Rəng və ahəngdən danışıq dilinəcən...
Söz öz sahibinin səsidi, məncə,
Hər söz sahibinin ruhunu geyir.
Elxan Yurdoğlu
Azərbaycan ədəbi dilinin inkişafında, onun yeni üslub faktları ilə zənginləşməsində müəyyən qədər
rolu olan şairlərdən biri də Naxçıvan ədəbi mühitinin gənc nümayəndəsi
Elxan Yurdoğludur. Əlinə qələm
alandan bəri imzası və ifadə tərzi ilə seçilən şair bədii dilimizə öz payını verməyə
çalışan sənətkar
kimi diqqəti cəlb edir. Onun əsərlərini oxuyarkən düşünürsən
ki, doğrudan da, M.Adilovun dediyi kimi "şeir mahnıdan törəmişdir və
məhz mahnının
musiqisindən ayrılan
nöqtədən şeir
başlayır":
Elə
hey gedərəm, yollar
yol gedər,
Yollar yedəyində
yorar yolçunu.
Beləcə, ömrümü verərəm
hədər,
Baxaram, ölüm
də açıb ovcunu.
Burada y səsinin
alliterasiyası şairin
bədii duyumunu göstərir. Əsərdə samit səslər
elə bir bədii mühitə düşür ki, yeni musiqili səslənmə
keyfiyyəti yarada bilir.
Ədəbi aləmdə bir
çox dəyərlərin
şairi vardır: qəlb şairi (M.Füzuli), dəniz şairi, küləklər
şairi, məhəbbət
şairi (Nəbi Xəzri), "daşların
baş nəğməkarı"
(Əliağa Kürçaylı),
rənglərin uzmanı,
sərrafı (Rəsul
Rza), Naxçıvanın
Səməd Vurğunu
(İslam Səfərli)
və başqaları
kimi. Poeziyada bu ənənə
nəsilbənəsil davam
edir. Bu yol
uzun yoldur və hər bir qələm sahibinin imzasını fərdi cığıra salır. Elxanda da belə bir istiqamət sezilir. Onu "yollar şairi"
kimi dəyərləndirmək
olar. Yollar Elxanın dilində
xüsusi bir obrazdır. Bu obraz bilərəkdənmi,
ya bilmədən, məqsədli və ya məqsədsiz şəkildə yaranıb?
Bilinmir.
Lakin bu bir gerçəklikdir ki, yollar şeirin
sehrinə salınaraq
maraqlı bir obraza çevrilib:
Biz yolları bitirmədən,
yollar bizi bitirdi,
Bu yollarda kim
nə tapdı, kimlər kimi itirdi?
Yollar yoran yuxularım üzüqoylu yetirdi
Cavab verdi sualıma:
Yol yoldaşın yollardır.
İnsan daim yol gedir,
insan daim səfərdədir, yolçudur. Bu ömür yoludur, ya fikir yoludur,
fərq etməz, hər halda, yoldur. Yollar insanın ömür
dostlarındandır. Elxanın
fikrincə, yollar insan həyatının bəzəyidir:
Bu yolun qısası yox,
Yaxını, kəsəsi yox.
Geriyə
dönəsi yox,
Gedək
yol bitənəcən,
Yolları ötənəcən.
Getmək
barışdı, bil,
gəl,
Haqqa varışdı, bil, gəl,
Qorxma, tanışdı, bil, gəl,
Gedək
yol bitənəcən,
O haqqa yetənəcən.
Şeir canlı danışıq
dilinin bütün xüsusiyyətlərini əks
etdirsə də, dilin fonetik imkanlarından
istifadə üsuluna görə hər bir qələm sahibinin "öz dili" meydana çıxır. Bu baxımdan, haqqında söz açdığımız Elxan
Yurdoğlunun aşağıdakı
misraları da maraqlıdır:
Dağların daş dilini duya bilirlər,
Quşların quş dilini duya bilirlər.
Doğma
qardaş dilini duya bilirlər,
Biri getdi, biri köçdü, biri qaldı.
Elxanın "O ağacı kəsdilər"
adlı şeirində
belə bir ifadə var: "Tənha şairin söz yolunu kəsməyin, Yolu düz yeriyənin düz yolunu kəsməyin". Bu misralarındakı s, z və
y samitlərinin ahəngi
səslərin poetik qüdrətini ortaya qoya bilir. Buradan belə bir fikir qətiləşir:
Poetik dildə səslərin rəngi və ahəngi adi danışıq dilindəkindən yüksək
olur.
Elxan Yurdoğlunun dilində onun öz qələminə
xas olan bir sıra fərqli
fikirlərlə qarşılaşmaq
olar:
Şair
başına gələr
Sevdanın ən betəri.
Həsrətin
sağ əl kimi
Misralara çəkilib.
Ümumxalq
dilində "başa gəlmək", "sağ əlin
başıma" kimi frazem və deyimlər Elxanın qələmində
məxsuslaşır, şair onlara "əl gəzdirərək"
bədii-estetik səciyyəsini ortaya qoya bilir.
Bir vaxt
uşaq idi, oğlum, atan da,
Uşaqtək sevindi səni tapanda.
Yat, səhər dünyanı
qoyub sapanda
Qonşu həyətinə atarıq,
oğlum.
Elxan Yurdoğlunun daxili monoloqları, insanın
içini, düşüncələr aləmini əks etdirmək
bacarığı şeir mühitində bədiilik faktoru
kimi diqqəti çəkir. Belə məqamları fikrin təzəliyi
müşayiət edə bilir:
Küçə
işıqları dar ağacıdı,
Asıblar şəhərin qaranlığını.
"Qaranlığın asılması" ədəbi-bədii
dilimizdə təzə-tər ifadələrdəndir. Şairin
payız fəsli haqqındakı "ayrılığın
intihar fəsli" ifadəsi də bu baxımdan dəyərlidir.
Çağdaş problemlərin keçmişin
işığında təcəssüm
etdirilməsi Elxan Yurdoğlunun yaradıcılıq
impulslarından biridir. Onun "Uşaqlıq ən dahi
avamlıq imiş" misrasında həm hikmətli fikir, həm
də yeni ifadə diqqəti cəlb edir.
Yadımda
saxlayardım bir-bir söhbətləri
- Şifahi qəzetlər
idi təndir söhbətləri.
Elxanın əsərlərində gördüklərinə,
duyduqlarına seçkin prizmadan yanaşma halları
vardır. Onun insanlara, hadisələrə, obyektlərə
qiymət verməsi də fərqlidir. Yuxarıdakı
misrada təndir söhbətlərinin "şifahi qəzetlər"
adlandırılması belələrindəndir. Vətəni
haqqındakı aşağıdakı misralarda
Naxçıvanın qədimliyi, duz yurdu olması, tarixi qeyrəti
bir araya gətirilmişdir:
Sən ki
mənim Nuh babamın
Süfrəsinə duz vermisən.
Danışanda susub tarix -
Tarixə sən söz vermisən.
Bütün əyri sualların
Cavabını düz vermisən.
Bu cəhətdən
aşağıdakı fikir də orijinallığı ilə
seçilir:
Araz mənim
lal axışlı,
dərd baxışlı duzlu yaram.
İlk baxışda buradakı sözlər adi
görünə bilər. Lakin "dərd
baxışlı" ismi birləşməsi ilə tarixi
gerçəkliklər yada salınır, "duzlu"
sözü "yara"nın epiteti kimi
onun acı verdiyini, sağalmadığını göstərir.
Elxan Yurdoğlu
yaradıcılığında heca vəznində maraqlı şeirlərə
yer verilsə də, sərbəst şeirə müraciət
də davamlıdır. Bədii ovqatın
canlandırılmasında sərbəst şeirin əhəmiyyəti
böyükdür. Çünki bu
şeir formasında qafiyə gözəlliyi ikinci
plandadır, burada məna əsasdır. Məna
bolluğu sözün bədii tutumunu, sanbalını
çoxaldır, çəkisini
ağırlaşdırır. Lakin, sözsüz ki,
hecanın axarına düşən misralar ritmi ilə daha
yüksəkdə dayanır:
Min il, milyon ildi deyilən fikri
Sözünlə rəngləyib təzə
çıxartdın.
Fikirləri
sözlə rəngləmək və rənglədikcə təzələmək
fikrini Elxana şamil etmək ona yaraşır:
Sözün
hansı ruhda sirr gizlədibsə
Oxuyan heyrətdən
tilsimə düşür.
Yaxud:
Sən
ruh adamısan, ruhun adamdı,
Fikirlər söz kimi ruhuna
damdı.
"Sözün ruhda sirr gizlətməsi", "ruha
dammaq" Elxanın bədii icadlarından biridir. Şairin
dilində qədim ümumtürk vahidlərindən olan
arınmaq, yaslanmaq feillərinin aktiv mövqeyi diqqəti
çəkir. Dilin maraqlı milli sözlərindən
olan bu leksik-qrammatik örnəklər hazırda dilimizin fəal
leksikasını tərk etsə də, üslub məqamları
ilə işləkdir:
Bütün
günahlardan arınar,
düşməninə sarılar
bu səsi dinləyən.
Həmçinin:
Olmaz hər
çiçəyə mənnən arı da,
Ki, gül
günahını mənnən
arıda.
Və
yaxud:
Son
anında bilmədim, kölgəsində kim
vardı,
Gövdəsinə yaslanıb danışmadım,
susmadım,
Bizi bir-birimizdən bilərək
ayrı salıb
O ağacı kəsdilər.
Elxan
Yurdoğlunun poetik dilindəki səs naxışları
fonoloji vasitələrin imkanlarına işıq tutmaqdan
başqa, dilin şeiriyyətini dərindən duymaqda enerji
daşıyıcılarındandır:
Canını
alarsan, sözə can verib,
Sözə can verənə söz
də can verib.
Bədii dildə xitabların da üslub keyfiyyətləri
çoxdur. Maraqlıdır ki, bəzən şairlərin
xüsusi müraciət obyektlərinə rast gəlirik.
Bu mənada, Elxan Yurdoğlunun dilindəki "adam",
"qadın" müraciətləri fərdiliyi ilə
seçiləndir:
Çalış
üst-başınla tanınmayasan,
Göz üstə
qaşınla tanınmayasan.
Cavanlıq yaşınla tanınmayasan,
Səni
tanısınlar sözündən,
adam!
Eləcə
də:
Məndən
yaz sevgisi ummaqdan əl çək,
Səni payız kimi sevirəm, qadın.
Elxan
Yurdoğlunun dilindəki sükutu utandırmaq, söz toxumu,
gül-çiçək dili, söz adamı, səsə
baş qoymaq, söz adlı dərd, həsrətin boyunun
uzanması, kələ-kötür xəyallar, rəngli
pıçıltılar, dəli ürək, dünyaya etiraz
ehtiras, ölümə ərk eləmək, yorğun söz,
sözün ana yurdu, ayrılığın cib dəsmalı,
peşmanlığın dizlərini qucaqlamaq, kədərin
göy qurşağı və s. kimi onlarca dil-üslub
faktları şairin öz qələminə məxsusdur.
"Qalxanda da, enəndə
də Sözə
sığınmışam" deyən şairin dilində hikmət
ifadə edən misralar da yetəri qədərdir:
Hər
şəhid bu vətən torpaqlarına
Bir qeyrət
toxumu kimi əkilər.
Qan ilə sulanıb Vətən cücərdər,
Cənnət gülü olar qəbirdəkilər.
Eləcə
də, bu misralara diqqət edək: "Həyat imtahanlar
zalıdı", "Etiraf uduzar utancaqlığa",
"Axşamlar yuxuları oğurlayar xəyallar" və s.
20 il bundan
əvvəl Naxçıvan
Dövlət Universitetinin
auditoriyalarında dərs
dediyim balacaboy, qaraşın tələbəmin
söz yaradıcılığını,
istedadını o vaxtlardan
təqdir edir, bəyənir, hərdən
dərs zamanı şeirlərini dinləyirdim.
Bu gün isə
istedadlı şair, zəhmətkeş folklorşünas
alim kimi tanınan Elxan Yurdoğlu haqqında, onun şeirlərinin dil-üslub xüsusiyyətlərindən
söz açmaq müəllimi olaraq mənim üçün qürurvericidir. Özünəməxsus dil faktları ilə poetik nümunələr ortaya qoyan şair-alim tələbəmə bundan
sonra da yeni yaradıcılıq uğurları arzulayıram.
Sədaqət HƏSƏNOVA
Ədəbiyyat qəzeti.- 2021.-
17 iyul.- S.23.