Bizdən irəlidə  

 

İyirminci yüzildə, çarizmin milli zülmü, sovetlərin repressiya və assimilyasiya siyasəti, kütləvi sürgünlər, erməni-bolşevik cəlladlarının əli ilə törədilən qırğınlar, iki dünya müharibəsi, qanlı inqilablar millətimizə nəfəs dərmək imkanı verməsə də, keçdiyimiz yolu, Şərqdə ilk demokratik cümhuriyyəti qurmağımızı və yetmiş il sonra onu yenidən bərpa etməyimizi, bu zaman içində yetişən ziyalılarımızı göz önünə gətirəndə xalqın səməndər quşu kimi öz külündən doğulmaq qabiliyyətinə və yaradıcı gücünə heyrətlənirik.

"Molla Nəsrəddin" və "Füyuzat" məktəblərinin yetirmələri, Azərbaycan Xalq Cümhuriyyəti ideyasının daşıyıcıları və cümhuriyyətin qurucuları, Güney Azərbaycanda Səttarxan və Şeyx Məhəmməd Xiyabani hərəkatı, böyük maarifçilik işi, xalqımızı dünyada tanıdan bir sıra yeni sənət sahələrinin yaranması və inkişafı, bəstəkarlıq, rəssamlıq, ifaçılıq sahəsində yüksələn böyük sənətkarlar, nəhayət, Azərbaycan ədəbiyyatının yetişdirdiyi şəxsiyyətlər... Bu sırada onlarca biri-birindən maraqlı, parlaq şəxsiyyətlər var. Otuzuncu illərdə repressiya maşını onların bir çoxunun ömrünü yarıda qırsa da, bütövlükdə millətin inkişaf yolunu dayandıra bilmədi.

Buna görə biz həmin dövr ərzində ədəbiyyatımızın ümumi mənzərəsindən də qürur duymalıyıq. Sosialist realizminin məhdudiyyətləri, konfliktsizlik, vulqar sosiologiya nə qədər dərin izlər buraxsa da, Azərbaycan ədəbiyyatını öz min beş yüz illik insansevərlik, haqqa, ədalətə, yaradana bağlılıq yolundan sapdıra bilmədi.

Bu albomda öz uzun və şərəfli həyatının ayrı-ayrı anları ilə yenidən oxucu görüşünə gələn Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyev ötən əsrin haqqında söz açdığımız ziyalıları, ədəbiyyat xadimləri arasında boy göstərən, həm şəxsiyyətinə, həm də yaradıcılığına görə ürəyimizi qürurla dolduran, sağlığında böyük klassiklərimiz sırasına qoşulan bənzərsiz və ustad sənətkardır.

Geridə, illərin, on illərin o üzündə, keçmişdə qalan, bizdən əbədilik ayrılan insanlar, tarixə qovuşan böyüklərimiz doğrudanmı zaman keçdikcə uzaqlaşır, əlçatmaz olurlar və onlar haqqında öz ömrünü sürüb, dövranını bitirmiş bir şəxs kimi danışmaqdan başqa çarəmiz qalmır. Bəs cismən bizdən ayrılsalar da söz-söhbətləri, böyük fikir və idealları ilə bu gün də ürəkdən-ürəyə duyğu, sevgi, zəriflik daşıyan, sevgi və müdriklik yolları salmaqda davam edən, minlərlə insanın diqqətini öz keçib gəldikləri tarixə çevirə bilənlərə nə deyək? Burda hansı ayrılıqdan danışmaq olar?!

Azərbaycan ədəbiyyatı tarixində yetişmiş ən parlaq və unudulmaz simaların biri olan Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyev haqqında bu yazını yazmağa başlayanda, nədənsə, ilk növbədə, onun "Geriyə baxma, qoca" romanını xatırladım, çünki həmin roman insanın, xalqın geriyə baxmaq zərurətinin bütün böyük fəlsəfəsini, məna və önəmini açır; qoca geriyə baxır və təkcə bir insanın geriyə baxması ilə gözümüzün önündə zənginliyini və gözəlliyini ifadə etmək çətin olan qeyri-adi bir dünya açılır, bizim dünyamız. Atalarımızın, millətimizin dünyası!.. Birdən-birə hiss edirsən ki, o dünyanı unutsan həyatında, yaddaşında, mənəvi aləmində nə boyda bir boşluq, uçurum yaranar. Böyük yazıçımızın ömrünün yetkin yaşında imkan tapıb "geriyə baxması" ilə bizə Qarabağın heç bir tarix kitabının yaza bilməyəcəyi və ya heç bir tarix kitabına sığışdırılması mümkün olmayan bir epoxasının ruhunu qaytarmasına, bu gün yuxuya, nağıla bənzəyən, amma dünən real olan olaylara can verməsinə, söz ömrü, yəni əbədi ömür verməsinə sevinirsən... Birdən qoca geriyə baxmasa o keçmişi, o keçmişdə yaşamış insanları, o tale labirintlərini, o çalın-çarpaz sevgi və nifrət, xeyirxahlıq və intiqam yollarını necə təsəvvür edə bilərdik? O kökləri bilmədən, o çağların əxlaq və kişilik havasını udmadan öz milli varlığını necə qoruya bilərsən? Bu anlamda İlyas Əfəndiyevin kitabının mahiyyətindən doğan əsas çağırış kökü, ənənəni unutmamaqdır: "Geriyə bax, gənc dost, keçib gəldiyimiz yolları unutma!".

Mənə elə gəlir ki, böyük yazıçı indi də naməlum bir gələcəkdən bugünkü keçmişinə baxmaqdadır. Qarabağın taleyi üçün çəkdiyi acıları unutmaqla yanaşı, hələ param-parça vətənimizin taleyindən narahatlığı davam edir.

Böyük Xalq yazıçısı hər nə qədər kökü və xatirələri ilə keçmişdə idisə, bir o qədər də yaşadığı çağlardaydı; bəlkə bunlardan daha artıq gələcəkdəydi. Bu zamana sığmazlığı, böyük sənətkarın oğlu, başqa bir Xalq yazıçımız Elçin dəqiq ifadə edib. "Mən deyə bilmərəm ki, İlyas Əfəndiyev keçmişlə yaşayırdı, çünki belə deyildi, bəlkə də əksinə idi, o, gələcəklə yaşayan bir adam idi və onun yaradıcılığındakı daimi yenilik meyli də, şəxsiyyətindəki xüsusiyyət - həmişə təzəlik, yenilik sorağında olması da, güman ki, elə buradan gəlirdi, amma bir cəhət də həqiqət idi: keçmiş həmişə İlyas Əfəndiyevin içində idi, həmişə onunla birlikdə idi". (Elçin. "İlyas Əfəndiyev. Şəxsiyyəti və sənəti haqqında bir neçə söz" məqaləsindən).

Etiraf edim ki, mən bu məqaləni yazanda və İlyas Əfəndiyevin şəxsiyyəti və yaradıcılığında keçmişlə gələcəyin çalkeçid birliyi haqqında burdakı fikirlərimi qələmə alanda hələ Elçinin adını çəkdiyim məqaləsini oxumamışdım, İlyas Əfəndiyevin yeddicildliyini vərəqləməmişdim, lakin sonra Elçin bəyin geniş ön sözünü oxuyanda fikirlərimizin üst-üstə düşməsi məni təəccübləndirdi. Buna görə Elçinin fikirlərini bura köçürdüm, ancaq öz sözümü də ixtisar etmədim.

İlyas Əfəndiyev zamanı qabaqlayırdı, onun xalqımızın mənəvi dünyasına və üzləşdiyi ədalətsizliklərə, əxlaq məsələlərinə, azad sevgiyə, qadın taleyinə münasibəti bir çox cəhətlərdən təkcə öz zamanından yox, elə bu günlərimizdən də irəlidədir. Ancaq təkcə buna görə yox, həm də bütövlükdə sənətkar taleyinə görə o, geridə yox, irəlidədir, yüz ildən, beş yüz ildən sonra da o, yeni gələn nəsillərin qarşısına öz gənc ruhu ilə çıxacaq, onun qəhrəmanları teatrların səhnəsində öz canlı sevgi və həyəcanları, həyat və ölümsüzlük haqqında düşüncələri ilə gələcəyin tamaşalarının həmsöhbəti olacaq, onun pyeslərinin oynanılması yenə də bədii, lirik-emosional sözün bayramına çevriləcək...

Böyük yazıçımızın yaradıcılığına çoxsaylı elmi araşdırmalar və kitablar həsr olunub. Bu giriş sözündə onun son dərəcə maraqlı, ləyaqətli ömür yolu və zəngin yaradıcılığı haqqında geniş söhbət açmağa imkan yoxdur. Lakin bir həqiqəti söyləməyə ehtiyac var: o da bundan ibarətdir ki, bu gün, Azərbaycanın müstəqilliyinin otuz yaşı və işğaldan azad edilmiş Qarabağın yeni həyatı İlyas Əfəndiyevin yaradıcılığına yenidən, ayrı bir gözlə baxmaq zərurətini yaradır. İlk hekayələrindən başlamış bütün əsərlərini bir daha yada salırıq və hər cür siyasi basqıların, şirnikləndirici vədlərin, konyukturanın içindən öz saf milli əqidəsini qoruyaraq keçən yazarın dəyanətinə və iradəsinə bir daha heyran qalırıq. Belə yüksək xarakteri onun demək olar ki, bütün əsərlərində iz buraxıb. Mən yalnız birinə toxunmaq istəyirəm. 1960-cı ildə yazılmış "Körpüsalanlar" povestində o illər üçün gözlənilməz olan və qızğın mübahisələr doğuran bir mövzuya toxunulmuşdu. Səriyyə körpüsalanların başçısı olan həyat yoldaşı Adilin etirazına baxmayaraq fəhlələrə - "briqadaya" qoşulur və burada onun şöhrət, vəzifə dalınca qaçan əri ilə sadə fəhlələri, o cümlədən buldozerçi Qəribcanı müqayisə etmək imkanı yaranır. Bir tərəfdə rahat ev-eşik, təminat, vəzifə, digər tərəfdə, canlı həyat və sevgi. Bir tərəfdə maddiyyat, digər tərəfdə, ruh... Azadlıq və sevgi İlyas Əfəndiyevin ömrünün sonunadək müxtəlif şəraitdə, müxtəlif talelərlə bağlı davamlı olaraq yüksək tutduğu, həyatının və yaradıcılığının idealı kimi təqdim etdiyi əsas dəyərlərdir. İlyas Əfəndiyevin sevgisi və azadlıq eşqi bütün əsərlərindən keçir. İctimai zümrə və yaş fərqləri, məsafə, siyasi sistemlər... heç biri nə azadlıq eqinə, nə də böyük sevgiyə mane ola bilir.

Yazıçı öngörüsü İlyas Əfəndiyevin bütün əsərlərindən keçən və bu əsərlərin ictimai, milli dəyərini artırann əsas əlamətlərdən olmaqla yanaşı, müəllifin özünə də ədəbiyyat tariximizdə özəl bir status qazandırır.

Azadlıq, müstəqil dövlət idealı ilə yaşayan yazıçı, eyni zamanda maddiyyatçılığın, bürokratiyanın vəzifə ehtirasının insanlığın bəlası kimi zamandan zamana adladığını, getdikcə daha ciddi fəlakətə çevrildiyini də görmüş və göstərmişdi. Bu mənada onun əsərləri zaman anlayışını donuq - irəliyə doğru axın təsəvvüründən qoparır, onun nəsri və dramaturgiyasında zaman bir çay deyil, çoxlu axınları olan, keçmişdən gələcəyə, gələcəkdən keçmişə axan, nəsillərin birləşdirib bir bütövə çevirən, siyasi xəritələrin, siyasi hakimiyyətlərin çizgilərini pozan, ilahi qüvvələrə bağlı, daim hərəkətdə olan, mənəvi dəyərlərin unudulmasına imkan verməyən bir sistemdir, bir ümmandır.

Yazıçının yaddaş körpüləri çox sağlamdır, bəzən yaxın sahilləri, bəzən də əsrlik məsafələri birləşdirir.

İlyas Əfəndiyev haqqında hələ onun sağlığında yazdığım məqalələrin birini "Özümüzdən böyük sözümüz" adlandırmışdım. Sonralar ədəbiyyat məsələlərinə həsr olunmuş kitabımın adını da bu cür adlandırmışdım. Sözümüzün, İlyas Əfəndiyev sözünün sərhədləri vətənimizin sərhədlərindən çox böyükdür, bunu bilirik, lakin sözümüz həm də zaman ölçülərinə sığmaması ilə böyükdür və inanıram ki, bu söz çox-çox yüzillər sonra da böyüklüyünü saxlayacaq.

İlyas Əfəndiyevin ədəbi yaradıcılığı onun parlaq şəxsiyyətinin güzgüsüdür. Daha doğrusu, onun ədəbi kimliyi ilə şəxsiyyəti bir-birini tamamlayır və bu tamlığı ilə o, bütün oxucuları kimi, mənə də çox doğmadır. Bu gün Müstəqil Azərbaycanın otuz illik yolundan, İlyas müəllimin ən böyük rahatsızlığı olan Qarabağın vətənin isti ağuşuna qaytarılmasından sonra sonsuz görünən sovet mühitində o mühitə uyuşa bilməyən, daha doğrusu, o mühitdə də mənəvi azadlığını, sözünün azadlığını qoruya bilən İlyas Əfəndiyevin o rejimdən nələr çəkdiyini təsəvvür etmək daha asandır. O, ölkədə nə olayların baş verdiyini bilirdi, Azərbaycanın başının üstünü almış qara buludlar onun ləyaqətinə, yüksək heysiyyətinə toxunurdu, elə bil "Geriyə baxma, qoca" romanı, "Xurşidbanu Natəvan", "Mahnı dağlarda qaldı", "Hökmdar və qızı" pyesləri, Qarabağ həyatından alınmış son povestləri də sanki Qarabağın coğrafi, mədəni və və mənəvi xəritələrini çəkmək və tarixi həqiqətlərin unudulmasına yol verməmək üçün yazırdı. Və nədənsə, Qarabağ haqqında son povestlərinin toplandığı kitaba da mənim ön söz yazmağımı istəmişdi...

İlyas Əfəndiyevin adı sovet yazıçılarının sırasında getsə də o, sovet yazıçısı deyildi, əsərləri sovet ideologiyasının çərçivələrinə sığmırdı. Bunun əzabını da çəkmişdi. Vəzifə dalınca qaçmamışdı, Kommunist partiyasına üzv olmamışdı, lakin əsərlərinin yüksək sənətkarlığı və xalq arasında məhəbbətlə qarşılanması onu hər dəfə repressiyaya bərabər ideoloji basqılardan salamat çıxara bilmişdi... "Kənddən məktublar"ı ilə o, xalq həyatını nə qədər dərindən bildiyini, sadə adamların unudulmaz obrazlarını necə məharətlə yaratdığını nümayiş etdirməklə yanaşı, öz emosional, pomantik bir gözəlliklə cilvələnən bədii dili və lirik-psixoloji üslubu ilə diqqəti cəlb etmişdi.

Ötən əsrin qırxıncı illərindən başlayaraq İlyas Əfəndiyev nəsr və dramaturgiya sahəsində yanaşı çalışmağa başladı. "Atayevlər ailəsi"nin ilk tamaşasından dramaturgiyamıza yeni bir üslubun, yeni bir həyatın gəldiyini göstərdi.

İkinci Dünya müharibəsi alovlarının dünyanı bürüdüyü və qarşı-qarşıya dayanıb milyonlarla insanın qanını tökən ölkələrin yazıçılarının bir hissəsinin faşizmin, digər hissəsinin antifaşizmin ruporuna çevrildikləri və hər iki tərəfdə istər-istəməz dövlətlərin və liderlərin, ölkə başçılarının tərənnümü əbədi olan insanlıq dəyərlərini unutdurub ədəbiyyatın əsas mövzusuna çevriləndə İlyas Əfəndiyev İnsanlığın xilası və böyüklüyü haqqında öz lirik-romantik nağıllarını və nəğmələrini yazırdı: "Apardı sellər Saranı", "Qəhrəman və bülbülün nağılı", "Yarımçıq qalmış portret haqqında mahnı", "Qarı dağı" və s. "Qarı dağı" əfsanəsi sonralar "Geriyə baxma, qoca " romanında da davam etdirilir.          

Dünya tarixçilərinin əsas mövzusu hökmdarların həyatı və müharibələrdir, deyirlər. İkinci Dünya müharibəsinə və faşizmə qarşı Sovet dövlətinin apardığı müharibəyə yüz cildlərlə kitab həsr olunub. İlyas Əfəndiyev qəhrəmanlığın əfsanə və nağıllarını yazır, çünki nağıllaşmış qəhrəmanlıqlar zamanın sınağından çıxmış qəhrəmanlıqlardır. Onun nəğmələri Stalin və Kreml haqqında deyildi, onun nəğmələri, öz dediyi kimi, "əzəli və qadir məhəbbətin bitmək bilməyən əfsanələrindən danışır"dı. Diqqətlə baxanda görürük ki, İlyas Əfəndiyev bu yolla haqqın şər üzərində qələbəsinə daha çox kömək edib, çünki qəhrəmanlığın mənəvi qidası şüarlar və ya quru ideoloji təlqinlər deyil, qan yaddaşından gələn mifik güc və ağızdan-ağıza ötürülən əbədi sevgi və mərdlik xatirələridir.

Bu yazını yazarkən ötən yüzildə görüb tanış olduğum böyük ziyalılarımızın surətləri gəlib gözümün önündən keçir və indi həyatla vidalaşmış bu insanların yaradıcılığını və talelərini düşünərkən ürəyim dağa dönür. Hər on beş-iyirmi ildən bir millətin seçmə insanlarının südün üzü kimi yığıldığı illəri düşünürəm, ağıllı, qeyrətli ziyalıların səsini boğmaq, xalqı başsız qoymaq istəyənlərin düşmən niyyəti iki əsr Azərbaycanın başının üstündən Damokl qılıncı kimi asılıb. Buna baxmayaraq, xalq bərəkətli torpaq həvəsiylə yeni istedadlar yetişdirib, yeni nəsillərin gəlişi ilə millətin içindəki xof dağılıb, azadlıq, milli birlik eşqi güclənib, ictimai şüuru basqı altında saxlayan yalanlardan və qul zehniyyətindən xilas olmuşuq.

Bu prosesdə İlyas Əfəndiyevin nəsr və dramaturgiyası xüsusi rol oynayıb.

İnsanın ictimai-siyasi, milli azadlığı onun daxili azadlığı, öz ləyaqətini qoruya bilmək gücü ilə bağlıdır. İlyas Əfəndiyevin qəhrəmanları belə insanlardı. Bəyindən sadə kənd adamına, zənginindən yoxsuluna, xan qızından elat gözəlinə kimi hamı bəlli bir mənəvi enerjinin, gözəlliyin daşıyıcılarıdır. Birlikdə tarixin ən çətin dönəmlərində də milli kimliyin unudulmadığını göstərirlər. Onun əsərlərinin oxucular arasında xüsusi məhəbbət qazanmasının bir səbəbi saf və mərdanə sevgidirsə, başqa bir səbəbi budur; Azərbaycan insanında özünə sayqı duyğusunu yüksəltmək bacarığıdır.

İlyas Əfəndiyevi ən çox tənqid hədəfinə çevirən qadın qəhrəmanları qızlarımızın, qadınlarımızın taleyi baxımından maraqlı olduğu qədər də müəllifin daxili azadlıq duyğusunu və Azərbaycan folklorunun ruhunu dərindən mənimsədiyini göstərir. 1939-cu ildə yazılmış "Gözlənilməyən sevgi" hekayəsindəki Gülaradan tutmuş, 1996-cı ildə yazılmış "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" povestinədək İlyas müəllimin nəsr və dram əsərlərindəki qadın qəhrəmanların demək olar ki, hamısı cəmiyyətdə zərif cins haqqında formalaşdırılmış yanlış təsəvvürləri dağıdan, əxlaqı yalançı sədaqət kateqoriyasından vicdan kateqoriyasına keçirən, yalançı xoşbəxtlik çərçivələrindən çıxıb əsl xoşbəxtliyə qovuşmaq istəyən güclü, azad insanlardır. Bu baxımdan böyük yazıçımızın qadın qəhrəmanları birbaşa Dədə Qorqud boylarındakı, dastanlarımızdakı cəngavər ruhlu qadınların davamçılarıdır... "Geriyə baxma, qoca" romanında atasının intiqamını alan Fatmanın, öz eşq etirafı ilə tarzən Sadıqcandan daha güclü görünən xan qızı Gülsənubərin zamanından başlayan bu xətt "Körpüsalanlar", "Söyüdlü arx", "Sarıköynəklə Valehin nağılı" kimi nəsr əsərlərində və İlyas Əfəndiyevin, demək olar ki, bütün pyeslərində davam etdirilir...

Azərbaycan-türk tarixinin parlaq şəxsiyyətləri və önəmli mərhələləri haqqında (Nəriman Nərimanov, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun), maarifçilik və tənqidi realizm ruhundan doğan komediya və faciələrdən (M.F.Axundzadə, N.B.Vəzirov, Cəlil Məmmədquluzadə), yeni həyat tərzinin çeşidli problemlərinə toxunan (Cəfər Cabbarlı, Mirzə İbrahimov, Sabit Rəhman) dramlarından sonra İlyas Əfəndiyev səhnəni xalqa bir az da yaxınlaşdırdı, nəzərlərini yanaşı yaşadığımız insanlara yönəltdi, səhnəyə onların mübarizələrini, sevgi və iztirablarını, ictimai- psixoloji durumunu gətirdi. Bu cəhətdən o, müasirlərinə yox, Mirzə Fətəli Axundzadəyə bənzəyirdi və ya ona daha yaxın idi..

Buna görə də onun hər yeni səhnə əsəri təkcə teatrda deyil, bütövlükdə Azərbaycan həyatında ciddi bir mədəni olaya çevrilirdi... "Sən həmişə mənimləsən", "Unuda bilmirəm" tamaşalarının yaratdığı ab-havanı xatırlayaq.

İlyas Əfəndiyevin pyesləri Azərbaycan dramaturgiya tarixində əbədi yaşayacaq qızıl fonduna daxildir. Çağdaş teatr sənətimizin inkişafında, bir çox gənc aktyorun tanınması və tamaşaçıların sevimlisinə çevrilməsində onun səhnə əsərləri və ya pyesləri əsasında hazırlanmış televiziya tamaşaları əvəzsiz rol oynadı, bəzi aktyorları onun əsərlərində oynadığı rolların adıyla tanımağa başladılar...

Mənə elə gəlir ki, Milli Dram Teatrımızın müəllif lojası elə İlyas Əfəndiyev üçün yaradılmışdı. Sakitcə, bəzən xəbərsiz gəlib orda yerini tutar, sanki tamaşaçı salonunu unudaraq, əli çənəsində tamaşaya baxardı; səhnədə canlandırmaq istədiyi həyat onu alıb aparırdı. Alqışlar altında səhnəyə çıxanda bir ayağı irəli, biri geri olardı; harasa tələsirmiş kimi... Elə bil, demək isəyirdi ki, buyurun, mən sözümü dedim, nəticə çıxarmaq, ibrət götürmək sizin işinizdir.

Mən sonralar da doğma teatrımızın səhnəsində müxtəlif müəlliflərə məxsus xeyli tamaşaya baxmışam. Ancaq, nədənsə, mənə elə gəlib ki, lojaya baxanda yenə İlyas Əfəndiyevi görəcəyəm. Çünki bu yer ən çox ona yaraşırdı.

Böyük yazıçımızı mənə sevdirən, aramızda səmimi bir ünsiyyət yaradan cəhətlərdən biri də onun yüksək vətəndaşlıq duyğusu idi. Sovet rejimi onun xəyalındakı və xatirəsindəki Bütöv Azərbaycan xəritəsini yaralaya bilməmişdi. Nəsr əsərləri bir yana, Güney Azərbaycanın azadlıq mübarizəsini, Araz həsrətini, Borçalı mövzusunu səhnəyə də gətirmişdi. Bu mövzuları və ya epizodları qlavlitdən keçirmək üçün çəkdiyi əziyyətlər barədə söhbətləri də yadımdadır.

"Unuda bilmirəm" tamaşasında səslənən "Araz! Araz!" harayı tamaşaçıları sehrləyirdi. Müəllifin böyük ustalıqla dilə gətirdiyi bütövlük həsrəti o vaxtın teatrlarının həyatında inqilabi hadisə idi və böyük cəsarət istəyirdi.

Ermənistanın Qarabağ iddiasından sonra Bakıda başlanan milli azadlıq hərəkatını diqqətlə izləyirdi. Görüşəndə hadisələrin gedişatı ilə, bu hərəkatda ziyalılardan kimin iştirak etdiyi ilə maraqlanırdı. Sovet ordusunun Bakıda və Qarabağda törətdiyi cinayətlərə baxmayaraq hadisələrin sonuna ümidlə baxır və mənə ürək-dirək verirdi.

İlyas Əfəndiyevin sevmədiyi insanlara münasibətini bilmirəm. Lakin bəyəndiyi, ürəyinə yatan adamlara son dərəcə səmimi və diqqətli idi.

İlyas Əfəndiyev gözəllik aşiqi idi. Onun lirik-psixoloji nəsri və dramaturgiyası Azərbaycan ədəbiyyatının humanizm, yurd sevgisi, xeyirxahlıq, mərdanəlik ideyaları ilə yanaşı, böyük sevgi xəttini də davam etdirirdi. Bu, sosialist-realizminin ədəbiyyatın bütün açıq-gizli guşələrini zəbt etdiyi bir dövrdə onun əsərlərinə qeyri-adi, gözlənilməz bir romantik ovqat gətirirdi. Nağıl, mahnı, dastan İlyas Əfəndiyevin, hətta müasir problemlərə həsr etdiyi əsərlərdə belə əbədi folklor havası gətirməsinin səbəbi toxunduğu məsələləri günün cari kontekstindən qoprıb əbədi olan, yüzildən-yüzilə adlayan sevgi və qəhrəmanlıq süjetlərinə qatmaq istəyindən irəli gəlirdi. Eyni zamanda bu qisimdən olan əsərlərinin üslubu və dili də məhz müasir mövzuları nağıla, mahnıya çevirirdi. Bu mahnılar əbədiyyət mahnılarıdır; rənglər, iqlimlər, hakimiyyətlər dəyişilir, lakin insan sevgisinin mahiyyəti dəyişilmir, dünyanın əvvəlindən başlanan bu nağıl dünyanın sonunadək davam edəcək. Bu nağıl və ya mahnı, əslində, insanın həyat ağacının daim canlı və yamyaşıl olmasıdır. Bu mahnı səslənirsə, deməli, yol davam edir, insanlıq öz inkişafında və ali məqsədinə doğru irəliləməyindədir. İlyas Əfəndiyev humanizmi məhz bu əbədiyyət yoluna, şəkli dəyişilsə də mahiyyəti dəyişilməyən böyük sevgiyə bağlılığı ilə səciyyəvi və bənzərsizdir.

Onun təbiət lövhələrində də dünyanın dəyişilə-dəyişilə yenidən özünə dönüşünə, ilahi mahiyyətini itirməyəcəyinə sonsuz bir inam var; burada insan taleyi ilə təbiət bir-birini tamamlayır, "Körpüsalanlar"da təbii fəlakət sevgisiz bir mühitdə sona kimi aldanış içində yaşamağın qarşısını alır. Təbii fəlakət insanlıq fəlakətinə mane olur. Buna bəzər bir hadisə də Xan qızının Cıdır düzündə öz sevgisini tarzən Sadıqcana açması səhnəsində baş verir. Sevgi etirafı bir tufan kimi, sel-su kimi gəlir, cəmiyyətin donuq, ehkamlaşan etiketlərini yuyub aparır, təəssüf ki, tufan keçir və heç nə dəyişilmir. Halbuki, müəllif ilk yazılarından başlayaraq həmişə bu ehkamları yıxıb-dağıtmağa çalışır...

Diqqəti cəlb edən cəhətlərdən biri də İlyas Əfəndiyevin əsərlərindəki etnoqrafik zənginlik və dəqiqlikdir. Üstündən az qala bir əsr vaxt keçəndən sonra o, elat-tərəkəmə həyatının, yaylaq aran yollarına bağlı talelərin bütün cizgilərini son dərəcə dəqiqliklə çəkir, tarixi bu günə, bu günü tarixə qovuşdurur, bir daha zamanın şərti anlayış olduğunu təsdiqləyir... Həm də ən maraqlı cəhət budur ki, o bu köç həyatına bəsitlik, geriqalmışlıq kimi baxmır, əksinə, bu həyatın kübarlığını, əsilzadəliyini, gözəlliyini, zənginliyini də üzə çıxarır.

İlyas Əfəndiyevin əsərlərinin ümumi ruhu Azərbaycanın şimal hissəsinin, qanlı savaşlar sonucu, Çar Rusiyasına birləşdirilməsinə, vətənimizin parçalanmasına və xalqımızın aşağılanmasına, geri qalmış, cahil, hər zülmə dözən, müqavimət gücü tükənmiş, muzdur, qul, dini fanatizm girdabında boğulan obrazının yaradılmasına etiraz ruhu idi. Buna görə də onun qəhrəmanları öz yüksək mənəvi keyfiyyətləri ilə seçilən, zənginliyi, aristokratlığı, əsilzadəliyi öz xarakter və şəxsiyyətlərində qoruyan, nümayiş etdirən insanlardır.

Onun əsərlərinin bədii dili də bu mənada yüksək estetikası, gözəlliyi ilə seçilir. Üslub istedadın əsas əlamətlərindəndir, deyirlər. Əslində İlyas Əfəndiyev öz həyat tərzində də bu estetikanı qoruyurdı. Ruh aləmində də, geyim-kecimində də bir nizam, səliqə-sahman vardı. Gözəllik aşiqi olması onun milli-mənəvi gözəlliklərin qoruyucusuna çevirmişdi.

Yadıma gəlir. "Ədəbiyyat və incəsənət"ə hekayə göndərəndə öz şəklini xüsusi diqqətlə seçərdi. Bu, oxucu qarşısında məsuliyyət duyğusundan gəlirdi.

Bütövlükdə baxanda, o, gəncliyindən ixtiyar yaşına kimi, ömrünün heç bir mərhələsində sözün və sənətkarın böyük borc və məsuliyyətini unutmadı. Buna görə də zamanın rüzgarlarına əyilmədi, masa arxasında bir qəhrəman ömrü yaşadı. Hətta proletariat hakimiyyəti, sinfi ayrıseçkilik də onu əsl bəylik, ucalıq məğrurluğundan qopara bilmədi. Axına qoşulmadı, axına qarşı üzdü. Müstəqilliyimiz möhkəmləndikcə, müharibə yaraları sağaltdıqca İlyas Əfəndiyevin həm şəxsiyyətinin həm də yaradıcılığının dəyəri daha da artacaqdır. O, daim bizdən irəlidə, bir örnək olaraq yaşayacaqdır...

 

Sabir RÜSTƏMXANLI

 

Ədəbiyyat qəzeti.- 2021.- 31 iyul.- S.6-7.