"Möcüzə gözlədim mən bu dünyadan" deyirdi Nisə Bəyim

 

"Unudulmazlar" silsiləsindən

 

O, Sabirabadda - bu aran şəhərində yaşayırdı, Müşfiq adına orta məktəbi bitirmişdi, APİ-də ali təhsili - Filologiya fakültəsini fərqlənmə diplomu ilə başa vurandan sonra məktəbdə ömrünün sonunacan müəllim işlədi. Amma Nisə Bəyimi hamı Şair kimi tanıyırdı. Çox təəssüf ki, bir-iki yazı istisna olmaqla on altı kitabın müəllifi Nisə Bəyimin yaradıcılığı layiqincə tədqiq olunmadı.

 

Möcüzə gözlədim mən bu dünyadan,

Möcüzə gözlədim ömürdən, gündən.

Möcüzə gözlədim qopan tufanla

Dönüb dəyişəcək dünya kökündən.

 

Duydum, bir sözümlə gözəlləşəcək,

Duydum, ruhum kimi bütün varlığı.

Duydum əbədidir mənimlə birgə,

Dünyanın ilahi bəxtiyarlığı.

 

Dünyanın bütün şairləri bu dünyadan möcüzə gözləmişlər - nəsə dəyişəcək, hər şey yenidən qurulacaq. Şair xəyallarının qanadları "Aləmi-müsavat"dan (Məhəmməd Hadi) "böyük kommunizmin sabahına" (Səməd Vurğun) qədər səyyarələr dolaşıb, ölkələr gəzib, amma bu xəyalların sonu onda bitib ki: "Hər addım başında bir möcüzə var, // Möcüzə küləkdi, oddur, bulaqdır. // Hər şeydə, hər yanda min möcüzə var, // Daşda, qayada da möcüzə yatır" (Fikrət Qoca). Nisə Bəyim də möcüzənin varlığını dərk etmirdi, elə həmin şeirin sonunda möcüzə içində yaşayıb ölməyi "bu naqis dünyanın möcüzəsi" hesab edirdi.

Nisə Bəyimin ilk şeirlər kitabı - "Yerə, göyə, Tanrıya" - 1997-ci ildə işıq üzü gördü və bu kitabdan sonra o, nəinki qadın yazarlar arasında, ümumiyyətlə, müasir poeziyada seçildi, fərqləndi. Xüsusilə, "Azərbaycan" jurnalında elə bir il olmadı ki, silsilə şeirləri dərc edilməsin. O zaman jurnalın baş redaktor müavini İsa İsmayılzadə idi və İsa müəllim bu şeirləri oxuyan kimi heyrətini gizlədə bilmədi. "Axır ki, əsl şeir ayaq basdı jurnala", - dedi.

Onun özünəməxsus poeziya aləmi vardı. Şeirlərində heç kimə bənzəmirdi. Öz taleyini yazır və bu taledə XX-XXI əsr bir Azərbaycan qadınının dünyaya, gerçəkliyə, gözəlliyə, təbiətə, sevgiyə paylanan bir şair qəlbinin döyüntülərini eşidirdik.

Şeir kədərli də ola bilər, işıqla dolu sevgi də şeirlərində əks etdirə bilər, insan ömrünü təkcə bir dairədə, bir bucaq altında düşünmək sadəlövhlük olardı. Nisə Bəyim poeziyaya qadın qəlbinin rahatsızlığından, sıxıntılı, nigaranlıqla dolu həyatın onda yaratdığı pessimist əhval-ruhiyyədən, yaşadığı mühitin mənəvi boşluğundan gileylənərək gəldi. Onun üçün çox şey üfüqdə görünən qızartılara bənzəyirdi - görüntü var, amma bunlar mübhəm bir sirr içindədir. Görünür, elə bir vaxtın gəlişinə ehtiyac duyulur ki, xoşbəxtliyin, səadətin nə olduğunu anlada bilsin. Nisə Bəyimin ilk şeirləri onun öz ürəyilə baş-başa verdiyi, mənəvi rahatsızlığın gətirdiyi duyğulardan yaranmışdı. Bu şeirlərdən göz yaşları da süzülürdü, alov-alov kədər də püskürürdü, amma onlar süni hisslər deyildi, qəlbin çırpıntılarını əks etdirirdi. Həm də elə bu kitabındaca Nisə Bəyim özünü bir şair kimi təsdiq edə bildi. Heca şeirinin, ənənəvi şeirin poetik imkanları genişdir, hüdudsuzdur, "köhnə havalarda" təzə notlar səsləndirmək mümkündür, - fikrini reallaşdıra bildi.

 

Düşür əllərimə göz yaşı kimi

Gecədən üzülən bir damla işıq.

Qoy gedim bu dərdin sonuna kimi

Əriyim bu dərddə... Gecə qarışıq.

 

 

Nə şimşək, nə külək.od, nə yağış,

Yoxdu bu heçlikdə bir nəfəs izi.

Gedim bu işığın sonuna qədər,

Baxsın gözlərimə Tanrının gözü.

 

Qoy gedim ölümün sonuna qədər,

Solsa da ölümtək yarpaq gözlərim.

Başqa bir sevgiylə, başqa bir hisslə

Baxacaq göylərə torpaq gözlərim.

 

Onun şeirlərində sırf təbiət təsvirləri, peyzajlar o qədər də nəzərə çarpmırdı, amma bunun əvəzində təbiətlə onun ürəyi, hiss və duyğuları bir-birindən ayrılmazdır. "Yağış şeirləri" silsiləsində Təbiət və Ürək bir müstəvidə birləşir. "Dünyanın ən acı həqiqətləri, // Yağış güzgüsündə görünər mənə", "Yağ, payız yağışım, yağ həyəcanla, // Oyat duyğusunu yatan dünyanın", "Ömrün payızına yağan sevginin // Yağıştək izləri qalırmı görən?".

 

Eh, dünya özü him-cimsə,

Biləmməz sirrini kimsə,

Onu sevə bilmədimsə,

Bu mənim günahım deyil.

 

Qəm buludları qat-qatsa,

Dağılacaq ahım çatsa.

Hələ göylər salamatsa.

O ah mənim ahım deyil.

 

Bu misralarda Füzulidən gələn bir nəfəs var. Füzuli deyirdi: "Deyil bihudə gər yağsa fələkdən başıma daşlar, // Binasın tişeyi-ahimlə viran etdigimdəndir".

Nisə Bəyimin "İlahi vaxt" kitabında toplanan şeirlər isə artıq onun fərdi duyğularının, öz içindəki narahatlığın yeni bir ahəng almasından soraq verirdi. Birinci kitabında o, Vaxt anlayışını öz adi, konkret mənasında qəbul edirdi, günün, reallığın çərçivəsindən çıxış edirdi, Vaxt onun üçün donub qalmışdı. Amma "İlahi vaxt"da Vaxt gözlənilən ana çevrilir: şairənin duyğuları dünyanı dərk etməyə, həyatın gözəlliyini, nəşəsini duymağa, öz ömrünün vaxt axarını müəyyənləşdirməyə, ağrının da, əzabın da, sevginin və sevincin də mənasına varmağa can atır.

"Vaxt silsiləsi" dünyanı dərk etməyə çalışan bir şairin İlahi vaxta qovuşmaq arzusunu ifadə edirdi. Bu da sufilik anlamına gətirib çıxarır: "Bu yorğun yollarda nə axtarırsan? - Mən eşqin sirrini gəzirəm ey pir! - Zavallı, özünü yorma bu qədər, Eşq - haqqın yoludur, içindən keçir!".

Şairənin sonrakı şeir kitablarında Həyat, Ölüm, Tanrı, Vaxt, Ömür, Yol və s. obrazlar yeni, daha orijinal təsir bağışlayan mənalar kəsb edir. Özünü dərk etməkdən dünyanı dərk etməyə, Zamanı duymağa yönələn çırpıntılar "Duyğu yağışları" kitabında yeni poetik cizgilərlə diqqəti cəlb edir. "Əsəbi dünya" şeirində şairə Dünya, İnsan və Həyat haqda düşüncələrini belə ümumiləşdirirdi:

 

Dünya əsəbidir...

Hava sinirli...

Küləklər hirsini çırpır divara...

Kimi ürəyindən, kimi dilindən,

Kimi ayağından düşür avara.

 

 Yaman qarışıqdır dünyanın halı.

Bu əlin o ələ gümanı yoxdu.

Kiminin doğulub adam olmağa,

Kiminin ölməyə inamı yoxdu.

 

Nisə Bəyimin şeirlərini oxuyan kəs ilk baxışda dərd sözünün içində çaşıb qalmasın, - deyirik. Bu, adi, sızıltılı, necə deyərlər, patoloji dərd deyil. İnsanın bir Sevinc, bir də Dərd adlı qanadları olduğunu təsəvvür etsək, Nisə Bəyim Dərd qanadının üstündə uçur. Haralara? Varlığın başlanğıcından Sona - Ölümə qədər... Ona görə də Dərd anlayışı fəlsəfi məna kəsb edir. Eləcə də bu Dərdin sırasındakı göz yaşları, ah-aman, Ölüm haqqında düşüncələr bizim təsəvvürümüzdən daha genişdir.

 

Gəl bu göz yaşlarına

Sevinib dua edək.

Bu dünyanın sonuna

Qəmlə birlikdə gedək.

 

Varıqsa, varlığımız

Üyüyüb əzilməsin.

Nə öncə, nə də sonra

Vaxt bizdən üzülməsin.

 

Qapanmış ömrümüzün

Yolu tək ümiddimi?

Yaşaya bilməyənə

Ölüm də bir dərddimi?

 

Nisə Bəyim həm də poemalar müəllifiydi, özü də çox maraqlıdır ki, şeirlərində bəlkə də çoxlarına "dərdli şair" təsiri bağışlayan Nisə Bəyim poemalarında "dərdli", "küskün" deyildi. Məsələn, onun "Himn", "Arazım, xan Arazım" poemaları Azərbaycanın müstəqillik uğrunda mübarizəsindən söz açırdı.

Nisə Bəyimin istənilən şeirlər kitabında onun bir şair kimi sənətkarlığının - sözə münasibətinin, bədii təsvir vasitələri ilə şeirlərinə necə "naxışlar" vurduğunun şahidi oluruq. Bunun üçün sayılı-seçili misallar göstərməyə ehtiyac yox... elə ilk kitabından bir şeir nümunəsi təqdim edirik ki, baxın, görün, şairə səsdən sözə, sözdən şeirə, şeirdən isə poeziyaya necə gəlir?

 

Könül, burax göy üzündən

Şimşək olum, çaxım gedim.

Məni gizli sevənlərin

Ürəyini yaxım gedim.

 

Hörüldüm dərdin daşına,

Dünyanın qəm naxışına,

Damcı-damcı yağışına,

Gözlərimi sıxım gedim.

 

Yanan dağların qarıdı,

Dərdim heyvadan sarıdı,

Məndən ucada Tanrıdı,

İndi hara çıxım gedim?

 

Nisə Bəyimin sonuncu şeirlər kitabının adı "Altı on-on alt" idi. Bu kitab şairənin 60 illiyi ərəfəsində çap olunub. Qadınlar çox zaman yaşlarını demir, gizlədirlər, amma Nisə Bəyimin "Natəvan" klubunda keçirilən tədbiri məhz 60 yaşıyla bağlı idi. Nisə Bəyim şeirlərində ürəyini, hisslərini gizlətmədiyi kimi, yaşını da gizlətmədi.

O tədbirdə iştirakçıların sayı çox azdı və əlbəttə, bu da gözlənilən idi. Buraya toplaşanlar yalnız qəzetdəki elanla gəlmişdilər, heç bir çağırışa, "təşkilə" ehtiyac duyulmamışdı. Ortabab, hətta zəif şeir kitablarının müzakirəsində bəzən ağzınacan dolu olan "Natəvan" klubunda indi iyirmi-otuz adamın olması heç də Dərdə çevrilmədi. Əksinə, çox əla bir tədbir keçdi. Xalq yazıçısı Anar Nisə Bəyimin bənzərsiz bir şair olduğundan söz açdı. Anar müəllim Nisə Bəyimin "Online" romanını bir günün içində oxuyub başa çatdırdığını, onun nəsrdə də uğur qazandığını söylədi. Burada qeyd edim ki, Nisə Bəyim həm də iki romanın müəllifiydi.

Sonda: Nisə Bəyim - bir il öncə dünyasını dəyişən gözəl şairə Şeir ömrü yaşayıb. Və bu yazını da dünyadan möcüzə gözləyən, amma bizim müasir poeziyada özü də bir möcüzə timsallı Nisə Bəyimin bu misraları ilə bitirmək istəyirəm:

 

Şeir ömrü yaşadım...

Qəlbim sözdən söz çəkdi.

Ürəyimlə, qanımla

Söz doğurdum,

Söz əkdim.

Bu dünyanın yükünü

Qoşub şeirimlə çəkdim.

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 17 iyul.- S.24.