
sağ qalmadığı şərtlər var. Bu vəziyyətdə
instaqramımda "müstəmləkə keçmişlərindən
danışmaq istədiklərini" yazdım.
Müstəmləkəçiliyin qurbanı qiyaməti
təqdim edəcək, qərbli isə sizə sivil təsirindən
danışacaq. Həqiqət həm bunu, həm də o
birisini özündə birləşdirir. Bu
anda yalnız subyektiv şərhlərimiz olmalıdır.
- Fransızların Afrika mədəniyyətinə
aid nümunələrin öz sahiblərinə geri
qaytarması təşəbbüsünü necə qiymətləndirirsiniz?
- Fransa Prezident Administrasiyasından Felvin Starr və
Benedikt Savoiyenin təqdim etdikləri Afrika mədəni irsinin
qaytarılması ilə bağlı hesabatı bəyəndim,
lakin bu günə qədər bu yalnız bir nəzəriyyədir. Hər
şeyin praktikada necə keçdiyini görmək
lazımdır.
Mirasın
qaytarılması eyni sualı gündəmə gətirir:
müstəmləkə tariximizi necə şərh etmək
olar? Niyə fransız dilində və
ümumiyyətlə, Avropa tarixi dərsliklərində irsin
talan edilməsindən bəhs edən bir söz yoxdur?
Müstəmləkəçilər sənət əsərlərimizin
heç bir şey olmadığını düşünərək səhv etdilər. Bu gün dünya sənət mədəniyyətinin
formalaşması barədə tam bir təsəvvür əldə
etməyimizə kömək edənlər bunlardır.
Afrikalılar
yalnız talan edilmiş mirasın dünya mədəniyyətinin
ayrılmaz bir hissəsi olduğunu və qurucuları Afrika sənəti
ilə tanış olmasalar, sürrealizmin
ortaya çıxmayacağını etiraf etmək istəyirlər.
Bu səbəbdən təkcə mədəni mülklərin
qaytarılması kifayət deyil: Afrikanın böyük bədii
potensiala sahib olduğu da qəbul edilməlidir.
- Sizcə, Afrika ədəbiyyatı
dünya ədəbiyyatında layiqli yerini tuturmu?
-
Afrikadakı frankofon ədəbiyyatı, yüz yaşında
belə deyil, hələ gənc bir fenomendir. Ona
güclənmək, özünü təsdiqləmək
üçün vaxt verməlisən. Maraqlıdır
ki, dünyamızın parçalanmasını əks etdirən
və zəmanəmizin aktual problemləri barədə dialoqa
girən qloballaşma yolunu tuta bildi.
- Özünüzü
Afrikadakı bütün insanların fikirlərini ifadə edən
bir yazıçı hesab edirsiniz?
- Belə
bir açıqlama təvazökarlıqdan uzaq olardı. İngilis dilində danışanlar da daxil olmaqla,
getdikcə daha çox afrikalının kitablarımı
oxuduğuna, ruhən yaxın tapdığına və onlardan
ilham aldığına inanıram. Bu maraq
qarşılıqlıdır: əsərlərimdə onlara
yaxın olan şeylərdən bəhs edirəm. Ümumi fikrin sözçüsü sayılmaq istəməzdim
- bu, Məsihin taleyini çox xatırladır. Ancaq kitablarımı afrikalılarla birlikdə
yazdığımı təəssüratı verməsi məni
ancaq sevindirir.
- Nə vaxt özünüzdə
"yazmaq" istəyini aşkar etdiniz?
- Orta məktəbdə
şeir yazmağa başladım və dərindən
özümü yalnız şeirə həsr etmək istədim.
Eyni zamanda, yazmanın əsas məşğuliyyət ola bilməyəcəyinə inandım -
yazı prosesini zehni əzablarımı yatırmağa, tənhalığın
öhdəsindən gəlməyə kömək edən bir
vasitə kimi gördüm. Yeri gəlmişkən,
mən ailənin tək uşağı olmuşam. Yazı prosesi ətrafımdakı dünyadan qopub
özümü yaratmağıma imkan verən dinim kimi oldu.
Əsas işimə paralel olaraq ədəbiyyatla
yalnız ara-sıra məşğul olacağımı
özümə təlqin edərək yazmağa davam etdim. Beləliklə,
yazı bacarığımı tədricən artırdım
və həyatımın işinə çevriləndə
getdikcə daha inamlı addımlar atdım.
- İlk romanınız
"Mavi-Ağ-Qırmızı" 1998-ci ildə nəşr
olundu, ancaq bundan əvvəl dörd şeir toplunuz çap
olunmuşdu. Şeir ilə
roman arasındakı fərqi nədə
görürsünüz?
- Şeir romantik gənclik ruhudur, ilk sevginin sərxoşluğudur,
ilk xəyal qırıqlığı ilə doludur. Bu, Lamartin
kimi, Hüqo kimi, de Vinni kimi romantizm klassiklərinə aşiq
olduğumuz zamanın bir əksidir. Çikaya
U Tamsi kimi görkəmli şairləri dünyaya gətirən
vətənimdə şeirə həmişə xüsusi
hörmətlə yanaşılmışdır. Romanın yeni növü yalnız 1979-cu ildə
Konqonun ən böyük yazıçısı
saydığım Sonia Labu Tansinin "Həyat və
Yarım" romanı nəşr olunduqdan sonra həqiqi
populyarlıq qazanmağa başladı. Onun
bu işi bizə göstərdi ki, öz zehni əziyyətindən
çox danışa bilərsən. Romanda
qarşımızda açılan yazıçının
ruhu deyil, qəhrəmanın ruhudur.
- Sizcə, bir
yazıçının əsərləri ilə öz ruhunu
oxşaması ifadəsi doğrudurmu?
- Əlbəttə! Dünyaya əsl mənliyinizi
göstərmək üçün siyasi və mənəvi
cəsarətə sahib olmalısınız. Yazıçının
yolu hər hansı bir parkdakı baxımlı bir xiyaban deyil,
daha çox daş, palçıq və gölməçə
ilə dolanan dağ yoludur. Cəsarətdən
məhrum olanlar çəkmə geyinəcəklər. Yazıçı cığırda ayaqyalın
addımlayır və ayaqları yaralansa da sona qədər
gedir. Fikrini həyata keçirməli, bu
dünyanın bütün gücünü özündə
cəmləşdirərək zehni məhsulunu ortaya
qoymalıdı. Yalnız bundan sonra məqsədinə
çata bilər.
Müsahibəni apardı: Arian
Puassonye
Tərcümə etdi: Tural
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2021.- 17 iyul.- S.31.