Turist oğlan
Pritça
O var idi, bu yox
idi, bəzən az idi, bəzən çox idi, ilin-günün boş vaxtı, böyük şəhərlərin
xoş vaxtı, Yer kürəsinin meyxoş vaxtı idi.
Saman yolundakı ulduzların arasında bir oğlan yaşayırdı. Günlərin bir günü oğlan Yerə səyahət etmək qərarına gəlir.
Səyyah çantasını belindən aşırıb,
parlaq və sönük ulduzlardan aşıb dünyanın
düz ortasına, yumurtanın içi kimi sapsarı, yupyumşaq bir düzənliyə çatdı,
uzun otların uclarında yellənərək
nəğmə oxuyan
quşlara rast gəldi. Başladı onları yamsılamağa.
Nəğməkar quşlardan
zümzümə etməyi
öyrənən oğlan
sağollaşanda onlara
dedi:
- Mənə qəşəng mahnılar
öyrətdiyiniz üçün,
çox sağ olun, yolboyu darıxmayacağam.
Qayıdanda sizə oxuyan
bulaqların suyundan gətirəcəyəm.
Sonra o, dümdüz düzənlikdə
düz gedə-gedə
gəlib bir dağa çatdı. Dağı da
aşanda bir ayıya rast gəldi. Ayı onun qarşısında insan kimi oturub
soruşdu:
- Hara belə, turist oğlan?
- Şimala gedirəm, qohumların ağ ayılara
salam deyimmi?
- Ah, nə gözəl. Əlbəttə, de. Denən, buzun altındakı
yağlı balıqları
yeyəndə məni
də yada salsınlar.
- Xəzini mənə verərsənmi,
yolda üşüməyim?
Ayı o saat kürkünü çıxarıb
oğlana verdi.
Oğlan dağı aşıb böyük çay qırağında böyük
ağızlı timsaha
rast gəldi.
- Ay turist, hara belə? - timsah soruşur:
- Şimala
gedirəm, sonra da Qərbə gedəcəyəm, sənə
yağlı balıqlar
gətirimmi?
Timsah razılıq edib iştaha ilə dişlərini şaqqıldatdı.
- O zaman dəmir kimi möhkəm dərini mənə ver, çayı keçəndə
ayaqlarım su olmasın.
Timsah razılaşdı.
Oğlan çayı keçəndə
ilana rast gəldi.
İlan suda qıvrılıb ondan hara getdiyini
soruşdu.
Oğlan dedi:
Asiya qitəsindən
keçib, Qərbə
gedirəm, qohumların
uçan ilanlara salam deyimmi?
- Əlbəttə,
de.
- O zaman dərini mənə ver, üstüm su olmasın.
Dəriyə bürünüb çaydan
dənizə keçən
oğlan şişman
bir balığa rast gəldi.
- Ay oğlan hara üzürsən? - balıq soruşdu.
Böyük okeana üzürəm, ulu nənən nəhəng balinaya səndən salam deyimmi?
- Əlbəttə
de, onu çox sevdiyimi də de.
- O zaman gözlərini müvəqqəti
mənə ver, suyun altında görə bilim, sonra qaytararam.
Oğlan yolda yoruldu, bir kötüyə söykənib mürgüləməyə
başladı. Oyananda başının üstündə böyük
bir papaq gördü. Göbələk papağını qaldırıb
soruşdu.
- Dincələ bildinmi?
- Hə, çox sağ ol. Ancaq indi yağış
yağır, çətin
olacaq səyahət.
Balalarımdan birini götür
başına çətir
tut.
Oğlan göbələyin kötüyünü
qucaqlayıb yola düşdü. Beləcə o, dağları aşıb,
çaylarda üzüb,
dənizləri keçib,
böyük bir adaya çatır. Bura onun o qədər xoşuna gəlir ki, məskən salıb yaşamağa başlayır.
Aylar ötür, illər dolanır bir gün turist oğlanın yadına düşür ki, Yeri səyahət edərkən verdiyi vədlər var idi. Onları yerinə yetirməyin
zamanı çatıb. O, əsasını götürüb,
çantasını yığışdırıb yavaş-yavaş yeni səyahətə
hazırlaşır.
Nurlana İŞIQ
Ədəbiyyat
qəzeti.- 2021.- 31 iyul.- S.10.