Bir payız olaydım
kaş.
Payız təki həzin və sönük.
Arzu yarpaqlarım bir-bir
saralmış.
Gözlərimin günəşi
soyuq.
Sinəmin göyü
dərddən dolu…
Bundan artıq,
bəli...
Bundan artıq da səssiz
qalmaq olar.
Uzun saatlarca
Ölülərin baxışıyla,
sabit
bir siqaretin
tüstüsünə baxmaq
olar.
Baxmaq olar bir fincanın quruluşuna
Rəngsiz bir xalça üstündə
gülə...
Anlaşılmayan divar üzərində bir xəttə...
Qupquru bir əl ilə pərdəni qırağa
çəkib,
küçənin ortasında,
yağışın altında
Rəngli çərpələngiylə
dayanmış bir uşağı görmək
olar
Bu anda,
çürümüş bir araba uca səslə
boş meydanı tərk edər...
Öz yerindəcə
durmaq olar,
Elə pərdənin
kənarında...
amma kor...
amma kar...
Bağırmaq olar,
yalançı bir səslə, olduqca özgə
"Sevirəm...!!".
Bir kişinin güclü qolları arasında
Gözəl bir nəsnə olmaq olar
Bədəni dəridən
süfrə
İki bərkimiş
döşlə
Bir sərxoşun yatağında,
bir dəliylə,
bir avarayla
kirlətmək olar bir eşqin təmizliyini...
Bir ömür diz çökmək olar
Bükülmüş boyunla məbəddə
Qəbirdə Tanrının məchulluğunu
görmək olar.
Bir qara qəpiklə iman gətirmək olar
Bir məscidin hücrəsində çürümək
olar
Dua oxuyarkən pirdə...
Bir ləhzənin gözəlliyini gülünc
bir qara şəkil kimi
sandığın tərkində
gizlətmək olar...
Bir boş çərçivədə
bir məhkumun,
bir məğlubun şəklini asmaq olar.
Maskalarla divarın
çılpaqlığını örtmək...
yaxud absurd rollarla
gizlətmək olar.
Bir qurulmuş kukla kimi
Şüşəli gözlərlə
dünyaya baxmaq olar
Qutu içində bir qumaşdan,
İçi dolu samandan,
illərlə torla zərin arasında uyumaq olar
Bir gözəlçənin
əli altında
səbəbsiz bağırıb
"Ah... mən çox xoşbəxtəm"
də demək olar!
***
Bir payız olaydım kaş,
Payız təki həzin və sönük.
Arzu yarpaqlarım bir-bir saralmış,
Gözlərimin günəşi
soyuq,
Sinəmin göyü
dərddən dolu...
Birdən kədər
fırtınası salaydı
canıma caynağını
Göz yaşlarım yağmur kimi rəngləyərdi ətəyimi.
Ah... nə gözəldir,
əgər payız
olsaydım...
Vəhşi, təlatümlü,
rəngarəng,
Gözümün içində
oxuyur bir şair göy üzünün şeirini
Yanımda alovlanaydı
bir aşiqin ürəyi,
Odun alovlarında gizli bir kədər...
...mənim mahnım
Qanadı qırılmış
bir meh təki,
hüzn ətri
calayırdı yorğun
ürəklərə...
Qarşımda;
Gənc qışın
acı baxışı
Arxamda;
Qəfil sevginin yay üsyanı
Sinəm;
Kədərin, dərdin,
ümidsizliyin düşərgəsi...
Bir payız olaydım kaş...
***
Ölümüm çatacaqdır
bir gün
Nur dalğasından
işıqlanmış bir
baharda
Toz basmış uzaq bir qışda
Ya da sevincdən boş bir son baharda
Ölümüm çatacaqdır
bir gün
Acı və şirin bu günlərdə
Başqa günlərə
bənzər boş bir gündə
Bu günlərin,
dünənlərin kölgəsində.
Tor dalanlar kimi gözlərim
Ağ mərmər kimi yanaqlarım.
Bir yuxu alacaq məni birdən
Ağrı naləsindən boşalacam
mən.
Sürünürlər astaca dəftərimə
əllərim şeir
sehrindən uzaq.
Yadıma salıram,
Bir zaman əllərimdə alovlayırdı
qanlı şeir...
Füruğ Fərruxzad
Tərcümə edən: Ümid
NƏCCARİ
Ədəbiyyat qəzeti.- 2021.- 31 iyul.- S.5.