"Qurani-Kərim"in mükəmməl

 təfsirinin dilimizdə ilk tərcümə və nəşri  

 

Orta əsrlərdə Azərbaycanın hər guşəsində İslam dinini əsərlərində təbliğ edən görkəmli alim və sənətkarlar yaşayıb. Onların fəaliyyəti həmin dinin möhkəmlənməsində, yayılmasında, eyni zamanda İslamın elmi baxımdan izahında mühüm rol oynayıb. Qədim Naxçıvan diyarı həm də belə şəxsiyyətləri ilə tanınır. Ümummilli lider Heydər Əliyev 11-12 iyul 1996-cı il tarixdə Naxçıvan şəhərində keçirilən "Uluslararası qaynaqlarda Naxçıvan" beynəlxalq simpoziumunun iştirakçılarına göndərdiyi məktubda yazırdı: "Hər daşı, qayası tarixin canlı şahidi olmuş bu torpaq bir çox dünya şöhrətli alim və mütəfəkkirin, memar və ədibin, dövlət xadimi və sərkərdənin vətəni olmuşdur. Onların fəaliyyəti və irsinin bəşər tarixində rolu danılmazdır".

Qeyd etmək lazımdır ki, müstəqillik illərində, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin inkişafına töhfə vermiş şəxsiyyətlərin irsinin öyrənilməsi üçün geniş və münbit şərait yaradılıb. 2018-ci ildə isə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub, bu sahədə böyük mədəni-ictimai əhəmiyyətə malik tədbirlər keçirilib, bu tədbirlər diyarımızdan İslam dünyasına mühüm bir pəncərə açıb.

Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi münasibətilə keçirilən açılış tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov deyib: "İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir. Mənəvi saflığa və ədalətə çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində İslam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu vardır. Bunun sayəsində qədim Naxçıvan şəhərində də zəngin tarixi-mədəni irs formalaşmışdır".

Bu istiqamətdə aparılan mühüm işlər sırasında görkəmli İslam alimi Nemətullah Naxçıvani irsinin öyrənilməsi və təbliği də əhəmiyyətli yer tutur.

Nəqşibəndiliyin ən böyük şeyxlərindən olan Naxçıvanini müasirləri "gizlənən dərviş" adlandırıblar. Mütəsəvvüf (təsəvvüf alimi) və müfəssir (təfsir alimi) kimi tanınan Naxçıvani çox sayda əsər qələmə alıb. O, "Qurani-Kərim"i təsəvvüf üslubunda təfsir edən ilk alim kimi tarixə düşüb. Təəssüflər olsun ki, Naxçıvaninin heç bir əsəri dilimizdə nəşr edilmədiyi kimi, onun haqqında Azərbaycan elmi-ədəbi mənbələrində məlumat tapmaq da çox çətin idi.

Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin XV-XVI əsrlərdə yaşamış görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında 2018-ci il 29 oktyabr tarixdə imzaladığı Sərəncam da mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsi, təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tarixi sərəncam milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin tədqiqinə göstərilən dövlət qayğısının daha bir bariz ifadəsidir. Sərəncamla təsdiq edilən Tədbirlər Planında böyük İslam mütəfəkkirinin yaradıcılığının dərindən öyrənilməsi, bu mövzuda beynəlxalq konfransın keçirilməsi, "Nemətullah Naxçıvani: taleyi və sənəti" kitabının nəşr edilməsi, "Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə" ("Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi") adlı təfsirin dilimizə tərcümə olunub çap etdirilməsi kimi mühüm vəzifələrin həyata keçirilməsi nəzərdə tutulub.

Bilindiyi kimi, Nemətullah Naxçıvani də Naxçıvanın adını yüksəklərə qaldıran alimlərdən olub. O, təkcə ilahiyyat elmində deyil, həm də dünyəvi elmlərdə mahir idi. Dövrünün böyük övliyalarından olan görkəmli alim bir çox sahədə söz və hikmət sahibi olub. XV əsrin sonları, XVI əsrin əvvəllərində yaşamış Nemətullah Naxçıvaninin mənbələrdə üsul və fiqhdə kamil alim olduğu və təsəvvüf ədəbiyyatı tarixinin ən gözəl sufiyanə təfsirini yazdığı qeyd edilir. Bu baxımdan onun Anadoluya gəlməzdən öncə yazdığı "Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə" adlı fundamental traktatı müqəddəs kitabımızın surə və ayələrinin təsəvvüfi təfsirini verən ilk qaynaqdır. Ona görə də bu əsər uzun müddət ilahiyyat alimlərinin, şərqşünasların stolüstü kitabı olub. Həmin əsərin dünyanın müxtəlif muzey və kitabxanalarında onlarca əlyazma nüsxələri mövcuddur. Bu kitab 1908-ci ildə Mətbəəyi-Osmaniyyədə iki cilddə nəşr edilib. Əsər çətin dərk edildiyindən yenidən nəşr olunmayıb.

Son dövrlərdə, XXI əsrdə bu əsərə yenidən müraciət olunub. Türkiyədə yaşayan ilahiyyatçı alim Ali İhsan Türcan haqqında söhbət açdığımız əsəri Kayseri şəhərində "Naxçıvani təfsiri" adı altında üç cilddə nəşr etdirib. Qeyd edək ki, Naxçıvani məşhur təfsirini qələmə alarkən heç bir ədəbiyyatdan istifadə etməyib, öz fikirlərini sərbəst şəkildə, böyük elmi ustalıqla ifadə edib. Artıq "Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi" çoxcildliyinin birinci cildi dilimizə tərcümə olunaraq 2018-ci ildə, II cildi 2019-cu ildə, III cildi isə 2020-ci ildə - bu yaxınlarda "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə nəşr edilib. Kitabın tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur. Adıçəkilən sərəncamda da qeyd edildiyi kimi, Nemətullah Naxçıvaninin elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olub. Şərqin bu böyük filosofunun elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü vəhdət təşkil edib. Müəllif əsərini "Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə" adlandırmasının səbəbini belə izah edir: "Bilin ki, bu əsərə Allah dərgahından "Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi" adı verilib. Çünki bu əsərdə nə varsa, hamısı Allah-taalanın bəxş edib ortaya qoyduğu, yalnız mərhəmətindən ibarət izahlardır. Bu əsər "Quran"ın sözlərini açıqlayır, Furqanın (haqqı batildən, doğrunu yanlışdan ayıran) hikmətlərini izah edir".

Təfsirin "Giriş"inə nəzər saldıqda aydın olur ki, Nemətullah Naxçıvani irsinin tərcümə olunub oxucu auditoriyasına çatdırılması son dərəcə çətin prosesdir. Görkəmli alimin dilinin ağırlığı, İslam və təsəvvüfi terminlərin geniş şəkildə istifadəsi bu fikri söyləməyə əsas verir. Təqdirəlayiq haldır ki, kitabın tərcüməçisi Nərgiz İsmayılova, elmi redaktor Rəşad Zülfüqarovun da yaxından köməkliyi ilə, bu ağır və məsuliyyətli işin öhdəsindən uğurla gəlib.

Nərgiz İsmayılovanın tərcüməçilik təcrübəsindən irəli gələrək əsərin səlislik və elmiliyinin qorunub saxlanılması gənc alimin həm elmə, həm də vətəninə olan sevgisinin bariz nümunəsi kimi diqqəti cəlb edir.

Bu qiymətli mənbə bir çox ilklərin vücud tapdığı Naxçıvan torpağının dünyada tanıdılmasında çox əhəmiyyətli rola malikdir.

Görkəmli İslam mütəfəkkirinin dəyərli təfsir əsərinə yazdığı 19 səhifəlik müqəddimə və girişin özü ayrılıqda bitkin bir elmi əsər təsiri bağışlayır. Bu giriş alimin "Vəhdəti-vücud" nəzəriyyəsi haqqında görüşlərini ehtiva edir, onun bilik və təfəkkür dairəsinin nə qədər dərin olduğunu göstərir.

Müəllifin "Qardaşlarımdan və dostlarımdan arzum budur ki, bu əsərə, sadəcə, ibrət gözü ilə baxsınlar. Fikir bildirərkən mənəvi zövq və vicdan hissi ilə oxusunlar. Sübut, nəfsi-hesab və təxminlə yox, real təhlil və müşahidə ilə yanaşsınlar" qeydi diqqəti çəkir.

Bundan başqa, tərcümələrdən də aydın olduğu kimi, Naxçıvaninin təfsirində hər surə üç hissədən ibarətdir: birinci hissə, təfsirə giriş, hər bir surənin təfsirinə görə fərqlilik kəsb edən şərhi. İkinci hissədə həmin surənin bütün ayələrinin dolğun elmi izahı verilir. Üçüncü hissə isə surənin nəticəsi, yaxud xətmi adlandırılır. Burada Nemətullah Naxçıvani arif və saleh bəndələrə istiqamət vermək xarakteri daşıyan yekun nəticəni səlis və konkret şəkildə qələmə alıb. Kitabın digər əhəmiyyətli xüsusiyyətlərindən biri ayələri qısa söz və cümlələrlə təfsir etməsidir.

Orijinala xələl gətirilmədən, elmi əsaslara söykənərək edilən tərcümə və tərcüməçinin bəzi mətləblərə gətirdiyi izahlar əsərin aydın şəkildə dərk olunmasına və mütaliəsinə imkan verir. Bu da oxucunu təfsiri zövqlə oxumağa sövq edir. Təfsir kitabının bəzi səhifələrində müəllifin qaynaq verdiyi, istinad etdiyi mənbələr göstərilib. Surələrin əvvəlindəki hər "Bismillah" kəlməsi surənin girişinə uyğun şəkildə şərh edilir. Nemətullah Naxçıvani "Vəhdəti-vücud" nəzəriyyəsini təfsirinin hər məqamında araşdırmağa səy göstərib.

Əsərin 676 səhifəlik birinci cildində müqəddəs kitabımızın, sadəcə, 13 surəsi və onun ayələrinin şərhi verilib.

İkinci cild 539 səhifədən ibarətdir. Burada 20 surənin təfsiri mövcuddur. İbrahim surəsi ilə açılan kitab Əhzab surəsi ilə yekunlaşıb. Üçüncü cild 779 səhifədir və 81 surənin təfsirini ehtiva etməkdədir.  "Səba" surəsi ilə başlayan bu cild "Nas" surəsinin təfsiri ilə yekunlaşıb. Bundan başqa, III cildin sonunda "Təsbehül-həmd və səlavat" adlı  hissədə türkiyəli tərcüməçinin təfsirlə bağlı fikirləri öz əksini tapıb.

Qeyd edildiyi kimi, 2018-ci ildən başlayan bu uğurlu iş artıq müvəffəqiyyətlə yekunlaşıb. Bu gün "Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə" ("Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi") adlı təfsirin hər üç cildi artıq tərcümə olunub və çap edilib. Artıq böyük bir əsər yekunlaşıb. Artıq biz burada "Qurani-Kərim"in mahiyyətini tam şəkildə mütaliə etmək imkanı qazanmışıq.

Yeni nəşr Naxçıvanın İslam mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu bir daha sübut edir. Əsər Ali Məclis sədrinin təşəbbüs və qayğısı ilə Azərbaycan xalqına yenidən qazandırılan Nemətullah Naxçıvani irsi haqqında gələcək fundamental tədqiqatlar üçün qiymətli elmi mənbədir. Yeni nəşr geniş oxucu kütləsi üçün də dəyərli bir töhfədir.

 

Əbülfəz QULİYEV

 

Ədəbiyyat qəzeti.- 2021.- 17 iyul.- S.29.