Əlimi ovcundan götürürəm, sanki
qaranquş yuvasından çəkirəm...
Çağdaş dünya
şeiri
Deməyə söz qalmayanda
Deməyə söz qalmayanda
və adamlar
şirniyyat yemək,
rom qurtumlatmaq,
araq içmək kimi vərdiş etdikləri işlə məşğul olanda
qorxunun əşyalarının
arasında vizildadığı
otağıma çəkilirəm.
Bu nağıl deyil,
həqiqətdir.
Yazıram və sözlər
eynən podiumda,
yaşıl ürək
şəkilli işıq
altında
ədayla yeriyən
gəlinlər kimi
əlimin kandarına
basabas yaradırlar.
Mən olsa-olsa əsəbi
ürək döyüntüsündən
qalan hisslərin və sancıların tullantılarında ibarəy
sarkofaqam.
Deməyə söz qalmayanda
adamlar
öz üzləri ilə fəxr edirlər,
mən isə yazıram və sifətim ağlamsınan
adamın üzü kimi
salxır, rəngsiz
gözlərimin altındakı
torbalar
sanki böyüyr,
dərinləşir.
İdeal
şəkildə çirkinləşirəm,
mən gözəl qadınların təskinlik
yeriyəm,
mən varam.
Didilmiş şeir
Mariyaya ithaf
Kolluqda quyruğunu buraxıb getmiş
kərtənkələyə bənzər
qorxu dolu günlər sovuşdu,
buludlar fleqmatik tövrlə dağıldılar,
leysan yağışları
altında
əhəng dağları
əridilər
və nəhayət bütün vulkanlar söndülər.
Yalnız yaxınlıqda kimsə gəzişir və o mənə elə yaxındı ki.
Bədənimi nəm caynaqları
ilə didik-didik eləmək üçün
göylə yer arasında gücsüzlük
bala qoyur.
Günü bütün sözləri
ilə bərabər qəfil yaxalayasan,
sonra da mənim çılpaq bədənimdə
didilmiş bir şeir yazasan.
Bir başqa məhəbbət
Əlimi
ovcundan götürürəm,
sanki qaranquş yuvasından çəkirəm,
bizi az qala
birisinin bellə kəsdiyi pöhrə kimi öldürəcək
səfehliyin ağzını
qapadıram.
Küçəyə, işığa
çıxırıq qaranlıqdan,
az əvvəl qalmağımızı istəyirdin
hərçənd.
Bundan sonra on gün əsəblərimi oksibralla
mürgüyə verəcəm,
sonra mövsümü
titrəməklə yola
salacam,
eyni vaxtda zamandan kənar şəkildə elliptik
payız yağışı
kimi davranacam,
səninlə danışan
personajlar seçəcəm,
onları təhlil
edəcəm,
pauzalarda elliptik şəkildə susacam,
yüz il susacam
Və hər şey ötüb keçəcək.
Bizim ağ pişiyimiz
Ürəyimi yemək otağındakı
mebeli
Sibir pişiyi cırmaqlayan kimi yaralayır,
ağ idi, tez-tez həyatı seyr edirdi pəncərədən.
Bir gün onu bir
başqasına hədiyyə
etdim nahardan sonra,
qızımız durdu və ağlamağa başladı.
Eynən
mənim kimi,
dəhşətli yuxuda ağlayıram, evə dolanmış
itburnu kollarını qırıram,
tikanları ayağımla
tapdayıram ki,
bir daha boy atmasın döşəmədən,
baxışlarımdan, boğazımdan
yapışmasın.
Yürüdüyüm bütün yollar istiqamətini dəyişir,
sancıdan qıvrılıb
burulur, yəqin, həmişə
ağ pişiyimizi düşündüyümü hiss edirlər:
o çoxdandır ki, pəncərədən boylanmır,
eləcə sözlərin
arasından görünür
tənbəlcə quyruğunu
yellədərək.
Marqareta Kurtesku
Çağdaş moldovan
poeziyasının
tanınmış nümayəndəsi,
şair, tənqidçi, esseist,
Belts Universitetinin
professoru,
filologiya elmləri doktoru.
Tərcümələr
Səlim Babullaoğlunundur
Ədəbiyyat qəzeti.- 2021.- 31
iyul.- S.8.