Bu, daha
Allahın möcüzəsidir...
Nənəni
nəticəsinə xeyir-dua verməyə apardım.
Sabahısı nəticəsinin toyu olacaqdı. Nənə
keçmişlərdən danışdı, bir armudu stəkan
çay da içdi. Nənə, adətən, bir məclisdə
yarım saatdan çox otura bilmir. Qısa bir vaxtdan sonra "bəsdi,
durun, gedək" deyir.
Nənə bu dəfə gözlənilmədən mənə: "Bir
şeir de, gedək" dedi. Tanımayanlara nənənin bu
sözü təəccüblü görünsə də,
bilənlər bilirdi ki, uzun illər aynalı corablar
toxuya-toxuya Məhəmmədhüseyn Şəhriyardan, Səməd
Vurğundan, Mikayıl Müşfiqdən, Məmməd
Arazdan, Söhrab Tahirdən... şeirlər deyən nənədir.
Ucqar dağ kəndində cəmi dörd sinif bitirən nənə
o şeirləri də eşidib əzbərləmişdi.
Araya söz saldım ki, bəlkə nənə şeir
sifarişini unuda, amma, deyəsən, nənə fikrimi duydu:
"Nədi, demək istəmirsən?". Naəlac qalıb
şeir dedim.
Evə qayıdandan sonra: "İndi gəl sənə nə qədər
şeir istəyirsən oxuyum", - deyə bu dəfə
Allahşükür Ağanın "Ləpir",
"Əgər...", "Ayaqların xatirəsinə",
"Bir şamın içindən",
"Tankçı", "Ağlamaq", "Payız
istiləri", "Sənin gülüşlərin",
"Buludlar dəyir uşaqlara", "Qoca", "Top
atmaq kimi", "Çiçəklər, əllər
", "Dünya", "Qartalım",
"Ayaqlarımın qandalıdı araba", "
Çayda balıq nağılı", "Gəl belə
danışaq, kədərli dostum", "Ay
dünya...", "Saatın min dəfə bir olub",
"İtmiş gecə", "Skamyalar", "Pəncərədən
gözəl görünür payız...", "Səs
salmayın", "Bayıl türməsi" şeirlərini
oxudum. Nə isə, əməlli-başlı bir poeziya
buketi... Amma nənə də, nənəyə baxan
qızı da (o da natamam orta təhsilli idi) bir dəfə
"bəsdi" demədilər. Az qala nəfəsini çəkmədən
dinlədilər. Sadəcə, arada heyranlıqlarını
bildirən səsləri gəldi.
***
...Məncə,
çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi...
***
...Bacalardan
qalxan tüstülər
meşələrin ahıdır,
bəlkə.
Ona görə özlərini
dumana bənzətməklə
Ovunmaq istədilər bir az...
Ağacların gələcəyidir tüstülər,
Hər gün meşələrin
üstündə dayanıb,
Əl eləyirlər,
bir az susurlar.
Yenə
dumanda bir az göz yaşı var,
Bir az yaşla
sevinir adamın gözü.
Amma
Göz yaşı da yanıb
Bu tüstülərin.
Adamın
gözündən dartıb
Yaşı da çıxarır hələ.
Biz neylədik, insanlar,
Göz yaşlarını yandırıb
Qızınmaqmı olar?
***
...Gərək
yağmayaydın, qar,
yazıq deyildinmi?
yazığın gələydi
barı özünə.
İndi
üstündə bir maralın qanı
sürünür
Qırmızı
Şərf kimi...
Şeirləri oxuyarkən nənə
də, qızı da necə təsirlənmişdilərsə:
"Bu daha Allahın möcüzəsidi. Bu elə-belə
şair deyil, alim şairdi" dedilər.
- Adı nədi? -
soruşdu nənə.
- Allahşükür Ağa.
- Allahşükürü Allah saxlasın!
- Neçə yaşı var?
- Otuz yaşı olur.
- Görüm onu otuzluq lampa kimi yansın! Nə qəşəng
sözləri var! Uşaq süd şüşəsini
qucaqlamışdı e, onu bir də oxu!..
...Mən isə poeziya qoxusu hər misrada az qala yüz ağaclıqdan adamı vuran
şeirlərini oxuduqca yazdıqlarımdan
utandım, Ağa!
QARDAŞXAN
Ədəbiyyat qəzeti.- 2021.-
17 iyul.- S.22.